H.Əliyevin uşaq və gənclərlə bağlı keçirilən tədbirlərdəki çıxışları

Əlavə 1

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıda yaradılmış "Azərbaycan Beynəlxalq Gənclər Poçt Xidməti" və "Uşaqlara Kömək Xətti" xidmətlərinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı
23 iyul 1997-ci il

Hörmətli xanımlar və cənablar!
Bu gün biz buraya BMT-nin YUNİSEF təşkilatının Azərbaycanda gözəl bir təşəbbüsü münasibətilə toplaşmışıq. YUNİSEF, ümumiyyətlə, dünyada xeyirxah işlər görmək, gənclərə qayğı göstərmək, uşaqların problemlərini həll etmək üçün yaranmış təşkilatdır. Mən çox məmnunam ki, bu təşkilat Azərbaycanda kök salıbdır və səmərəli fəaliyyət göstərir. Biz YUNİSEF-in Azərbaycanda gördüyü bir çox dəyərli işlərin şahidi olmuşuq. Ümumiyyətlə, YUNİSEF-in Azərbaycandakı fəaliyyəti bizi çox sevindirir və mən bu fəaliyyəti yüksək qiymətləndirirəm.
Bu gün YUNİSEF uzun müddət hazırlayıb meydana gətirdiyi bir işini bizə təqdim edir. Gənclərin poçt xidmətinin, etimad telefon xəttinin yaranması Azərbaycanda demək olar, yeni bir iş formasıdır. Bu işin çox böyük əhəmiyyəti var. Mən bu işin sosial xarakterini və əhəmiyyətini qeyd etmək istəyirəm.
Bu işin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, o, gənclərə aiddir, gənclərə qayğının təzahürüdür. Nəhayət, fiziki cəhətdən qüsurlu olan, çətinliklərlə rastlaşan gənclərə göstərilən qayğı və diqqətin təzahürüdür. Ona görə də bu gün burada təqdim olunan iş, yenə deyirəm, YUNİSEF təşkilatının nə qədər humanist, xeyirxah olduğunu və insanların həyatının ən çətin nöqtələrinə nüfuz etdiyini göstərir. Bunların Uşaq hüquqları Konvensiyası ilə bağlı olması və hamısının birlikdə böyük humanist xarakter daşıması həm YUNİSEF-in fəaliyyətinin, həm də bu gün burada təqdim edilən işin nə qədər dəyərli olduğunu göstərir.
Mən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin xeyirxah işini - bu gün bizə təqdim etdikləri həm gənclərin poçt xidmətinin, həm də etimad telefon xəttinin yaranmasını təbrik edirəm, bu gözəl işin uğurlu gələcəyinə inanır və uğurlar arzu edirəm.
Hesab edirəm ki, bu iş eyni zamanda Azərbaycanda bu qəbil işlərin hazırlanması, görülməsi və yayılması üçün örnək olacaq və respublikanın həm özəl, həm dövlət sektorundakı şəxslər, təşkilatlar, həm də Azərbaycanda fəaliyyət göstərən şirkətlər, firmalar gələcəkdə belə xeyirxah, gözəl təşəbbüslərlə çıxış edəcəklər.
Təsadüfi deyil ki, bu işin başlanğıcından indiyə qədər, yəni əməli surətdə həyata keçirilməsinə gəlib çatana qədər Azərbaycanda həm xarici ölkələrdən gəlmiş şirkətlər, təşkilatlar, həm də respublikanın dövlət və özəl təşkilatları bu işə kömək göstərmiş, yardım etmişlər. YUNİSEF-in Azərbaycandakı nümayəndəsi cənab Laurenti böyük bir siyahı təşkil edən təşkilatların, idarələrin, nazirliklərin başçılarına öz təşəkkürünü bildirdi. Mən də bu işin yaradılmasında, qurulmasında və bugünkü səviyyəyə gətirilib çatdırılmasında iştirak edən təşkilatların, idarələrin, şəxslərin hamısına təşəkkür edirəm. Şübhəsiz ki, xüsusi minnətdarlıq və təşəkkür YUNİSEF təşkilatına və onun Azərbaycandakı nümayəndəliyinədir. Ümidvaram ki, gördüyü işlərin nəticəsindən ruhlanaraq, YUNİSEF bundan sonra Azərbaycanda öz fəaliyyətini genişləndirəcək və bizi yeni-yeni təşəbbüslərlə sevindirəcəkdir.
Azərbaycanda sosial-iqtisadi problemlər çoxdur. Respublikamızın keçid dövrünü yaşaması, Azərbaycana Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində bir milyondan artıq vətəndaşımızın didərgin düşməsi və əksəriyyətinin çadırlarda yaşaması belə problemləri daha da çoxaldıbdır. Biz bu sosial-iqtisadi problemlərin həll olunması, mövcud çətinliklərin aradan qaldırılması, insanların həyat tərzinin, rifah halının yaxşılaşdırılması üçün ardıcıl fəaliyyət göstəririk və bu gün cəsarətlə deyə bilərəm ki, müəyyən nəticələr də əldə edə bilirik. Ancaq bizim hələ ki, beynəlxalq təşkilatların yardımına və indi Azərbaycanda fəaliyyət göstərən çoxsaylı firmaların, şirkətlərin humanitar, xeyirxah əməllərinə ehtiyacımız var.
Bir də qeyd etmək istəyirəm ki, təkcə YUNİSEF təşkilatı tərəfindən deyil, başqa təşkilatlar, xüsusən Azərbaycana humanitar yardım göstərən digər təşkilatlar tərəfindən də, o cümlədən ölkəmizdə fəaliyyət göstərən şirkətlər, ələlxüsus neft şirkətləri tərəfindən əhalinin ayrı-ayrı təbəqələrinə, həyatımızın ayrı-ayrı sahələrinə edilən yardımı, xeyirxah təşəbbüsləri də görürük.
Bunlar hamısı bizi bir-birimizə daha da yaxınlaşdırır, əməkdaşlığımızı daha da inkişaf etdirir və Azərbaycanın həyatında, onun sosial-iqtisadi problemlərinin həll olunmasında yeni bir mərhələ, yeni bir mənzərə yaradır. Bunlar da bugünkü Azərbaycanın gerçəklikləridir, ölkəmizdə gedən müsbət dəyişikliklərin, proseslərin əlamətləridir. Mən tam əminəm ki, bu müsbət proseslər, dəyişikliklər gələcəkdə daha sürətlə inkişaf edəcəkdir.
Dünya ölkələri ilə, beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız gündən-günə genişlənir və tam əminəm ki, daha sürətlə inkişaf edəcək və bunlar hamısı yeni, müstəqil, azad Azərbaycanın yaranmasına kömək göstərəcəkdir.

Bu əlamətdar hadisə münasibətilə sizi bir daha təbrik edir və bu gözəl, xeyirxah işdə uğurlar arzulayıram. Sağ olun.

Əlavə 2

Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı
14 dekabr 1997-ci il

Əziz uşaqlar, əziz balalar!
Mən sizi, müstəqil Azərbaycan Respublikasının bütün uşaqlarını bayram münasibətilə - uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoşbəxt həyat, xoşbəxt gələcək arzulayıram.
İnsanın uşaqlıq dövrü ən xoşbəxt dövrüdür. Uşaqlar bunu bəlkə də bilməzlər. Ancaq uşaqlıq dövrünü yaşamış, həyatın ağır və çətin illərini, eləcə də çox xoşbəxt günlərini yaşamış insanlar bunu yaxşı bilirlər. Mən də belə insanlardan biriyəm. Uşaqlığın nə olduğunu yaxşı bilirəm, gəncliyin nə olduğunu və yaşlı həyatın nə olduğunu da bilirəm. Ona görə də mən sizə həqiqəti deyirəm. Həqiqət də ondan ibarətdir ki, uşaqlıq dövrü insanın ən xoşbəxt dövrüdür. Mən arzu edirəm ki, müstəqil Azərbaycanın uşaqları həyatlarının bu xoşbəxt dövrünü tam firavan keçirsinlər. Biz də - Azərbaycanın dövləti, hökuməti, Azərbaycanın prezidenti kimi mən də bütün xalqımızın xoşbəxtliyi uğrunda çalışaraq birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özümüzə müqəddəs vəzifə kimi qəbul etmişik. Biz bu yolda çalışırıq. Şəxsən mən hesab edirəm ki, uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır.
Azərbaycanda uşaqlara qayğı gün-gündən artır və artacaqdır. Təbiidir ki, respublikamızın həyatının keçid dövründə, ağır dövründə uşaqların hamısına istədiymiz kimi, bir ata kimi, valideyn kimi, bəlkə də hər bir uşağa, hər bir övladımıza ürəyimiz istədiyi kimi qayğı göstərə bilmirik. Ancaq biz bunun üçün çalışırıq. Hesab edirəm ki, gün-gündən biz bu qayğını artıra bilirik və gələcəkdə də artıracağıq.
Öz övladına qayğı göstərmək, təhsil vermək, övladını yüksək əxlaqi normalar səviyyəsində tərbiyələndirmək hər bir valideynin borcudur. Mən istərdim ki, Azərbaycanda həyatın bu ağır, çətin dövründə hər bir valideyn çətinliklərə baxmayaraq, bu vəzifələrin hamısını yerinə yetirməyə çalışsın, bu vəzifələri unutmasın. Hər halda insana nə qədər çətin olsa da, uşağı üçün maksimum əlindən gələni etməlidir. Bu, hər bir valideynin borcudur. Biz isə dövlət olaraq "hər bir Azərbaycan uşağını, hər bir Azərbaycan balasını öz övladımız hesab edirik. Siz bizim xalqımızın övladlarısınız. Uşaqlar, gənclər müstəqil Azərbaycanın gələcəyidir. Bizim arzumuz da bundan ibarətdir ki, gələcək bu gündən daha da gözəl olsun, hər bir insan üçün daha da xoşbəxt olsun. Mən inanıram, əminəm ki, bu olacaqdır. Əminəm ki, siz ilbəil daha yaxşı şəraitdə yaşayacaqsınız, öz istedadlarınızı inkişaf etdirmək üçün, istedadlarınızı həyatda tətbiq etmək üçün daha çox imkanlar əldə edəcəksiniz və hər bir uşağın, hər bir gəncin Azərbaycanda sərbəst yaşaması, inkişaf etməsi, cəmiyyətdə öz istedadına layiq yer tutması üçün imkanlar yaranacaqdır. Bu, bizim dövlətimizin siyasətidir. Bu, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul etdiyi ilk konstitusiyasının əsas müddəalarıdır. Bu, mənim Azərbaycan prezidenti kimi siyasətimin əsas strateji istiqamətlərindən biridir. Biz özümüz bütün imkanlarımızdan istifadə edərək bu işləri görürük və görəcəyik.
Eyni zamanda Azərbaycanın beynəlxalq uşaq konvensiyasına qoşulması və bu beynəlxalq təşkilatın üzvü olması həm Azərbaycanda uşaqlara qayğının artırılması üçün çox böyük imkanlar yaradır, həm də uşaqların hüquqlarının qorunması üçün, cəmiyyətdə uşaqlara münasibətin bizim konstitusiyanın əsasında, qanun əsasında qurulması üçün zəmin yaradır. Mən bu fürsətdən istifadə edərək beynəlxalq YUNİSEF təşkilatına bu illərdə Azərbaycan ilə etdiyi əməkdaşlığa görə və Azərbaycanda uşaqlara göstərdiyi yardıma görə təşəkkür edirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan gələcəkdə də bütün beynəlxalq təşkilatlarla olduğu kimi, YUNİSEF təşkilatı ilə də əməkdaşlığını davam etdirəcək və bizim bu əməkdaşlığımız uğurlu olacaqdır.
Bu gün saat 12-dən televizorun önündə əyləşib sizin verilişiniz başlayan kimi çox böyük diqqətlə baxdım. Sonra da buraya gəlmişəm, sizinlə bir yerdəyəm, sizinlə bərabərəm. Öz təəssüratlarımı demək istəyirəm. Bu veriliş həddindən artıq gözəl təəssürat bağışlayır. Həm məzmununa görə, həm formasına görə, həm də televiziya vasitəsilə uşaqlarımızı şən, xoşbəxt əhval-ruhiyyədə gördüyümə görə mən çox sevinirəm. Mən çox sevindim ki, bu gün verilişi idarə edən, Azərbaycanda tanınmış televiziya aparıcısı Roza xanımla bərabər, iki uşaq - bir qız, bir oğlan bu verilişi gözəl aparmağa başladılar. Onların adlarını da soruşa bilmədim. Görün bizim xalqımızda nə qədər istedadlar var! Bizim uşaqlar bu istedadları kiçik yaşlarından büruzə verirlər, nümayiş etdirirlər. Bu istedadlarına görə özləri də fərəhlənirlər və bizi də fərəhləndirirlər.
Mən burada sizinlə bir yerdə olduğum dəqiqələrdə sizin mahnılarınızı dinlədim, rəqslərinizə baxdım, sözlərinizi eşitdim. Nə qədər gözəlsiniz, insanı nə qədər sevindirirsiniz, bizi nə qədər xoşbəxt edirsiniz! Mən hesab edirəm ki, siz, bu gün buraya, televiziya salonuna toplaşmış uşaqlar Azərbaycanın milyonlarla uşaqlarının istedadını, bacarığını, gözəlliyini, əhval-ruhiyyəsini təmsil edirsiniz. Hesab edirəm ki, bizim uşaqlarımızın hamısı belədir.
Valideyn üçün dünyada, həyatda pis uşaq yoxdur. Uşaq gözəldir. Azərbaycanın prezidenti kimi mənim üçün də respublikamızda hər bir uşaq gözəldir. Mən Azərbaycanda uşaqların hər birini gözəl, hər birini istedadlı hesab edirəm. Azərbaycanın hər bir uşağını öz doğma övladım hesab edirəm.
Uşaqlarımızın bir qismi yerindən-yurdundan didərgin düşmüşdür. İndi onlar qaçqın, köçkün ailələrində yaşayırlar. Bu, bizim xalqımızın faciəsidir. Xalqımıza qarşı 1988-ci ildən qonşu Ermənistan tərəfindən edilən təcavüz nəticəsində və keçmiş illərdə baş vermiş bəzi səbəblərə görə respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bu işğal nəticəsində bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan didərgin düşübdür. Onların da demək olar ki, əksəriyyəti uşaqlardır, gənclərdir, köçkün, qaçqın vəziyyətində yaşayırlar. Çoxları isə çadırlarda yaşayır. Yenə deyirəm, bu, bizim xalqımızın faciəsidir. Ancaq mən dəfələrlə demişəm və bu gün də deyirəm - xalqımız dərdə dözümlü xalqdır və bu dərdə də dözür, inanır ki, qara günün ömrü az olar. Xalqımız bu faciədən xilas olacaq, işğal edilmiş torpaqlar işğaldan azad olunacaq, yerindən-yurdundan zorla çıxarılmış insanlar öz evinə, obasına qayıdacaqlar. Uşaqlar yaşayacaq, böyüyəcək, öz yerlərini, yurdlarını yenə də gözəlləşdirəcək, quracaq, yaradacaqlar.
Ancaq hələ ki, onlar, yerindən-yurdundan didərgin düşmüş uşaqlar ataları ilə, anaları ilə birlikdə, - bəziləri hətta valideynlərini itirib, - ağır vəziyyətdə, çadırlarda yaşayırlar. Bəlkə də onların bəzilərinin, ola bilər, çadırlarda yaşayanların çoxlarının televizoru yoxdur, bizi radio vasitəsilə dinləyirlər. Bəlkə də bəzisinin heç radiosu da yoxdur, ola bilər, bunlardan məhrumdur. Ancaq mən bilirəm və inanıram ki, bizim o çadırlarda olan vətəndaşlarımız da və oradakı uşaqlarımız da Vətən eşqi ilə yaşayırlar, torpaq eşqi ilə yaşayırlar, onlar Vətənə, dövlətinə, millətinə sadiq insanlardır. Onlar və xüsusən ağır vəziyyətdə yaşayan uşaqlar daha da çox qayğıya layiqdirlər və qayğıya ehtiyacları var. Biz bunun üçün əlimizdən gələni edirik, bundan sonra da edəcəyik. O uşaqlar bilməlidirlər ki, biz, şəxsən mən onları bir dəqiqə də unutmuram. Onların dərdi daim bizi narahat edir. Biz onları və bütün xalqımızı bu dərddən qurtarmaq üçün bütün imkanlardan istifadə edirik və bundan sonra da istifadə edəcəyik.
Ancaq bu gün uşaqların beynəlxalq televiziya və radio bayramı münasibətilə mən Azərbaycanın bütün uşaqlarını təbrik edərək, buradan o çadırlarda yaşayan, qaçqın, köçkün ailələrində yaşayan uşaqları xüsusi təbrik edirəm. Onları öpürəm, onları bağrıma basıram. Onları, məhz uşaqları əmin edirəm ki, biz onları bu vəziyyətdən çıxaracağıq. Mən inanıram ki, bizim xalqımız - böyük qəhrəmanlar yetişdirmiş xalqımız, böyük alimlər yetişdirmiş xalqımız, böyük insanlar yetişdirmiş xalqımız məhz o çadırlarda yaşayan uşaqlardan da qəhrəmanlar yetişdirəcəkdir, böyük fikir sahibləri yetişdirəcəkdir və onlar gələcəkdə öz xalqına böyük xidmətlər edəcəklər.
Əziz balalar, əziz uşaqlar!
Bizi bu həyatda ən çox sevindirən sizsiniz. Həyatımızda nə qədər çətin dəqiqələr, çətin günlər olsa da sizi - uşaqları görərkən insan hər bir çətinliyi unudur. Şəxsən mən öz haqqımda deyirəm. Mənim işim ağırdır. Çox işləyirəm. Həyatımın hamısı işə sərf olunubdur. Bəzən çox ağır hadisələrlə rastlaşıram. Amma uşaqlara baxanda, öz övladlarıma, nəvələrimə baxanda, sizlərə baxanda hər şeyi unuduram. Şübhə etmirəm ki, siz öz təhsilinizlə, tərbiyənizlə, istedadınızla, öz varlığınızla daim valideynlərinizi sevindirəcəksiniz, xalqımızı sevindirəcəksiniz, dövlətimizi sevindirəcəksiniz, məni sevindirəcəksiniz.

Biz sizə böyük ümidlərlə baxırıq. Azərbaycanın gözəl gələcəyi var. Mən bunu görürəm və bunun uğrunda mən həyatımı sərf etmişəm, bundan sonra da sərf edəcəyəm. Sizə görə, Azərbaycanın gələcəyinə görə. Amma bilin ki, siz müstəqil Azərbaycanda yaşayırsınız, siz azad Azərbaycanda yaşayırsınız. Siz müstəqil, azad Azərbaycan Respublikasının övladlarısınız. Siz bizim demokratik cəmiyyətimizin, demokratik dövlətimizin gələcək qurucularısınız. Siz bizim işimizin davamçılarısınız. Biz gələcəyi sizə tapşırırıq. Sizi ürəkdən bir daha təbrik edirəm. Sizi bağrıma basıram, sizi öpürəm. Sizə xoşbəxtlik arzulayıram. Sağ olun.

Əlavə 3

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqi
21 fevral 1998-ci il

Əziz gənclər, qızlar, oğlanlar!
Hörmətli xanımlar, cənablar!
Sizi, Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının bu saraya toplaşmış nümayəndələrini, sizin simanızda yeni Azərbaycan Partiyasının bütün gənclərini, üzvlərini, müstəqil Azərbaycan Respublikasının bütün gənclərini ürəkdən salamlayıram, sizə hədsiz sevgimi, məhəbbətimi bildirirəm. Bugünkü görüş mənim üçün, güman edirəm, sizin üçün də çox sevinc hissi gətirən bir görüşdür. Cəsarətlə demək olar ki, Azərbaycan Respublikasının son 10, bəlkə də 20 illik tarixində bu, ən mötəbər görüşlərdən biridir. Mən bu salonda sizi yüksək əhval-ruhiyyədə görməkdən və bu toplantıda çox sevgi, məhəbbətlə iştirak etməyinizi duymaqdan məmnunam. Sizin hamınızı qucaqlayıram, bağrıma basıram, hamını öpürəm, sizə cansağlığı və səadət arzulayıram.
Siz burada, Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının, Azərbaycanın bu günü və gələcəyi haqqında fikirlərinizi söylədiniz. Azərbaycanın müstəqilliyi, dövlətçiliyi haqqında dəyərli sözlər dediniz, xoş arzularınızı bildirdiniz. Mənim fəaliyyətim haqqında xoş sözlər dediniz və müstəqil Azərbaycana, vətənimizə, ölkəmizə, dövlətçiliyimizə öz sədaqətinizi ifadə etdiniz. Bütün bunlara görə mən sizə təşəkkür edirəm və sizi əmin edirəm ki, bu sözləriniz, fikirləriniz Azərbaycanın daha da yüksəlməsi üçün böyük bir dayaqdır.
Gənclərlə görüşmək həmişə xoş əhval-ruhiyyə yaradır. Çünki cəmiyyətin ən gözəl hissəsi gənclərdir. Hər bir insan üçün uşaq, övlad, gənc insan həmişə sevinc, xoşbəxtlik gətirir. Bu, hər bir insana ilham verir. Təsadüfi deyil ki, böyüyüb ərsəyə çatmış insan ailə quraraq ata, ana olmaq, övlad sahibi olmaq istəyir. Hər bir ailə övladın doğulmasına sevinir, şadlanır və bunu öz həyatının xoşbəxtliyi hesab edir. Hər bir insanın, ailənin uşağa, övlada, gəncliyə göstərdiyi münasibətdən dövlətin, ölkənin gəncliyə göstərdiyi və göstərəcəyi münasibət doğulur, yaranır. Ona görə də gənclərlə görüş, danışıq hər bir dövlət adamı üçün həm əhəmiyyətlidir, həm də böyük sevinc gətirir. Mən bu gün burada sizinlə görüşməyə başladığım dəqiqədən sevinc içindəyəm. Sizi belə şən, xoşbəxt, gözəl əhval-ruhiyyədə görəndə, sizin sözlərinizin, ağlınızın, zəkanızın, iradənizin nə qədər güclü olduğunu görəndə mən bir dövlət başçısı kimi həddindən artıq sevinirəm. Sevinirəm ki, bizim bu cür gözəl gələcəyimiz var və bu gələcəyin qurucuları, yaradıcıları sizsiniz, əziz gənclər!
Bu əzəmətli saray - idman-konsert kompleksi Azərbaycanın ən möhtəşəm və ən böyük saraylarından biridir. Mən bu gün burada, belə bir şəraitdə olduğum dəqiqədən bu sarayın tarixi haqqında düşündüm. Xatirimdədir, 1970-ci ilin əvvəllərində onların idmana, mədəniyyətə olan həvəsini, istəyini daha yüksək səviyyədə, şəraitdə təmin etmək üçün belə bir idman-konsert sarayı tikmək arzusunda olduq. Ancaq yəqin təsəvvür edirsiniz ki, o zaman bunu etmək o qədər də asan deyildi. Çünki birincisi, bu, böyük vəsait tələb edirdi, ikincisi də biz Sovetlər İttifaqının tərkibində olduğumuza görə belə böyük işlərin görülməsi üçün mərkəzdən icazə və xüsusi vəsait almalı idik. Ancaq biz ölkəmizi - Azərbaycanı daha da inkişaf etdirmək, Bakını daha da gözəlləşdirmək və gənclər üçün yeni bir idman, mədəniyyət ocağı yaratmaq üçün belə bir saray tikməyə çalışdıq.
Mən çox səylər qoydum, dəfələrlə Moskvaya müraciət etdim. O vaxt Sovetlər İttifaqının bəzi böyük şəhərlərində belə saraylar artıq var idi. Ancaq eyni zamanda, o illər sovet hökuməti siyasətini belə qururdu ki, guya bu cür böyük sarayların tikilməsinə vəsait çatmır, ona görə də onlara ehtiyac yoxdur. Mən isə sübut edirdim ki, Azərbaycan üçün, Azərbaycanın paytaxtı üçün belə bir saray mütləq lazımdır. Nəhayət, bunun tikilməsi, yaranması üçün qərar qəbul edilməsinə nail olduq. Onun layihəsinin hazırlanması da yaxşı xatirimdədir. Biz həmin layihələrə bir neçə dəfə baxdıq, fikirlərimizi dedik, təkliflərimizi, mülahizələrimizi bildirdik. Xatirimdədir, qocaman arxitektorlarımız Tahir Abdullayev, Yusif Qədimov və başqaları bu layihəni Azərbaycan Dövlət Layihə İnstitutunda bizim tapşırığımızla hazırlayırdılar. Nəhayət, layihə hazır olandan sonra işə başladıq, bu gün toplaşdığımız bu yeri seçdik. Bu da təsadüfi deyil. İndi mən görürəm ki, biz bu yeri düzgün seçmişik.
Mən xoşbəxtəm ki, bu sarayın tikilməsinin təşəbbüskarıyam. Xoşbəxtəm ki, bu sarayın təməl daşını qoymuşam, həmin təməl daşında mənim əsrlər boyu yaşayacaq imzam vardır. Nəhayət, xoşbəxtəm ki, bu gün ilk dəfə ağzınadək dolu olan bu saraya Azərbaycan gəncləri toplaşmışlar. Amma eyni zamanda, təəssüf edirəm ki, bu sarayın tikilməsi bir çox maneələrlə rastlaşdı. Mən Azərbaycanda olduğum zaman da belə maneələr var idi. Mən bunların qarşısını alırdım.
Mən o vaxt bu tikinti meydanına dəfələrlə gəlmişəm, tikintinin aparılması işləri ilə məşğul olmuşam, maraqlanmışam, nəzarət etmişəm, eyni zamanda, qarşıya çıxan maneələri aradan götürmüşəm. O zaman işin qızğın bir vaxtında sarayın tikintisinə Moskvadan vəsait ayrılmasını kəsdilər. Mən Sovet İttifaqı Nazirlər Sovetinin sədrinə müraciət etməli oldum. Bu məsələ ilə əlaqədar xüsusi olaraq Moskvaya getdim, ondan xahiş etdim və vəsait ayrılmasının davam etdirilməsinə nail oldum. Eyni zamanda, təəssüf edirəm ki, sonrakı illərdə bu sarayın tikilməsi çox ləngidilibdir. O, bizim nəzərdə tutduğumuz vaxtda tikilib qurtarmayıbdır. Bilirsiniz ki, 1982-ci ilin sonunda mən Azərbaycandan getdim. Bundan sonra bu sarayın tikintisinə diqqət azalmışdı. Mən Azərbaycana yenidən gələndə bu işlə maraqlandım. Bu sarayın tikilib qurtarması haqqında yalnız 1990-cı ildə arayış verilibdir. Təəssüflər olsun ki, ondan sonra da, indiyədək bu saraydan nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmayıbdır.
Bu gün birinci dəfədir ki, bu saraya, onun tribunalarına gənclər toplaşıblar və belə bir mərasim keçirilir. Çox məmnunam ki, bu, sizə, mənə nəsib olubdur və Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatına nəsib olubdur. Onu da demək istəyirəm ki, o illər, xüsusən 1998-ci ildən başlayaraq, öz nailiyyətlərimizi ləkələmək, dağıtmaq, pozmaq istəyən qüvvələr, Azərbaycanın başıbəlalı bəzi rəhbərləri Moskvada oturan bir sıra rəhbərlərlə birlikdə belə sarayların tikilməsini güya ziyankar bir iş kimi tənqid edirdilər. Hesab edirdilər ki, guya biz dövlətin vəsaitindən vaxtilə düzgün istifadə etməmişik. Ancaq kimin nədən düzgün istifadə edib-etmədiyini indi həyat göstərdi.
Biz saray tikmişik, yaratmışıq, xalqımızın istifadəsinə vermişik. Bu saray əsrlər boyu yaşayacaqdır və gələcək nəsillərə xidmət edəcəkdir. O bədxah adamlar isə məhv olublar və məhv olacaqlar. İnsanlar heç vaxt yalana inanmayacaqlar. Belə yalan sözlərin ömrü çox qısa olur. Təəssüf ki, bu yalanlar, bu böhtanlar oldu, biz belə günləri yaşadıq. Xüsusən mən belə hallara dözdüm. Amma bu gün bir daha görürəm ki, xalq böhtançılara, yalançılara heç vaxt inanmayıbdır.
Bu gün mən xüsusən xoşbəxtəm ki, vaxtilə, təxminən 20 il bundan əvvəl təməlini qoyduğum böyük binanın içindəyəm. Xoşbəxtəm ki, belə bir saray yarada bilmişəm və biz bu gün ondan birlikdə istifadə edirik. Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı bugünkü toplantıda özünün yüksək səviyyəsini Azərbaycanın vətəndaşlarına və bütün dünyaya nümayiş etdirir.
Yeni Azərbaycan Partiyası 1992-ci ildə çox ağır şəraitdə yaranıbdır. Bir müddət əvvəl biz Yeni Azərbaycan Partiyasının yaranmasının beşinci ildönümünü təntənəli qeyd etdik. Yeni Azərbaycan Partiyası yaranarkən, şübhəsiz ki, biz bu partiyanın gənclər tərəfindən dəstəklənməsinə ümid edirdik və buna görə də gənclər təşkilatının yaranması haqqında da qərarlar qəbul etmişik.
Yeni Azərbaycan Partiyasını yaradanlar respublikamızın tanınmış, hörmətli ziyalıları, 1992-ci ildə Azərbaycanın düşdüyü ağır vəziyyətdən narahatlıq keçirənlər, ölkəmizin aqibəti haqqında düşünənlər olmuşlar. Bu partiyanın yaradılması o vaxtkı iqtidar tərəfindən həqiqətən çox qısqanclıqla və böyük təzyiqlərlə qarşılanmışdı. Amma bu partiyanı yaradanlar bütün bunlara baxmayaraq öz iradələrindən dönməmişlər. Bu gün artıq bütün dünyada məlumdur ki, bu partiyanın yaranması Azərbaycanın həyatında, tarixində böyük bir hadisədir. Azərbaycanın bu günü və gələcəyi üçün bu təşkilatın böyük xidmətləri olubdur və bundan sonra da böyük xidmətləri olacaqdır.
Bu gün isə mən çox sevinirəm ki, partiyanı yaradan hörmətli ziyalılarla bərabər, Yeni Azərbaycan Partiyasının zəkalı, güclü, iradəli gənclər təşkilatı da vardır. Bu təşkilat öz ətrafında 30 min gənci birləşdirir. Bu saraya 8 min insan toplaşıbdır. Buraya Azərbaycanın hər yerindən gənclər təşkilatlarının nümayəndələri gəliblər. Yenə də deyirəm, bu, Azərbaycanın tarixində son dövrlərdə görünməmiş bir hadisədir.
Bu toplantının keçirilməsi, Azərbaycanın hər bir guşəsindən gənclər təşkilatının nümayəndələrinin buraya mütəşəkkil surətdə gəlməsi və burada mövcud olan ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı günü-gündən genişlənəcək, inkişaf edəcək, Azərbaycan gəncliyinin əsas özəyini təşkil edəcəkdir.
Mən Yeni Azərbaycan Partiyasına, onun gənclər təşkilatına bütün gələcək işlərində uğurlar arzulayıram. Tam əminəm ki, Yeni Azərbaycan Partiyasının proqramı, nizamnaməsi Azərbaycan xalqının milli mənafelərini, Azərbaycanın müstəqilliyini təmin edən tarixi sənədlərdir. Həmin sənədlər Yeni Azərbaycan Partiyasının gələcəkdə də genişlənməsi və inkişaf etməsi üçün gözəl əsas yaradır. Mən əminəm ki, bizim partiyamız günü-gündən genişlənəcək və inkişaf edəcəkdir.
Biz Yeni Azərbaycan Partiyasını yaradarkən məramnamədə, proqramda onun məqsədlərini Azərbaycanın müstəqilliyi, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulması prinsipləri əsasında müəyyənləşdirmişik. Biz Yeni Azərbaycan Partiyasını yaradarkən Azərbaycanın ictimai-siyasi həyatında bu partiyanın fəal iştirak etməsi məqsədini daşıyırdıq. O zaman biz qarşımıza hakimiyyətə gəlmək, hakimiyyət əldə etmək məqsədi qoymamışdıq. Biz sadəcə, Azərbaycanın ictimai-siyasi həyatında iştirak etmək istəyən, ancaq o ildə, yəni 1992-ci ildə mövcud olan iqtidarda və partiyalarda özünü görə bilməyən minlərlə, on minlərlə insanın bir siyasi təşkilatda toplanmasını təşkil edib Azərbaycanın ictimai-siyasi həyatında onlarla birlikdə iştirak etmək istəyirdik. Görünür ki, Yeni Azərbaycan Partiyasının taleyi bizim düşündüyümüzdən də artıq imiş. Qısa bir zaman ərzində - 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş verdi. Mənim Bakıya dəvət edilməyim lazım oldu. Beləliklə də Yeni Azərbaycan Partiyası tədricən bir iqtidar partiyası kimi fəaliyyət göstərməyə başladı.
Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan prezidentinin partiyasıdır, müstəqil Azərbaycanın iqtidarının partiyasıdır. O, bu vəzifəni, bu adı şərəflə daşıyan partiyadır.
Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının qarşısında duran vəzifələr bütün Azərbaycan gənclərinin qarşısında duran vəzifələrdir. Bundan başqa vəzifə yoxdur. Hesab edirəm ki, bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur. Bu işlər artıq görülür.
Azərbaycanın dövləti, hökuməti ötən illərdə bu sahədə çox iş görmüş və biz böyük nailiyyətlər əldə etmişik. Bunların hamısı sizə məlumdur. Ancaq bir daha yada salmaq istəyirəm ki, ötən illər içərisində, yəni 1993-cü ilin iyun ayından indiyədək Azərbaycan Respublikası çox çətin, ağır bir tarixi dövr yaşayıbdır. Məmnuniyyət hissi ilə deyə bilərik ki, biz bu dövrü şərəflə, namusla yaşamışıq və xalqımızı, millətimizi, ölkəmizi böyük bəlalardan, xətalardan qurtarmışıq, bugünkü rahat vəziyyətə çıxarmışıq. Bu, bizim ən böyük nailiyyətimizdir.
Əgər bugünkü günü 1993-cü ilin iyun ayı ilə müqayisə etsək, hamı üçün hər şey aydın ola bilər. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, biz Ermənistan- Azərbaycan münaqişəsində atəşi dayandırmışıq. İki aydan sonra dörd il tamam olacaqdır ki, artıq atəş yoxdur, biz sülh, atəşkəs şəraitində yaşayırıq. Ancaq bu illər ərzində biz ölkəmizin ərazi bütövlüyünün bərpası, - işğal edilmiş torpaqların azad olunması üçün ardıcıl iş, sülh siyasəti apararaq məsələnin sülh yolu ilə həll edilməsinə çalışırıq.
Demək, bizim qarşımızda duran ən ümdə vəzifə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail olmaq, yerindən-yurdundan didərgin düşmüş bir milyondan çox Azərbaycan vətəndaşını öz elinə, obasına, evinə qaytarmaqdır. Bildirmək istəyirəm ki, bizim ardıcıl və prinsipial siyasətimiz nəticəsində buna nail oluruq və olacağıq.
Biz 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün uyğun prinsiplərin qəbul edilməsinə nail olduq. 1997-ci ildə bu prinsipləri həyata keçirmək üçün çox səylər qoyduq. Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu sahədə xeyli işlər gördülər, bizimlə və Ermənistanla sıx əməkdaşlıq etdilər. Onlar məsələni mərhələ-mərhələ həll etmək üçün keçən ilin sentyabr ayında konkret təkliflər verdilər. Biz bu təklifləri qəbul etdik. Baxmayaraq ki, bu təkliflər bizi tam qane etmir. Ancaq bu məsələni həll etmək üçün müəyyən kompromislərə getmək lazım idi. Biz buna getdik və bu təklifləri qəbul etdik. Ermənistan rəhbərliyi də bunu qəbul etdi. Ancaq Ermənistanın içində fikir müxtəlifliyi olduğuna görə biz bu işi sona çatdıra bilmədik.
Bilirsiniz ki, bu il fevral ayının əvvəlində Ermənistanda hakimiyyət dəyişikliyi baş veribdir. İndi orada yeni prezident seçkilərinin keçirilməsi elan olunubdur. Güman edirəm ki, Ermənistanda daxili vəziyyət sabitləşəcək, Ermənistanın vətəndaşları öz istədikləri şəxsi prezident seçəcəklər və biz sülh danışıqlarını davam etdirəcəyik.
Mən ümidvaram ki, Minsk qrupunun verdiyi təkliflər, yəni məsələnin iki mərhələdə həll olunması barədə təkliflər qəbul ediləcəkdir. Beləliklə, biz 1998-ci ildə məsələnin sülh yolu ilə həll olunmasında ciddi bir irəliləyiş əldə edəcəyik. Bununla yanaşı, biz ölkəmizin müdafiə qüdrətini daim gücləndirməliyik və gücləndiririk. Bizim Milli Ordumuz möhkəmdir, güclüdür, mütəşəkkildir.
Milli Ordunun böyük bir hissəsini təşkil edən gənclərdir. Hərbi xidmətdə olan əsgərlərimizin, zabitlərimizin əksəriyyəti gənclərdir. Gənclər Azərbaycan dövlətinə, doğma torpağımıza sadiqdirlər. Ona görə də mən Milli Ordumuzun dövlətçiliyimizə, vətənimizə sadiq olmasına inanıram.
Bizim sizinlə birlikdə vəzifəmiz Milli Ordumuzu daha da gücləndirməkdir. Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan gəncinin şərəfli vətəndaşlıq borcudur. Hesab edirəm ki, gənclər təşkilatı öz işində hər bir gəncin orduda xidmət etməyə hazır olmasını təmin etməlidir. Hər bir gənc orduda sədaqətlə xidmət etməlidir. Orduda xidmət etməyən gənc cəmiyyətdə hörmət qazana bilməz. Artıq bunu dərk etmək lazımdır ki, Azərbaycanın Milli Ordusu bizim müstəqil dövlətimizin, xalqımızın ordusudur, müstəqil dövlətimizi daim qorumaq qüdrətinə malik olan ordudur.
Azərbaycan gənclərinin keçmiş illərdə Sovet Ordusunda xidmət etməsindən onların indi Azərbaycan ordusunda xidmət etməsi xeyli fərqlidir. Bizim ordumuz tamamilə yeni bir ordudur. O həm bu gün, həm də Azərbaycanın gələcəyi üçün müstəqilliyimizi təmin edən ordudur. Hər bir gəncin orduda xidmət etmək borcunu verməsi onun özünün vəzifəsidir, o gəncin valideynlərinin vəzifəsidir və bizim gənclər təşkilatımızın vəzifəsidir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz, gənclər təşkilatı bu məsələni daim öz fəaliyyətinizin mərkəzində saxlayacaqsınız. Azərbaycan ordusunda sədaqətlə xidmət edən gənclər hazırlayacaqsınız və Azərbaycan ordusunda xidmət edən gənclərə daim diqqət və qayğı göstərəcəksiniz. Gənclər təşkilatı ordu ilə, ordu hissələri ilə daim bilavasitə əlaqədə olmalıdır. Yenə də deyirəm, biz müstəqil dövlətik və dövlət müstəqilliyimizi qoruyub saxlamağa hər an qadir olmalıyıq. Ona görə də hər bir Azərbaycan vətəndaşı öz vəzifəsini dərk etməlidir, hər bir Azərbaycan vətəndaşı özünü daim müsəlləh əsgər hesab etməlidir. Hər bir gənc düşünməlidir ki, onun bu gün də, gələcəkdə də yaşaması, millətinin, müstəqil dövlətinin dünya birliyində əbədi yaşaması üçün birinci vəzifəsi orduda xidmət etmək, ordunun qüdrətini artırmaq olmalıdır.
Biz ordumuzu qüdrətləndiririk - ona görə yox ki, müharibə etmək istəyirik. Biz sülh tərəfdarıyıq. Ermənistan - Azərbaycan münaqişəsini də sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm, bu münaqişəni sülh yolu il həll edəcəyik. Bizimlə qonşu olan bütün ölkələrlə sülh və mehribanlıq şəraitində yaşamaq, qarşılıqlı əlaqələr qurmaq istəyirik. Ermənistanla da sülh yaradıb, qonşuluq əlaqələri qurub qonşu yaşamaq istəyirik. Ancaq bununla bərabər, bizim güclü ordumuz olmalıdır. Güclü ordumuz olmalıdır ki, mümkün olan hər bir təcavüzün qarşısını alaq. Güclü ordumuz olmalıdır ki, biz ölkəmizin müdafiəsini həmişə təmin edə bilək. Güclü ordumuz olmalıdır ki, işğal edilmiş torpaqlarımız əgər sülh yolu ilə azad oluna bilməsə, nəyin bahasına olursa-olsun, onları azad edək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək.
Ötən illərə nəzər salarkən, hesab edirəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, ölkəmizdə artıq ictimai-siyasi sabitlik, əmin-amanlıq, insanlara rahat yaşamaq imkanı yarada bilmişik. Bu, bizim Azərbaycan üçün ən böyük nailiyyətdir. Təsəvvür edin, xatirinizə salın, 1988-ci ildən başlayaraq Azərbaycan daim çalxalanıbdır. Ona görə çalxalanıbdır ki, Ermənistan tərəfindən Azərbaycana təcavüz edilib. Təəssüf ki, bu təcavüzün qarşısını vaxtında almaq üçün respublikamızda mümkün olan imkanlardan istifadə edilməyibdir. Ona görə çalxalanıb ki, bu vəziyyətdən istifadə edən ayrı-ayrı qruplar, dəstələr, insanlar özlərinə silahlı dəstələr yaradaraq hakimiyyət uğrunda mübarizə ediblər, Azərbaycanı dağıtmağa başlayıblar.
Ondan əvvəlki illərdə Azərbaycan güclü bir iqtisadi potensiala malik olubdur. Azərbaycanda böyuk quruculuq işləri gedibdir. Ancaq 1988-ci ildən etibarən Azərbaycanın iqtisadiyyatını da dağıtmağa, insanların mənəviyyatını da pozmağa başlayıblar. Bunlar hamısı da Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirmişdi.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş veribdir. Məgər 1993-cü ilə qədər insanlar rahat yaşayırdılarmı? Yox. O illərin əksəriyyətini Azərbaycan, xüsusən Bakı fövqəladə vəziyyət şəraitində, avtomatların, topların, ayrı-ayrı qanunsuz silahlı dəstələrin qorxusu altında yaşayıbdır. Biz bu vəziyyəti aradan qaldırdıq, biz bunları ləğv etdik, Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq yaratdıq. Bu, bizim böyük nailiyyətimizdir. Ancaq bunu qoruyub saxlamaq lazımdır. Çünki 1993-cü ildən sonra da Azərbaycanda dövləti devirmək, ictimai-siyasi sabitliyi pozmaq, cürbəcür terror, təxribat aktları keçirmək cəhdləri olmuşdur.
Bizim qüdrətimiz, dövlətimiz möhkəm olduğuna və xalqla dövlət bir olduğuna görə biz bunların qarşısını ala bildik. Biz 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhdin qarşısını xalqın, sizin gücünüzlə, iradənizlə aldıq. 1995-ci ilin mart ayında Azərbaycanı böyük bir təhlükədən xilas etdik. "Böyük təhlükə" deyirəm, ona görə yox ki, azğınlaşmış silahlı dəstələr gəlib Azərbaycanda çevriliş edib prezidenti, yaxud kimisə məhv edəcəkdilər. O təhlükə ona görə idi ki, o qədər azğınlaşmış, pozulmuş dəstələr bir-biri ilə birləşib bir yerə yığışmışdılar. 1995-ci ilin mart ayında Azərbaycanı bəlkə də 1993-cü ildəkindən də böyük bir fəlakət gözləyirdi. Biz onun qarşısını aldıq. Ondan sonra da bir neçə terror aktlarının qarşısını aldıq.
Bunlar bizim nailiyyətlərimizdir. Bunlar hamısı xalqın, sizin Azərbaycan dövlətçiliyinə, Azərbaycan prezidentinin siyasətinə göstərdiyiniz etimad və dəstəyin nəticəsində olubdur. Ancaq eyni zamanda, biz bu gün də sayıqlığımızı itirə bilmərik. Biz bu gün də dövlətçiliyimizi qorumaq üçün bütün tədbirləri görməliyik
Sizə məlumdur ki, Azərbaycanda yenidən terror aktları həyata keçirmək cəhdləri ilə yaşayan insanlar, yaxud Azərbaycandan kənarda, xarici ölkələrdə oturub, burada terror aktları edib hakimiyyəti ələ keçirmək istəyən insanlar vardır. Bunlar mövcuddur. Ona görə də xalqımız da sayıq olmalıdır və dövlətimiz də bu barədə öz işlərini daha da etibarlı qurmalıdır. Qonşu Gürcüstanda bir neçə gün bundan əvvəl Gürcüstan prezidenti, mənim yaxın dostum Eduard Şevardnadzeyə qarşı edilən terror cəhdi bir daha onu göstərdi ki, terrorçular öz bəd əməllərindən əl çəkməyiblər. Bunlar Azərbaycanda da, Gürcüstanda da və bir neçə başqa ölkələrdə də vardır.
Mən əminəm ki, biz Azərbaycanın dövlətçiliyini indiyə qədər qoruyub saxladığımız kimi, bundan sonra da qoruyub saxlayacağıq. Azərbaycanın dövlətçiliyinə qəsd edən hər bir kəs öz cəzasını alacaqdır. Heç bir terrorçu Azərbaycanda öz istəyinə nail ola bilməyəcəkdir. Ona görə ki, Azərbaycanın xalq tərəfindən seçilmiş prezidenti var və Azərbaycanın prezidenti Azərbaycan dövlətçiliyinin, xalqının keşiyində durubdur. Ona görə ki, Azərbaycan xalqı ilə Azərbaycan prezidentinin birliyi, həmrəyliyi vardır. Ona görə də heç kəs bizi çaşdıra bilməz.
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyası, Azərbaycanın gəncləri bu prosesin fəal iştirakçılarıdır. Bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, biz ilk demokratik konstitusiyamızı qəbul etmişik və bu konstitusiyanı ümumxalq referendumu, səsverməsi vasitəsilə qəbul etmişik. Azərbaycanın Konstitusiya demokratik bir dövlətin qurulmasını və yaşamasını təmin edən bir konstitusiyadır. Bunu biz bütün dünya demokratik dövlətlərinin ekspertizasından keçirmişik. Azərbaycanda demokratiyanın, dövlətçiliyin hüquqi əsaslarını təmin edən qanunlar qəbul etmişik və dövlət quruculuğu prosesi sürətlə inkişaf edibdir.
Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir, onlar öz gözəl nəticələrini verir. Mən bu sırada özəlləşdirmə proqramının həyata keçirilməsini xüsusi qeyd edirəm. 1998-ci il özəlləşdirmə proqramının həyata keçirilməsində çox həlledici bir ildir. Bu barədə yeni ciddi addımlar atılacaqdır, bunlar da öz müsbət nəticələrini verəcəkdir.
Torpaq islahatı haqqında qəbul etdiyimiz qanunlar ardıcıl surətdə həyata keçirilir və xalq tərəfindən, torpaqda işləyən insanlar tərəfindən çox böyük ruh yüksəkliyi ilə qəbul olunubdur. Bunlar da öz nəticələrini verir. Biz maliyyə sistemində, iqtisadiyyatın bütün sahələrində islahatlar həyata keçiririk. Bunların nəticəsində də Azərbaycanda ictimai-siyasi sabitliklə, atəşkəs rejimi ilə yanaşı, biz Azərbaycanın iqtisadiyyatında müsbət dəyişikliklərə nail olmuşuq. Müsbət dəyişikliklər də göz qabağındadır.
Azərbaycanın maliyyə sistemini götürək. Ölkəmizdə inflyasiya sıfıra endirilibdir, yoxdur. Azərbaycanın Milli valyutasının - manatın dəyəri möhkəmdir. Azərbaycanda xarici ticarət sərbəstləşdirilibdir, liberallaşdırılıbdır. Azərbaycanda iqtisadi islahatlar, makrostruktur dəyişikliklərinin hamısı vaxtında həyata keçirilir və bunlar öz nəticələrini verir. Demək, konstitusiyamızda həm siyasi sahədə, həm ictimai sahədə, həm də iqtisadi sahədə nəzərdə tutulmuş bütün prinsiplər əməli surətdə həyata keçirilir. Bunların müsbət nəticələrini təkcə biz yox, beynəlxalq təşkilatlar da müşahidə edirlər və qiymətləndirirlər. Bilirsiniz, təəssüflər olsun ki, Azərbaycanda müxalifətdə olan qüvvələr sağlam fikirli deyillər. Mən onların əksəriyyətini deyirəm. Bir neçə dəfə demişəm, bu gün bir daha qeyd edirəm. Azərbaycan demokratik dövlətdir. Biz demokratiyanın inkişafı üçün bundan sonra da Azərbaycanın milli mənafelərinə uyğun olan bütün tədbirləri həyata keçirəcəyik. Demokratiyanı bizə heç kəs yuxarıdan tətbiq etməyibdir, verməyibdir. Demokratiya, demokratik quruluş bizim içimizdən gələn bir quruluşdur. Şübhəsiz ki, biz dünya təcrübəsindən istifadə edirik. Ancaq bu, bizim özümüzün iradəmizdən meydana gəlmiş prinsiplərdir. İqtisadi islahatlar da həmçinin. Biz çox təhlil etmişik. Ölkəmiz üçün yalnız bu yolla getmək lazımdır. Başqa yol yoxdur. Mən çox məmnunam ki, cəmiyyətimizin əksəriyyəti bu yolu qəbul edir və bizə bu barədə müxalifət yoxdur. Ancaq müxalifət nə istəyir? Müxalifət deyir ki, guya onlar demokratdırlar, amma iqtidarda olanlar demokrat deyil. Bu nədən görünür? İqtidar demokratiyanı əməli surətdə həyata keçirir. İqtidar bunların nəticəsində müsbət nəticələr əldə edir. İqtidar ölkədə ictimai-siyasi sabitliyi təmin edir. İqtidar insanların rifahını gündən-günə yaxşılaşdırır. İqtidar insanlara rahat yaşamaq şəraiti yaradıbdır.
Bəs müxalifət nə edibdir? Müxalifət hakimiyyətdə olan zaman nə edibdir? Heç bir şey edə bilməyibdir. İndi nə edibdir? İddia edirlər ki, guya onlar demokratdırlar və bəziləri başqa bir ölkəyə qaçıb orada bir il yaşayandan sonra bizə demokratiya haqqında dərs demək istəyir. Bu real, həqiqi demokratik prinsipləri həyata keçirən, demokratik dövlət quran, iqtisadi islahatlar həyata keçirən iqtidar isə onların sözünə görə andidemokratdır, antiislahatçıdır. Bilirsiniz, bu qədər insafsızlıq, həyasızlıq, vicdansızlıq ola bilməz!
Məni bunlar narahat etmir və sizi də narahat etməsin. Çünki o cür danışan adamlar azlıq təşkil edir. Onların qəzetlərindən və çox xırda təşkilatlarından başqa heç bir şeyləri yoxdur. Onların arxasında heç bir sosial baza, qrup yoxdur. Ancaq mən arzu edərdim ki, həmin müxalifətdə duran bu partiyalar, qruplar həqiqi müxalifət siması alsınlar, sivilizasiyalı müxalifət vəziyyətinə gəlib çatsınlar. Onlar o yırtıcı, həyasız, davakar müxalifətçilikdən normal müxalifətçilik səviyyəsinə gəlib çatsınlar. Çünki 1980-ci illərin axırında, 1990-cı illərin əvvəllərində o müxalifət var idi ki, silah, dava gücünə, yaxud insanları qorxutmaq gücünə müxalifətçilik edirdi - bunlar artıq Azərbaycanda keçməyəcəkdir. Yalanlar, böhranlar deməklə onlar heç bir şeyə nail ola bilməyəcəklər.
Qəzetlərdə yazırlar ki, Azərbaycan əhalisi aclıq içərisindədir, nə bilim, iqtisadiyyat dağılıbdır, filandır və sairə. Bəlkə də bunu bu gün demək heç lazım deyil. Ancaq mən deyirəm ki, onlara yenə də başa salım ki, siz düz yola gəlin. Mən Azərbaycanın prezidentiyəm. Azərbaycanın hər bir vətəndaşının həyatı mənim üçün maraqlıdır. Mən ən qatı müxalifətdə duran adam haqqında da düşünürəm. Düşünürəm ki, qoy o, müxalifətdə olsun, başqa fikirdə olsun, ancaq sağlam olsun, cinayət etməsin, pis yola getməsin.
Belə sözlər yazırlar. Ancaq həqiqət nədən ibarətdir? Həqiqət siz gördüyünüz reallıqdır. Keçən il Azərbaycanın iqtisadiyyatında tənəzzül dayandırılıbdır. Daxili məhsul 5,8 faiz artıbdır. 1998-ci ilin ötən aylarında biz yeni artım müşahidə edirik. Bəlkə siz bunu televiziyadan eşitdiniz, iki gün bundan əvvəl Beynəlxalq Valyuta Fondunun yüksək səviyyəli nümayəndəsi Azərbaycana gəlmişdi. O, burada bir neçə görüş keçirdi, mənimlə də söhbət etdi. Həmin adam Beynəlxalq Valyuta Fondunda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrə nəzarət edir. Onun bəyanatıdır ki, iqtisadi vəziyyətinə, iqtisadi islahatların həyata keçirilməsinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr arasında birinci yerdədir.
Dünya ölkələrində maliyyə sisteminə, iqtisadiyyata nəzarət edən təşkilatlar arasında Beynəlxalq Valyuta Fondundan yuxarı bir təşkilat yoxdur. Bu onların, Dünya Bankının verdiyi qiymət, bu da ayrı-ayrı qəzetlərin, yaxud xaricdə oturan bəzi adamların Azərbaycan haqqında yazdığı sözlər. Şübhəsiz ki, bütün bu nailiyyətlər Azərbaycanla bizim apardığımız siyasətin nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının tam əksəriyyətinin Azərbaycan dövlətinin apardığı siyasətdə fəal iştirak etməsinin nəticəsidir. Bu, sizin və bütün Azərbaycan vətəndaşlarının əməyinin, səylərinin nəticəsidir. İqtisadi islahatlar Azərbaycanda bazar iqtisadiyyatını daimi bərqərar edibdir, sahibkarlıq yaradıbdır. Sahibkarlıq yaradılacaqdır, bazar iqtisadiyyatı inkişaf edəcəkdir, özəlləşdirmə həyata keçiriləcəkdir. Gənclər də bu işlərdə yaxından iştirak etməlidirlər. Azərbaycanın həyatında bir çox başqa əlamətdar hadisələr də vardır. Onların hamısı sizə məlumdur. Ancaq bu gün mən sizə bir neçə fikirlərimi, mülahizələrimi, tövsiyələrimi bildirmək istəyirəm. Şübhəsiz ki, gənclərin bugünkü səviyyəsi bizi sevindirir. Ancaq dünyada inkişaf çox sürətlə gedir. Gənclərimiz daim biliklənməlidirlər, təhsil almalıdırlar, inkişaf etməlidirlər. Ona görə də gənclər təşkilatının birinci vəzifəsi gənclərimizi sağlam əhval-ruhiyyədə tərbiyə etməkdən onları təhsilə, tərbiyəyə daim cəlb etməkdən və gənclərimizin təhsillənməsi ilə ciddi məşğul olmaqdan ibarətdir. Hər bir gənc gərək yaxşı təhsil alsın. Biz fəxr edə bilərik ki, ümumiyyətlə, respublikamızda savadsızlıq ləğv olunubdur. Ancaq heç də arxayın olmamalıyıq və bu məsələni heç də nəzərdən buraxmamalıyıq. Biz çalışmalıyıq ki, bizim gənclərimiz daim təhsillənsinlər. Orta, ali məktəblərdə təhsil-tərbiyə işinə ciddi fikir vermək lazımdır. Bu, bizim dövlətimizin, hökumətimizin, eyni zamanda siz gənclərin əsas vəzifəsidir.
Gənclər gərək sağlam əhval-ruhiyyədə tərbiyə olunsunlar. Bu gün siz buradakı çıxışlarınızda mənim bu son qərarlarımı dəstəklədiyinizi, bəyəndiyinizi bildirdiniz. Çox sağ olun, təşəkkür edirəm.
Bazar iqtisadiyyatına keçid dövründə cürbəcür mənfi hallar mövcuddur. Bunu inkar etmək lazım deyil. Ümumiyyətlə, cəmiyyətdə mənfi hallar həmişə olubdur, hər bir cəmiyyətdə olubdur. İqtisadi cəhətdən, demokratiya cəhətdən ən inkişaf etmiş dünya ölkələrində də mənfi hallar vardır. Heç bir ölkə deyə bilməz ki, onun ölkəsində hər şey yüksək mənəviyyat səviyyəsindədir. Yox. Ancaq bu keçid dövrünü yaşayan ölkələrdə, bizim kimi ölkələrdə və 3-4 il bundan əvvəl silahlı dəstələrin qorxusu altında yaşayan insanlarda, əlbəttə, belə mənfi hallar daha da çox olur. O cümlədən bizim Azərbaycanda.
Bir də ki, bu yeni - bazar iqtisadiyyatına keçilməsi, iqtisadiyyatın, xarici ticarətin sərbəstləşdirilməsi, insanların bazar iqtisadiyyatı, sahibkarlıqla məşğul olması - bunları öyrənmək, mənimsəmək, qavramaq lazımdır. Ancaq bəziləri bu iqtisadiyyat formalarından düzgün istifadə etməyərək cürbəcür yollarla qazanc əldə etməyə, cürbəcür mənfi yollarla getməyə düçar olurlar. Bunların hamısının qarşısı alınmalıdır.
Buna görə də cəmiyyətimizdə mənəviyyatımıza, əxlaqımıza zərər verən bütün ünsürlərlə ciddi mübarizə aparmaq lazımdır. Bu, birinci növbədə gənclər təşkilatının, sizin vəzifəniz olmalıdır. Biz çalışmalıyıq ki, birinci növbədə gənclər bu cür mənfi meyllərə uymasınlar, mənfi yollarla getməsinlər. Məsələn, kazinoların, gecə klublarının fəaliyyətinin dayandırılması, onların bağlanması bugünkü zərurətdən doğan bir məsələdir. Mən çoxdan bu fikirlərlə yaşayıram. Ancaq hiss edəndə ki, bunlar cəmiyyətimizə həddindən artıq ziyan vurur və ola bilər, bu ziyan gələcəkdə də artsın - mən belə sərt, ciddi qərarlar qəbul etmək məcburiyyətində oldum.
Biz mənəviyyatımızı qorumalıyıq. Bilirsiniz ki, mən 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan zamandan fəaliyyətimin əsas hissəsini mənəvi tərbiyə işinə yönəltmişəm, insanlarla olan mənfi cəhətlərin aradan götürülməsinə çalışmışam, o cümlədən, rüşvətxorluqla, korrupsiya ilə vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etməsi halları ilə və cürbəcür başqa çirkin hərəkətlərlə mübarizəyə sərf etmişəm. Mən gördüyüm işlərlə fəxr edirəm. Baxmayaraq ki, apardığım həmin mübarizə mən 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırılandan sonra mənə qarşı yönəldildi. Məni günahlandırdılar ki, guya mən burada qanunsuz işlər görmüşəm. Ancaq tarix göstərdik ki, mən o vaxt da düzgün mövqedə olmuşam, düz hərəkət etmişəm, bu gün də bu mövqedəyəm. Yəni mən o vaxt da rüşvətxorluqla, korrupsiya ilə mübarizə aparmışam, bu gün də aparıram və gələcəkdə də aparacağam. Belə hallarda günahkarlar bağışlana bilməzdi.
Bilirsiniz ki, iki gün bundan əvvəl fərman verdim, xarici işlər naziri Həsən Həsənov "Avropa" otelinin tikilməsində buraxdığı qanun pozuntularına və vəzifəsindən sui-istifadə etdiyinə görə mən onu vəzifədən azad etdim. Bilirsiniz, bu, mənim üçün asan bir iş deyildi. Çünki Həsən Həsənov 1971-ci ildən mənimlə bərabər işləyən bir adamdır və mənim rəhbərliyim altında işləmişdi. Mən onun işləməsi, böyüməsi üçün çox səylər qoymuşdum. 1993-cü ildə yenidən Azərbaycana rəhbərliyə gələndən dərhal sonra mən Həsən Həsənovu yenə də yüksək bir vəzifəyə təyin etdim. Çünki ona inanırdım, onun bacarığına, sədaqətinə inanırdım. Mən təsəvvür edə bilmirdim ki, Həsən Həsənov belə yollara düşə bilər. Ancaq Həsən Həsənov bu cür hərəkətlər etdiyinə, qanunları pozduğuna görə, demək olar ki, cinayət etdiyinə görə, mən Həsən Həsənovu bağışlaya bilməzdim. Baxmayaraq ki, o, bizim dövlət strukturuna ən yüksək vəzifələrdən birini tutan şəxs idi.
Əlbəttə, mən heyfslənirəm ki, xarici işlər naziri belə günahların sahibi oldu və işdən azad edildi. Ancaq eyni zamanda, mən hesab edirəm ki, hamı bilməlidir - biz prinsipial olmalıyıq. Günahı olan adamları bağışlamaq olmaz, onlar cəzalanmalıdır. Necə ki, Həsən Həsənov cəzalandı, başqaları da - əgər kimin belə günahı varsa - bundan sonra cəzalanacaq.
Bu qərarlardan lazımi nəticə çıxarmaq lazımdır. Bu, təkcə mənim işim deyil. Mən çox məmnunam ki, bizim dəyərli şahmat ustamız Aynur Sofiyeva da burada danışanda dedi ki, elə hər bir işi prezident etməməlidir, prezidentin göstərişi ilə etməməliyik, biz hər birimiz özümüz etməliyik. Bu sözlər mənə çox xoş gəldi. Həqiqətən də belədir. Əgər hərə öz sahəsində, öz işini namusla, qeyrətlə yerinə yetirirsə, vallah-billah, prezidentin də işi çox asan olacaqdır. Bütün bu işləri gətirib ancaq prezidentin üzərinə qoysanız, prezidentin çiyninə salsanız, prezident nə qədər təcrübəli adam olsa da, onun üçün çətin olacaqdır.
Bir daha qeyd edirəm, mənim son fərmanlarımdan, qərarlarımdan hər bir kəs, xüsusən gənclər özü üçün nəticə çıxarmalıdır. Gənclər bilməlidirlər ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır. Cürbəcür mənfi hallara uymaq lazım deyil. Məsələn, bizi narahat edən amillərdən biri də Azərbaycanda gənclər arasında narkomaniyanın yayılmasıdır. Onunla mübarizə aparmaq yalnız bizim polis orqanlarının, yaxud hüquq-mühafizə orqanlarının işi deyil. Baxmayaraq ki, onlar mübarizəni aparırlar - onlar bu mübarizəni narkotik maddələrin cinayət törətməsi ilə əlaqədar olaraq aparırlar. Ancaq insanların, gənclərin bu narkotik maddələrdən istifadə olunmasından qorunması cəmiyyətin, ictimai təşkilatların, gənclər təşkilatlarının, müvafiq orqanların, sizin işinizdir. Bu təhlükə var və təəssüflər olsun ki, narkotik maddələrin gənclər tərəfindən istifadə edilməsi statistika məlumatlarına görə artır, azalmır. Bu, bizi narahat edir və sizi də narahat etməlidir.
Bunu sübut etməyə ehtiyac yoxdur ki, narkotik maddədən istifadə edən adam öz sağlamlığını itirir. Nə üçün gənc hələ həyatı görməmiş sağlamlığını itirməlidir? Spirtli içkilərə meyl məsələsi barədə mən bir neçə dəfə demişəm, bu gün bunu bir daha deməyi zəruri hesab edirəm ki, Azərbaycanın mənəvi, milli adət-ənənələri və dini ənənələri spirtli içkilərin qəbul olunmasına heç vaxt yol vermir. Ancaq eyni zamanda, biz spirtli içkiləri qadağan da etmirik. Çünki biz hər sahədə müasirliyi, çağdaşlığı təmin etmək istəyirik. Ona görə də, əgər biz insanlara sərbəstlik veririksə, onları nədənsə zorla məhrum etmək, belə bir qadağan qoymaq olmaz. Ancaq insanları başa salmaq lazımdır. Gənclər bilməlidirlər ki, spirtli içkilərdən həddindən artıq, yaxud ümumiyyətlə, istifadə olunması insan üçün zərərdir. İnsan özü baxmalıdır, spirtli içki ona nə gətirir - xeyir, yoxsa zərər gətirir. Mən spirtli içkidən həddindən artıq istifadə edən adamların ondan xeyir aldığını hələ indiyə qədər görməmişəm. Ona görə də dövlət tərəfindən zəruri tədbirlər görülməsi lazımdır. İndi Azərbaycanda çox araq istehsalına başlayıblar. Azərbaycanda arağa o qədər tələbat yoxdur, amma bu qədər araq istehsal edirlər. Burada kim isə pul qazanmaq istəyir və bəlkə bəzi vəzifəli şəxslər bu işə qoşulublar.
Şübhəsiz ki, biz bunun qarşısını alırıq, alacağıq. Amma eyni zamanda, hər bir gənc bilməlidir ki, əgər o, spirtli içkiyə qoşulmağa başlayırsa, spirtli içkidən istifadə etməkdə ifratçılığa yol verirsə, beləliklə, o, öz gəncliyini pozur. Bunun qarşısı alınmalıdır.
Mən bu sözləri deyərkən, ümumi fikri ifadə etmək istəyirəm ki, bizim gənclərimiz gərək mənəviyyatca, fiziki, şüuri cəhətdən tam sağlam olsunlar. Biz gərək bu gün və gələcək üçün sağlam cəmiyyət yaradaq. Bu da sizin vəzifəniz və borcunuzdur. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı bu vəzifələrin həyata keçirilməsində irəlidə getməlidir, avanqard olmalıdır, müsbət təcrübə göstərməlidir və öz təcrübəsini bütün başqa gənclər təşkilatlarına yaymalıdır. Mən bu tələbləri bizim Gənclər və İdman Nazirliyinin qarşısında bir neçə dəfə qoymuşam və bu gün yenə də qoyuram ki, bunlar əsas məsələlərdir, vəzifələrdir.
Azərbaycanın bugünkü gəncləri XXI əsrin qurucularıdır. Bizim apardığımız işlər, böyük layihələrimiz, neft müqavilələrimiz və həyata keçirdiyimiz iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını qısa bir zamanda gücləndirəcək və insanların rifah halı günü-gündən yaxşılaşacaqdır. Buna əmin ola bilərsiniz. Ancaq lazımdır ki, bizim gənclər bu müasir iqtisadiyyat, həyat prosesində və bu dəyişən proseslərdə fəal iştirak edə bilsinlər.
Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər. Mən ona inanıram. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnə biləcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər.
Siz 1998-ci ildə Azərbaycanda prezident seçkiləri haqqında fikirlərinizi burada söylədiniz. Bununla əlaqədar mən də bir neçə kəlmə demək istəyirəm. 1998-ci ilin oktyabr ayında Azərbaycan prezidentinin 5 illik səlahiyyəti başa çatır. Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir və tam demokratik şəraitdə keçiriləcəkdir.
Müxalifətdə olan bəzi qüvvələr yenə də öz qəzetlərində cürbəcür şayiələr yayırlar. Bilirsiniz, onların daha sözləri yoxdur, istəyirlər ki, insanları cürbəcür uydurmalarla çaşdırsınlar. Nə bilim, guya ki, Heydər Əliyev prezident seçkiləri keçirməyəcək, prezident vaxtını uzadacaqdır. Kimsə deyir ki, guya Heydər Əliyevi ömürlük prezident edəcəklər. Mən bu adamlara bildirmək istəyirəm ki, işinizlə məşğul olun. Bu, sizin işiniz deyil və sizin xörəyiniz deyil.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, Azərbaycanın müstəqilliyini indiyədək qoruyub saxlayan, Azərbaycanda demokratiyanı daim tətbiq edən, Azərbaycanda iqtisadi islahatları həyata keçirən Azərbaycan prezidenti demokratiyadan bir metr də kənara çəkilə bilməz. Bunu hamı bilməlidir.
Mən bir daha bəyan edirəm - demokratiya bizim üçün söz deyil, əməli işdir. Biz əməli işimizlə demokratiya yaratmışıq və bu demokratiyanı yaradırıq. Ona görə də mən bəyan edirəm ki, prezident seçkiləri keçirilməsi haqqında qanun layihəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaqdır və güman edirəm, Milli Məclis onu müzakirə edib qəbul edəcəkdir. 1998-ci ilin oktyabr ayında, yəni prezidentin səlahiyyətləri qurtaran zaman o günə prezident seçkiləri təyin olunacaqdır. Bəyan edirəm ki, Azərbaycanda prezident seçkiləri tam demokratik şəraitdə keçiriləcəkdir.
Kim prezident olmaq arzusundadırsa, o, irəliyə çıxsın, qanun çərçivəsində namizədliyini irəli sürsün və seçkilərdə iştirak etsin. Hamı üçün yol açıqdır. Ancaq onu da bilmək lazımdır ki, dövləti idarə etmək, prezident olmaq üçün sadəcə bir istək və arzudan savayı bilik də, təcrübə də, idarəçilik təcrübəsi də, siyasi təcrübə də, şəxsi hörmət də, xalqın ehtiramı və etimadı da lazımdır. Kim hesab edir ki, onlar bu keyfiyyətlərə cavab verir - irəliyə çıxsın, gəlsin.
Siz buradakı çıxışlarınızda bəyan etdiniz ki, mənim prezident görmək istəyirsiniz. Bilmirsiniz ki, 1993-cü ildə mən Naxçıvandan Bakıya gəlmək istəmirdim. Yalnız və yalnız Azərbaycanın hörmətli adamlarının, ziyalılarının və xalqın hədsiz istəyini hiss edəndən sonra Bakıya gəldim. Azərbaycanda çətin vəziyyəti normallaşdırmağa nail oldum. Mən prezidentlik səlahiyyətim dövründə də əlimdən gələni etmişəm.
Şübhəsiz ki, mən gördüyüm işi davam etdirmək, axıra çatdırmaq istəyirəm. Ancaq mən heç vaxt hakimiyyət uğrunda mübarizə aparmamışam. 1993-cü ildə də aparmamışam. 1992-ci ildə də aparmamışam, bu gün də hakimiyyət uğrunda mübarizə aparmıram. Əgər xalq, Azərbaycanın vətəndaşları səlahiyyətim qurtarandan sonra məni yenidən prezident görmək istəsələr və bunu hiss etsəm, mən buna etiraz etməyəcəyəm.
Sağ olun. İstəklərinizə, arzularınıza görə sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, mən bütün həyatımı Azərbaycan xalqının səadətinə həsr etdiyim kimi, bundan sonra da həyatımı əsirgəməyəcəyəm.
Bizim sizinlə ən əsas vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və gələcək nəsillərə qüdrətli, müstəqil, inkişaf etmiş Azərbaycan tövsiyə etməkdir!
Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir. Mən sizin hamınızı bu yolda fəaliyyətə dəvət edirəm. Azərbaycanın xoşbəxt gələcəyi naminə, Azərbaycanın müstəqilliyinin əbədi olması naminə sizin hamınıza uğurlar arzulayıram.
Yaşasın Yeni Azərbaycan Partiyası və onun gənclər təşkilatı!
Yaşasın doğma Azərbaycan vətənimiz, bizim doğma Azərbaycan dili!
Yaşasın müstəqil Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti!
Sağ olun.
"Azərbaycan" qəzeti, 22 fevral 1999-cu il

Əlavə 4

Respublika gənclərinin II forumunda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi
4 mart 1999-cu il

Əziz gənclər!
Sizi səmimi-qəlbdən salamlayıram. Sizə sağlamlıq, xoşbəxt həyat və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan gənclərinin II forumu ölkəmizin həyatında əlamətdar hadisədir. Bu iki gün ərzində Azərbaycan gənclərinin nümayəndələri öz II forumuna toplaşaraq son üç ildə gənclərin keçdiyi yolu, əldə etdiyi nailiyyətləri və mövcud problemləri ətraflı təhlil etdilər.
Mən hesab edirəm ki, gənclərin II forumu üç il müddətində görülən işlərə yekun vuraraq, eyni zamanda gələcəyə yollar açdı. Biz XXI əsrə doğru gedirik. XXI əsr gənclərin əsridir. XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür. Əziz gənclər, siz Azərbaycanın XXI əsrinin qurucularısınız. Bu yolda sizə uğurlar olsun, eşq olsun!
Gənclər və idman naziri Əbülfəs Qarayevin forumdakı məruzəsində, Gənclər Təşkilatları Milli Şurasının sədri Azay Quliyevin, uşaq təşkilatının sədri Gülər Əhmədovanın, Azərbaycan Skaut Assosiasiyası Milli Məclisinin üzvü Səbinə Hüseynovanın çıxışlarında və başqa çıxışlarda, nitqlərdə dəyərli fikirlər söylənilmişdir. Gəncliyin bugünkü vəziyyəti, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.
Bölmələrdə aparılan müzakirələr də çox səmərəli olmuşdur. Bunlar hamısı gənclərin II forumunun nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Gənclərin II forumu Azərbaycan gəncliyinin bu gününün və sabahının aydın güzgüsüdür.
Həll olunmayan məsələlər, nöqsanlar məruzələrdə və çıxışlarda cəsarətlə göstərilmişdir. Bunlar şəxsən məni çox sevindirir. Çünki bugünkü gənclər cəsarətli olmalıdırlar, hər şeyi açıq-aydın deməlidirlər, nöqsanların üstünü örtməməlidirlər. Şübhəsiz ki, nöqsanlar dövlət və hakimiyyətin ayrı-ayrı orqanlarının fəaliyyətinə aiddir. Eyni zamanda, gənclər təşkilatlarının, gənclərin özünə aiddir.
Beləliklə, siz bizi, hakimiyyət orqanlarını tənqid etdiniz. Çox da yaxşı etdiniz. Mən sizin bu cür çıxışlarınızı xüsusi qiymətləndirirəm. Eyni zamanda, təəssüf edirəm ki, sizin burada göstərdiyiniz nöqsanları və həll olunmamış problemləri müvafiq orqanlar indiyə qədər həll edə bilməmişlər. Ancaq güman edirəm, sizin də nöqsanınız ondan ibarətdir ki, bu məsələləri siz vaxtında kəskin olaraq qaldırmamısınız. Yəqin ki, ancaq forumu gözləmisiniz.
Mən bəyan edirəm ki, sizin tənqidi çıxışlarınızdan hamımız nəticə çıxarmalıyıq. Hakimiyyət orqanları özləri üçün ciddi nəticə çıxarmalıdırlar. Nöqsanlar qısa müddətdə aradan götürülməlidir.
Problemlər nə qədər çətin olsa da, ardıcıl surətdə həll edilməlidir. Bir sözlə, Azərbaycan gəncliyinin həyatını, təhsilini, məşğulluğunu və fəaliyyətini təmin etmək üçün biz bütün imkanları səfərbərliyə almalıyıq, əlimizdən gələni etməliyik.
Çıxışlarda səsləndi ki, ötən forumda bəzi təkliflər verilmiş və ondan sonra həmin təkliflər hazırlanıb müvafiq dövlət orqanlarına çatdırılmışdır, ancaq bunlar nəticə verməmişdir. Mən bundan sonra da belə halların olmaması üçün təklif edirəm ki, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatlarının Milli Şurası, uşaq təşkilatı və başqa təşkilatlar forumda irəli sürülmüş məsələlərin hamısını birlikdə cəmləşdirsinlər və onların həll olunması üçün lazımi sənədlərin layihələrini qısa bir müddətdə, ola bilər, on gün ərzində təqdim etsinlər.
Mən eyni zamanda bu tapşırığı Azərbaycanın Nazirlər Kabinetinə, Prezidentin İcra Aparatına və başqa hakimiyyət orqanlarına verirəm. Əmin edirəm ki, sizin təkliflərinizə və layihələrdə əks etdirəcəyiniz tədbirlərin hamısına mənim tərəfimdən diqqətlə baxılacaq, lazımi qərarlar qəbul ediləcəkdir. Düşünürəm ki, II forumun yekunları ilə əlaqədar irəli sürülmüş məsələlərin həll edilməsi üçün Azərbaycan prezidentinin xüsusi fərmanı olmalıdır və mən belə bir fərmanı imzalamağa hazıram.
Əziz gənclər!
Siz bu günlər öz yetkinliyinizi, fəallığınızı nümayiş etdirdiniz. II forum ölkəmizə, ictimaiyyətə tam aşkarlığı ilə göstərdi ki, gənclər təşkilatlanandan, öz istiqamətlərini müəyyən edəndən sonra çox iş görə bilərlər və çox iş də görüblər. Siz ötən üç ildə gördüyünüz işlər haqqında ətraflı danışdınız. Mənim üçün isə bunun əhəmiyyəti ondan ibarətdir ki, biz Azərbaycanda gənclər probleminin həll olunmasını düzgün istiqamətə yönəltmişik.
Məlumdur ki, keçmişdə, hamımızın yaşadığı sovet hökuməti dövründə gənclərin təşkilatları komsomol və pioner təşkilatları idilər. Dövlət tərəfindən onlara himayədarlıq edilirdi və gənclər nəsildən-nəslə keçərək bu təşkilatların çərçivəsində formalaşırdı, inkişaf edirdi, fəaliyyət göstərirdi. Sovet hakimiyyəti dağıldı, Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Qarşımıza bir çox problemlər çıxdı. Bunların biri də gənclərin problemləridir. Doğrudur, dövlət müstəqilliyini əldə edəndən sonra birinci illərdə Azərbaycanda bunlarla məşğul olmaq mümkün olmamışdır, yaxud da ki, buna diqqət verilməmişdir. Ancaq hesab edirəm ki, Azərbaycanda son dörd ildə gənclər probleminin nizama salınması və həll olunması üçün vacib tədbirlərin həyata keçirilməsi ilə əlaqədar biz lazımi işlər görə bilmişik. İndi bunun da əməli nəticələrini görürük.
Biz dörd il bundan öncə Azərbaycanın Gənclər və İdman Nazirliyini yaratdıq. Həmin nazirlik yaranarkən çox fikirlər var idi - bu nazirlik lazımdır, ya lazım deyil. Ancaq biz hesab edirdik ki, bu nazirlik lazımdır. Onu yaratdıq. İndi biz bu nazirliyin müstəqil Azərbaycanın həyatında nə qədər gərəkli olduğunu artıq görürük.
Gənclərin I forumu üç il bundan əvvəl hazırlandı, keçirildi. O vaxt da biz bu forumu hazırlayıb keçirərkən ona bir tərəfdən böyük ümidlərlə baxırdıq, ikinci tərəfdən isə fikirləşirdik ki, bunun nəticəsi nə olacaqdır. Ancaq üç il ərzində Azərbaycanda gənclər təşkilatlandı, gənclər təşkilatları yarandı. Gənclər və İdman Nazirliyi ardıcıl fəaliyyət göstərir və gənclərin problemləri indi ardıcıl surətdə həll olunur. Hər halda, Azərbaycan gənclərinin bugünkü vəziyyəti, əhval-ruhiyyəsi, onların ictimaiyyətdə yeri və həyatımızın bütün sahələrində iştirakı bunu açıq-aydın göstərir. Bunlar çox sevindirici hallardır. Əvvəlki illərdə bu sahədə bir təşkilatçılıq yox idi, aydınlıq yox idi. Bəziləri keçmişin qanun-qaydası ilə yaşamaq istəyirdi, bəziləri isə gənclər təşkilatının ümumiyyətlə olub-olmaması haqqında fikirlər söyləyirdi.
İndi artıq tam qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri təşkilatlanıb, birləşib, cəmiyyətdə öz yerini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər.
Ölkəmiz gənclər ölkəsidir. Bilirsiniz ki, Azərbaycanın Dövlət Statistika Komitəsi yanvar ayında respublikamızda əhalinin siyahıyaalınmasını həyata keçirdi. Siyahıyaalma tamamlanıb, ancaq onun nəticələri hələ təhlil olunur. Bu siyahıyaalmada əldə olunan ilkin nəticələr çox sevindiricidir. Birincisi, ölkəmizin əhalisi artıbdır. İndi Azərbaycanda 8 milyona yaxın əhali vardır. İlkin məlumat verirlər ki, 7 milyon 910 mindir. Ancaq güman edirəm, onlar hələ bütün materialları təhlil etməyiblər. Hətta belə də olsa, 8 milyona yaxındır.
Sevindirici haldır ki, əhalinin tərkibi Azərbaycan vətəndaşlarının müsbət sosial tərkibini göstərir. Azərbaycanda ildə hər min nəfərə 17 uşaq doğulur, hər min nəfərə 6 adam vəfat edir. Beləliklə, təbii artım hər min nəfərə 11 nəfərdən ibarətdir.
Hesab edirəm ki, Azərbaycanda orta ömür uzunluğu da bugünkü şəraitə görə qənaətbəxşdir. Orta ömür uzunluğu 71 yaşdır - kişilər 67 yaş, qadınlar 74 yaş. Ancaq ən sevindiricisi odur ki, Azərbaycan gənclər ölkəsidir. Əhalinin 2 milyon 900 mini gənclər, 2 milyon 600 mini uşaqlardır. Beləliklə, əhalinin 5 milyon 500 min nəfəri gənclərdir.
Gənclər, uşaqlar demək olar ki, tamamilə təhsilə cəlb olunublar. Bir milyon 600 min gənc, uşaq ümumtəhsil məktəblərində təhsil alır. 100 min gənc ali məktəblərdə təhsil alır. Onlardan 80 mini dövlət ali məktəblərində, 20 mini özəl universitetlərdə oxuyur.
Bunlar hamısı Azərbaycan əhalisinin tərkibini və bugünkü sosial vəziyyətini göstərən bir neçə rəqəmdir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan bu ağır keçid dövründə də yaşayır, inkişaf edir, bizim millətimiz artır, təhsillənir.
Bütün bunlar bizim qarşımızda böyük vəzifələr - gənclərə, uşaqlara diqqəti, qayğını artırmaq, gənclərin problemlərinə daha da çox qayğı göstərmək vəzifəsini qoyur. Mən bu gün sizə bəyan edirəm ki, biz, Azərbaycan dövləti bu sahədə öz üzərimizə düşən bütün vəzifələri ardıcıl surətdə yerinə yetirəcəyik.
Ötən üç ildə Azərbaycan böyük bir inkişaf yolu keçibdir. Azərbaycan dövlət müstəqilliyinin 7-ci ilini başa vurubdur. Ancaq bilirsiniz ki, müstəqil dövlət kimi Azərbaycanın bu 7 illik tarixi çox ağır mərhələlərdən ibarətdir. 1991-ci ilin sonunda dövlət müstəqilliyini elan edən zaman Azərbaycan böyük siyasi, sosial-iqtisadi böhran içərisində idi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan öz torpaqlarının müdafiəsi ilə məşğul idi, müharibə aparırdı. Azərbaycanda daxili ictimai-siyasi vəziyyət çox gərgin idi. Ondan sonrakı illərdə - 1991-ci, 1992-ci və 1993-cü illərdə ölkəmizdə vəziyyət daha da gərginləşmişdi.
1993-cü ildə Azərbaycan böyük fəlakət qarşısında idi. Vətəndaş müharibəsi başladı və Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşdı. Ondan sonrakı dövr Azərbaycanın bu ağır, çətin problemlərinin həll edilməsi dövrü olubdur.
Bilirsiniz ki, onlar da asan olmayıbdır. 1993-cü ildə vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarmaq çox ağır və çətin vəzifə idi. Bu gün iftixar hissi ilə demək olar ki, biz bunun öhdəsindən gəldik və Azərbaycanı bu böhran vəziyyətindən çıxardıq.
Ancaq ondan sonra Azərbaycanı dağıtmaq, parçalamaq cəhdləri yenə də davam edirdi. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər Azərbaycanı yenidən böyük təhlükə altına aldı. Ancaq Azərbaycan xalqı artıq birləşmişdi, Azərbaycan dövləti artıq öz gücünü nümayiş etdirmişdi. Bu dövlət çevrilişi cəhdlərinin hamısının qarşısı alındı. Ondan sonra Azərbaycanda sabitləşmə dövrü başlandı. Son illər əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, biz Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirə bildik.
Gənclər də, yaşlı nəsil də heç vaxt unutmamalıdır ki, həmin 1991, 1992 və 1993-cü illərdə Azərbaycanda sadəcə, yaşamaq da çətin idi, bəzi hallarda mümkün deyildi. Hərc-mərclik, hakimiyyətsizlik, ayrı-ayrı silahlı dəstələrin bir-biri ilə silahlı mübarizəsi, hakimiyyət uğrunda mübarizə - bunlar hamısı Azərbaycanın həmin illərdəki reallığı idi. İndi Azərbaycanda daxili vəziyyət tam sabitləşibdir. Biz ictimai-siyasi sabitliyi təmin etmişik və onu ardıcıl surətdə qoruyub saxlayırıq. Bunlar da bütün Azərbaycan vətəndaşlarının, gənclərinin normal yaşaması, işləməsi, təhsil alması üçün əsas şərtdir.
Azərbaycan ötən illərdə sosial-iqtisadi böhrandan çıxdı. Məlumdur ki, 1993-1994-cü illərdə, hətta 1995-ci ildə Azərbaycanda iqtisadiyyat tənəzzül dövrü keçirirdi, böhran içərisində idi. Biz apardığımız tədbirlər nəticəsində ölkəmizi bu böhrandan çıxara bildik. İndi son üç ildə Azərbaycan sosial-iqtisadi inkişaf dövrü keçirir. Bu gün məmnuniyyət hissi ilə demək olar ki, keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələr içərisində Azərbaycanın sosial-iqtisadi vəziyyəti xeyli fərqlidir.
Biz tənəzzülün qarşısını 1995-ci ildə aldıq. 1996-cı ildə iqtisadiyyatda sabitləşməni təmin edə bildik və inkişafa qədəm qoyduq. 1997-1998-ci illərdən sonra iqtisadiyyat inkişaf yolu ilə gedir. Bunu rəqəmlər sübut edir. Ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz artmışdır. Amma ona qədər, ondan əvvəlki 5-6 il içərisində isə iqtisadiyyat tam tənəzzülə doğru gedirdi. 1997-ci ildə ümumi daxili məhsul 5,8 faiz, 1998-ci ildə isə 10 faiz artıbdır. Sənaye istehsalı 1997-ci ildə 0,3 faiz, 1998-ci ildə isə 2,2 faiz artmışdır. Kənd təsərrüfatı istehsalı da  yüksəlmişdir.
Azərbaycanda investisiya qoyuluşunun həcmi ilbəil artmışdır. Əgər 1996-cı ildə Azərbaycana 600 milyon dollar həcmində investisiya qoyulmuşdusa, 1998-ci ildə bir milyard 500 milyon dollar dəyərində xarici investisiya qoyulubdur. 1998-ci ildə kapital qoyuluşu 45 faiz artmışdır.
Bunlar hamısı Azərbaycanda əhalinin rifah halının yaxşılaşmasına təminat yaratmışdır. 1996-cı ildə orta aylıq əmək haqqı 82 min manat olduğu halda, 1998-ci ildə 170 min manat olmuşdur. Təbiidir ki, bunlar bizi qane etmir. Ancaq bu, eyni zamanda onu göstərir ki, Azərbaycan çətin şəraitdə, müharibə şəraitində olmasına baxmayaraq, iqtisadiyyatda böhranın qarşısını aldı, ölkəmiz böhrandan çıxdı. Biz tənəzzüldən xilas olduq və ölkəmiz inkişafa başlamışdır. Bu, 1999-cu ildə və gələcək illərdə Azərbaycanın inkişaf etməsinə şərait yaradır, apardığımız düzgün sosial-iqtisadi siyasətin nəticəsidir. Bunlar Azərbaycanda həyata keçirilən iqtisadi islahatların - torpaq islahatının, özəlləşdirmə proqramının, iqtisadiyyatın liberallaşdırılmasının, sahibkarlığa geniş imkan verilməsinin və beləliklə, ölkəmizin iqtisadiyyatının bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu ilə inkişaf etdirilməsinin nəticəsidir.
Biz əldə etdiyimiz nailiyyətləri qiymətləndirərək, eyni zamanda, hələ həll olunmamış problemləri də yaxşı bilirik. Gənclər bunları - həm nailiyyətləri, həm də həll olunmamış problemləri bilməlidirlər. Gənclər hər şeyi bilməlidirlər. İndi biz müstəqil dövlətdə plüralizm, demokratiyanın inkişafı şəraitində yaşayırıq, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk. Ona görə də Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatında gedən prosesləri bilməlidir və onlar bu proseslərdə fəal iştirak etməlidirlər. Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir.
Təhsil sahəsində geniş islahatlar həyata keçirilir. Güman edirəm ki, bu, təhsilin keyfiyyətini də artıracaqdır və gənclərin daha da yüksək təhsil alması üçün şərait yaradacaqdır.
Bizim həyatımızın xarakterik cəhəti bir də ondan ibarətdir ki, Azərbaycan Ermənistanın hərbi təcavüzündən indiyə qədər xilas ola bilməyibdir. 1988-ci ildən Ermənistan tərəifndən Azərbaycana qarşı başlanmış təcavüz ölkəmizə çox ağır zərbələr vurmuşdur. Biz böyük itkilər vermişik. Azərbaycan torpaqlarının bir qismi işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşımız məcburi köçürülmüş, onların əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayır.
Biz 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzaladıq. Artıq 4 ildən çoxdur ki, atəşkəs rejimində yaşayırıq, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Bu sahədə çox işlər görülübdür. Ən böyük nailiyyət ATƏT-in 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün qəbul olunmuş prinsiplərdir. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfinin destruktiv mövqeyinə görə biz indiyə qədər həmin prinsiplərin reallaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə, torpaqlarımızın azad olunmasına nail ola bilməmişik.
Mən bu gün bir daha bəyan edirəm ki, biz hələ bu yolda bütün imkanlardan tam istifadə edə bilməmişik. Hesab edirəm ki, məsələnin sülh yolu ilə həll olunmasının hələ böyük potensialı vardır. Biz bu potensialdan səmərəli istifadə etməliyik. Doğrudur, ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu məsələnin həll olunması üçün lazımi tədbirlər görmürlər. Biz bu barədə öz narazılığımızı və bəzən etirazlarımızı da bildiririk. Ancaq biz eyni zamanda, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasını Azərbaycan üçün bu gün də, gələcəkdə də məqbul hesab edirik.
Güman edirəm ki, biz 1999-cu ildə münaqişənin sülh yolu ilə həll olunması üçün ciddi addımlar atacağıq və məsələnin həllinə nail olacağıq. Ancaq biz eyni zamanda, ölkəmizin təhlükəsizliyini qorumaq, torpaqlarımızı etibarlı müdafiə etmək üçün bütün imkanlarımızı inkişaf etdirməliyik. Bu baxımdan hesab edirəm ki, son illər Azərbaycan ordusunun inkişafı, bugünkü vəziyyəti bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdəndir.
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda ordu quruculuğu sahəsində bir neçə il itirilibdir. Burada deyildiyi kimi, 1993-cü ilin noyabrından sonra Azərbaycanda ordu quruculuğuna başlandı. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın qüdrətli ordusu vardır. Azərbaycan torpaqlarını həmişə müdafiə etməyə, lazım olarsa, torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadir olan ordumuz vardır.
Azərbaycanda cəmiyyətdə, xüsusilə gənclər arasında orduya münasibət müsbət mənada tamamilə dəyişibdir. Gənclər indi orduya həvəslə gedirlər, orduda xidmət edirlər, öz vətəndaşlıq borclarını yerinə yetirirlər və Azərbaycan ordusunu gücləndirirlər, inkişaf etdirirlər.
Ordunun nümayəndələri burada çıxış etdilər. Ordunun bugünkü vəziyyəti hamımızda böyük iftixar hissi doğurur. Bəli, qısa bir zamanda Azərbaycanda ordunun yaranması və orduda zabitlərin, əsgərlərin sədaqətlə xidmət etməsi həyatımızın ən gözəl əlamətlərindən biridir. Ancaq orduya qayğı, diqqət daim artmalıdır. Azərbaycan gəncləri orduda xidmət etməyi öz şərəfli borcları hesab etməlidirlər. Buradakı çıxışlarda bu cür sözlər səsləndi. Mən də bunu bir daha bildirmək istəyirəm ki, hər bir azərbaycanlı gənc orduda xidmət etməklə özünü yüksəldir, həqiqi vətəndaş edir, ölkəsində özünü hüquqlu bir insan edir. Biz orduya bundan sonra da diqqəti, qayğını artıracağıq. Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin ordusunu bundan sonra da gücləndirəcəklər, inkişaf etdirəcəklər.
Ordunun nümayəndələri bu gün forum iştirakçılarını salamladılar, öz raportlarını təqdim etdilər. Hesab edirəm biz də onları salamlamalıyıq. Mən bu salondan forumun adından Azərbaycan ordusunun əsgərlərinə və zabitlərinə səmimi salamlarımızı çatdırıram, onlara bu şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan gənclərinin bir qismi vətən yolunda canlarını qurban vermiş şəhidlərin övladlarıdır. Azərbaycan gənclərinin bir qismi Vətən müharibəsində vuruşaraq şikəst, əlil olmuş, yaralanmış, xəsarət almış insanlardır. Onlara xüsusi qayğı, diqqət olmalıdır. Vətən yolunda vuruşaraq şikəst olmuş, gözlərini itirmiş Fikrət İsayev forumun dünənki iclasında çox həyəcanlı çıxış etdi. Fikrət İsayev kimi qəhrəman insanlar Azərbaycan gəncliyini yüksəldən və yüksək zirvələrə qaldıran insanlardır.

Vətən yolunda vuruşub qəhrəmanlıq nümunələri göstərən gənclərimizin hamısına mən bu gün bir daha, bir daha təşəkkürümü, minnətdarlığımı bildirirəm və bəyan edirəm ki, Azərbaycan dövləti, prezidenti onlara qayğısını bundan sonra daim artıracaqdır. Gənclər və İdman Nazirliyi, bütün gənclər təşkilatları gənclərin bu dəstəsinə xüsusi qayğı, xüsusi diqqət göstərməlidirlər.
Azərbaycan gənclərinin bir hissəsi işğal olunmuş torpaqlarımızdan zorla köçürülmüş ailələrin övladlarıdır, həmin torpaqların gəncləridir. Biz yerindən-yurdundan didərgin düşmüş bütün soydaşlarımıza daim qayğı və diqqət göstərməliyik və göstəririk. Ancaq köçkün, qaçqın ailələrinin uşaqlarına, gənclərinə diqqət və qayğı xüsusi olmalıdır.
Forumdakı çıxışlarda qeyd olundu ki, onların təhsili də qənaətbəxş vəziyyətdə deyildir. Mən düşündüm, - doğrudur, Təhsil Nazirliyindən soruşa bilmədim, - bu şəhid övladlarına, müharibədə şikəst olmuş, xəsarət almış gənclərə və işğal edilmiş torpaqlarımızdan zorla qovulmuş ailələrin övladlarına, gənclərə təhsil sahəsində nə kimi güzəştlər, imtiyazlar vardır? Düzü, bilmirəm. Ancaq varsa, hesab edirəm, onları artırmaq lazımdır. Yoxdursa, belə imtiyazları, güzəştləri yaratmaq lazımdır.
Bəli, gərək biz bütün qaçqın və köçkün düşərgələrində məktəblər təşkil edək və onların uşaqlara, gənclərə lazımi səviyyədə təhsil verməsi üçün ciddi tədbirlər görək. Bu da forumun yekunlarından biridir. Hesab edirəm ki, bizim qəbul edəcəyimiz sənədlərdə bunlar öz əksini tapmalıdır.
Həyatımızda problemlər çoxdur. Hər bir vətəndaş, gənc özünə qayğı istəyir. Biz bunu etməliyik. Ancaq adlarını çəkdiyim təbəqələrdən olan gənclərə xüsusi qayğı, diqqət göstəriliməlidir.
Qeyd etdim ki, Azərbaycan gənclər ölkəsidir. Belə olan halda gənclərə daha da geniş imkanlar yaratmaq, geniş yollar açmaq lazımdır. Mən gənclərin təhsili haqqında öz fikirlərimi dedim. Ancaq hesab edirəm, gənclərin əmək fəaliyyətinə, dövlət, hökumət işlərinə cəlb olunması bizim əsas vəzifələrimizdəndir. Bu barədə indiyə qədər müəyyən işlər görülübdür. Ancaq onlar azdır. Mən burada səslənən bütün fikirlərlə razıyam ki, gənclər dövlət idarəetmə işinə cəlb olunmalıdır. Bizim hökumət orqanları, Nazirlər Kabineti, nazirliklər, yerli hakimiyyət orqanları gəncləri irəli çəkməlidirlər, onları dövlət, hökumət işinə cəlb etməlidirlər, öz imkanlarını həyata keçirmək, reallaşdırmaq üçün gənclərə şərait yaratmalıdırlar.
Forumda dünən və bu gün çıxış edən gənclər özlərinin siyasi yetkinliklərini, dövlət işi üçün nə qədər hazır olduqlarını göstərdilər. Biz onlara imkanlar yaratmalıyıq. Mən bu gün bəyan edirəm ki, bütün hakimiyyət orqanlarında, dövlət və hökumət orqanlarında gənclər işə cəlb olunmalıdır və onlara bu barədə lazımi qayğı göstərilməlidir.
Mən bu fikri əvvəllər də irəli sürmüşdüm. Ancaq təəssüflər olsun ki, onun əməli surətdə tam həyata keçirilməsinə nail ola bilməmişik. Ona görə də forumun yekunları ilə əlaqədar sənədlərdə bizim bu çağırışlarımızdan əlavə, onları həyata keçirmək üçün, gənclərin dövlət, hakimiyyət işinə cəlb olunması üçün konkret tədbirlər görməliyik. Hesab edirəm ki, şəhərlərə, rayonlara, bütün nazirliklərə bu barədə lazımi göstərişlər verilməlidir və onların həyata keçirilməsi nəzarət altında olmalıdır.
Biz yaşlı, orta nəslin Azərbaycanın bugünkü həyatında xidmətlərini yüksək qiymətləndirməliyik. Onların təcrübəsindən, biliyindən, bacarığından bundan sonra da fəal istifadə edəcəyik. Ancaq bunlar gənclərin irəli çəkilməsinə, dövlət işlərinə cəlb edilməsinə mane olmamalıdır. Əmin ola bilərsiniz ki, mən bu fikri axıradək həyata keçirəcəyəm.
Gənclərin, ümumiyyətlə Azərbaycan vətəndaşlarının fəaliyyəti üçün müstəqil dövlətimizin əsas prinsiplərinə əməl edilməlidir. Əgər belə deyə bilsək, bu, müstəqil Azərbaycanın milli ideologiyasının prinsipləridir. Bu, Azərbaycanın müstəqilliyi, onun möhkəmləndirilməsi, daim inkişaf etdirilməsi və əbədi olmasıdır.
Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, gerbi, himni - bütün bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində, ailə həyatında bu prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə cəlb etmək lazımdır.
Hesab edirəm ki, bunlar Azərbaycan məktəblərinin, universitetlərinin, bütün təhsil ocaqlarının, ölkəmizin gənclər təşkilatlarının, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, bütün hakimiyyət orqanlarının əsas vəzifəsidir. Gənclər bütün bu prinsiplər əsasında tərbiyələndirilməli, inkişaf etdirilməlidir. Onlar Azərbaycanın gələcəyini təmin etməlidirlər.
Əziz gənclər!
Forum zamanı siz Azərbaycanın dövlətçiliyi, ölkəmizin xarici və daxili siyasəti, respublikamızın bu günü və gələcəyi haqqında səmimi sözlər dediniz, öz fikirlərinizi bildirdiniz. Bütün bunlara görə sağ olun. Azərbaycan dövləti müstəqil dövlətimizi qorumaq, inkişaf etdirmək üçün öz vəzifələrini yerinə yetirir. Ancaq xalqın dəstəyi, etimadı, gənclərin Azərbaycanın dövlət siyasətinə verdiyi dəstək və bu siyasətin həyata keçirilməsində fəal iştirakı bizim bugünkü və gələcək nailiyyətlərimizin əsasını təşkil edir.
Mən bu dəstəyinizə görə sizə təşəkkür edirəm. İnanıram ki, Azərbaycanın gəncləri bundan sonra da ölkəmizin dövlətçiliyini və müstəqilliyini daim müdafiə edəcək və qoruyacaqlar, Azərbaycanın dövlətinə, prezidentinə daim dayaq olacaqlar.
Forum və gənclərin bugünkü əhval-ruhiyyəsi məni çox sevindiribdir. Güman edirəm ki, bu forumun gedişini televiziya ilə müşahidə, seyr edənlər, həqiqi Azərbaycan vətəndaşları, vətənpərvər insanlar bizim kimi sevinirlər və Azərbaycan gəncliyinin bu günü ilə fəxr edirlər.
Əziz gənclər!
Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!
Mən çizə bir daha cansağlığı arzu edirəm, bütün işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycanın gəncliyi, ölkəmizin bu günü və gələcəyi həmişə parlaq, işıqlı olacaqdır.
Yaşasın Azərbaycan gəncləri!
Yaşasın müstəqil Azərbaycan!

Əlavə 5

Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi
12 dekabr 1999-cu il

Əziz uşaqlar, sevimli balalar!
Mən sizə müraciət edirəm və Azərbaycan radiosu və televiziyası vasitəsilə Azərbaycanın bütün uşaqlarına, gənclərinə müraciət edirəm. Sizin hamınızı - Azərbaycanın uşaqlarını, gənclərini, qızlarını, oğlanlarını bu bayram münasibətilə, YUNİSEF Beynəlxalq Təşkilatının yaratdığı Beynəlxalq gün - uşaqların televiziya və radio günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoş həyat, sevinc, səadət və gözəl gələcək arzulayıram.
Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər bir ana, hər bir ata öz xoşbəxtliyini birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən də üstündür. Bu təbiidir, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Bu, Allah-Taalanın buyurduğu bir prosesdir. Azərbaycan prezidenti kimi mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi, bu ailənin sevinci elə mənim də sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətimizin həyatıdır.
Ona görə də mən bu gün böyük sevinc hissi ilə sizin görüşünüzə gəlmişəm. Siz burada öz çıxışlarınızla - xüsusən Sevinc və Bəxtiyar - məni çox mütəəssir etdiniz. Uşaq həmişə insanda çox ülvi hissiyyatlar yaradır. Təbiidir, biz bunu hər yerdə görürük ki, uşaq istedadlı çıxış edəndə insan o qədər sevinir ki, bəzən onun gözündən sevinc yaşı da gəlir. Mən də belə bir insanam ki, həmişə məni hər şeydən çox uşaqlar sevindirir - həm özlərinin varlığı ilə, həm istedadları ilə, həm gözəlliyi ilə, həm qabiliyyəti ilə, həm tərbiyəsi ilə.
Mən öz övladlarımı çox sevirəm, nəvələrimi də çox sevirəm. Ancaq eyni zamanda mən Azərbaycanın bütün uşaqlarını öz övladlarım kimi, öz nəvələrim kimi sevirəm. Çox illərdir ki, xalqım mənə etimad göstərib, məni Azərbaycana başçı, sonra isə prezident seçəndən indiyə qədər mən Azərbaycanın uşaqlarının hamısını öz övladım kimi qəbul etmişəm. Bu, nəinki mənim borcumdur, mənim üzərimə düşən vəzifədir, eyni zamanda mənim qəlbimdən gələn hissiyyatlardır.
Düşünürəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti belə hissiyyatlarla yaşayır. Məhz ona görə də biz həyatımızın bu ağır keçid dövründə uşaqların təhsilinə, inkişafına, onların istedadlarının inkişaf etdirilməsinə, onların daha da yaxşı yaşamasına nail ola bilirik.
Mən bu gün sizinlə burada olmağımdan çox məmnunam. Son illər mən buraya hər il gəlirəm, biz hər il görüşürük. Artıq bu, bir ənənəyə çevrilibdir. Əgər siz mənim bu dəfə bu görüşə dəvət etməsəydiniz mən çox məyus olardım. Amma siz dəvət etməsəydiniz də mən özüm gələcəkdim. Mənim müşahidələrim bundan ibarətdir ki, mən hər il uşaqlarımızın boyunun artmasını yox, - bu təbiidir, - bizim uşaqların gözəlləşməsini, şənlənməsini, özlərini daha da xoşbəxt hiss etməsini, istedadlarının daha da açılmasını görürəm. Bu, tək elə bu salondakılar deyil. Bizim Azərbaycanın uşaqlarının həyatının ümumi mənzərəsi budur. Mən neçə illərdir ki, Sevinclə Bəxtiyarı aparıcı kimi burada görürəm. Doğrudur, onların boyu artıbdır, amma görürəm ki, boylarından çox, onların daxili mənəviyyatı yükəslibdir, onların istedadı daha da artıbdır.
Hər ata istəyir ki, onun övladı tez böyüsün, tez yekəlslin. Mənim bir adətim vardı: uşaqlarım kiçik olanda onları divarın yanına gətirirdim, xətt çəkirdim, iki aydan sonra bir də ora gətirirdim - xətt çəkirdim, görüm ki, onlar nə qədər böyüyüblər. Bu, bəli, valideynə aid olan bir xüsusiyyətdir. Amma təbiidir ki, bu nə valideyndən, nə də uşaqdan asılıdır. Bu, təbiətdən asılıdır. Ancaq insan istəyir ki, hər şey tez yüksəlsin. Mən də həmişə arzu edirəm ki, bizim uşaqlar tez yüksəlsinlər, o mənada ki, daha da çox bilik alsınlar, daha da çox tərbiyələnsinlər, daha da çox vətənpərvər olsunlar.
Burada siz mahnılar təqdim etdiniz. Çox gözəl mahnılar idi. Ancaq bu mahnıların hamısının bir ana xəttini mən hiss etdim: vətən, xalq, millət, dövlət, torpaq - bu fikirlər mahnıların hamısından keçir. Bax, məni bu çox sevindirir. Əlbəttə ki, hər bir mahnı, hər bir musiqi insanı zövqə gətirir, insanı sevindirir, insan istirahət edir. Ancaq vətənpərvərlik ruhu ilə yaranmış sizin bu mahnılarınızın hamısı və daxili vətənpərvərlik ruhunda ifa etdiyiniz mahnılarınız, rəqsləriniz məni daha da çox sevindirir. Çünki bizim ölkəmizin bu günü də, gələcəyi də müstəqil Azərbaycandır.
Müstəqil Azərbaycan tarixinin ilk dövrünü yaşayır. Gələcək isə həm böyükdür, həm də uzundur, yəni əbədidir, sona qədərdir, bu gələcəyin sonu yoxdur. Ancaq qarşımızda duran məsafəni nə qədər tez qət edə bilsək, bizim xalqımız dünya xalqları içərisində o qədər tez yüksələcəkdir. Bu, bizim hamımızın borcudur. Biz bunu hamımız etməliyik. Ancaq bunu təmin etmək üçün gərək bu prosesin ardıcıllığı yaransın. Ardıcıllıq isə odur ki, məhz uşaqlar, gənclər, onların təhsili, tərbiyəsi, onların istedadlarının meydana çıxarılması, istedadlarını göstərmək üçün onlara imkanlar yaradılması - bunların hamısı hər bir nəsli əvvəlki nəsildən yüksək edə bilər.
Mən heç şübhə etmirəm ki, XXI əsrdə Azərbaycanda nəsillər nə qədər dəyişəcəksə, Azərbaycan xalqının, Azərbaycan millətinin daxili mənəviyyatı, insani keyfiyyətləri, istedadı da o qədər artacaqdır. Xalqımız yüksək mədəniyyətə, yüksək elmə, yüksək biliyə və xoş, firavan həyata malik xalq olacaqdır. Onun üçün sizin hər biriniz - bugünkü kiçik istedadlar, amma çox zərif, insanı heyrətə gətirən, insanı sevindirən o istedad nümunələri gələcəyin qönçələridir. Bu qönçələr açılacaqdır, bu qönçələr gözəl görünəcəkdir və Azərbaycanı gülzarlığa döndərəcəkdir.
Ancaq bizim uşaqlar tək musiqidə, mahnıda, rəqsdə istedadlı deyildirlər. Son illər bizim uşaqların istedadları bir çox sahələrdə aşkara çıxıbdır. Məktəblərimizdə ayrı-ayrı fənlər, elmlər sahəsində çoxlu istedadlı uşaqlar özlərini göstəriblər. Dünyada keçirilən beynəlxalq olimpiadalarda Azərbaycan məktəblərinin uşaqları ayrı-ayrı fənlər üzrə çox yüksək adlar, medallar, fəxri fərmanlar alıblar. Yəni Azərbaycan uşaqlarının istedadı çox geniş bir sahəni əhatə edir. Yəni insan istedadının hər bir sahəsi Azərbaycanın uşaqlarında var.
Bizim borcumuz, bizim vəzifəmiz şərait yaratmaqdan ibarətdir ki, hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan yaransın. Biz bunu edirik. Amma deyə bilmərəm ki, hər bir şeyi təmin edə bilirik.
Mənim istəyim, arzum bundan da çoxdur. Ancaq əminəm ki, burada biz ilbəil yeni nailiyyətlər əldə edirik və əldə edəcəyik.
Bizim uşaqların bir hissəsi yerindən-yurdundan didərgin düşmüş, köçkün vəziyyətində yaşayan ailələrin uşaqlarıdır, çadırlarda yaşayan uşaqlardır. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində, müəyyən səbəblərdən bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşübdür, ağır vəziyyətdə, çadırlarda yaşayırlar. Mən o çadırlarda olmuşam, insanların ağır şəraitdə yaşadığı müxtəlif yerlərdə olmuşam, hamısını görmüşəm. Bilirsiniz, bu görüşlər ikitərəfli təəssürat, hissiyyatlar doğurur. Bir tərəfdən insanlarımızın, xüsusən uşaqlarımızın belə ağır, bəzən də dözülməz vəziyyətdə yaşaması bizi incidir, sıxır. Məni bu həyatda ən çox sıxan budur.
İkinci tərəfdən də belə ağır bir şəraitdə uşaqlarda xoş əhval-ruhiyyə, onlarda həqiqi uşaqlıq keyfiyyətləri, onların məktəbdə oxumasını, təhsil almasını, yəni həqiqi uşaq kimi inkişaf etməsini görəndə sevinirsən.
İnsan ümumiyyətlə dözümlü bir məxluqdur. Bunu biz tarixdən bilirik, hər yerdə olub, o cümlədən Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərində və yaşadığımız dövrdə də görürük və bilirik. Ancaq yenə də deyirəm, çadırlarda ağır vəziyyətdə, yerindən-yurdundan didərgin düşmüş ailələrdə yaşayan uşaqlar çox yüksək qayğıya layiqdirlər. Onların içərisində isrtedadlıları da çoxdur. Sizin kimi rəqs edənlər, yaxud da mahnı oxuyanlar və ya məktəbdə əla qiymətlərlə oxuyan uşaqlar çoxdur.
Mən bir dəfə o çadırlara gedəndə gördüm ki, çadırın birinin yanında çörək bişirirlər. Şəhərdə yaşayanlar bunu bəlkə də bilməzlər, amma kənd yerlərində həmişə ya təndir qalayıb çörək bişirirlər, ya da sacın üstündə çörək bişirirlər. Onu da sizə deyim ki, o çörək çox ləzzətli olur. Kim ondan yeməyibsə çox şey itiribdir.
Dedim ki, nə edirsiniz? Bir oğlan idi, dedi ki, biz toy edirik. Gənc bir oğlandı, 18-19 yaşı olardı. Dedim, bəs gəlin haradadır? Dedi ki, gəlini Sabirabaddakı çadırdan oğlan gedib gətirmişdir. Yəni oğlan da çadırda yaşayır - Biləsuvar rayonunda, qız isə Sabirabaddakı çadırda yaşayır, oradan gedib gətirmişik. Yəni, insan hər bir şəraitdə yaşayır, toyunu da, bayramını da edir. O çadırlarda övladlar da dünyaya gəlir, uşaqlar da doğulur. Həyat davam edir. Həyatın davam etməsini, həyatın sürətini heç bir qüvvə dayandıra bilməz. Yenə də deyirəm, təbiidir ki, bu, bizim millətin dözümlülüyüdür.
Ancaq bilin, inanın, əziz uşaqlar, beş ildən artıqdır ki, mənim bu məsələni sülh yolu həll etmək üzərində çalışdığım iş, təbiidir ki, bütün millətimiz üçün, bütün xalqımız üçün ən vacib olan işdir. Hər şeydən öncə uşaqlar üçün, gələcək nəslimiz üçün, gələcək nəslimizin qorunması üçün. Əminəm, inanıram, biz buna nail olacağıq. Mən dəfələrlə demişəm - o müharibə illərində çox qanlar tökülüb, nə qədər gənclər həlak olub, şəhid olublar, vətən yolunda, torpaq yolunda özlərini qurban veriblər. Ancaq gərək bir daha qan tökülməsin. Əgər bu məsələni biz sülh yolu ilə həll edə biliriksə, mən istəmirəm ki, yenə də bizim hansısa bir övladımız getsin vuruşa, girsin döyüşə.
Təbiidir ki, xalq, millət və onun gəncləri, onun ordusu, onun döyüşçüləri həmişə öz torpağını, öz ölkəsini, öz vətənini qorumağa qadir olmalıdır, qorumağa hazır olmalıdır. Vətənpərvərlik haqqında burada sizin mahnılarınızı da mən o mənada qəbul edirəm ki, siz - kiçik yaşlı uşaqlar vətənpərvərlik haqqında mahnılar oxuyursunuz. Yəni siz vətəninizi, torpağınızı nəinki yağılardan, nəinki xarici düşmənlərdən, bütün fəlakətlərdən qorumağa hazırsınız. Bu, çox sevindirici haldır. Əgər məsələni sülh yolu ilə həll etmək olarsa, nə üçün yenidən qan tökülsün? Təbiidir ki, o biri yol da istisna deyil.
Əziz balalar, ancaq mən bu gün sizə bir də deyirəm ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Sizin daha da xoşbəxt yaşamağınıza daha da gözəl imkanlar yaradacağıq.
Demək olar ki, siz çox xoşbəxtsiniz. Ona görə ki, XX əsrdə doğulmusunuz, amma həyat fəaliyyətiniz və gələcəkdə ailə qurmağınız, bütün işləriniz XXI əsrdə olacaqdır. Yəni siz XX əsrlə XXI əsri bağlayan insanlarsınız. Bu da nadir bir haldır, çox nadir bir haldır. Mən sizə bir daha öz dərin atalıq hissiyyatımı bildirirəm. Mən sizi sevirəm, siz məni həmişə ruhlandırırsınız, siz məni həmişə sevindirirsiniz. Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur. Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır. Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir.
Mənim bütün həyatım xalqıma xidmətə həsr olunub. Amma bu gün həyatımın mənası, məqsədi müstəqil Azərbaycanın gələcəyini təmin etməkdir. Yəni Azərbaycan bir müstəqil dövlət kimi yaşasın və müstəqilliyi əbədi olsun. Azərbaycan inkişaf etsin və inkişaf etmiş dövlətlər səviyyəsinə çatsın. Azərbaycan yüksək iqtisadiyyata malik olsun və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, Azərbaycanda hər bir insan xoşbəxt yaşasın, firavan yaşasın, rahatlıq şəraitində yaşasın, sabitlik şəraitində yaşasın, qorxu altında olmasın, təhlükə altında olmasın, gələcəyə baxsın və gələcək haqqında düşünsün. Budur mənim həyatımın bugünkü mənası və gördüyüm işlərin məzmunu!
Mən sizi əmin edirəm ki, bu yolda bundan sonra da var qüvvəmlə çalışacağam. Qüvvəm hələ var. Allaha şükür, çoxdur. Ona görə də mən sizinlə hələ çox görüşlər keçirəcəyəm.
Sizi bir daha təbrik edirəm, hər birinizə xoşbəxtlik, səadət arzulayıram. Hər birinizə xoşbəxt gələcək arzulayıram. Sizi öpürəm, sizi bağrıma basıram. Sağ olun.

Əlavə 6

Respublikanın təhsil işçiləri və 1999-cu ildə ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
31 avqust 1999-cu il

Əziz dostlar!
Bu gün bizim bu görüşümüz başlanarkən tələbələr və salonda olan bəzi şəxslər Azərbaycanın dövlət himnini oxudular. Bu, çox sevindirici haldır. Biz hələ bir neçə il bundan öncə Azərbaycanın dövlət himninin bütün məktəblərdə, universitetlərdə, digər təhsil ocaqlarında öyrənilməsi və daim oxunması haqqında öz qərarımızı vermişdik. Təbiidir ki, keçmişimizə baxanda bu, o qədər də asan deyildir, qeyri-adi haldır. Çünki bizim yaşadığımız keçmiş illərdə Azərbaycanın himni - onun musiqisi də, sözləri də olubdur, bu himnin musiqisini bəzi təntənəli mərasimlərdə eşitmişik. Amma təəssüf olsun ki, sözlərini heç vaxt eşitməmişdik. Çünki himn oxumaq adəti yox idi. Bir də ki, biz elə bir ölkədə yaşayırdıq ki, iki himn var idi - onun biri Sovet İttifaqının, digəri Azərbaycanın himni idi. Ona görə də birini oxuyub, o birisini oxumasaydın mümkün olmazdı. Onların ikisini də oxumaq yəqin ki, ağır olardı. Amma səbəb təkcə bundan ibarət deyildi. Əsas səbəb ondan ibarət idi ki, o dövrdə himn formal xarakter daşıyırdı. Formal xarakter daşıdığına görə də himn hər bir vətəndaşın, hər bir insanın qəlbinə daxil olmamışdı. Bu, keçmiş dövlət quruculuğunun çatışmazlığı, nöqsanı idi. Ancaq bu, təbii meydana gələn hadisə idi.
Azərbaycan müstəqil dövlət kimi müstəqilliyinin bütün elementlərini, atributlarını inkişaf etdirməli, onu insanların şüuruna yeritməlidir. İnsan öz gəncliyindən vətənini, bayrağını, millətini, himnini sevməlidir. Sevmək üçün də bunu bilməlidir.
Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş xalq cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır.
O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də - indi o dövrdən 80 il keçib - bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda çox əzəmətli musiqidir.
Bizim ölkəmizin vətəndaşlarının bəlkə də hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə bəlkə də yüksək əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərdə etiraf ediblər ki, sizin himninizin musiqisi çox gözəldir, bayrağınız da gözəldir. Bu, həqiqətən belədir.
Doğrudur, öz dövlət müstəqilliyini bərpa edəndən sonra bəziləri hesab edirdilər ki, yeni bir himn yaratmaq, onun sözlərini dəyişdirmək lazımdır. Mən hesab edirəm ki, əgər kim bunu yaratmaq, onun sözlərini dəyişdirmək istəsə, bundan yaxşısını edə bilməzdi. Bəlkə də bundan aşağı səviyyədə olardı. Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.
Sevindirici haldır ki, indi təhsil ocaqlarında, məktəblərdə himni öyrənirlər, oxuyurlar və bu gün onu nümayiş etdirdilər. Ancaq bu, işin hələ başlanğıcıdır və azdır. Hər bir vətəndaş, nəinki tələbə, müəllim də, professor da, alim də, nazir də, prezident də - hamımız birlikdə gərək öz himnimizi yaxşı bilək, onu yaxşı ifa etməyi də bacaraq və onu həmişə sevək. Mən bu arzularımı sizə bildirmək istəyirəm.
Güman edirəm ki, bu iş ali məktəblərdə davam edəcək, gələn görüşümüzdə təkcə bu salonun sağında duran tələbələrin himn oxumasının yox, bütün salonda ayağa durmuş adamların himn oxumasının şahidi olacağıq. Bunu da edək.
Mən də hesab edirəm ki, bizim bugünkü görüşümüz çox əhəmiyyətlidir. Çünki biz Azərbaycan təhsilinin bu gün hansı səviyyədə olduğunu bir daha müşahidə etdik və ötən illərdə Azərbaycan təhsilinin inkişaf mərhələlərini bir daha xatırladıq, yeni dərs ilinə hazırlıq işləri ilə tanış olduq.
Hesab edirəm ki, verilən məlumatlar bizdə, güman edirəm, Azərbaycan ictimaiyyətində də bu barədə yetərli qədər təəssürat yaradır və yaradacaqdır. Son illər müstəqil Azərbaycan dövlətində təhsil sahəsində həqiqətən xeyli işlər görülübdür. Eyni zamanda, biz hamımız yaxşı bilirik ki, Azərbaycanda təhsil - orta, ali təhsil on illərlə sürətlə inkişaf edibdir.
Ali təhsilin əsasını qoyan, 1919-cu ildə yaranmış Bakı Dövlət Universiteti ondan sonra Azərbaycanda çoxlu ali məktəb yaranmasına yol açmışdır. Məmnuniyyət hissi ilə deyə bilərik ki, bizim ölkəmizdə ötən dövrlərdə vətəndaşlarımızın, yəni uşaqlarımızın, gənclərimizin bütün sahələrdə təhsil, ali təhsil alması üçün imkanlar yaranmışdır. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, 1920-ci illərdən başlayaraq Azərbaycanda xalqın təhsillənməsi, savadsızlığın ləğv edilməsi, uşaqların icbari olaraq məktəbə cəlb olunması və təhsilin inkişaf etdirilməsi prosesi sürətlə həyata keçirilibdir. Bütün bunların nəticəsində biz indi, öz dövlət müstəqilliyimizi yenidən əldə etdiyimiz bir zaman Azərbaycan həm ali və orta təhsilin maddi-texniki bazası nöqteyi-nəzərindən, həm təhsili təmin etmək üçün yaranmış yüksək səviyyəli müəllim, professor kadrları nöqteyi-nəzərindən, həm də ümumiyyətlə, həyatımızı inkişaf etdirə bilən elmi potensialımız nöqteyi-nəzərindən böyük təhsil potensialına malikdir.
Bunlar hamısı bizim keçmiş dövrün nailiyyətləridir və Azərbaycan əsrin sonunda dövlət müstəqilliyini əldə etdiyi zaman bizim üçün çox yararlı bir amildir. Biz bununla fəxr edə bilərik, onu heç vaxt unutmamalıyıq. Bizim hamımız həmin o illərdə Azərbaycanda mövcud olmuş yüksək təhsilin yetişdirmələriyik. Bizim hamımız Azərbaycanda ilbəil artan və genişlənən məktəblərin, ali məktəblərin məzunlarıyıq. Biz bunlara görə müəllimlərimizə təşəkkürümüzü bildirməliyik, onlara minnətdar olmalıyıq. Biz buna görə Azərbaycan məktəbinə minnətdar olmalıyıq.
Beləliklə, XX əsrdə sözün geniş mənasında ölkəmizdə Azərbaycan məktəbi yaranıbdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranıbdır. Bu, ən böyük nailiyyətlərimizdən biridir. İqtisadiyyat da, həyatın başqa sahələri də bunun üzərindədir. Əgər bizim yüksək səviyyəli məktəbimiz olmasaydı, əgər bütün gənclər, uşaqlar icbari təhsilə cəlb edilməsəydi, əgər ilbəil yüksək səviyyəli müəllim, professor kadrları hazırlanmasaydı, əgər elmimiz inkişaf etməsəydi, biz indi nə bu iqtisadi potensiala, nə elmi potensiala, nə sosial potensiala, nə də təhsil potensialına malik ola bilməzdik. Ona görə də bunları unutmaq olmaz və onları qiymətləndirmək, onlarla fəxr etmək lazımdır.
Məhz Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bunun əsasında təhsil sistemini inkişaf etdirməyə başlayıbdır. Doğrudur, müstəqillik əldə olunan zaman və onun ilk illərində Azərbaycanın təhsilində çox bərbad vəziyyət var idi. Bu bərbad vəziyyət də 1988-1989-cu illərdən Azərbaycanda yaranmış çox mənfi ictimai-siyasi, gərgin daxili vəziyyətin nəticəsində idi. Bütün bunlar hamısı Azərbaycanın məktəblərinə, təhsil sisteminə çox mənfi təsirini göstərmişdi. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra isə birinci mərhələdə, yeni dövrdə, yəni müstəqil dövlət çərçivəsində təhsilin inkişaf etdirilməsi istiqamətlərini tapmaq ya mümkün olmamışdı, yaxud da bu sahədə çoxlu səhvlər buraxılmışdır. Ancaq ondan sonrakı dövrdə, son 4-5 ildə Azərbaycanın təhsil sistemində keçmiş ənənələrdən, nailiyyətlərdən, böyük potensialdan istifadə edərək təhsil sistemini yeni tələblərə uyğunlaşdırmaq, islahatlar həyata keçirmək işi başlanmışdır və bunlar da öz müsbət nəticəsini verir.
Son illərdə bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması, ölkəmizin daxilində hərc-mərcliyə, dərəbəyliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyulması idi. Bu, Azərbaycanın həyatının bütün sahələrində canlanmaya, inkişafa təminat yaratdı. Bu, ümumiyyətlə, respublikamızın inkişafını təmin etdi. Məhz bu baxımdan, ona görə də təhsil sistemi öz inkişafını yenə də ardıcıl surətdə təmin edə bildi.
Təsəvvür edin, indi 8 milyona yaxın əhalimizin 2 milyonu oxuyanlar, təhsil alanlar, öyrədənlər - müəllimlər, təhsil verənlərdir. Bu 2 milyon bütün əhalinin dörddə bir hissəsidir. Mən deyə bilərəm ki, bu, nə qədər böyük, vacib bir sahədir, xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir.
Ona görə də dövlət tərəfindən bu sahəyə diqqət, qayğı günü-gündən artır, artacaqdır və artmalıdır. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Biz bu yolla gedirik. Əmin ola bilərsiniz ki, bu yolla da gedəcəyik. Ancaq bu, asan yol deyildir. Ona görə yox ki, biz bunu bacarmırıq. Yox. Biz bunu bacarırıq, artıq öyrənmişik, yəni bunu elə əvvəldən də bilirdik. Amma yeni şəraitdə yeni sistemi də qurmağı öyrənmişik. Ancaq bunun həyata keçirilməsi bir çox amillərlə, o cümlədən vəsaitlə, maddi-texniki bazanın yaradılması ilə və başqa amillərlə bağlıdır.
Mən onu demək istəyirəm ki, əgər biz təhsil sistemində öz arzularımızı istədiyimiz qədər yerinə yetirə bilmiriksə, bu ona görə deyil ki, dövlət, hökumət bunu istəmir. Ona görədir ki, biz imkanlarımızın çərçivəsindən kənara çıxa bilmirik. Bilməlisiniz ki, biz bu imkanlarımızı ilbəil genişləndiririk və genişləndirəcəyik. Mən buna yüz faiz inanıram, ona əminəm. Bunların hamısı təhsilin inkişafında öz əksini tapacaqdır.
İndi həyatımızın bütün sahələrində islahatlar həyata keçirilir. Bu islahatlar zəruridir. Onlar ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində gedir. Biz müstəqil dövlət kimi yaşayır, müstəqil dövlətimizi qurur və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk.
Bu gün biz iftixar hissi ilə deyə bilərik, - bir-iki aydan sonra 8 il tamam olacaqdır ki, Azərbaycan öz dövlət müstəqilliyini elan, bərpa edibdir. Bu, az bir zamandır. Bu müddət Azərbaycan üçün və başqa ölkələr üçün daha da çətin, mürəkkəb, daha da ağır bir zaman olubdur. Bunlar sizə məlumdur. Ancaq buna baxmayaraq, ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.
Bu, ən əsas nailiyyətdir. Onun içində isə çox böyük işlər vardır. Bunlar Azərbaycanın həyatının bütün sahələrində yeni sistemdə yaşamaq üçün islahatlar aparmaqdan ibarətdir. Bu islahatlar aparılır, onlar günü-gündən öz nəticələrini verir. Xüsusən sosial-iqtisadi sahədə apardığımız islahatlar öz nəticəsini verir. Ölkəmizin iqtisadiyyatı tənəzzül dövründən keçdi, hazırda inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. İqtisadiyyatın inkişaf etməsi həm xalqımızın rifah halının yaxşılaşdırılmasını, həm də təhsil sahəsinə ardıcıl olaraq, ilbəil daha da çox vəsait ayrılmasını təmin edəcəkdir.
Təhsilin özündə aparılan islahatlar çox vacibdir. Siz onları aparırsınız. Bugünkü çıxışlarda bu barədə məlumatlar verildi. Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyukturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar həqiqətən həm Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın.
İndi qurub yaradan adam gərək düşünsün ki, o, mövcud olandan daha yaxşısını yaradır. Əgər onu yarada bilirsə, mövcud səviyyədən imtina edib onu yaratsın. Amma yarada bilmirsə, qoy mövcud olandan əl çəkməsin, hələlik onunla yaşasın.
Mən bunları ona görə deyirəm ki, keçmiş zamanlarda da -bu, yeni bir məsələ deyildir - Sovetlər İttifaqı dövründə də həmin sistemin içərisində cürbəcür formalarda dəyişikliklər edilirdi. "Gözə torpaq atmaq" məsəli var. Bəziləri deyir ki, "bundan ötrü onu etdim, bu islahatı keçirdim, bunu dəyişdirdim, bu belə deyildi. Mən onu dəyişdirdim". Nəticəsi nədir? Nəticəsi yoxdur. Keçmişdə mən belə insanları görmüşəm. Belə insanlar 3-4 il üzdə olurlar. Bəli, dəyişikliklər edir, yeniləşdirir, yenidən qurur, ona görə də təriflənirlər. Mən bəzən elə adamlar görmüşəm ki, bir neçə il belə yaşayır, başqa yolla dəyişikliklər edir, sonra görür bunun nəticəsi yoxdur.
Yəni bu keçmiş mənfi təcrübəni bilərək, mən hamıya və xüsusən təhsil sistemində çalışanlara tövsiyə edirəm ki, siz bu islahatları cürətlə, biliklə, ağılla aparasınız, səhvlərə yol verməyəsiniz. Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür, haradasa mühafizəkarlığa yol veririlirsə, onu da məhv etmək mümkündür. Amma təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara - mən bu sözləri işlədirəm - yer ola bilməz.
İndi təhsil sahəsində gedən islahatlar müxtəlif xarakter daşıyır. Çox sevindirici haldır ki, biz dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərinin təcrübəsini öyrənirik və tətbiq edirik. Sevindirici haldır ki, biz bunun üçün yardım alırıq. Yəni Dünya Bankı Azərbaycanda təhsil sahəsində islahatların həyata keçirilməsi üçün bizimlə birgə proqram yaradıbdır. Bu bank ölkəmizə müəyyən vəsait ayırır, kömək edir. Bunlar hamısı çox sevindirici haldır. Ancaq çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın. Biz buna nail olmalıyıq.
Keçmişə nisbətən indi bizdə həm dövlət ali təhsil müəssisələri, universitetlər, həm də özəl müəssisələr vardır. Dövlət ali məktəblərində, universitetlərində həm ödənişli bir hissə var ki, orada tələbələr təhsil üçün haqq verirlər, amma onların əksəriyyəti hökumətin hesabına təhsil alırlar. Bunlar hamısı təbii prosesdir.
Mənim arzum və narahatlığım ondan ibarətdir ki, heç kəs təhsilə qazanc mənbəyi kimi baxmasın. Burada dedilər ki, bilmirəm, 17-18-19 özəl universitet yaranıbdır. Azərbaycan yeni sistemə keçməmişdən, ölkədə islahatların həyata keçirilməsinə başlanmamışdan əvvəl, təxminən 1991-1992-ci illərdə ölkəmiz çox sıçrayışla özəl universitetlər yaradılması dövrünü yaşadı. Belə universitetlər yaratdılar. Amma bunları kim və nəyə görə yaradıbdır?
Əgər kimsə həmin universitetdə təhsilin səviyyəsini dövlət ali məktəblərindən yüksək, keyfiyyətli etmək istəyirsə, çox sağ olsun - onlar bunu etsinlər və biz bunu müdafiə edirik, edəcəyik, dəstəkləyəcəyik. Ancaq kimsə bu dövrdə bunu biznes naminə edirsə, bu yaramaz. Ondan əl çəkmək lazımdır.
Bunu açıq etiraf etmək lazımdır ki, məsələn, bizim qardaş Türkiyə Cümhuriyyətində universitetlərin, ali məktəblərin, təhsil sisteminin inkişafı Azərbaycandan sonra, xüsusən, İkinci dünya müharibəsindən sonra başlayıbdır. Orada da dövlət universitetləri olubdur, özəl universitetlər yaranıbdır. Yaranan həmin özəl universitetlərin bir çoxu indi Türkiyənin çox yüksək səviyyəli təhsil verən universitetləridir.
Məsələn, Azərbaycanın, xalqımızın böyük dostu, məşhur alim İhsan Doğramacı, bizdə olan məlumata görə, Türkiyədə 5-6 universitetin yaradıcısıdır. Amma o, bunları nə üçün yaradıbdır? O özü yüksək səviyyəli alim, mütərəqqi insan, mütəfəkkir adam olduğuna görə istəyibdir ki, öz xalqının gənclərinin ali təhsil alması üçün xidmətini göstərsin və bunu da göstəribdir. O, bunu qazanc naminə yox, millətinə xidmət göstərmək, millətinin təhsil səviyyəsini artırmaq üçün edibdir. Bu, tərifəlayiq bir fəaliyyətdir, xidmətdir.
O, bir neçə universitet yaradıbdır. Məsələn, orada Hacəttəpə Universiteti vardır. O, həmin universitetin təməlini qoyubdur, yaradıbdır. Bu universitet indi Ankarada ən böyük universitetlərdən biridir. O, həmin universiteti, necə deyərlər, təkər üstünə qoyandan sonra oradan çəkilərək, gedib başqasını yaradıbdır.
Bilirsiniz ki, o, son vaxtlar Bilkənd Universitetini və Ankaranın böyük bir hissəsində universitet şəhərciyi yaradıbdır, onun əsasını özü qoyubdur, binalarını tikdiribdir, bütün dünyadan müəllimlər, tələbələr dəvət edibdir. Son 5-6 ildə orada Azərbaycandan nə qədər mütəxəssislər işləyiblər, müəllimlik ediblər, dərs deyiblər, orada çoxlu musiqiçilər çalışıblar. Yəqin ki, professorlardan, müəllimlərdən çoxu orada olubdur. Mən orada bir neçə dəfə olmuşam. Bilirsiniz, mən hər dəfə oraya gələndə həddindən artıq sevinirəm ki, bu insan xalqına nə qədər böyük xidmət göstərir. Özü də bu xidməti tamamilə təmənnasız edir. O, elan edibdir ki, özünün orada yaratdığı şəxsi mülkiyyətinin hamısı xalqa mənsubdur. Bax, bu cür mütəfəkkir, tərəqqipərvər, millətini sevən insan, şübhəsiz ki, təhsilin heç bir sahəsindən təmənna, qazanc gözləmir. O, xalqına xidmət edir.
Təbiidir ki, biz müstəqilliyimizin keçid dövrünü yaşayırıq. Mən həmişə belə fikirdə olmuşam ki, biz daim reallığı nəzərə almalıyıq. Bəzən ayrı-ayrı adamlar hesab edirlər ki, buradan sıçrayıb oraya düşmək, bu sistemdən sıçrayıb o sistemə düşmək olar. Bu, mümkün deyildir. Həyat, cəmiyyət müəyyən bir mərhələdə öz inkişaf dövrünü keçirir. Bunu sürətləndirmək olar, amma ona zor eləyib nəyəsə nail olmaq olmaz. Ona görə də indi bizdə yaranan bu özəl təhsil sistemi, şübhəsiz ki, təqdirəlayiqdir, şübhəsiz ki, biz bu sistemi inkişaf etdirməliyik. Ancaq yenə də deyirəm, burada birinci təhsilin səviyyəsidir.
Məsələn, nə bilim, hansısa diplomatik bir universitet yaranıbdır, filan-olubdur. Diplomatiya, ümumiyyətlə, dövlətin inhisarıdır. Nədir diplomatiya? Diplomatiya hər bir dövlətin xarici siyasətini həyata keçirən təşkilatdır və onun kadrlarıdır. Buna diplomatiya deyirlər və o kadra da diplomat deyirlər. Bunu özəl bir yerdə hazırlayırlar. Axı bu, dövlətin işidir. Özəl bir qurum, yaxud da dövlətlə bağlı olmayan bir qurum həqiqətən müstəqil Azərbaycan dövləti üçün diplomatlar hazırlaya bilərmi? İnanıram ki, lazımi səviyyədə yox. Onlar oxuyacaqlar, təhsil alacaqlar, diplom da alacaqlar. Amma ola bilər, qeyri bir özəl sektorda işləsinlər. Buna heç kəs mane ola bilməz. Amma dövlət sisteminin diplomatiyasında yer tutmaq üçün, əlbəttə ki, onlar dövlət diplomatiyası ilə tanış olmalıdırlar, dövlət diplomatiyası təhsili almalıdırlar. Hansısa bir kəsin özəl diplomatik təhsilini almamalıdırlar.
Bilirsiniz, bunlar bəlkə də mübahisəli fikirlərdir, ancaq belə fikirləri demək lazımdır ki, insanlar düşünsünlər, insanlar bilsinlər, bu sistemdə, bax bu özəl təhsil sistemlərinin yaranmasında bundan sonra səhvlər buraxılmasın. İndiyə qədər səhvlər buraxılıbdır. Mən bunu özüm üçün hər halda tam yəqin etmişəm. Ancaq bundan sonra gərək səhvlər buraxılmasın.
Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, burada bəyan edildiyi kimi, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb, orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi - bunlar xüsusi yer tutmalıdır. Çünki indi bizim orta məktəbimiz gərək ki, 11 illikdir. Əgər bu 11 il müddətində uşaq birinci sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, nəinki gedib universitetə imtahan verə bilməz - heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir, - ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, amma həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin şüurlu üzvü olacaqdır.
İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır.
Təbiidir, fənlər çoxdur. İndi siz burada da müəyyən islahatlarla əlaqədar dəyişikliklər aparırsınız - hansının saatını artırırsınız, hansını azaldırsınız. Bu, sizin öz işlərinizdir. Ancaq mən bu gün bir daha demək istəyirəm ki, bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən, o fənlərdə ki, ixtisaslaşmaq istəyir, - onu daha da yaxşı bilməlidirlər. Biri istəyir riyaziyyatçı olsun, biri istəyir fizik olsun, biri isəyir geoloq olsun, biri istəyir hüquqşünas olsun. Qoy olsun. Ancaq orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər.
"Ana dili" deyəndə, şübhəsiz ki, hər bir uşaq doğulandan sonra ailəsində atasından, anasından öz dilini öyrənir. Bir var ki, sadəcə öz dilini ailədə bilmək, bir də var ki, Azərbaycan dilini yüksək səviyyədə bilmək. Keçmişdə biz buna fikir verməmişik. Bu, həqiqətdir. Yəni o qədər fikir verməmişik. Eyni zamanda onu da unutmaq lazım deyil ki, keçmiş zamanlarda Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda orta təhsil və ali təhsil sistemində Azərbaycan sektoru həmişə ən çoxluğu təşkil etdiyinə görə biz dilimizi yaşatmışıq və inkişaf etdirmişik. İndi isə, şübhəsiz, bizdə təhsilin tam əksəriyyəti Azərbaycan dilində gedir. Ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilinin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyəli söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən. Bu, hələ bizdə çox çatışmayan bir sahədir.
Azərbaycanın tarixini mütləq bilmək lazımdır. Ona görə yox ki, onlar tarixçi olacaqlar. Əgər riyaziyyatçı millətinin, xalqının, ölkəsinin tarixini bilmirsə bu, ona üstünlük vermir. Eləcə də başqa mütəxəssislər.
Mən sizə deyim ki, keçmişdə Azərbaycanın tarixinə, bu tarix elminə orta məktəblərdə də, ali məktəblərdə də o qədər çox fikir vermirdilər. Mən özüm bunun şahidiyəm, hesab edirdilər ki, qoy uşaq riyaziyyatı bilsin, hesabı bilsin, fizikanı bilsin, o birisini bilsin, bu birisini bilsin. Amma tarix elə şeydir ki, onu bilsə də olar, bilməsə də. Yəni tarix dərsi məktəblərdə bəzən o qədər də hörmətli dərs deyildi.
Məsələn, təsadüfi deyil ki, bizim ali məktəblərdə o illərdə tarix fakültələrinə müsabiqə o qədər də böyük deyildi. Hüquq fakültəsinə müsabiqə böyük idi, amma tarix fakültəsinə yox. Mən, əlbəttə, o fikirdə deyiləm ki, hər bir adam, mütəxəssis tarixçi olmalıdır. Yox. Amma hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir və tarixini də bilmək üçün gərək onu uşaqlıqdan bu işə cəlb edəsən, gərək orta məktəbdən cəlb edəsən. Demək, orta məktəblərdə tarixin tədrisi çox yüksək səviyyədə olmalıdır. İndi burada dedilər, bizim dərsliklər yaranır. Dərsliklər çox yüksək səviyyədə olmalıdır. Keçmişdəki dərsliklərlə indi biz tariximizi uşaqlara öyrədə bilmərik.
Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatını bilməyən adam dilini yaxşı bilməyəcəkdir. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir. Bu dərslərə fikir vermək lazımdır. Xüsusən, o məktəblərdə ki, Azərbaycanda dərslər rus bölməsində keçir, buna fikir vermək lazımdır.
Keçmiş zamanlarda mən bunu müşahidə etmişdim və heç vaxt unuda bilmərəm. Məsələn, Azərbaycanın başqa yerlərində yox, Bakıda rus məktəbləri çox idi. Azərbaycan məktəbləri çoxluq təşkil edirdi, amma rus məktəbləri də çox idi. Ziyalılar, dövlət işində işləyən adamlar, tam əksəriyyəti öz uşaqlarını rus məktəblərinə qoyurdular. Burada da müəyyən obyektiv səbəb var idi. Heç kəsi buna görə qınamaq olmaz. Çünki rus dili Sovetlər İttifaqında hakim dil idi. O dili bilməyən adam çox çətinliklər çəkirdi, elmə geniş qatıla bilmirdi. Bunlar tamamilə təbii hal idi. Ancaq müşahidə olunurdu ki, rus məktəblərində, yəni dərslər rus dilində keçilən məktəblərdə Azərbaycan tarixini yaxşı tədris etmirdilər. Götürüb SSRİ tarixini öyrədirdilər. O tarixin də əksəriyyəti Rusiyanın tarixi idi. Amma Azərbaycan tarixinin tədrisi çox zəif idi.
Yaxud da ki, orada, rus məktəblərində Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini tədris edirdilər, amma bu, o qədər də hörmətli bir fənn hesab olunmurdu, - yəni onu bilsən də olar, bilməsən də. Bunları mən məhz o vaxtlar müşahidə etmişdim. Mən o vaxtlar rastlaşırdım ki, rus məktəblərində oxuyan gənclər şairlərimizi - Nizamini, Füzulini, başqalarını, müasir şairlərimizi tanımırdılar. Yaxud tanısalar da adlarını bilirdilər, onların əsərlərini oxumurdular, şerlərini oxumurdular. Çünki bunlar hamısı rus dilində oxuyurdular.
O vaxt bu nöqsan mümkün idi. Amma indi bu nöqsana yol vermək olmaz. İndi biz Azərbaycanda məhdudiyyət qoymuruq. Rusdilli məktəblər var və qarışıq - rus-Azərbaycan dilli məktəblər vardır. Gürcülər yaşayan yerdə gürcü dilli məktəblər vardır. Başqa dillərdə olan bütün bu məktəblərdə, yaxud ola bilər, başqa dillərdə də məktəblər yaransın - bunların hamısında Azərbaycanın tarixi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın mədəniyyəti tədris olunmalıdır. Bu, mütləq lazımdır.
Ali təhsil haqqında biz çox danışmışıq. Hesab edirəm ki, artıq danışmağa ehtiyac yoxdur. Sizin bu gün verdiyiniz məlumatları mən nəzərə alıram və hesab edirəm ki, bu, işlərin başlanğıcıdır. Amma ali təhsil sahəsində əsas bir yeri ali məktəblərə qəbul prosesi tutur. Opta məktəblərdə çoxları oxuyur. Təbiidir ki, hamısı ali məktəbə gedə bilməz. Ali məktəbə ancaq daha istedadlı, daha bilikli gənclər gedirlər. Ancaq bu vəzifə bugünkü deyil, elə bil on il, iyirmi il, otuz il, qırx il də bundan öncə bizim qarşımızda olan vəzifədir ki, həqiqətən, çoxsaylı gənclərimizin içindən ali məktəblərə ən istedadlıları, ən bilikliləri girsin.
Bu sahədə keçmişdə çox eksperimentlər keçirilmişdir. Mən bu işlərlə şəxsən 70-ci, 80-ci illərdə, demək olar ki, həddindən çox məşğul olurdum ki, ali məktəblərə qəbulda ədalət təmin edilsin, ali məktəblərə qəbulda rüşvətxorluğun qarşısı alınsın, ali məktəblərə qəbulda tanışbazlığın, dostbazlığın, qohumbazlığın qarşısı alınsın, ali məktəblərə qəbulda rəhbər işçilərinin uşaqlarına xüsusi imtiyazlar yaranmasın. Bax, bu işlərlə biz o illər məşğul olmuşuq, mübarizə aparmışıq, müəyyən nailiyyətlər, müsbət nəticələr əldə etmişik. Ancaq təəssüf ki, bu nöqsanları o dövrlərdə aradan qaldıra bilməmişik. Bu, bizim təhsil sahəsində bu gün də ən vacib məsələlərimizdən biridir.
1992-ci ildən ali məktəblərə qəbul üçün Dövlət Tələbə Qəbulu Komissiyası yaranıbdır. Bu, yaxşı bir qərardır və test üsulu tətbiq olunur. İndi bizim ictimaiyyətin fikrinə görə, məndə olan məlumat belədir ki, ictimaiyyət bu test üsulunu keçmiş üsullara nisbətən daha mütərəqqi üsul kimi qəbul edir. Sizin də burada verdiyiniz məlumatlara mən inanıram ki, doğrudan da, bu yol ilə ali məktəblərə daha da keyfiyyətli qəbul təşkil olunur. Ancaq hesab edirəm ki, burada nöqsanlar da çoxdur.
Doğrudur, bəlkə məlumatların hamısı mənə çatmır. Mənə belə gəlir ki, o dövrlərə nisbətən indi ali məktəblərə qəbul haqqında şikayətlər azdır. Ancaq eyni zamanda, danışıqlar da çoxdur, söz-söhbət də çoxdur. Bəzən deyirlər ki, ali məktəbə qəbul olunmuş uşaq, görürsən, heç bu test imtahanından nə vaxt keçib, məlum deyil. Yaxud da ki, gəlir, ali məktəbdə o test imtahanının səviyyəsində təhsilini davam etdirə bilmir. Bir neçə belə faktlar onu göstərir ki, hələ bizim Dövlət Tələbə Qəbulu Komissiyasında nöqsanlar da var, çatışmazlıqlar da vardır. Ona görə indiyə qədər görülən işləri qiymətləndirərək, güman edirəm ki, indi bizim başqa bir sistemə keçməyə heç ehtiyacımız da yoxdur. Bu sistemi təkmilləşdirərək, eyni zamanda bizim üçün ən böyük bəla olan rüşvətxorluq, vəzifəsindən sui-istifadə etmək və başqa hallara yol verilməməlidir. Hər yerdə yol verilməməlidir. Rüşvətxorluğun qarşısı hər yerdə alınmalıdır. Amma tələbə olan yerdə, gənc olan yerdə, uşağın inkişaf etdiyi dövrdə bu cinayətdir ki, belə hadisələr olsun və insanların, yəni uşaqlıq dövründən, gənclik dövründən beyinlərinə girsin ki, bəli, belə bir adət var və bunsuz cəmiyyət yaşaya bilməz.
Ədalət hər yerdə lazımdır. Amma məktəbdə ədalət hamısından çox lazımdır, ali məktəbdə ədalət hamısından çox lazımdır. Siz müəllimsiniz, siz psixoloqsunuz, siz bu işləri bizdən yaxşı bilirsiniz: uşağın, gəncin şəxsiyyətinin bir formalaşma prosesi var. O proses də uşaqlıq dövründə, orta məktəbdə, ali məktəbdə keçir. Ondan sonra, şübhəsiz, insan daha da təkmilləşir iş dövründə, yaxud başqa, yeni təhsil dövründə. Ancaq əsas o insan kimi formalaşma, şüurlu formalaşma prosesi məktəbdə gedir, ali məktəbdə, universitetdə gedir. Əgər orada gənc, uşaq ədalətsizliklə rastlaşırsa, onda belə təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz. Doğrudur, belə ədalətsizliklərlə mübarizə aparmaq da asan deyildir. Çünki təəssüf ki, hər bir insan, hər bir subyekt özünəməxsus bir xarakter daşıyır. Hər bir insanı, o cümlədən müəllimi, hər bir professoru tam ədalətli etmək də asan bir məsələ deyildir. Ancaq bunlar bizim qarşımızda duran vəzifələrdir, müqəddəs vəzifələrdir. Ən əsası ona görə ki, biz keçmişlərdən fərqli olaraq indi müstəqil Azərbaycanın gələcək fəaliyyətini formalaşdırırıq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırıq və məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək birincisi, mənəviyyatca saf olsun. Ona görə də mənəvi saflıq ali məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər. Onlar gərək Azərbaycan dövlətinə, millətinə, Azərbaycanın gələcəyinə sadiq vətəndaşlar olsunlar. Bu da hamısı məktəblərdə, universitetlərdə formalaşmalıdır.
Əziz dostlar, ona görə də sizin qarşınızda həddindən çox vəzifələr durur. Sizin işiniz asan iş deyildir. Əgər bütün bu deyilən, yaxud deyilməyən, buna bənzər, bu qəbildən olan fikirlərin hamısı bizim təhsil ocaqlarında həyata keçirilsə, bu, asan iş deyildir.
Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Ali məktəb müəllimi, professor cəmiyyətdə ən hörmətli insan olmalıdır və insandır. Ona görə də mən çox arzu edərdim ki, sizin hamınız bu şərəfli adı həmişə, ömrünüzün axırına qədər daşıyasınız.
Əziz dostlar, güman edirəm ki, bu gün yenə də bizim həyatımızın ən vacib sahəsi olan təhsil sahəsi haqqında müəyyən fikir mübadiləsi apardıq. Mən öz qəlbimdə olan fikirlərin, demək olar ki, bir hissəsini sizə çatdıra bildim. Əmin ola bilərsiniz ki, mən indiyə qədər olduğum kimi, bundan sonra da müəllimlə, məktəblə , təhsil ilə bir yerdəyəm və bir yerdə olacağam, təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Biz son illər müəllimlərin əmək haqqının yüksəldilməsi barədə bir neçə tədbirlər gördük. İndi siz bilirsiniz ki, əmək haqqı keçmişdəkindən fərqlidir. Mən bu barədə də düşünürəm və maliyyə nazirinə, Nazirlər Kabinetinə göstəriş vermişəm ki, bu ilin axırına qədər müəllimlərin maaşlarının artırılması, özü də təsirli artırılması haqqında təkliflər hazırlasınlar və güman edirəm ki, biz bunu həyata keçirə biləcəyik.
Mən sizinlə bu görüşümdən çox məmnunam. Siz mənə bu gün bir daha ruh verdiniz. Azərbaycanın müstəqilliyini qorumaq və ölkəmizi inkişaf etdirmək üçün sizə bir daha cansağlığı arzu edirəm, səadət arzu edirəm və bu şərəfli işinizdə sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Əlavə 7

II Bölmə:

“H.Əliyev -85” kitabxanada keçiriləcək yubiley tədbirləri »
Əlavə 1-7: H.Əliyevin uşaq və gənclərlə bağlı keçirilən tədbirlərdəki çıxışları »
Əlavə 8: H.Əliyev haqqında tanınmış insanların dedikləri fikirlər »
Əlavə 9: H.Əliyevin müdrik kəlamları »
Əlavə 10: H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman »

<< "Heydər Əliyev və uşaqlar" metodik vəsaiti
<< Bütün metodik vəsaitlər