H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman


AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratdı.
Azərbaycanın müasir tarixində 1969-cu il respublikanın sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edildi. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirildi. Yeni sənaye sahələri yaradıldı, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlandı. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrildi.
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı.
Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşadı. Respublikanın paytaxtı Bakı şəhərinin, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.
Dəfn mərasimindən dərhal sonra ölkə vətəndaşları öz yığıncaqlarında, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirməklə bağlı çoxsaylı müraciətlər etdi. Müraciətlərə baxılması üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2003-cü il tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası Azərbaycan Respublikası Milli Məclisinin, ictimai qurumların, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların, ölkə vətəndaşlarının çoxsaylı müraciətlərini nəzərdən keçirərək, öz təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, onun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı təsis edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Mükafatının Əsasnaməsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bakı və Naxçıvan şəhərlərində "Heydər Əliyev" Xatirə memorial kompleksləri yaradılsın. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, respublikanın müvafiq yaradıcılıq ittifaqları ilə birlikdə komplekslərin layihələrinin müsabiqəsini keçirsin və üç ay ərzində təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
4. Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adı verilsin.
5. Bakı Beynəlxalq Aeroportuna Heydər Əliyevin adı verilsin.
6. Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adı verilsin.
7. Respublika sarayına Heydər Əliyevin adı verilsin.
8. Bakı şəhərindəki İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilsin.
9. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində küçə və meydanlardan birinə Heydər Əliyevin adı verilsin.
10. Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlardan birinə Heydər Əliyevin adı verilsin.
11. Heydər Əliyevin şərəfinə platin, qızıl və gümüş xatirə sikkələri buraxılsın.
12. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq bir sıra özəl qurum, şirkət və qeyri-hökumət təşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəmərinə, "Lider" qazma qurğusuna Heydər Əliyevin adının verilməsi, ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənsin.
13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
14. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 mart 2004-cü il.


II Bölmə:

“H.Əliyev -85” kitabxanada keçiriləcək yubiley tədbirləri »
Ssenari "Sən elə bir zirvəsən..." »
Əlavə 1-7: H.Əliyevin uşaq və gənclərlə bağlı keçirilən tədbirlərdəki çıxışları »
Əlavə 8: H.Əliyev haqqında tanınmış insanların dedikləri fikirlər »
Əlavə 9: H.Əliyevin müdrik kəlamları »

<< "Heydər Əliyev və uşaqlar" metodik vəsaiti
<< Bütün metodik vəsaitlər