"Sən elə bir zirvəsən..."


SƏN ELƏ BİR ZİRVƏSƏN....
(bədii kompozisiya)

(Azərbaycanın Dövlət himni ifa olunur. Tədbir məktəblilərin təqdim etdikləri ədəbi-bədii kompozisiya ilə davam edir. Müxtəlif siniflərin şagirdləri ulu öndərin həyatının ayrı-ayrı dövrləri, bu dövrlərdəki fəaliyyəti, gördüyü işlər barədə məlumat verirlər. Onların məlumatlarını monitorda nümayiş olunan sənədli xronika müşayiət edir. )

I aparıcı: Böyük şəxsiyyətlərin hər hansı bir xalqın taleyində oynadığı rolun nə
qədər önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu baxımdan, ulu öndərimiz Heydər Əlirza oğlunun Azərbaycan xalqının bu günü və gələcəyi naminə həyata keçirdiyi taleyüklü işlərdən indiki vaxtda söz açmağa dəyər. H.Əliyev haqqında, onun dahiliyi, müdrikliyi, böyük siyasi xadim olması barədə yüzlərlə kitablar yazılıb və əminik ki, hələ bundan sonra da belə kitablar yazılacaqdır.
II aparıcı: ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı uçun böyük   lider idi və o, siyasətə də elə lider kimi gəlmişdi. Liderlik öz-özünə baş vermir və bunu zorla xalqa qəbul etdirmək də mümkün deyil. Azərbaycan xalqı özü onu lider kimi qəbul etdi və o, 30 ildən çox Azərbaycan dövlətinə başçılıq etdi. çağdaş tariximizdə Azərbaycan dövlətinə bu qədər böyük bir zaman kəsiyində başçılıq etmiş Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs bu gün də, sabah da öyrənilməlidir. Çünki bu irs o qədər zəngindir ki, onu araşdırmaq və lazımi səviyyədə öyrənmək üçün  illər tələb olunur.
I aparıcı: Heydər Əliyev hər şeydən əvvəl öz zəmanəsinin övladı idi və o da başqaları kimi keçmiş Sovetlər Birliyinin bütün ağrılı-acılı günlərini görmüş, o dövrün və mövcud quruluşun ideyalarına sədaqət ruhunda tərbiyə olunmuşdu. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix məhz bu cür insanların fəaliyyəti üzərində yaranır.
II aparıcı: Bu dahi şəxsiyyət öz rəhbərliyinin birinci mərhələsində, eləcə də ikinci 
mərhələsində Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi naminə çox işlər görmüşdür. Hakimiyyətin birinci mərhələsində biz onu daha çox qurucu, yaradıcı bir dövlət xadimi kimi görürüksə, artıq ikinci mərhələdə o, öz xalqının xilaskarı funksiyasını çox böyük məharətlə, ustalıqla yerinə yetirdi. Sadəcə olaraq bir faktı qeyd etmək kifayətdir: Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmasaydı, çox güman ki, bugünkü müstəqil Azərbaycan Respublikasının taleyi də çox acınacaqlı ola bilərdi. Məhz həmin vaxt Azərbaycan xalqı müstəqilliyə yenicə qovuşmuş bir dövlətin idarə olunmasını ulu öndərimiz H.Əliyevə etibar etdi. Heydər Əlirza oğlu da öz öhdəsinə düşən bu xilaskarlıq missiyasını inamla həyata keçirdi və Azərbaycanı xilas etdi.

I aparıcı:  Bu, Heydər Əliyevin siyasət meydanında həqiqətən də böyük sima
olduğunu bir daha təsdiq etdi. H.Əliyev XX əsrin sonu və XXI əsrin əvvəllərində dünyanın ən tanınmış siyasi liderlərindən biri idi. Onu dünyanın əksər ölkələri və ən tanınmış siyasi xadimlər belə qəbul edir, onunla hesablaşırdılar.
II aparıcı: 1993-cü il iyunun 15-də ikinci dəfə hakimiyyətə qayıdandan sonra
H.Əliyev Azərbaycanın inkişafı, milli dövlət quruculuğu, cəmiyyətimizdə demokratik dəyərlərin bərqərar olması və xalqımızın rifahının yüksəldilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan və öz azadlığı naminə dəfələrlə ölüm-dirim mübarizəsinə qalxan xalqımız məhz H.Əliyevin rəhbərliyi sayəsində istəklərini gerçəkliyə çevirə bildi. Təsadüfi deyil ki, öz həyatını sevdiyi Vətənin tərəqqisinə həsr etmiş bu dahi şəxsiyyət hələ keçmiş Sovet İttifaqı dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı müstəqil respublikamızın nəhəng iqtisadi, elmi və mədəni potensialını yaratmışdır.

(   Monitorda H.Əliyevin hakimiyyətə qayıdışı və prezident kimi and içməsi 
                                       kadrları göstərilir)
I aparıcı:   H.Əliyev iqtisadiyyat sahəsində mütəxəssis olmasa da, öz şəxsi
təşəbbüsü, qabiliyyəti və bacarığı sayəsində böyük uğurlar əldə etmişdir. Onun birinci rəhbərliyi Sovet dövrünə təsadüf etdiyindən bü mərhələdə respublikanın iqtisadiyyatının inkişafına nail oldu.  H.Əliyev Azərbaycanı keçmiş SSRİ-nin sənaye mərkəzinə çevirdi. Azərbaycan öz müstəqilliyini bərqərar etdikdən sonra isə həmin siyasətin məntiqi davamı olaraq "Əsrin müqaviləsi" adlandırılan neft müqavilələrinin konturları cızılmağa başlandı. ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bu müqavilələrlə gənc və müstəqil Azərbaycan Respublikası üçün dünya birliyində çox güclü müttəfiqlər qazandı. "Əsrin müqaviləsi"ndən sonra daha 21 neft sazişi imzalandı və indi bu sazişlərin ölkəmizə gətirdiyi sərmayələr 10 milyard dollarlarla ölçülür. Budur, Heydər Əliyev uzaqgörənliyinin daha bir göstəricisi.
II aparıcı: Heydər Əliyevi xalqa sevdirən, yaxınlaşdıran ən mühüm cəhətlərindən biri də onun doğma Azərbaycan dilinə olan münasibətidir. Azərbaycan dili ölkəmizdə yeganə dövlət dilidir və o da həmişə bu dildə təmiz, aydın danışmağı xoşlayırdı.
Heydər Əliyev dünya səviyyəli lider idi və bunu onun öz fəaliyyəti dövründə həyata keçirdiyi bir çox taleyüklü məsələlərin həlli də təsdiq edir.
Beləcə, müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyevin müdrikliyi, fədakarlığı və yenilməz iradəsi sayəsində xilas olaraq yeni inkişaf yoluna qədəm qoymuşdur.
I aparıcı: Bu gün müstəqil Azərbaycan Respublikası məhz ulu öndərimiz Heydər      
Əliyevin xidmətləri sayəsində gündən-günə qüdrətlənən, vətəndaşlarının sosial rifahı durmadan yüksələn, beynəlxalq aləmdə nüfuzu getdikcə artan demokratik bir dövlətə çevrilmişdir. Belə bir mərhələdə ölkədə yaradılmış sabit siyasi durum, mənəvi-psixoloji atmosfer şəraitində Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşdirilmiş, bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox diqqətəlayiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan xalqının ictimai həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə elm və təhsilin inkişafı, bu sahədəki nailiyyətlər də Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır.
I aparıcı: Uzaqgörən siyasi lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində yaratdığı məktəb xalqımızın milli sərvəti olmaqla yanaşı, dünya siyasətçiləri üçün də örnəkdir. Bu məktəbin ən layiqli davamçısı olan İlham Əliyev cənablarının Azərbaycan dövlətçiliyinin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi naminə gördüyü işlər cəmiyyətimizin hər bir üzvünün sabahkı günə inamını daha da artırır.

(Səhnəyə oxucular daxil olur)

I oxucu: Vətənin çox ağır gün-saatında,
Yarandı Vətəni bölmək xətası.
Tanrım pay göndərdi Heydər adında,
Heydər baba, oldun millət atası.

Tökülən qanları dayandıraraq,
Yatmış vicdanları oyandıraraq,
Dar gündə xalqına hayan duraraq,
Heydər baba, oldun millət atası.

Ölkəmiz əbədi müstəqil deyə,
Üç rəngli bayrağı ucaltdın göyə,
Durdun xalqa yiyə, xalq sənə yiyə,
Heydər baba, oldun millət atası.

Zəkanla susdurdun ölüm silahın,
Qoydun təməlini parlaq sabahın,
Hifz etdi qəsdlərdən səni Allahın,
Heydər baba, oldun millət atası.

Məşələ döndərdin od nəfəsini,
Dünyaya çatdırdın xalqın səsini,
Dincliyə çağırıb Yer kürəsini,
Heydər baba, oldun millət atası.

 

II oxucu:   Keçmişi, bu günü, sabahı gördün,
Ömrünü Vətənə, xalqına verdin,
Köçdün, ürəyində Qarabağ dərdin,
Heydər baba, oldun millət atası.

Vətəni bilərək könlünün quşu,
Döndərdin bahara tufanlı qışı,
Şərəflə yaşadın hər ötən yaşı,
Heydər baba, oldun millət atası.

Qorxmadan çapdındın qeyrət atını,
Şəhidtək qeyb etdin öz həyatını,
Tarixə döndərib ölməz adını,
Heydər baba, oldun millət atası.

Idrakın yol açdı Bakı-Ceyhana,
Tanıtdın Vətəni, xalqı cahana,
Ömrünü pay verib Azərbaycana,
Heydər baba, oldun millət atası.

Vətəni tutaraq canından baha,
Ilhamla yol açdın nurlu sabaha,
Ruhunla qovuşdun haqqa, Allaha,
Heydər baba, oldun millət atası.
III oxucu: Mən nə deyim, necə yazım layiq olsun sözüm sənə,
Söyləmişəm dönə-dönə, söyləyirəm bunu yenə,
Fövqəlbəşər bir insandan qayəsi nur, özü də nur,
Ölümünü düşünəndə damarlarda qanım donur.

Alim dedi alimdir o, şair dedi şairdir o,
Novatordur, o rəssamdır, yaradıbdır canlı tablo.
Bu tablonun adı nədir? – Qoy söyləyim bilsin cahan –
Müstəqillik biçimində formalaşıb Azərbaycan!
“Sarsılmazdır müstəqillik” deyə-deyə car da çəkdin,
Sözdə deyil, bunun üçün sən həyatda min ev tikdin.
Dünya dərdi neftlə bağlı siyasətin stoluna,
Indi bunlar işıq saçır müstəqillik yollarına.
Mədəniyyət, ədəbiyyat görünməmiş zirvə tutdu,
Parçalanan Azərbaycan sabitliyə qədəm atdı.
Yoxkən vardan mayalandı iqtisadi qüdrətimiz,
Itib gedən mənəviyyat durulandı, oldu təmiz.
Ordumuz da ayaq tutdu, püxtələşdi oldu mətin,
Dünya gəlib tabe oldu bayrağına siyasətin!
“Milli lider”, “Milli ata” sözlərində yatır vüqar,
Həm də Milli Qəhrəmansan, bənzərsizlik timsalın var.
Yazmamışam bu şeri mən misra-misra, sətir-sətir,
Birnəfəsə yazmışam ki, türk elinə tutsun çətir,
Yer üzünə saçsın ətir!
IV oxucu: Azəri xalqının ümid çırağı,
Elin atasısan, sən Heydər baba.
Hər yerdə qoy gəlsin sənin sorağın,
Körpələr babası, sən Heydər baba.

Çətin sınaqlardan heç sarsılmadan,
Dünyanı gəzmisən, sən yorulmadan,
Rəhmət olsun sənə uca tanrıdan
Körpələr babası, sən Heydər baba.

Dünyaya tanıtdın Azərbaycanı,
Sənin tək dünyada sərkərdə hanı?!
Şöhrətin fəth edib bütün dünyanı
Körpələr babası, sən Heydər baba.

Vətən sənin fəxr eləyər adınla,
Qoy öyünsün şöhrətinlə, şanınla,
Torpağa bağlısan indi canınla.
Körpələr babası, sən Heydər baba.

Xalğımızın qibləgahı,
Ömrümüzün nur çırağı,
Vətənimə tanrı payı,
Körpələr babası, sən Heydər baba.

I aparıcı: Dövlətimiz, uşaqların şən, qayğısız böyüməsi üçün həmişə müxtəlif   
tədbirlər həyata keçirir. Ulu öndərimiz Heydər Əliyev uşaqları çox sevirdi. Onların sağlam, xoşbəxt böyüməsi, düzgün tərbiyə olunması naminə əvəzsiz xidmətlər göstərmişdir. Kinolentlərin yaddaşında yaşayan bəzi məqamlara diqqət yetirəndə şahidi olursan ki, unudulmaz rəhbər Heydər Əliyev uşaqların əhatəsində necə şən və bəxtəvər görünürdü.

II aparıcı: Ulu öndərin uşaqlarla səmimi ünsiyyəti, onlara diqqət və qayğı 
göstərməsi bu gün hər kəs üçün bir örnəkdir. Ümummilli liderimiz həmişə bir məsələyə xüsusi diqqət verirdi ki, istedadlı uşaqların peşə seçimi düzgün istiqamətlənsin. Onlar Azərbaycanın gələcəyi üçün əsl vətəndaş, ləyaqətli övladlar kimi yetişərək vətənə xidmət etsinlər, onun şöhrətini dünyaya yaysınlar.

I aparıcı: Ulu öndər Heydər Əliyevin sərəncamı əsasında 1996-cı ildə yaradılmış  
"Qızıl kitab"a onlarla istedadlı uşağın adı düşmüşdür. İndi həmin gənclər Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində öz uğurlu addımlarını atmaqdadırlar.
Ölkə başçısı cənab İlham Əliyev də bu estafeti uğurla davam etdirərək uşaqlara qayğı və diqqət yetirir. Möhtərəm Prezidentin 17 aprel 2006-cı ildə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nı təsdiq etməsi bir daha bu qayğı və diqqətin bariz nümunəsidir. Bu proqramın uğurla həyata keçməsində bir sıra nazirliklərin üzərinə mühüm vəzifələr qoyulmuşdur.

II aparıcı: Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da uşaqlara göstərdiyi məhəbbət hamıya bəllidir. Ölkəmizin birinci xanımının təşəbbüsü ilə respublikamızın ucqar güşələrində yeni məktəb binaları tikilmiş, uşaq evləri xüsusi qayğı ilə əhatə olunmuşdur. İstedadlı uşaqların iştirakı ilə müxtəlif müsabiqələr, festivallar həyata keçirilməkdədir.

I aparıcı: Bu gün Azərbaycanda dünyaya gələn hər bir körpənin qayğısını yalnız valideynlər deyil, həm də dövlətimiz çəkir. Məqsəd birdir: gələcəyimiz olan körpələr şən və firavan böyüsünlər, düzgün tərbiyə olunsunlar. Buna nail olmaq üçün yeni yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə bir sıra vəzifələr düşür.
Viktor Hüqonun təbirincə desək, "dünyada ən böyük himn körpə qığıltısıdır". Ürəkdən arzu edirik ki, dünyamız bu qığıltıdan əskik olmasın.

II aparıcı: Bir çox dövlətlərdə uzun illər uşaqlardan şəxsi məqsədlər üçün müharibə və münaqişələrdə istifadə olunur, narkotika alverinə cəlb edilir, onlar ucuz işçi qüvvəsi kimi istifadə olunur, seksual zorakılıqlara məruz qalırlar. BMT "Uşaq hüquqları haqqında" Konvensiyanı 20 noyabr 1989-cu ildə qəbul etdi. Hazırda 189 dövlət həmin konvensiyaya qoşulub. Azərbaycan parlamenti isə "Uşaq hüquqları haqqında" Konvensiyanı 1992-ci ildə ratifikasiya edib. Konvensiyaya uşaqların münaqişələrdə iştirakına imkan verməmək, onların hüquqlarını müdafiə etmək barədə maddə daxil edilib".
I aparıcı: Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün bu sənəd mühüm əhəmiyyətə malikdir. Çünki müharibə zamanı 91 nəfər uşağımız itkin və girov düşüb. "Konvensiyaya qoşulmaqla beynəlxalq aləmdə bu məsələ ön plana çəkildi və nəticədə girov düşmüş uşaqların hamısı azad edildi. 61 nəfər itkin uşağın taleyi isə hələ də bəlli deyil. İki ölkə arasında davam edən münaqişədə xeyli maddi və mənəvi ziyan çəkən on minlərlə uşaq isə qaçqın və məcburi köçkün statusu ilə çadır düşərgələrində, yataqxanalarda məskunlaşıb. Bununla bağlı araşdırmalar göstərir ki, təhsildən yayınaraq küçəyə düşən, ölən uşaqların əksəriyyəti məhz həmin ailələrdən çıxır.
 II aparıcı: Hazırda ölkəmizdə 3 milyon yarım uşaq yaşayır. Onların 10 faizini  qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. "Küçə uşaqları" problemi bütün dünya üçün aktual məsələdir. Bir çox inkişaf etmiş ölkələrdə onların hüquq və azadlıqları qorunur. Son vaxtlar Azərbaycanda da həmin uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi geniş vüsət alıb. Burada Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşmərmalı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
    Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə qanunvericilik bazası formalaşıb. "Uşaq hüquqları haqqında" qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq Hüquqları haqqında" qanundur. Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.  
I aparıcı: Heydər Əliyevin həyatı Vətən, xalq yolunda yaşanmış ömürə, onun gördüyü işlər xalqa təmənnasız xidmətə ən gözəl nümunədir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, ulu Tanrı Heydər Əliyev kimi dahi bir şəxsiyyəti, böyük siyasətçi və dövlət xadimini Azərbaycana bəxş etmişdir. Məhz Heydər Əliyevin müdrik siyasəti, dəmir iradəsi cəmiyyətin bütün təbəqələri tərəfindən onun şəxsiyyətinə bəslənən hörmət nəticəsində əldə etdiyimiz müstəqilliyimiz qorunub saxlanmış,  milli dövlətçiliyimiz möhkəmləndirilərək daha da inkişaf etdirilmişdir.
II aparıcı: Müasir dövrdə təhsil sistemimizdə aparılan islahatların, onun inkişafı
naminə atılan addımların da əsasında Heydər Əliyev ideyaları, əməli fəaliyyəti durur. Heydər Əliyevin layiqli varisi ölkə Prezidenti İlham Əliyev ümummilli liderimizin siyasi və iqtisadi kursunu, təhsilə qayğısını bu gün müvəffəqiyyətlə davam etdirir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təhsil müəssisələrinin tikilməsi, abadlaşdırılması, yeni tədris avadanlıqları ilə təmin olunması sahəsində məqsədyönlü işlər apararaq böyük öndərin arzularını gerçəkliyə çevirir.

 

(Monitorda H.Əliyevin dəfni ilə bağlı epizodlar səssiz görünür. Rekviyem altında oxucular sakit addımlarla səhnəyə daxil olurlar)
V oxucu:   12 dekabr döndü bir selə,
Dünyadan o boyda dağı itirdi.
O gün Klivlenddə qopan zəlzələ
Azərbaycan boyda matəm gətirdi.

Xəbər nə tex çatdı obaya, elə...
Toy-büsat matəmə döndü bir anda.
Bir kərə yüksələn bayraqlar belə
Bu ağır qüssədən endi bir anda.

O ulu dahinin, sirli qalanın
Ömrü əsrləri ötən boydadır.
Özü Azərbaycan boyda olanın
Itgisi ağırdır – Vətən boydadır.
VI oxucu: Namərdi olan xalq, mərdi olan xalq
Dəfninə gül-çiçək gətirib bu gün.
Köksündə Qarabağ dərdi olan xalq
Ən böyük oğlunu itirib  bu gün.

Uzaq Klivlenddən gələn bu xəbər
Minlərlə ürəyi dağlayır indi.
Qəbrin nurla dolsun, ey ulu rəhbər!
Sənsiz Azərbaycan ağlayır indi.

Qisməti, taleyi tanrı yazandı,
Baxmır nə toyuna, nə yaşına o.
Gəldi, əbədilik ömrü qazandı,
Köçdü əbədiyyət dünyasına o.

 

VII oxucu: El ağlayır məzarının başında,
Qəlb göynəyir güllərin göz yaşında,
Tər çiçəklər təpələnib qarşında.
Ötər günlər, ötər aylar, fəsillər,
Hər ürəkdə heykəl qoyar nəsillər.
Xalq düşmüşdü min bəlaya, illətə,
Sinə gərdin çox əzaba, zillətə,
Azadlığı bəxş elədin millətə.
Nə tez çatdın insanların dadına,
Şərəf, şöhrət gətirdin öz adına.
El qalmadı dərdi-sərin içində,
Rahat uyu tər güllərin içində,
Başın uca – bu ellərin içində,
Yox olmağın sığmaz sözə, ağıla,
Son ünvanın dönəcək bir nağıla!..

 

VIII oxucu: Gecə gələn bəd xəbər,
Məni sarsıtdı yaman.
Zənn etdim ki, ürəyim
Partlayacaq bu zaman.
Necə qaldırmaq olar
Bu həsrətin daşını? –
Güclə saxlaya bildim
Gözlərimin yaşını.
Bayraqlar da aşağı
Əydi məğrur başını.
Necə gəlmişdin elə
Dağıl, get, qara bulud.
Sevimli ana Vətən!
Sən başını uca tut.
Nurlu sabaha doğru
Uzadaraq əlini,
Gələcək xoş günlərin
O qoyub təməlini.
Böyük-kiçik dərk edər
Sözümün mənasını.
Dahi rəhbər ölməyib,
Dəyişib dünyasını.
Millətinin yolunda
Özünü etdi fəda.
Dünyanın özü qədər
Yaşayacaq dünyada.
IX oxucu: Ulu öndərimiz H.Əliyevin sevimli nəvəsi Leylanın babasına həsr etdiyi 
Elegiya:
Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerişinlə qoşa dönəydin,
Sənə Yer üzündə yer eləyəydim.

Dinlə kədərimin pıçıltısını –
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki, kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?

Bulud karvanına qoşulum yenə,
Gəzim asimanı, hardasan görüm.
Çatıb ucalığa, yetişim sənə,
Əlimi əlindən yapışan görüm!

Acı göz yaşını sel elə gəlsin,
Ey yağış, soyumur dərdimin odu.
Qüssədən qocalan Ay dilə gəlsin,
Söyləsin, ruhunun haradı yurdu?

Dağ idin, çiynimi dağlara verdim,
Dağların dərdini çəksə, dağ çəkər.
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?
Bəlkə çinarlarla baş-başa  verim,
Görən qovuşarmı boyum boyuna?
Gərək sənə yetə bu qəmli şerim,
Gərək sənə yetə...haqqım var buna.

Nurunu gözümdə saxlayım necə? –
Möcüzə yaratmaq gəlmir əlimdən.
Parçalan, ey zülmət, çəkil, ey gecə,
Günəşə qovuşmaq istəyirəm mən!

I aparıcı:Böyük öndərimizin Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir.      
O xalqımıza üç böyük sərvət bəxş etmişdir: bu sərvətlər dövlət   
müstəqilliyimiz, ulu öndərin layiqli varisi möhtərəm Prezidentimiz   
İlham Əliyev və əsrin neft konraktıdır. Məhz bu üç sərvət indi  
Azərbaycanın vüsətli inkişafını, beynəlxalq aləmə inteqrasiyasını təmin
edir.

II aparıcı: Bütövlükdə isə milli təhsil və tərbiyənin özəyini, əsasını 
Azərbaycançılıq ideyası təşkil edir. Heydər Əliyev daim vurğulayırdı ki: 
müstəqil Azərbaycanın gəncləri bütün qəlbi, ruhu ilə Azərbaycana bağlı olmaqla heç vaxt inamlarından, dinimizdən uzaqlaşmayacaqlar, bu mənəvi mənbələrimizdən istifadə edərək Azərbaycanın parlaq gələcəyini quracaqlar.
Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olan Heydər Əliyevin zəngin ideya irsində milli təhsil və tərbiyə ilə bağlı çox dəyərli fikirləri vardır ki, biz bunları dərindən öyrənib gələcək nəsillərə çatdırmağa borcluyuq.

I aparıcı: Heydər Əliyev doğma xalqının mədəniyyət və ədəbiyyatına himayədarlıq etməklə kifayətlənmir, həm də bu sahələrin mahir bilicisi, dönməz təəssübkeşi və alovlu təbliğatçısı idi. Nizami Gəncəvidən tutmuş Məmməd Araza qədər Azərbaycan ədəbiyyatında elə bir görkəmli sima tapılmaz ki, ulu öndərimiz onun əsərlərini oxumamış olsun. Məhz o sübut edirdi ki, Azərbaycan öz kökləri ilə Şərq aləminə, islam dünyasına mənsub olsa da, Avropa və Asiyanın qovuşduğu məkanda yerləşdiyi üçün həm də Avropaya mənsubdur. Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən ayrılmayaraq, mütərəqqi dünya və Qərb ədəbiyyatına, mədəniyyətinə qovuşmuşdur. Burada sivilizasiyaların qovuşmasından söhbət gedir. Heydər Əliyevin sayəsində Azərbaycan mədəniyyətinin korifeylərindən Nəsimi, Nizami, Füzuli və başqalarının yubileyləri çox geniş miqyasda qeyd olundu. Heydər Əliyev Füzulinin yaradıcılığına xüsusi əhəmiyyət verirdi və şairin 500 illik yubileyinə hazırlıq komissiyasının sədri özü idi. Azərbaycanda yubiley şənlikləri ən yüksək səviyyədə keçirildi, sonra isə estafeti Ankara, İstanbul, Moskva, Sankt-Peterburq, Tehran, Təbriz, Bağdad, Kərbəla, Kərkük, Paris, Tbilisi, Daşkənd, Dərbənd, Mahaçqala qəbul etdi. Ulu öndərimizin vəsiyyətləri Azərbaycanın indiki Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Bu varislik təkcə siyasi aspektdə deyil, həmçinin mədəniyyətə və ədəbiyyata, yaradıcı ziyalılara münasibətdə də hiss olunur. Kitabın müəllifi Azərbaycan Prezidentinin bu sözlərini sitat gətirir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

 

II aparıcı: “Kitabi-Dədə Qorqud” dastanları bütöv bir xalqın qəhrəmanlıq    
tarixidir. Bu xalqın hər bir övladı – sərkərdədən tutmuş adi kəndliyə 
qədər hər bir nümayəndəsi doğma torpağın bircə qarışı uğrunda    canından keçməyə hazırdır. Yenə də Heydər Əliyev həmin dastanın bütün türk dünyası üçün əhəmiyyətini dərk edərək, ona ikinci həyat bəxş etdi: Prezidentin Sərəncamı ilə dastanın 1300 illik yubileyi qeyd edildi, “Kitabi-Dədə Qorqud” ensiklopediyası buraxıldı.

I aparıcı: Heydər Əliyev Nəsiminin yaradıcılığına da böyük diqqət yetirirdi. Onun təşəbbüsü ilə Nəsiminin əsərləri Bakıda və Moskvada rus dilində çap edildi. Böyük şairin yaradıcılığının bəzi maraqlı fəlsəfi nümunələri ingilis, fransız və alman dillərinə tərcümə edildi. Azərbaycanın xalq şairi Qabilin monumental “Nəsimi” poeması nəşr olundu, xalq yazıçısı İsa Hüseynovun ssenarisi əsasında çəkilmiş eyniadlı film Azərbaycan kinematoqrafçılarına sözün həqiqi mənasında böyük uğur qazandırdı.

II aparıcı: Heydər Əliyevin fikrincə, Şərq və Qərb mədəniyyətlərinin və ədəbiyyatlarının sintezini yaradan insanlar həmişə uzaqgörən və müdrik insanlar olmuşlar. Ümummilli liderimiz fəxr edirdi ki, XIX əsrin ortalarında Şərq ölkələri tarixində ilk teatr və XX əsrin əvvəlində isə peşəkar opera sənəti məhz Azərbaycanda yaranmışdır.
Nizami, Füzuli və başqalarının yubileyləri çox geniş miqyasda qeyd olundu. Heydər Əliyev Füzulinin yaradıcılığına xüsusi əhəmiyyət verdi və şairin 500 illik yubileyinə hazırlıq komissiyasının sədri özü idi. Azərbaycanda yubiley şənlikləri ən yüksək səviyyədə keçirildi, sonra isə estafeti Ankara, İstanbul, Moskva, Sankt-Peterburq, Tehran, Təbriz, Bağdad, Kərbəla, Kərkük, Paris, Tbilisi, Daşkənd, Dərbənd, Mahaçqala qəbul etdi.
Ulu öndərimizin vəsiyyətləri Azərbaycanın indiki Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Bu varislik təkcə siyasi aspektdə deyil, həmçinin mədəniyyətə və ədəbiyyata, yaradıcı ziyalılara münasibətdə də hiss olunur. Kitabın müəllifi Azərbaycan Prezidentinin bu sözlərini sitat gətirir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

I aparıcı: H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin öyrənilməsinə daim ehtiyac var. Çox sevindirici haldır ki, bu ümumxalq işinin əlaqələndirilməsi üçün dövlətimiz mühüm bir addım ataraq H.Əliyev Fondunun yaradılması ilə milli öndərimizin adının əbədiləşdirilməsi, irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm əhəmiyyətli fəaliyyətin əsasını qoydu.
Heydər Əliyev Fondu ulu öndərimizin adının əbədiləşdirilməsi, irsinin öyrənilməsi və təbliği istiqamətində çox geniş, çoxşaxəli fəaliyyət göstərir və eyni zamanda, fondun prezidenti, UNESKO-nun xoşməramlı səfiri, xalqımızın sevimlisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafı sahəsində də xüsusi tədbirlər və layihələr həyata keçirilir. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə H.Əliyev Fondu öz fəaliyyətində gördüyü irimiqyaslı işlərlə öndərimizin ruhunu sevindirərək qəlblərimizdə, ürəklərimizdə daim yaşatmaqdadır.
II aparıcı: Heydər Əliyevin bu gün hər bir Azərbaycan gənci üçün əsl həyat devizinə çevrilməyə layiq olan sözlərini xatırlamaq istəyirəm. O, Azərbaycan gənclərinə müraciət edərək demişdi:
- Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.
I aparıcı: Heydər Əliyevin pak ruhu şəxsən bizim üçün bir ümid çırağıdır. Ulu           öndərin ölməz ideyalarından güc alan bu çırağın şöləsi heç vaxt azalmayacaq, bu çıraq sabahın qurucuları olan biz yeniyetmələr üçün bir əbədi məşələ çevriləcəkdir!
II aparıcı: Biz sizin hər birinizi Heydər Əliyev irsinə dərindən yiyələnməyə, onun         
həyat və fəaliyyətindən örnək götürməyə çağırırıq!

(Sonra "Azərbaycan" mahnısı ifa olunur. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin monitorda dediyi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözlərini ayaq üstə, sürəkli alqışlarla qarşılayırlar. Zala Azərbaycanın üçrəngli bayrağı gətirilir. Məktəbin istedadlı şagirdləri Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən”mahnısını ifa edirlər.)
Tədbirdə digər çıxışlar da ola bilər. Tədbirin sonunda kitabxanaçı çıxış edərək Heydər Əliyevi Azərbaycan xalqının ən böyük mənəvi sərvəti adlandırmaqla, onun zəngin həyat yolunun, çoxistiqamətli fəaliyyətinin yeniyetmələrimizə örnək olduğunu vurğulayır. Tədbirin təşkilatçılarına, onu öz çıxışları ilə maraqlı edən şagirdlərə minnətdarlığını bildirir.


II Bölmə:

“H.Əliyev -85” kitabxanada keçiriləcək yubiley tədbirləri »
Əlavə 1-7: H.Əliyevin uşaq və gənclərlə bağlı keçirilən tədbirlərdəki çıxışları »
Əlavə 8: H.Əliyev haqqında tanınmış insanların dedikləri fikirlər »
Əlavə 9: H.Əliyevin müdrik kəlamları »
Əlavə 10: H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman »

<< "Heydər Əliyev və uşaqlar" metodik vəsaiti
<< Bütün metodik vəsaitlər