“H.Əliyev -85” kitabxanada keçiriləcək yubiley tədbirləri


Ulu öndərin anadan olmasının 85-ci ildönümü tədbirləri çərçivəsində kitabxananın kiçik yaşlı oxucuları arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda şeir və rəsm müsabiqəsi keçirmək olar. Keçirilən müsabiqələrdə qaliblər xüsusi hədiyyələrlə mükafatlanır.
Yubiley ərəfəsində keçirilən tədbirlər  məktəblər ilə birgə iş planı əsasında olsa daha uğurlu alınar. “Heydər parkı” ətrafında olan məktəblərlə işlənmiş ədəbi- bədii kompozisiyanın  açıq havada keçirilməsi daha məqsədəuyğundur. Həmin rayon rəhbərliyi İcra hakimiyyəti nümayəndələri də bu tədbirə dəvət oluna bilərlər. Belə tədbirlərdən maraqlısı da  “Gül bayramı” müsabiqəsidir. Kitabxana və məktəbin birgə hazırladığı tədbirdə elan olunmuş müsabiqəyə qatılan məktəblilər ümummilli liderin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş kompozisiyada çıxış etməklə yanaşı, fikir və istəklərini gül-çiçəklə bitirməyə çalışırlar. Yekunda daha çox fərqlənən məktəblərə rayon icra hakimiyyəti başçısının xüsusi mükafatı təqdim olunur.  “Gül bayramı” müsabiqəsində məktəblilər, eyni zamanda, müxtəlif nominasiyalarda bacarıqlarını da nümayiş etdirəcəklər.

Balacaların sevimlisi – Heydər baba
Məktəbəqədər təhsil müəssisələrində də ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85-ci  ildönümü münasibətilə tədbirlər keçirmək olar. Bu tədbirlərdə H.Əliyevin fəaliyyətindən və uşaqları çox sevdiyini vurğulayan plakatlardan istifadə etmək lazımdır. Tədbirdə kitabxanaçı Ulu öndərin fəaliyyətindən, Vətənini,  xalqını, torpağını ürəkdən sevməsindən, onun naminə gecə-cündüz yorulmadan çalışmasından, xeyirxahlığından, humanistliyindən ürəkdolusu iftixarla çıxış edir. Sonra balacalar tərbiyəçilərin onlara öyrətdikləri şeir və mahnıları ifa etməklə gələcəkdə Heydər baba tək mərd, mübariz olmağa and içirlər.  
Vətənin gələcəyi, onun keşikçisi, həyatın davamçıları olan balacaların düzgün tərbiyə edilməsi müdrik insan Heydər Əliyevi düşundurən əsas məsələlərdən biri olduğunu qeyd edən kitabxanaçı dahi şəxsiyyəti dünyamızın görən gözü, düşünən beyni adlandırmaqla,  həmişə dahi insanın xeyirxah əməllərini yaşadacaqlarına inandıqlarını bildirir.
Balacalar rəngarəng proqramlarla çıxışlar etməklə yanaşı, ulu öndərin həyatını əks etdirən videokasetlərə də baxa bilərlər.
       Orta və yuxarı sinif şagirdləri ilə H.Əliyevə həsr olunmuş kitabların icmalını keçirmək olar.  
Bu gün müstəqil Azərbaycan Respublikasında digər sahələrdə olduğu kimi, kitab nəşri də öz inkişaf yoluna qədəm qoymuşdur. Hazırda xalq tərəfindən sevilən siyasi xadimlər haqqında yazılaraq dərc edilən kitablar geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır.
İcmalı keçiriləcək belə kitablardan biri “Nurlan” nəşriyyatı tərəfindən çap edilmiş “Zəmanəmizin ən böyük Azərbaycanlısı” toplusudur. İcmalı belə başlamaq olar: Kitabı Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru N.Əliyeva və kollecin tədris hissə müdiri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı G.Əliyeva tərtib etmişdir. Yüksək zövqlə, nəfis şəkildə çap edilmiş bu toplunun ilk səhifəsində ümummilli liderimiz Heydər Əliyevin insan və insanlıq üçün, xüsusilə gənclərimizə aid iki tarixi tövsiyəsi verilmişdir. Həmin tövsiyələri sizə çatdırmağı özümüzə borc bilirik.
“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək, başqaları üçün nümunə olmaqdır”.
“Cəmiyyətimizin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.
Bundan başqa Zeynal Vəfanın “Millətin xilaskarı”, Namiq Abbasovun redaktəsi altında çapa hazırlanmış “Xalqa, Vətənə, dövlətə sədaqət” adlı foto-kitab,  Hüseynbala Mirələmovun “Amalın İşığında”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”,  Ramiz Mehdiyevin ideya müəllifi olduğu “Dünyanı heyran qoyan insan”,  Ramiz Mirzəyevin ““Əsrin müqaviləsi”ndən başlanan yol” adlı kitablarının da icmalını keçirmək olar.
H.Əliyev haqqında çox kitablar yazılıb. Ən uğurlusu H.Mirələmova nəsib olub. Bu məqsədlə də N.Mirələmovla oxucuların görüşünü və kitab müzakirəsi keçirmək olar. H.Mirələmovun “Dünyanın görkəmli şəxsiyyətləri” seriyası altında çap olunan  kitabının müzakirəsində oxucuların diqqətinə çatdırılır ki, yazıçı publisist H.Mirələmov H.Əliyevin 80 illik ömrünü olduğu kimi əks etdirir. Dahilərdən biri deyib ki, ömrün müddəti deyil, bu ömrün necə yaşanması əhəmiyyətlidir. Hüseynbala Mirələmovun publisistik yaradıcılığında başlıca mövzu ümummilli liderimizin siyasi fəaliyyəti ilə bağlıdır. O, bu mövzuda xeyli sayda məqalə, oçerk, esse yazmış, “Zəfər yolu” (2003), “Həqiqət” (2003), “Millətin atası” (2004), “İşığın izi ilə” (2004), “Bir günəş var” (2004), “Heydər Əliyev” (2005, Moskva, rus dilində, V.Andriyanovla birgə) kimi kitablar çap etdirmişdir. Bu kitablar müstəqilliyimizin, yenidən dirçəldilməkdə olan dövlətçilik ənənələrimizin isti-isti yazılan tarixi, canlı və həmişə yaşayan sənədləridir.
Tarixi şəxsiyyətlər haqqında dərc edilən belə kitablar gələcək nəsil üçün tarixi yaddaş baxımından təqdirəlayiqdir.
Ulu öndərimiz haqqında yazılmış kitabların icmalının məktəbli oxucular, ümumiyyətlə geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanacağına əminik.
Yuxarı sinif şagirdləri ilə inşa müsabiqəsi keçirmək olar.  Keçirilən tədbirdən sonra uşaq qəzet və jurnallarında, kitabxananın saytında müsabiqə qalibləri haqqında məlumatlar, tədbirin şəkilləri verilsə oxucuların daha çox marağına səbəb olar.
Bədii gecələrin uşaq kitabxanalarında təşkili daha  yuxarı yaşlı oxucular tərəfindən maraqla qarşılanır. Bu məqsədlə də “Sən elə bir zirvəsən...” adlı ədəbi-bədii  gecənin ssenarisini veririk: "Sən elə bir zirvəsən..."


II Bölmə:

Ssenari "Sən elə bir zirvəsən..." »
Əlavə 1-7: H.Əliyevin uşaq və gənclərlə bağlı keçirilən tədbirlərdəki çıxışları »
Əlavə 8: H.Əliyev haqqında tanınmış insanların dedikləri fikirlər »
Əlavə 9: H.Əliyevin müdrik kəlamları »
Əlavə 10: H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman »

<< "Heydər Əliyev və uşaqlar" metodik vəsaiti
<< Bütün metodik vəsaitlər