Maarifçilik yolunun əbədi yolçusu Seyid Əzim Şirvani - 190

XIX əsr Azərbaycan ədəbiyyatının inkişafına təkan verən, poeziyamıza xalqın səsi kimi daxil olan nadir sənətkarlardan biri də Seyid Əzim Şirvani olmuşdur. O, təkcə şair deyil, zamanın ədalətsizliyinə, cəhalətə və haqsızlığa qarşı çıxan bir maarif fədaisi, düşünən bir vicdan, xalqın dərdini dilə gətirən söz adamı idi.

Seyid Əzim Şirvani 1835-ci ildə Şamaxının elm, ədəbiyyat və sənət ocağı kimi tanınan zəngin mühitində dünyaya göz açmışdı. Erkən yaşlarından elmə, biliyə maraq göstərmiş, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. Klassik şərq ədəbiyyatını dərindən mənimsəyən Seyid Əzim, eyni zamanda xalq arasında baş verən haqsızlıqları müşahidə edərək qəlbində etiraz atəşi alovlandırırdı. O, sadəcə şeir yazmır, söz vasitəsilə ədalət istəyirdi. Seyid Əzim Şirvani klassik Azərbaycan poeziyasının Füzuli, Nəsimi, Vaqif və Zakir kimi ustadlarının izindən gedərək, poeziyada həm məhəbbət, həm də ictimai mübarizə mövzularına yer vermişdir. Onun qəzəlləri duyğusal, lirizmlə dolu olduğu halda, satirik şeirləri isə kəskin və düşündürücü idi.