27 Sentyabr
İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi)
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi -Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir.
Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir.
29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir! 1994-ci il may ayının atəşkəsindən sonra başlayan, bizi zəfərlərə, qələbələrə səsləyən və aparan ikinci Vətən müharibəsi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.Məlumatda deyilir:
"Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, torpaqlarımızı işğaldan azad etmişdir. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!"
Murov zirvəsinin azad olunduğu gün, (2020)
Silsilənin şimal-şərqində əsrarəngiz göllər yerləşir. Onlar arasında ən gözəli Göygöl gölüdür. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır.Silsilənin maksimal hündürlüyü 3724 m olan Gamışdağ zirvəsidir. 27 sentyabr 2020-ci ildə Cəbhənin Goranboy istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir. Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Beynəlxalq Dovşanlar Günü
Beynəlxalq Dovşanlar Günü xeyriyyə təşkilatları tərəfindən ictimaiyyətin diqqətini bu heyvanların problemlərinə cəlb etmək məqsədi ilə yaradılmışdır. Heyvanları müdafiə edənlər, dovşan xəzindən kürklərin hazırlanması və dovşan ətindən restoranlarda istifadə olunmasının ən azı azaldılmasına səy göstərirlər. Beynəlxalq Dovşanlar Günündə həm evdə, həm də təbiətdə yaşayan dovşanlara qarşı daha humanist davranılmasına, onların rahat və sağlam yaşamasına yardım edilməsinə çağırılır. Həmin günün sentyabrın sonuncu şənbəsi keçirilməsi tövsiyə olunur.
Anım Günü
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Ümumdünya Turizm Günü, (1980)
Beynəlxalq turizm hər bir ölkə üçün sosial-iqtisadi münasibətləri əks etdirir. Bununla da beynəlxalq münasibətlərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu prosesin tənzimlənməsi üçün də müəyyən norma və standart nizamlar işləyib hazırlayan beynəlxalq institutlar fəaliyyət göstərir. Bunlardan Ümumdünya Turizm Təşkilatı ən üzdə olan təşkilatlardan biridir. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır. Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqqında məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir. Ölkəmizdə Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27 sentyabr - Ümumdünya Turizm Günü kimi qeyd olunur. Həmin gün Ümumrespublika Daxili Turizm Konfransları da keçirilir. Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. 2005-ci ildən başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və Ümumrespublika Daxili Turizm Sərgiləri keçirilir. Son illər ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.
Şair Murad Baykalın 75 illiyi, (1949)
Abdulov Murad Ələkbər oğlu 1949-cu il sentyabrın 27- də Azərbaycanın Zaqatala şəhərində anadan olmuşdur. Burada 1 saylı şəhər orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakültəsində təhsil almışdır (1966-1971). Əmək fəaliyyətinə 1964- cü ildən fəhləliklə başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin sədri vəzifəsində işləmişdir. Ədəbi fəaliyyətə 1966- cı ildən başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri “Məmməd Murad”imzası ilə nəşr olunmuşdur. Respublikanın müxtəlif teatrlarında, mavi ekranda dram əsərləri tamaşaya qoyulmuşdur. Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilən”Təkan” pyesi və “İşığın sınma qanunu” poeması rəğbətlə qaşılanmışdır (1987). Respublikada fəaliyyət göstərən “Cəmiyyət və siyasət” assosiasiyasının sədri, “Arı südü” hərəkatının lideridir(1993-1998). Hazırda fərdi yaradıcılıqla məşğuldur.
Əsərləri: ”Təkan” pyesi (1987).”İşığın sınma qanunu” (1987),”Yerin görünür” (1973), ”Gəncliyin ulduzları” (1974), ”Köç tonqalı” (1983),”Gülü bənövşə dağlar” (1986), ”Ürək niyə soldadır” ( 1989), ”Çin Sakit okeanının sirridir” (2000), ”İnsan insana mələkdən yaxındır” (2001), ”Hər xalqın öz qüdrəti” (2003), ”Yerusəlım – həqiqətin ay işığıdır” (2004), ”Avraziyanı nizamlayan” (2004) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 624.
Azad Rasim oğlu Bəkirli
Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. O, 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində orduya qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Səyyad oğlu Dadaşov
Dadaşov Nurlan Səyyad oğlu 2001-ci il sentyabrın 27-də Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olub. O, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nətiəsində aldığı güllə yarasından həlak olub. Şəhidimizin nəşi elə həmin gün Kürdəmir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib və oktyabrın 4-də torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Dadaşov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Pərviz Lətif oğlu Ələsgərov
Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Ələsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Pərviz Ələsgərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
İlkin İlyas oğlu Muradlı
İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Nurlan Süleyman oğlu Qurbanlı
Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən Xanlıq kənd 3 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nurlan Qurbanlı oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Nişanlı idi.
Nurlan Süleyman oğlu Qurbanlı ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.
Kamran Fikrət oğlu Tağıyev
Tağıyev Kamran Fikrət oğlu 2001-ci il sentyabrın 27-də Maştağa qəsəbəsində anadan olmuşdur. O, 2019-cu il oktyabrın 2-də hərbi xidmətə çağırılmışdır. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Kamran Tağıyev 2020-ci il oktyabrın 31-də Tərtər rayonu, Talış kəndi istiqamətində hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tağıyev Kamran Fikrət oğlu ölümündən sonra "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.