15 dekabr
Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyi, (1909-1974)
Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q.M. Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır. Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır. Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri ("Buzovna neft mədənləri", "Əmircan" və s.) nümayiş etdirilmişdir. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı,"Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur.Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.
Qarayev Telman Əli oğlu
Telman Qarayev 1999-cu il dekabrın 15-də Şəmkir şəhərində anadan olub.[1] Subay idi.Telman Qarayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Telman Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Qarayev noyabrın 8-də Xocavənd döyüşləri zamanı ağır yaralanıb. Noyabrın 25-də isə Füzuli Hərbi Hospitalında şəhid olub. Şəmkir şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbaslı Arif Firuz oğlu
Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bağırov Əli Eltay oğlu
Əli Bağırov 15 dekabr 1994-cü ildə Xəzər rayonunda anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əli Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 29 sentyabr tarixindən iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Bağırov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndində döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Beynəlxalq Çay Günü, (2004-2005)
Hər il dekabrın 15-də Beynəlxalq Çay Günü qeyd edilir — Yer üzündə ən qədim və ən faydalı içkilərdən birinin bayramıdır. Günün hədəfi hökumət və vətəndaşların diqqətinin çayın satışı problemlərinə cəlb etmək, çay istehsalçılarının, kiçik istehsalçılar və istehlakçıların arasında qarşılıqlı əlaqələr yaradılmasına və çayın içki kimi geniş yayılmasına yönəldilib. Dekabrın 15-nin Beynəlxalq Çay Günü kimi qeyd olunması 2004-cü ildə Hindistanın Mumbay və 2005-ci ildə Braziliyanın Allegre liman şəhərlərində keçirilən Ümumdünya İctimai Forumunda dəfələrlə aparılan müzakirələrdən sonra qərara alınıb. Yeri gəlmişkən, həmin gün çay sənayesinin işçilərinin hüquqları barədə Dünya Bəyannaməsi elan edilib. Həmin gün əsasən iqtisadiyyatında çay istehsalı əsas yer tutan Hindistan, Şri-Lanka, Fil Dişi, Banqladeş, Nepal, Çin, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Uqanda və Tanzaniya kimi ölkələrdə qeyd edilir. Çində çay içki kimi 5 min il bundan əvvəldən içilirdi. Yaponiyada Çay XVI əsrin ikinci yarısında, Avropada XVII əsrin birinci yarısından məşhurlaşmağa başlayıb. Bu gün qədim içkinin həvəskarları dəmlənilmiş çaya zəncəfil, portağal dilimləri və müxtəlif ədviyyatlar da əlavə edirlər. Bəzi xalqlar isə çayı süddə dəmləyirlər.