18 Aprel

Tarixi Abidələrin Mühafizəsi Günü, (1983)

Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə ölkəmizin bəxti gətirmişdir. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz – Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi. Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri aparılmışdır. 2002-ci ildə respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir.  

 

Qori seminariyasında Azərbaycan şöbəsinin yaradılması haqqında qərarın qəbul olunmasının 150 illiyi, (1874)

 1877-ci il idi. 60 yaşlı Mirzə Fətəli Axundov və 47 yaşlı Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə xalqın maariflənməsi uğrunda çalışır, seminariyanın nəzdində Azərbaycan şöbəsinin açılmasından ötrü get-gəldən yorulmur, hər cəfaya qatlaşırdılar. Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç Romanovu yola gətirmək üçün yalvar-yaxar edirdilər: "Cənab canişin, biz rusların, xristianların vəzifədə olmalarından narahat deyilik. Mən demirəm ki, savadsız müsəlmana vəzifə verilsin. Ancaq heç olmasa, beş idarədən birində bir vəzifəli şəxs, ya da kargüzar işçi bizim xalqın nümayəndəsi olsa, pis olmaz. Kənddən gələn rəiyyət qalır gözünü döyə-döyə, dediyini başa düşmürlər". Mirzə Fətəli daha sonra canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabi və Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy haqqında xüsusi məlumat verərək bildirir ki, bu böyük zat təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, həm də Londonda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir. Azərbaycanlı oğullar Fransada, Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Ancaq hamı bunu edə bilmir. Müsəlmanları geridə qalmış xalq kimi dəyərləndirən Qafqaz canişini qarşısında dayanan Mirzə Fətəlini və Mirzə Hüseyn Qayıbzadəni xeyli süzüb layihələrini alır və bir xeyli fikrə gedir. "Siz ayrıca seminariya istəyirsiniz. Layihədə də göstərirsiniz ki, məktəb ya Tiflisdə, ya da azərbaycanlıların yaşadığı bir xristian şəhərində açılsın. Burası bir az çətinlik törədir. Bunun üçün yaşayış yeri, təhsil üçün bina, müxtəlif ləvazimatlar lazımdır. Bilirsiniz ki, indi ölkə müharibə içindədir, xərc məsələsi də bir yandan. Zənnimcə, məktəbin gürcü və ermənilər kimi hələlik Qori şəhərində açılmasına etiraz etməzsiniz". Bununla da məsələ həll olunur. Canişin vərəqi əlinə götürüb yazdığını bərkdən oxumağa başlayır: "Ölkənin azərbaycanlı əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası yanında təcrübə məqsədilə 3 il müddətinə müstəqil Azərbaycan şöbəsi açılsın. Təcrübə yaxşı nəticə verərsə, 3 ildən sonra həmin şöbəni azərbaycanlılar üçün müstəqil seminariyaya çevirib Qoridən Azərbaycanın mərkəzinə köçürməli". Beləliklə, 1879-cu ildə Qafqaz Təhsil Dairəsinin göndərdiyi 8762 saylı dəftərxana sənədi görkəmli maarifpərvərlərin və bu yolda çalışan Azərbaycan ziyalılarının arzularını həyata keçirdi. Qori Müəllimlər Seminariyasının direktoruna göndərilən sənəddə yazılırdı: "Sərdarın müavininin əmri əsasında seminariyanın nəzdində təsis olunacaq Azərbaycan şöbəsini yerləşdirmək və onu lazımi əşyalarla təmin etmək üçün Tiflis Hökumət Palatasına təklif edilmişdir ki, Zemstvodan yığılmış məbləğdən 4 min manat zati-alilərinizin sərəncamına versin. Hökumət palatası azərbaycanlı gənclərin maariflənməsi naminə qəlbən razı olub bu işi özünə şərəf sanmışdır. Tatarlardan (Azərbaycan türklərindən) kənd müəllimləri hazırlamaq məqsədilə sərdarın baş idarəsinin göstərişi əsasında 1879-cu il sentyabrın 1-də seminariyanın nəzdində yeni təsis edilmiş xüsusi tatar şöbəsini yerləşdirmək üçün lazımi əşyaları almaqdan ötrü Zemstvo vergisindən pul buraxıldığını zati-alilərinizə bildirməyi hökumət palatası özü üçün şərəf bilir" (Şəmistan Nəzirlinin "Qoridən gələn qatar" kitabından). Bundan sonra Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə isə molla Əbdülsalam Axundzadə təyin olunur. Seminariyada Azərbaycan şöbəsinin açılması çətinliklə də olsa, təsdiqlənəndən sonra Azərbaycanın duz-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin olundu. Seminariyanın direktoru Dmitri Dmitriyeviç Semyonov onu yanına çağıraraq ümidsizcəsinə deyir ki, şöbə açılsa da, ərizə verən çox azdır, belə getsə, şöbənin fəaliyyət göstərməsi sual altında qalacaq. Aleksey Osipoviç isə ümidini üzmür və şöbənin açılması üçün axtarışa çıxır. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edib deyirdi ki, məqsədimiz Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdır, balalarınızı bu işığı yandırmaqdan məhrum etməyin. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də payi-piyada getməli olurdu. Azərbaycanda işıq tapacağına əmin idi. Şamaxıda kasıb rus ailəsində doğulub böyüyən Aleksey Çernyayevski təpədən-dırnağa Azərbaycanla bağlı idi. O, bütün həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etdi. Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: "Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin "Vətən dili" bizim məktəblərdə tamam yeni bir dövr açdı". Axtarışlar nəticəsiz qalmadı. Çox keçmədən Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlınski, Şəkidən Rəşid bəy Əfəndiyev Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandırmaq üçün çətin bir yola çıxdılar. Azərbaycanlı tələbələr bilikləri qavramaqları, gözəl əxlaqları və yüksək mədəniyyətləri ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar. Firidun bəy Köçərli tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş "Təlimati-Sokrat" əsərini tərcümə etmişdi. Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etdilər. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə "Xəzineyi-əxbar" adlı ensiklopedik kitab tərtib etmişdi. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirdiyinə görə şura Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dili müəllimi saxladı. Firidun bəyi İrəvan gimnaziyasına, Teymur bəyi Lənkərana, Mirzə Əli Məhəmmədi isə Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərdi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə məktəb müdiri kimi göndərildi. Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Aleksey Osipoviçin böyük xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün tərtib etdiyi "Vətən dili" dərsliyində bir pedaqoq kimi ən yararlı materialları seçmiş, atalar sözündən, tapmacalardan, zərbi-məsəllərdən istifadə etmiş və seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab təkcə seminariyada deyil, ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. Kitabı tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr etdirmişdi. O, "Vətən dili" kitabında Azərbaycan atalar sözlərindən, tapmacalardan, zərbi-məsəllərdən, şairlərin şeirlərindən parçalar vermişdi. Konstantin Uşinskinin "Rodnoye slovo" dərsliyi rus məktəbləri üçün nə idisə, Çernyayevskinin "Vətən dili" kitabı da azərbaycanlılar üçün həmin əhəmiyyətə malik idi. "Vətən dili"ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik olmadığından Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi. Sövti-üsulla məşğələ aparmaq üçün qiraət materialı hazırladı. Sonralar Qafqaz Təhsil Dairəsinin hesabatında bildirilirdi ki, Çernyayevskinin ustalıqla tərtib etdiyi tədris materialı azərbaycanlı məzunların pedaqoji hazırlığı üçün ən yaxşı baza oldu.Bu yolun işığına düşüb Qori Seminariyasına təhsil, maarif, mədəniyyət dalınca gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları Qori Seminariyasını bitirdikdən sonra Azərbaycanın azadlığı uğrunda başlanan istiqlal savaşında mücadilə edənlərin sırasına qoşuldular və həyatlarının sonunadək bu mübarizədən çəkinmədilər. Soltan Məcid Qənizadə 3 il – 1905-ci ilin avqustundan 1908-ci ilin avqustunadək seminariyanın Azərbaycan şöbəsinin inspektoru olmuşdur. Digər məzunlar da qəzalara, ucqar kəndlərə gedib dərs deyir, millətimizi maarifsizliyin, cəhalətin, geriliyin əlindən qurtarmaq üçün çalışırdılar. Çünki bu məmləkətin azadlığı və hürriyyəti üçün hər şeydən öncə maarifə, mədəniyyətə, tərəqqiyə ehtiyacı vardı."Azərbaycan" qəzetinin yazarlarından olan, dövrünün görkəmli ziyalı qadını Şəfiqə Əfəndizadənin jurnalistlik fəaliyyəti ilə tanışlıq zamanı məlum olur ki, o, "Azərbaycan"ın hər nömrəsində dərc edilən yazılarında qadınları, anaları elmə, təhsilə, maarifə, mədəniyyətə səsləmişdir. Şəfiqə Əfəndizadə qəzetin 25 iyun 1919-cu il 211-ci nömrəsində "Vətən bizim anamızdır" adlı məqaləsində yazırdı: "Xanımlar! Həmşərilər! Bu gün Vətən bizim qeyrətimizə, millətin səadəti bizim xariqüladə səylərimizə mərbuddur. Qəlbində həmiyyəti bulunan, nanu-neyməti ilə pərvərdə olduğu Vətəninə qəlbində məhəbbət hiss edən hər bir insan, xüsusən hər bir qadın gücü yetdiyi mərtəbədə vəzifəsini ifadəyə çalışmalıdır". "Azərbaycan" qəzetinin 1918–1919-cu illərdə əməkdaşı olmuş, Qori Seminariyasının məzunu Fərhad Ağazadə də hər məqaləsində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncləri təhsil almağa dəvət edirdi. Valideynlərə uşaqlarını məktəbə göndərməyi tövsiyə edirdi.Qarşıya qoyulan birinci məsələ Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi idi. Ziyalı şəxs Firidun bəy Köçərli bu işin reallaşması üçün mübarizəyə başlamışdı. Seminariyanın Azərbaycana köçürülməsini Firidun bəy çoxdan planlaşdırırdı. Azərbaycan maarifçiləri bu mühüm işə 1884-cü ildən təşəbbüs göstərirdilər. Fikirlərini belə əsaslandırırdılar ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, şagird azlığı müəllim kadrların arzuedilən səviyyədə hazırlanmasına mane olur. Dəfələrlə Səfərəli bəy Vəlibəyov şuranın iclasında bu təkliflə çıxış edib və sərt etirazla cavablanıb. 1906-cı ildə N.Nərimanov "Həyat" qəzetində yazırdı ki, Qori Seminariyasına 60 şagirddən artıq qəbul olunmur. Darülmüəllim Bakıda, Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan 60 nəfərdən savayı 60 nəfər müsəlman uşağı da daha ziyadə öz evlərində olarkən seminariyada elm-təhsil etməyə mümkünləri olacaqdır. Həmin il Firidun bəy Bakıda "Nəşri-maarif" cəmiyyətinin toplantısında çıxış edərək seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləyir və məktəbin Azərbaycanın şəhərlərinin birinə köçürülməsi məsələsini qaldırır. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermir. Başqa çarə də yox idi. Odur ki, yay məzuniyyətində məktəbin bağlı olmasından, rus çarının yıxılmasından və gürcü knyazlarının başları hökumət qurmağa qarışdığından fürsət tapan Firidun bəy bir dəqiqəni belə fövtə vermir. Seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün dəftərxana ləvazimatını, müxtəlif avadanlıqları vaqona dolduraraq öz xərci ilə xəlvətcə Ağdama qaçırır.

1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur.

Məşədi İbrahim adlı işıqlı, xalqının balalarını maarifləndirmək arzusu ilə yaşayan ziyalı insan 17 otaqlı mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Özü isə doğma kəndi Kosalara köçüb ömrünü oradakı evində başa vurur. Çünki 1914-cü ildə maarifpərvər ziyalı Firidun bəy Məşədi İbrahim oğlu Museyibi Qoriyə aparıb seminariyaya qəbul elətdirmişdi. Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi böyük bir ziyalı nəsli Qazax Seminariyasının yetirməsi idilər. Firidun bəy öz-özünə deyirdi: "Deyəsən, ixtiyar çağımda Qoridən elədiyim oğurluq burada möhkəm bina tutacaq".

Seminariyanın Azərbaycana köçürülməsi üçün hökumət 5000 manat vəsait ayırır. Qazax Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H.Şıxlinski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firidun bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərcə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firidun bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi,[1] o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realni məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının bəhrəsi artıq Azərbaycanda duyulurdu. Qısa vaxtda Azərbaycanda pedaqoji kursların açılmasına başlanıldı. Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları açıldı. Maarifi və milli mədəniyyəti təbliğ edən cəmiyyətlər, xeyriyyəçi kurslar təşkil edildi. Xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan amillərdən biri də Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər idi.

    Təhsilin ana dilində aparılmasında yaranmış çətinliklər də daim gündəmdə olan məsələ idi. Bu çətinliklər onunla əlaqədar idi ki, ana dilini bilən yüksəkixtisaslı kadrlar yox idi. Məhəmmədağa Şahtaxtlı 1919-cu ildə "Azərbaycan" qəzetində dərc etdiyi məqaləsində yazırdı ki, universitetdə təhsilin rus dilində aparılmasından qorxmaq lazım deyil, universitet təhsilinin həyata keçirilməsi Azərbaycanda yüksəkixtisaslı kadrların yetişməsinə zəmin yaradacaq, nəticədə milli kadrlar yetişdikcə universitetdə təhsil tədricən Azərbaycan dilində keçiriləcəkdir.

 

Azərbaycanın Milli Qəhrəmanı Mədətov Fariz Əlövsət oğlunun anadan olmasının 50 illiyi, (1972)

Fariz Mədətov  Yevlax rayonunun  Varvara  kəndində  anadan  olmuşdur.  1979-1989-cu illərdə burada orta təhsil almışdır. 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman  Qarabağ  müharibəsi  artıq  başlamışdı.  Buna görə də Milli Ordu sıralarına daxil olaraq döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun  Başarat  kəndində olur. Sonra onu  Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq göstərir. Daha sonra Kəlbəcər və Goranboy rayonlarında düşmənə qarşı vuruşur. Fariz xeyli erməni yaraqlısını şəxsən məhv edir. 1994-cü ildə Tərtər rayonunu ərazisində gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir. 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa başlayır. Fariz 1998-2003-cü illərdə Polis Akademiyasında təhsil alıb. Hazırda Yevlax rayon Polis İdarəsində işləyir. Evlidir.

Od ürəkli , od nəfəsli diyarımsan

Ocağına canım qurban , Azərbaycan !

Əzilsən də , əyilməyən vüqarımsan

Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban , Azərbaycan !

Nəriman Həsənzadə

 

Ağamoğlan Yusif oğlu Kərimov

Ağamoğlan Kərimov 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən şəhid olmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Bəhrəm Elman oğlu Məmmədzadə

Bəhrəm Elman oğlu Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhrəm Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Nihat Natiq oğlu Rzaxanov

Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Biləcəri qəsəbəsində anadan olub. 2007-ci ildə 301 N-li məktəbdə daxil olaraq orta təhsil alıb. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 2020-ci il noyabrın 7-də dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

 

 

 

Əliqismət Mükafat oğlu Yaqublu

Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə göndərilir. Əliqismət Yaqublu Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarır. Baş Leytenant Əliqismət Yaqublu noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhid olub. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi, atasına etdiyi vəsiyyətə görə, Lerik rayonunun Kələxan kəndində babası Elşad Yaqubovun məzarının yanında dəfn olunub. Evli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliqismət Yaqublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, Baş Leytenant Əliqismət Mükafat oğlu Yaqublu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.