14 iyun
Beynəlxalq Bloqer Günü, (2004)
Bu bayramın keçirilməsi ideyası 2004-cü ildə yaranmışdır. 40-dan çox ölkədən 500 insan eyni vaxtda birləşərək qərara gəlmişlər ki, onlara – bütün dünyanın şəbəkə bloggerləri arasında dostluq münasibətlərinin simvolu kimi özlərinə aid gün lazımdır. 2007-ci il iyunun 14-də Beynəlxalq Blogger Gününün üçüncü ildönümündə ümumdünya şəbəkəsinin öz bloqu olan hər bir üzvü bütün bloggerlər arasında həmrəylik haqqında qısa bildiriş yazmışlar.
Bəstəkar, tarzən Məşədi Cəmil Əmirovun 150 illiyi, (1875- 1928)
Məşədi Cəmil Əmirov Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli xidmətləri olan simalardan biridir. O, gözəl tarzən, istedadlı bəstəkar və mahir müğənni olmuşdur. M.C.Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Məşədi Cəmil kiçik yaşlarından Azərbaycan xalq musiqisinə, xüsusən də tara böyük maraq göstərir. Dövrün bir çox sənətkarları kimi Məşədi Cəmil də böyük musiqişünas Nəvvabdan klassik Azərbaycan muğamlarının sirlərini öyrənir. Məşədi Cəmil Şuşa məclislərində ilk dəfə Qaragöz Zülfüqarla çalıb-oxumağa başlayır. 1907-ci ildə Məşədi Cəmil o dövrdə Qafqazın ən böyük mədəni mərkəzlərindən biri olan Gəncə şəhərinə köçür. 1910-cu ildə Məşədi Cəmil bir qrup musiqiçi ilə Riqa şəhərindəki "Qrammafon" şirkətinə dəvət olunur. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. O, 1912-ci ildə Heyratı muğamını nota salıb "Şəhbal" jurnalında nəşr etdirir. 1913-cü ildə Gəncəyə dönən Məşədi Cəmil özü ilə kaman və ud gətirir. 1915-ci ildə uzun çalışmadan sonra Məşədi Cəmil "Seyfəl-mülk" operasını yazır və əsəri səhnələşdirmək üçün bir çox sənətkarları Gəncəyə dəvət edir. Tiflis səfərindən sonra opera İrəvanda səhnələşdirilir. Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Məşədi Cəmil muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır. SSRİ qurulduqdan sonra Məşədi Cəmil Gəncədə dram truppası yaradır. 1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseyinli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Məşədi Cəmil Əmirov 1923-cü ildə "Namuslu qız" operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. Böyük və ustad sənətkar Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncədə vəfat edir və bu şəhərdə də dəfn olunur.
Balabəyov Pərviz Tofiq oğlu
Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub. 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb.
Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə qaz xətlərinin çəkilməsində baş usta işləmişdir. 2015-ci ildən yenidən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam edirdi.
Müddətdən artıq həqiqi hərbi xidmət dövründə Pərviz Balabəyov 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Balabəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədov Sabir Səfər oğlu
Sabir Əhmədov 1989-cu il iyunun 14-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qalıb.
Sabir Əhmədov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sabir Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sabir Əhmədov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Qəhrəmanlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədov İsmayıl Vahid oğlu
İsmayıl Məmmədov 1997-ci il iyunun 14-də Yevlax rayonunda anadan olub.
İsmayıl Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İsmayıl Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov İsmayıl ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qazımətov Rəsul Kamaləddin oğlu
Rəsul Qazımətov 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2008-2019-cu illərdə Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Hadrut döyüşləri zamanı bədənindən üç güllə yarası almasına baxmayaraq döyüşməyə davam edən Rəsul Qazımətov, Ermənistan tərəfinin atdığı sonuncu- dördüncü güllənin başına dəyməsi nəticəsində şəhid olub. Bir həftə nəşi neytral ərazidə qaldıqdan sonra oktyabrın 21-də Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şükürlü Elvin Azad oğlu
Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində almışdır. 2011–2014-cü illərdə C. Naxçıvanski adına Hərbi Liseydə təhsil ilk hərbi təhsilini alıb. 2014–2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Dağatıcı taqım komandiri vəzifəsində xidmət etmişdir.
Atası Azad Şəkərov, ehtiyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Qardaşı Elnur Şükürlü "Vətən Müharbəsi iştirakçısı" və Azərbaycan Ordusunun zabitidir.
Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. 2021-ci il yanvar ayının 22-də 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
A zərbaycanın Respublikasının ərazi bütövlüyünün müdafiə və bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Müdafiə Nazirliyi tərəfindən isə "Şücaətə görə" medalı ilə təltif edilib.