16 Mart
Nasir, dramaturq, tərcüməçi Ağalar İdrisoğlunun 75 illiyi, (1950)
Mehdiyev Ağalar İdris oğlu 1950-ci il martın 16-da Masallı rayonunun Digah kəndində anadan olub. 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işə başlayıb. Sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi dəvət olunub. 40-a yaxın müxtəlif xarakterik rollarda uğurla çıxış edən Ağalar müəllimin oynadığı rolların əksəriyyəti Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının və başqa təşkilatların diplomlarına və mükafatlarına layiq görülüb. Ağalar İdrisoğlu 1976-cı ildə Sumqayıt şəhərində, respublikada ilk dəfə olaraq “Ümid” adlı teatr studiyası yaradıb. Uğurlu çıxışlarına və rəngarəng repertuarına görə 1979-cu ildən Sumqayıt Gənclərinin Xalq Teatrı adlanıb. Ağalar İdrisoğlu 1981-1986-cı illərdə Moskva şəhərində A.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun musiqili teatrlar rejissorluğu fakültəsində qiyabi təhsil alıb. Onun teatrda quruluş verdiyi Mirzağa Atəşin “Şərəfin sandığı”, Xalq şairi Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Georgi Caqarovun “Prokuror”, Əli Səmədlinin “Analar və oğullar”, Georgi Xuqayevin “Qaqutsa, Babutsa, Danel və Dardanel”, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın”, Leonid Cuxavitskinin “Şahzadə və bacatəmizləyən” tamaşaları və başqa əsərlər teatrsevərlər, teatr mütəxəssisləri tərəfindən maraqla qarşılanıb. 1989-cu ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına direktor vəzifəsinə gətirilən A.İdrisoğlu il yarımdan sonra kollektivin istəyi ilə həmin teatra bədii rəhbər və direktor təyin olunub. Bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasına da orijinal quruluşu məhz Ağalar İdrisoğlu verib. Bu teatrlar məhz Ağalar İdrisoğlunun təşkilatçılığı və təşəbbüsü ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda çox böyük uğurla çıxış ediblər. 2009-cu ilin mayında Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdiyindən o, həmin teatrın quruluşçu rejissor vəzifəsinə təyin edilib. Hazırda bu teatrda quruluşçu rejissor işləyir. Azərbaycanın teatr səhnəsinə dünyanın məşhur dramaturqların pyeslərinin gəlişi bilavasitə Ağalar İdrisoğlunun adı ilə bağlıdır. Həmçinin sözügedən dramaturqların bir neçəsinin pyeslərini dilimizə tərcümə edib. O, nasir, dramaturq, publisist kimi də aktiv yaradıcılıqla məşğul olur.
Əsərləri: “İnan mənə” (1986), “Ən xoşbəxt gün” (1987), “Məhəbbət və başqaları” (1990) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 67.
Bəstəkar, cazmen Vaqif Mustafazadənin 85 illiyi, (1940-1979)
Vaqif Əziz oğlu bəstəkar, pianoçu, caz-muğamın banisi. Azərbaycanın Əməkdar incəsənət xadimi (1979).
16 mart 1940-ci ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78") laureatı olmuşdur. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.
Rəşad Taryel oğlu Aslanov
Rəşad Taryel oğlu Aslanov 1984-cü il martın 16-da Goranboy rayonunda anadan olub. 2014-cü il aprelin 24-də hərbi xidmətə çağırılıb. Kəşfiyyatçı Rəşad Aslanovun son döyüşü Murov zirvəsi uğrunda olub. Sentyabrın 29-dan ailəsi ondan xəbər tutmayıb. Dekabrın 26-da Rəşadın şəhid xəbəri gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aslanov Rəşad ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və ”Vətən uğrunda” medalları ilə təltif edilib.
Seymur İlham oğlu Cabbarov
Seymur Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. 1993-2001-ci illərdə R. Abbasov adına Çərçiboğan кənd tam orta məкtəbində, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun kapitanı olan Seymur Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Cabbarov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zeynalı Əlləz oğlu Dursunov
Zeynalı Əlləz oğlu Dursunov 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axıska türklərindəndir. 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olan Zeynalı 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014-2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub. Zeynalı 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Zeynalı II Qarabağ Müharibəsi zamanı işğal altında olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. O, oktyabrın 14-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zeynalı Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Dursunov Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında da fərqləndiyi üçün Prezident İlham Əliyevin Sərəncamına müvafiq, ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Habelə ölkə Prezidentinin digər Sərəncamına uyğun olaraq, şəhidimiz müharibə zamanı döyüş tapşırıqlarını cəsarət və fədakarlıq göstərərək yerinə yetirdiyi üçün ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə də təltif edilib.
Əfşan Əbülfəz oğlu Hüseynov
Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Əfşan Hüseynov 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Xidməti dövründə "baş leytenant" hərbi rütbəsinə yüksəlib. Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Ermənistan Ordusunun bir neçə postunu və texnikasını ələ keçirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzuli döyüşləri zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.
Əfşan Hüseynov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.