19 mart

Möhlət Eldəniz oğlu Abbasov

Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinifinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı. Amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur. Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub. 

Ölümündən sonra döyüşlərdə göstərdiyi igidliklərə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

Həmdulla Aslan oğlu Abdullayev

Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə K.Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb. Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Zəka Zakir oğlu Abışov

 Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli rayonunda döyüşlərə qatılmış, Füzuli əməliyyatında və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişdir. Abışov Zəka noyabr ayının əvvəlləri düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi 22 noyabr tarixində Qızıldaş qəsəbəsinə gətirilmiş, burada qəsəbə sakinləri tərəfindən böyük izdihamla qarşılanmış və ailəsinə təhvil verilmişdir. Şəhid 23 noyabr tarixində Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırılmışdır.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

 

Raqim Teymur oğlu Hadıyev

Raqim Teymur oğlu Hadıyev 1999-cu il martın 19-da Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilimi Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. Raqim 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Hərbi Komissarlığa müraciət edib və müraciəti qəbul edilib. Raqim Hadıyev Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 4-ü Qubadlı uğrunda gedən döyüşdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları, Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

Malik Samik oğlu Xeyirbəyov

 Malik Samik oğlu Xeyirbəyov 19 mart 2002-ci ildə Qusar rayonunun Cibir kəndində dünyaya göz açıb. O, 2008-ci ildə orta məktəbə daxil olub. Orta təhsilini uğurla alan Malik Odlar Yurdu Kollecinə qəbul olub. Lakin qəhrəmanımız Kolleci yarımçıq saxlayaraq hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak edib. Füzuli, Cəbrayıl, və Hadrut döyüşlərində vuruşub. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.