5 May
Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)
1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu işlər onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır.
BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış 2008-ci il 12 dekabr tarixli müraciətdə "Əlillərin hüquqları haqqında" Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1), Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2) məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat tədbirlərin görülməsi təklif edilmişdir. Bu UNİCEF-in həmin istiqamətdə hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir.
Xalq artisti, aktyor, rejissor, pedaqoq Adil İsgəndərovun 115 illiyi, (1910-1978)
1943-cü ildə Azərbaycan SSRİ Xalq artisti, 1959-cu ildə SSRİ Xalq artisti adı verilən sənətkar, həm də Dövlət Mükafatı Laureatı və bir sıra orden və medallarla təltif olunub.
Adil İsgəndərovun oynadığı rollarla və çəkdiyi filmlərlə Azərbaycan kino tarixinə adını qızıl hərflərlə yazdırıb. Adil İsgəndərov Gəncə şəhərində anadan olub. Cəfər Cabbarlının təşəbbüsü ilə Teatr texnikumunda təhsil alıb. Sonra isə Moskva Dövlət Teatr İncəsənəti İnstitutuna qəbul olunub. Vətənə qayıdandan sonra 26 yaşlı Adil İsgəndərov Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. Daha sonra isə direktor təyin edilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb. Sənətkar teatrda özünəməxsus sənət mühiti yaradır. Bir-birinin ardınca "Həyat", "Xoşbəxtlər" və başqa bu kimi ciddi əsərləri müvəffəqiyyətlə tamaşaya qoyur, gənc aktyor və rejissorların yetişməsində canlı universitet kimi fəaliyyət göstərir. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqin səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirib. Təşkilatçılığı, bacarığı və mükəmməl kadr seçiminə görə Adil İsgəndərovu "Azərbaycanfilm" kinostuduyasına direktor təyin edirlər. Onun kinoda ilk rejissor işi olan "Əhməd haradadır?" filmi təəssüf ki, Adil İsgəndərovdan qalan yeganə sənət nümunəsidir. Onun "Ulduzlar sönmür", "Qanun naminə", "Uzaq sahillərdə" və başqa filmlərdə yaratdığı obrazlar çox uğurlu və yaddaqalan olub, "Axırıncı aşırım"dakı Kərbəlayi İsmayıl rolu isə xüsusi mükafata layiq görülüb. Adil İsgəndərovun rəhbərliyi ilə çəkilən filmlər, yaratdığı obrazlar azərbaycan kinosunun şöhrət və inkişafının çox önəmli səhifələrini təşkil edir. Görkəmli rejissor, istedadlı aktyor uzun illər Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə də məşğul olub, yüzlərlə istedadlı aktyor və rejissorun yetişməsində öz zəngin təcrübəsi, nümunəviliyi, intellekti ilə dövrünün ən şöhrətli, fenomenal müəllimi kimi tanınıb. Adil İsgəndərov öz sənət sahəsinin, daha doğrusu, sahələrinin universal bilicisi və bələdçisi olub. O, öz sənətinə möhkəm tellərlə bağlı bir sənətkar idi. Adil müəllimin Azərbaycan səhnəsi və kinosuna verdiyi bütöv bir püxtə nəsil - aktyor və rejissor kadrları "Adil İsgəndərov məktəbi" kimi şərəfli bir deyimlə də nəticələnib.
Ədəbiyyatşünas, şair Əkrəm Cəfərin 120 illiyi, (1905-1991)
O, hər türkoloq-alimə nəsib olmayan bir ömür yaşayıb. 1932-ci ildə Moskva Dövlət Universitetini, 1934-cü ildə aspiranturanı bitirib, görkəmli türkoloq-alim, akademik A.N.Samoyloviçin rəhbərliyi ilə “XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri (1905-1936-cı illər)” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Əkrəm Cəfər 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilin oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929-1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris etmişdir. 1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji institutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olmuşdur. Ə. Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə isə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı almışdır. Ə. Cəfər "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarını və bir çox elmi-tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında onun də böyük əməyi vardır. Əkrəm Cəfər 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1991-ci il avqustun 18-də Bakıda vəfat etmişdir. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi-tədqiqat əsərlərinin müəllifidir. İnternetdə: https://az.wikipedia.org/wiki/Əkrəm_Cəfər
Şair Ağa Laçınlının 85 illiyi, (1940 - 2007)
Əliyev Ağa Əliqəmə oğlu (Ağa Laçınlı) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi.
Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb. Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub. Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib. Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.
Kitabları: “Ümid” (1966), “Sakitlik” (1970), “Sirli-soraqlı dağlar” (1971), “Torpağın gücü” (1973), “Ana duyğusu” (1976), “Aşırımlar qarşısında” (1978), “Vaxt yetişəndə” (1980), “Sevgimizlə sevindirək” (1981), “Meşə nəğməsi” 1985), “Gecə yuxusu” (1986), “Homer” (1989), “Alın yazımız”(1992) və s.
Elmi əsərləri: "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri", "Homer dastanlarında türkçülük".
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 36.
Yazıçı Yusif Kərimovun 85 illiyi, (1940)
Kərimov Yusif Abbas oğlu – nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975).
Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957-1962). "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964-1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) işləmişdir. "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981-1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləmişdir. Hazırda İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışır (2001-ci ildən). Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) seçilmişdir. Hazırda Azərbaycan Gənclər İttifaqının büro üzvüdür (1991-ci ildən). Azərbaycan gənclərinin rəsmi nümayəndə heyəti tərkibində keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikasında olmuşdur (1982). Avropa və Şərq ölkələrinə rəsmi səfərlər etmişdir (1980-1990).
Əsərləri: “Yollar... Axtarışlar...” (1969), “Bir buta gül” (1972), “Tavridada şimşək çaxır” (1977), “Üçbucaq” (1979), “Gün ötər, geri dönməz” (1984), “Qırmızı sahil” (1988), “Lalə və kəpənək” (1994), “Pərişan eşqim” (1998), “İtkilər və ümidlər” (1999), “İçimə açılan pəncərə” (2003), “Qarabağ şikəstəsi” (2003).
Filmoqrafiya: Torpağın mahnısı (film, 1980), Mətbuat fədaisi (film, 2007).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 936.
Yazıçı Həsən Mehdiyevin 100 illiyi, (1925 -2001)
Mehdiyev Həsən Musa oğlu nasir, publisist, 1968 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həsən Mehdiyev 1925-ci il mayın 5-də Naxçıvanın Babək rayonunun Yeniyol kəndində anadan olmuşdur. Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra müəllim işləmişdir(1941-1942). İkinci Dünya müharibəsi dövründə 360-cı Nevelsk -Polotsk atıcı diviziyasının tərkibində ön cəbhədə döyüşlərdə olmuşdur: iki dəfə ağır yaralanmışdır. Ordudan tərxis ediləndən sonra Şahbuz rayon icraiyyə komitəsində işlər müdiri, Naxçıvan rayon komsomol komitəsinin katibi, Bakıda ikiillik partiya məktəbinin müdavimi olmuş, Naxçıvan Nazirlər Soveti və Vilayət partiya Komitəsində çalışmışdır. Bakıya köçəndən sonra Azərbaycan Baş Mətbuat İdarəsində baş redaktor, şöbə müdiri, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində redaksiya müdiri (1967-1972), Azərbaycan SSR “Bilik” cəmiyyətində baş referent (1972 – 1975) vəzifələrində çalışmışdır. “Elm və həyat” jurnalında baş redaktor işləmişdir. (1975-19930). Ədəbi fəaliyyətə 1958-ci ildə “Azərbaycan qadını” jurnalında çap olunan “Sevgi rapsodiyası” hekayəsi ilə başlamışdı. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Son əsəri “Dünyamı qaytar mənə” romanıdır (1989). 2001-ci il avqustun 21-də Bakı şəhərində vəfat etmişdir.
Əsərləri: “Naxçıvan” (1959), “Ovçu Səməndərin hekayələri” (1960), “Keçi, quzu, dana” (1961), “Sevgi rapsodiyası” (1969), “Əlvida demədik” (1969), “Mənim Gülgəz bacım” (1971), “Foto – poeziya” (1975), “Dağ çiçəyi” (1980), “Oxşar talelər” (1982), “Sənsiz keçən günlərim” (1985) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 371.
Məhəmməd Cavanşir oğlu Babazadə
Məhəmməd Babazadə 1995-ci il mayın 5-də Astara rayonunun Marzəsə kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Babazadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunun Marzəsə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Bəhram Sakit oğlu İbrahimov
Şəhid Bəhram Sakit oğlu İbrahimov 5 may 1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib. Bəhram Vətən müharibəsi dövründə 30 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılıb. Goranboy və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il oktybarın 7-də gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvar ayında tapılaraq ailəsinə təhvil verilib.
Şəhid Bəhram İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.
Elvin Azər oğlu Qədirov
Elvin Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qədirov sentyabrın 27-də Ağdam döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)
1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu işlər onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır. BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış 2008-ci il 12 dekabr tarixli müraciətdə "Əlillərin hüquqları haqqında" Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1), Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2) məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat tədbirlərin görülməsi təklif edilmişdir. Bu UNİCEF-in həmin istiqamətdə hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir.