29 May

Ağayev Əmirağa Mahir oğlu

 Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır.

 Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır.

 Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

  

Əliyev Timur Nurəddinoviç oğlu

Timur Əliyev 1984-cü il mayın 29-da Çirçig şəhərində anadan olub. 1998-ci ildən ailəsi ilə birgə Azərbaycanda yaşamağa yaşlayıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

 Timur Əliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Timur Əliyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Timur Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Timur Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Timur Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Süleymanov Rauf Allahverdi oğlu

 Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994–2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

 Rauf Süleymanov 2005–2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.

 Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Şəhid Rauf Süleymanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.