16 iyun
Beynəlxalq Atalar Günü, (1909)
Dünyanın bir çox ölkələrində iyunun üçüncü bazar günü Atalar Günü (Father's Day) kimi qeyd olunur. Onu ilk dəfə ABŞ-da qeyd etməyə başlamışlar. Sonora Smart Dodd 1909-cu ildə kilsədə Analar Gününə həsr olunmuş ibadət zamanı düşünmüşdür ki, anasının ölümündən sonra onu və daha beş uşağı atası böyüdüb tərbiyə etmişdir. Sonra atasının özü üçün necə xüsusi insan olduğunu, onu necə sevdiyini və qiymətləndirdiyini bilməsini istəmişdir. Bu ənənə bir çox ölkələrə yayılmışdır və hər kəs atasına öz sevgisini bildirmək üçün bu günü əlavə bir fürsət hesab edir.
Baxşəliyev Nicat Ziyafət oğlu
Nicat Baxşəliyev 1993-cü il, iyunun 16-da Bərdə rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarında anasını itirmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Nicat Baxşəliyev Ağdərə döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əsgərov Musa Rövşən oğlu
Əsgərov Musa Rövşən oğlu 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulmuşdur.
2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirmişdir.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşmüşdür.
27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində həlak olmuşdur. 9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsənli Elçin Vaqif oğlu
Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda Həsənsu kəndində anadan olub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə A. Abdullayev adına 211 saylı Nəsimi rayon tam orta məktəbi bitirib, 2010–2014-cü illərdə Azərbaycan Texniki Universitetində Elektrotexnika ve Energetika fakültəsində təhsil alıb. 2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə Elektrik mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində "Bərpa olunan enerji qaynaqları" üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda ASAN Xidmətin əməkdaşı olub. Doktorantura pilləsi üzrə təhsilini isə 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində alırdı. Elçin Həsənli Şirvan şəhərində mühəndis olaraq fəaliyyət göstərirdi. Subay idi.
Elçin Həsənli 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmayılov Sabir Ədalət oğlu
Sabir İsmayılov 16 iyun 1998-ci ildə Sabirabad rayonunda dünyaya gəlmişdir. O, İlk təhsilini Sabirabad şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbində almışdır. Sabir İsmayılov ailədə 4 bacının bir qardaşı idi.
Hərbi xidmətini döyüş bölgəsi olan Tərtərdə “N”saylı hərbi hissədə keçərək, pulemyotçu vəzifəsinə qədər yüksəlir. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ,o, yenidən geri dönmək, müddətdən artıq xidmətini davam etdirmək haqqında düşünüb. Sabir müharibə başlayanda ailədən xəbərsiz Sabirabad rayon Səfərbərlik Xidmətinə rəsmi müraciət edib, könüllü olaraq döyüşə getmək istədiyini bildirib. Sabir İsmayılov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Suqovşan kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
İsmayılov Sabir Ədalət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Musayev Ələkbər Əlövsət oğlu
Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Atası — Əlövsət Musayev Qarabağ müharibəsi iştirakçısıdır. 2006-2017-ci illərdə şəhid Aqşin Mehdiyev adına Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbində orta təhsil almışdır.
Ələkbər Musayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 29-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb və Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ələkbər Musayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Qarayev Anar Çingiz oğlu
Anar Qarayev 1998-ci il iyun ayının 16-si Qax rayonunun Almalı kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Anar 2016-cı ildə UNEC Zaqatala filialına qəbul olub, universiteti fərqlənmə ilə bitirib. O, universitetdə oxuduğu müddətdə heç bir müəllim yanına getmədən ərəb, alman, ingilis və rus dillərini təmiz öyrənib.
Anar 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, sentyabrın 15-də Ağdamın “N” saylı hərbi xidmətini davam etdirib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Anar Qarayev 4 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşdə şəhid olub. Qaxın Almalı kəndində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.