27 iyun
Bəhruz Əhmədov
Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olmuşdur. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil oluşdur. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. Bəhruz, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanıb. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Bəhruz böyük arenalarda özünü sınadı, həmişə də qələbə ilə evə döndü. Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından tərxis olunub. Bundan sonra öz üzərində ciddi çalışmaqla bir sıra uğurlara imza atıb. O,müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və və Birinciliyində iştirak edib, diplomlarla mükafatlandırılıb. Tanınmış idmançı idmana həvəsi olan uşaqlara və gənclərə bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayıb. Bəhruz müəllimliklə yanaşı, öz üzərində ciddi çalışmaqda davam edib və 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”qara kəmər”ustası adına layiq görülüb. 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gələrək könüllü olaraq ordu sıralarına yazılır. Əhmədov Bəhruz oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərində ağır yaralanıb və şəhidlik məqamına yüksəlib. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonar ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Cəsarət Səfərov
Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub.[1] Onun əmisi oğlu — Şahmar Səfərov da Vətən müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Sabir Heydərov
Sabir Heydərov 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olub.[1] 2004-2015-ci illərdə Şamaxı şəhərində E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Evli idi. Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Heydərov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Heydərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Heydərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəqan Məmmədov
Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi. Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib. Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Vahid oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Məmmədov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Məhəmməd Vəliyev
27 iyun 1996-cı ildə Masallı rayonunun İmanlı kəndində anadan olub. 2003-cü ildə Binə Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. Ailəli idi. İki uşağı var. 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub. Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və Füzuli döyüşlərində həlak olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Rameş Zəkiyev
Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak etmişdir.Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa catdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər. Dəfn mərasimində rayon icra nümayəndəsi də iştirak etmişdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. Doğulduğu Astara rayon Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidi Rameş Zəkiyevin xatirəsi əbədiləşdirilib.