6 iyul

Azad Novruz oğlu Abbasov

Azad Abbasov 6 iyul 1977-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1992-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmiş, 1992-1995-ci illərdə təhsilini 2 saylı Peşə liseyində (indiki Gəncə Dövlət Sənaye və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzi)  davam etdirmişdir.

1995-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Azad Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdü. Uzun müddət nəşi tapıla bilməyib. 19 dekabr 2020-ci ildə tapılan nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Abbasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azad Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

 

İsmayıl Nəbi oğlu Qəsəbov 

İsmayıl Qəsəbov 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində anadan olub. 1998-2009-cu illərdə şəhid Elşən Cəfərov adına Qazax rayon Çaylı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. İki oğlu var.

İsmayıl Qəsəbov 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2013-cü ildən Azərbaycan Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan İsmayıl Qəsəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Qəsəbov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş İsmayıl Qəsəbov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İxtiyar İlqar oğlu Əliyev 

İxtiyar Əliyev 1994-cü il iyulun 6-da  Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu Vətən müharibəsi qazisidir.

Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib. Onun nəşi 14 oktyabr 2021 -ci il tarixində Goranboy rayonunun Goranlı kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İxtiyar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.