12 iyul

Hüseyn İsaq oğlu Yusibov 

Hüseyn Yusifov 12 iyul 2002-ci il tarixində Ağstafa rayonunun Poylu kəndində dünyaya gəlib. 2009-cu ildə Ağstafa rayon Poylu kəndində yerləşən Sirəcəddin Məmmədov adına tam orta məktəbinə gedib. 2014-cü ildən isə 6-sinifdən təhsilini Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbində davam etdirib. 2020-ci ildə Hüseyn orta məktəbi bitirib. 2020-ci ildə hərbi xidmətə çağırılmışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hüseyn Yusifov Suqovuşan və Ağdərə döyüslərində savaşıb. 2020-ci il oktyabrın 2-də isə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 88 gün itkin düşmüş sayılan əsgərimizin nəşi dekabrın 26-da aşkarlanıb. Hüseyn Yusifov Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən, "Suqovuşanın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Elnur Kamil oğlu Allahverdiyev 

Elnur Allahverdiyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmiş, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir.

Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Allahverdiyev 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən  "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Rufiz Şirzad oğlu Budaqov 

Rufiz Budaqov 1977-ci il iyulun 12-də Ordubad rayonunun Tivi kəndində anadan olub. Ailəli idi. 2 qızı və 1 oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rufiz Budaqov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra "Qarabağ" ordeni, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vidadi Murad oğlu Əhmədov 

Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Vidadi Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Əhmədov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

 

Cəlil Qüdrət oğlu Əliyev 

Cəlil Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 22-də Hadrut döyüşlərində həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Elşad Suliddin oğlu Mahmudov 

Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır.

Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir.

Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Mahmudov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Mahmud Əflatun oğlu Mayıllı  

Mahmud Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olmuş, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanmışdır. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlamış, 29 noyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olduğu xəbəri gəlmiş və 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 

Sahil Ədalət oğlu Məmmədov 

Sahil Məmmədov 1996-cı il iyulun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub.  Alı Mustafayev adına Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kənd 1 saylı tam orta məktəbində orta təhsil almışdır.

Azərbaycan Ordusunun giziri olan Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmmədov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Şahmar Ağasəf oğlu Məmmədov 

Şahmar Məmmədov 1977 ci il iyul ayının 12-i Mingəçevir şəhərində anadan olmuşdur. 1983 ci ildə Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli (saylı) orta məktəbə getməyə başlamış, 1991-ci ilədək həmin məktəbdə təhsil alıb.  1993–1995 ci illər 39 saylı Peşə Məktəbində təhsil almışdır. 1995 ci il iyul ayında həqiqi hərbi xidmətə getmişdir.

2014 ci il iyul ayında N saylı hərbi hissədə MAHHXHQ kursuna daxil olmuş, 2014 ci ilin sentyabrında həmin kursu bitirib, N saylı hərbi hissədə tuşlayıcı operator vəzifəsində xidmət etməyə başlamışdır. 2016 ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şahmar Məmmədov Suqovuşan döyüslərində savaşıb. 27 sentyabr 2020-ci il tarixindən başlayan döyüş əməliyyatlarında Gülüstan istiqamətində PDM-2 zirehli texnikası ilə düşmənin 1 minaatan heyətini və 3 atəş mövqeyini dəqiq atəşlə məhv edib və qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən  "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Orxan Əli oğlu Mirzəyev 

Orxan Mirzəyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsilini almışdır.

Orxan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Orxan Mirzəyev 2 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Aşağı Cürəli kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Xalid Rafiq oğlu Qasımov 

Xalid Qasımov 1996-cı il iyulun 12-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xalid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Qasımov oktyabrın 14-də Zəngilan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Döyüşdə fərqlənməyə görə" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Murad Ağaməmməd oğlu Rzazadə

Rzazadə Murad Ağaməmməd oğlu 12 İyul 2002-ci il tarixində Salyan rayonu Marışlı kəndində anadan olub. 4 bacının 1 qardaşı olan şəhid Murad Rzazadə 2008-ci ildə Arvatan kənd Elşən Ağayev adına tam orta məktəbində 1-ci sinfə başlayıb. O, uşaq yaşlarından valideynlərinə deyərmiş ki, “mən böyüyəndə Qarabağı azad edəcəm”. Elə bu arzusu da yerinə yetir. 2020-ci il Vətən müharibəsi başlayan zaman şəhid Murad Rzazadə döyüşlərdə iştirak edir. 04.10.2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində həlak olmuşdur.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində vuruşaraq həlak olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzazadə Murad Ağaməmməd oğlu ölümündən sonra Ağdam və Suqovuşanın azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif edilmişdir.

 

Eldar Bağır oğlu Şirinov

Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Niyaməddin İsrafil oğlu Ələkbərov 

Niyaməddin Ələkbərov 1989-cu il iyulun 12-də Şərur şəhərində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Niyaməddin Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Niyaməddin Ələkbərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.