30 iyul
Beynəlxalq Dostluq Günü, (2011)
Bu gün 24 aprel 2011-ci ildə BMT-nin qərarı ilə təsis olunmuşdur. Bütün planetin marağında olan Beynəlxalq Dostluq Günü əsasən zorakılığa qarşı olmaqla, mədəniyyətlərin dostluğunu nümayiş etdirir. BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir. Bu münasibətlə Baş Məclis tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığı və böyük əhəmiyyəti vurğulanmışdır.
Baş Məclis qurumun üzvü olan ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun qeyd etməyi məsləhət görmüşdür.
Şahin Şamxal oğlu Fətaliyev
Şahin Fətaliyev 30 iyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şahin Fətaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Fətaliyev 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Fətaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Fətaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Fətaliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Mikayıl oğlu Məmmədov
Şəhid Məmmədov Elməddin Mikayıl oğlu 1995-ci il iyulun 30-da Şəki rayonunda dünyaya gəlib. 2001-2012-ci illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb. 2020-ci il avqustun 19-u hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabr ayında müharibənin qızğın dövründə Talış-Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur. 2 noyabr 2020-ci ildə Turan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi.
Elməddin Mikayıl oğlu Məmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.
Kamal Şamil oğlu Məmmədov
Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində təhsil alıb. Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamil Mətləb oğlu Salahov
Salahov Kamil Mətləb oğlu 1998-ci il iyulun 30-da Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. Müharibənin ilk günlərindən ön cəbhədə olan Kamil Salahov Talış və Suqovuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. Qəhrəmancasına döyüşən K.Salahov Vətən müharibəsinin ilk günlərində şəhid olan hərbçilərimizdən olub. Düşmənin doqquz postunu yaran qəhrəmanımız yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub. Sentyabrın 28-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalan K.Salahov sentyabrın 29-da Yevlax rayonunun Aran qəsəbə qəbiristanlığında dəfn olunub. Ailəli idi.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Salahov Kamil Mətləb oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.