21 Sentyabr

Beynəlxalq Sülh Günü, (1981)

BMT bu günü 1981-ci ildə təsis edib. İlk Sülh Günü də 1981-ci ilin sentyabrında  qeyd  olunub.  O  vaxtdan  Beynəlxalq  Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr gününü müəyyənləşdirib və bu tarixi Ümumdünya Atəşkəs Günü elan edib. Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alıb, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladıb, müharibəni dayandırmaqla, ölkədə sabitliyə nail olub. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu tarix boyu bəşəriyyəti düşündürüb. 

 

İntiqam Yavər oğlu Abbasov

İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Masallı rayonunun Köcəkli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Çingiz Sulduz oğlu Babayev

Çingiz Babayev 2001-ci il sentyabrın 21-də Lerik rayonunun Mistan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Çingiz Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çingiz Babayev oktyabrın 11-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çingiz Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Çingiz Babayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elməddin Hümbət oğlu Cəfərov

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Cəfərov Elməddin Hümmət oğlu 21 sentyabr, 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində anadan olub. 2020-ci il, oktyabrın 9-da Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin nəşi 20 gün sonra o ərazidən götürülüb və oktyabrın 30-da Şurabad kəndində torpağa tapşırılıb.

Düşmənin çox sayda canlı qüvvəsini məhv edən Elməddin Cəfərov Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən Uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

Fərid İlyas oğlu Nadirov

Fərid Nadirovdur 2000-ci il sentyabrın 21-də Göyçay rayonunda anadan olub. İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaətlər göstərdiyi üçün "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

Vüsal Yəhya oğlu Salamov

Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Ə.Əliyev adına 125 №li tam orta məktəbdə alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

İsax Ədalət oğlu Verdiyev

Verdiyev İsax Ədalət oğlu 1997-ci il sentyabrın 21-də Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.05.10.2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.