19 oktyabr

Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Seyidzadənin 115 illiyi, (1910-1979)

Hüseyn Seyidzadə 1910-cu il oktyabr ayının 19-da İrəvanda doğulub. Ermənilərin tənələrindən cana doymuş Seyidzadələr ailəsi əvvəl Tbilisiyə, sonra isə Bakıya köçməli olub. Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi. Hüseyn Seyidzadə müharibədən əvvəl rejissor Niyazi Bədəlovla "Ayna" adlı filmin çəkilişlərinə başlamışdı. Bu filmdə müharibəyə sovqat göndərən insanların böyük vətənpərvərlik duyğularından söhbət açılır. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana "O olmasın, bu olsun" filmi çıxarıldı. Bu film böyük Üzeyirin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi. "O olmasın, bu olsun" Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Bu filmin yaranma tarixi haqqında çox yazılıb. Onu əlavə etmək olar ki, film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi. Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, Amerika Birləşmiş Ştatları, İsveçrə, Macarıstan və sair ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır. Ümumiyyətlə, Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. "Qatır Məmməd" filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu. Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin. "Yenilməz Batalyon"da da, "Koroğlu"da da, "Qayınana"da da bunlar çox aydın görünür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. 1979-cu il iyunun 2-də bu böyük sənətkar dünyasını dəyişdi.

Filmoqrafiya: Bakılılar (film, 1938), Bir ailə (film, 1943), Bütün qadağaların fövqündə (film, 2002), Dəli Kür (film, 1969), Doğma xalqıma (film, 1954),Əbədi odlar ölkəsi (film, 1945),Əlsiz adamlar (film, 1932), Fəallıq (film, 1975), İlk komsomol buruğu (film, 1930), Koroğlu (film, 1960), Qayınana (film, 1978), Qədəmlərin mübarək (film, 1976), O olmasın, bu olsun (film, 1956), Sovqat (film, 1942),Var olun, qızlar... (film, 1972),Yenilməz batalyon (film, 1965) və s. 

 

Tural Fəzayıl oğlu Abbasov

Tural Abbasov 19 oktyabr 1989-cu ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Şöhrət Hüseynov adına Şəmkir rayon Qılıncbəyli kənd tam orta məktəbində almışdır. Azərbaycan Ordusunun əsgəri olan Tural Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Abbasov 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sahib Azər oğlu Həsənov

Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahib Həsənov 17 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Seymur Hacırəsul oğlu Məmmədli

Seymur Məmmədli 19 oktyabr 1996-cı ildə Qaxda anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Seymur Məmmədli Füzuli, Cəbrayıl və Xocavənd döyüşlərində savaşıb. 2020-ci il oktyabrın 11-də yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 19 oktyabr 2020-ci ildə Seymur Məmmədli Qaxda torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.