28 Oktyabr

Beynəlxalq Animasiya Günü, (2002)

Beynəlxalq Animasiya Günü (International Animation Day) 2002-ci ildən etibarən qeyd edilir. Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, 1892-ci ilin 28 oktyabrında  fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun ilk nümayişinin 110 illik yubileyi münasibətilə təsis olunub. Bu günün neçə yüz illik tarixi var. 

İxtiraçı “optik teatr” adlanan bu cihaz vasitəsilə əllə çəkilmiş rəsmləri hərəkətə gətirib. Animasiya  sənəti  bu  gün  elə  bir  dövrünü yaşayır ki, ona nəinki uşaqlar, böyüklər də həvəslə baxırlar. 

Baxmayaraq  ki,  Hollivud  maraqlı  animasiya  məhsulu ilə bizi tez-tez sevindirir, lakin milli cizgi filmlərimizin yaddaşımızda öz yeri var.

Azərbaycanda 1969-cu ildən bu günə  qədər  92, son 10 ildə  isə  təxminən  20-yə  yaxın  cizgi  və  animasiya  filmi  istehsal  edilib.  

Filmlərin  nümayişinə  gəlincə F.Əhmədov bildirdi ki, kinoteatra ən azı 1 saatlıq film verilməlidir. Bizim filmlərinböyük əksəriyyəti 10 dəqiqəlikdir. 

Səbəb isə animasiyanın böyük vaxt və zəhmət tələb etməsidir. Ona görə də tammetrajlı animasiya filminin istehsalı nəzərdə tutulub və onun prokatı təşkil olunacaq.

 

Şair Hüseyn Nadirin 95 illiyi, (1930-1999)

Hüseynov Hüseyn Ağaməmməd oğlu şair, 1958 – ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Hüseynov Hüseyn Ağaməmməd oğlu 1930-cu il oktyabrın 28-də Kürdəmirdə anadan olmuşdur. Orta təhsilini Kürdəmirdə almışdır (1947). Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş (1951), Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdindəki M. Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. Ədəbi yaradıcılığa 1948 - ci ildən başlasa da “Məktub” adlı ilk mətbu şeiri 1952 - ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdur. 

Əsərləri: “Zvonkoe ruslo” (1959), “Yaz çiçəkləri” (1961), “Keçim – keçməyim” (1969), “Müstəntiqin xatirələri” (1971), “Evlənmə, amandır” (1975) və s.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 391.

 

Hüseynov Məhəmməd Alik oğlu

 Məhəmməd Hüseynov 1993-cü il oktyabrın 28-də Beyləqan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Məhəmməd Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Hüseynov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hüseynzadə Elgiz İbrahim oğlu

Elgiz İbrahim oğlu Hüseynzadə 28 oktyabr 2001-ci ildə Tərtər rayon Bəyimsərov kəndində dünyaya gəlib. Əslən Kəlbəcərli idi.

Azərbaycan Ordusunun əsgəri olan Elgiz Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsində savaşıb. O, 22 oktyabrda Füzuli istiqamətində gedən döyüşdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elgiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Elgiz Hüseynzadə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

İsmayılov Kənan Mənsur oğlu

Şəhid İsmayılov Kənan Mənsur oğlu 28.10.1994-cü ildə Yevlax rayonu Xanabad kəndində dünyaya gəlib.

Talış Suqovuşan bölgəsində döyüşüb.

10.10..2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur.

“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

Mehtiyev Taleh Musa oğlu

Taleh Mehdiyev 28 oktyabr 2001-ci ildə Bakıda dünyaya gəlib. 2008-ci ildə Sabunçu 170 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2017-ci il həmin məktəbin 9-cu sinfini bitirmişdir. Aprel 2020-ci ildə hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Taleh Mehdiyev Tərtər Ağdərə savaşlarinda iştirak edib. O, 7 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Ramanı Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Mehdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Mustafayev Nicat Bəkir oğlu

Mustafayev Nicat Bəkir oğlu 2001-ci ilin oktyabr ayının 8-də Bakı şəhərində dünyaya göz açmışdı. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı rayonu Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsi yaşayırdı. 6 yaşında Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 1 –ci sinifinə yollanmış və 9-cu sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etdirmişdi.Mustafayev Nicat uşaqlıqdan idmanla maraqlanırdı. 7 yaşından fərqli idman növləri ilə, xüsusən güləş ilə məşğul olmuşdu. Çoxlu medal və diplomları var idi. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırmışdı. Ad günündən 2 gün sonra, oktyabrın 10-u həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində həqiqi hərbi xidmətə yollanmış və əsgərlikdə Nicat idmançı olduğuna görə, kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilmişdi. Bir il olardı əsgərliyə getmişdi. Nicat da digər igid qəhrəmanlarımız kimi döyüşə həvəslə, inamla, qəhrəmanlıq hissiylə qoşulmuş və igidcəsinə döyüşmüşdü. Müharibənin başlamasından 2 gün qabaq sentyabrın 25-i günü anasına zəng edib “Ana, yenə təlimə gedirik. Bu axırıncı təlimimizdi. Burdan sağ-salamat qayıtdıq-qayıtdıq, bir də heç vaxt təlimə getməyəcəyik. Qayıtmasam, haqqınızı halal eləyin. Qayıtsam, gələndə hər şey yaxşı olacaq. Qoymayacağam atamla sən əziyyət çəkəsən, işləyəsən”.

Son dəfə ailəsiylə oktyabrın 3-ü telefonla danışıb. O tarixdən sonra Nicatla əlaqə qura bilməyiblər. Nicat ilk dəfə Murov istiqamətində döyüşüb. Ordan Füzuli, Cəbrayıl istiqamətinə yollanmış və Füzuli istiqamətində döyüşlərdə qarın hissəsindən snayper gülləsiylə vurulmuşdur. Azərbaycanın qəhrəman övladı, Azərbaycan bayrağını idman yarışlarında göylərə ucaldan Nicat indi də özü göylərə ucalmışdır. Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Nicat Bəkir oğlu Mustafayev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.

 

Quliyev Fərid Ayazxan oğlu

Fərid Quliyev 1994-cü il oktyabrın 28-də Cəlilabad rayonunun Babalı kəndində anadan olub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Fərid Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Quliyev oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Babalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.