2 Noyabr
Abbasov Murtuz Çingiz oğlu
Murtuz Abbasov 1998-ci il noyabrın 2-də Lerik rayonunun Soru kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Murtuz Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murtuz Abbasov oktyabrın 28-də Zəngilan döyüşləri zamanı Mincivan istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Abdullayev Sərxan Elxan oğlu
Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Atası — Birinci Qarabağ müharibəsinin veteranı Elxan Abdullayevdir. 1995-2006-cı illərdə Qazax şəhərində M. Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb. Cəmilə Abdullayeva ilə ailəli idi. Orxan və Turan adında 2 övladı yadigar qaldı. Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərxan Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Abdullayevə məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Təltifləri
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
Mollaçıyev Əhməd Rəcəb oğlu
Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub. 2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Əhməd Mollaçiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Şair Emil Azərin (Mehdiyev) anadan olmasının 85 illiyi, (1937-1991)
Emil Azər (Mehdiyev) Azərbaycanın Naxçıvan şəhərində qulluqçu ailəsində doğulmuşdur.1950-ci ildən ailəliklə Bakıda yaşamışdır. Burada 116 saylı məktəbi, sonra isə ADU-nun filologiya fakultəsini bitirmişdir. Ədəbi fəaliyyətə “Ordubad işçisi” qəzetində (1949-cu il iyun) çap etdirdiyi “Dahi rus sənətkarına” adlı şeir ilə başlamışdır. Həmin şeir A.S. Puşkinə həsr olunmuşdur. 1974-cü il aprelin 15-dən Bakı şəhər Oktyabr rayonu Korlar Cəmiyyətinin mədəniyyət evində metodist işləmişdir.
Emil Azər 1991-ci il fevralın 21-də Bakıda vəfat etmişdir.
Kitabları: “Gənclik” (1961), “Dörd qardaşım var” (1966), “Köçəri quşlar” (1971), “Əkizlər” (1974), “Damcılar” (1978), “Görmək istəyirəm” (1982), “Çörək ağacı” (1986), “Ana laylası”(1987) və s.