11 noyabr

Həsənov Neymət Emin oğlu

Qəhrəmanlıq bir seçimdir - sən ya adi insan kimi yaşamaqda davam edə, ya da əbədiyyətin ən uca məqamına qovuşa bilərsən. Nemət ikincini seçdi. 44 günlük Vətən Müharibəsində şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də odur.

Nemət Emin oğlu Həsənov 11 noyabr 1992-ci ildə İmişli rayonu Qaralar kəndində anadan olub. Müharibədə kəşfiyyatçı kimi iştirak edib. Hadrut əməliyyatı zamanı 2 noyabr 2020-ci ildə düşmənin artilleriya atəşi nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Nemət Emin oğlu Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

Abbasov Vahid Sahib oğlu

Vahid Abbasov 1994-cü il 11 noyabr Şəki şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Vahid Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Abbasov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.