17 Noyabr
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. SSRİ-nin o vaxtkı rəhbərliyinin buna biganə münasibətini görən ermənilər planlı şəkildə Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Elə həmin ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər.Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlarda bunu sübut edirdi. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin uzunmüddətli mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır. “Milli dirçəliş” deyəndə buna yalnız siyasi aspektdən yanaşmaq olmaz, çünki milli dirçəliş yalnız ictimai baxımdan yox, həm də mədəni-mənəvi əxlaqi dəyərlərin xalqın özünün təməl prinsipləri üzərində inkişaf edən ənənələrinin təcəssümüdür, onun yaşadılmasıdır və onun yaşaması məhz Milli dirçəlişin təməlidir.
Nəcəfov İlkin Misir oğlu
İlkin Nəcəfov 17 noyabr 1989-cu ildə Salyan rayonunun Yenikənd kəndində Misir Nəcəfovun ailəsində anadan olmuşdur.1996-2007-ci illərdə orta təhsil almışdır. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2011-2012-ci illərdə "zabitlik kursu" adlanan təkmilləşmə kursunda təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı.
İlkin Nəcəfov 2012-ci ildə təkmilləşmə kursunu bitirərək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamış və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı İlkin Nəcəfov Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə zabit kimi xidmət edirdi. O, Ağdam rayonunun təmas xəttində yerləşən kəndləri istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdən sonra İlkin Nəcəfov hərbi hissəsinə qayıtmış və hərbi xidmətinə davam etmişdir. Döyüşlərdə iştirakı və 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə rəhbərlik tərəfindən fəxri fərmanla təltif edilmişdir. 2019-cu ildə "kapitan" rütbəsinə layiq görülmüşdür.
Azərbaycan Ordusunun kapitanı olan İlkin Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində zabit olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İlkin Nəcəfov 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən hərbi əməliyyatlarda döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Nəcəfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Nəcəfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Bayramov Xaqani Məmməd oğlu
Xəqani Bayramov 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi. Bahar adlı qızı və Rəsul adlı oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Bayramov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.