22 Noyabr

Ədliyyə İşçiləri Günü, (2000)

22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsis edilib. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdi. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi. ADR-in süqutundan sonra Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdı. Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər verir, hüquqi maarifləndirmə işi aparır; hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; dövlətlərarası övladlığa götürmə məsələlərini və sənədlərin leqallaşdırılmasını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin olunmasını təşkil edir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir; qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını həyata keçirir. Bunlarla yanaşı, Azərbaycanda aparılan bütün növ məhkəmə (qeyri-tibb) ekspertizaları Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzi olan İnstitut tərəfindən həyata keçirilir. Azərbaycanda müşahidə olunan inkişaf meyilləri ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını aparır. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə işi aparır. Ədliyyə Nazirliyinin genişmiqyaslı işi sayəsində ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası təmin olunmuş, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır.

 

Bəstəkar Cavanşir Quliyevin 75 illiyi, (1950)

Mükafatları:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "General Məhəmməd Əsədov" mükafatı (1993), Şəhriyar adına mükafat (1995), Avropa Türk-İslam birliyinin qızıl medalı - Almaniya (1997), "Humay" mükafatı (2000), "Qızıl dərviş" mükafatı (2001)

Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə anadan olub. 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Diplom işi kimi "Birinci simfoniya"sını yaradıb. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimi kimi çalışıb. 1993-2005-ci illərdə Azərbaycan Milli Akademik Dram Teatrının musiqi hissə müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Şimali Kipr Türk Respublikasındakı Yakın Doğu Universitetinin səhnə sənətləri fakültəsində dərs deyir. ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, İsrail, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Ermənistan, Özbəkistan və Kiprdə yaradıcılıq ezamiyyətlərində olub və əsərləri adları çəkilən ölkələrdə ifa olunmuşdur. İki operettanın – "Məhəbbət oyunu" və "Yeddi məhbusə"nin, dörd simfoniyanın, simfonik orkestr və zurna üçün" Uvertüranın", iki simli kvartetin, nəfəsli alətlər üçün kvartetin, skripka və saz üçün sonatanın, violonçel, fleyta və saz üçün "Karvan" musiqinin, simli orkestr üçün "Dastan" əsərlərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə yazılmış, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. Bəxtiyar Vahabzadə, D.Mustafayev, Y.Həsənbəy, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Hamlet İsaxanlı və digər şairlərin sözlərinə mahnılar bəstələmişdir.

Əsərləri:Baletlər: Oğuznamə, "Tufan (balet)", "Kitabi Dədə Qorqud (balet)";

Zurna və orkestr üçün Üvertüra (1980); Fleyta, saz və violonçel üçün "Karvan" (2000);Simli orkestr üçün "Dastan" (2001);"Məhəbbət oyunu" Operettası /libretto – Q.Rəsulov/ (2001).

Filmoqrafiya: Ac həriflər (film, 1993), Aşıq Qərib (1988), Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996), Bəxtiyar Vahabzadə (film, 1987), Buta (film, 2011), Cavid ömrü (film, 2007), Dirsə xanın oğlu Buğacın boyu (film, 2000),

Dünya bir pəncərədir (film, 1990), Əzablı yollar (film, 1995), Fatehlərin divanı (film, 1997), Fəryad (film, 1993), Günahsız Abdulla (film, 1984), Xeyir və Şər (film, 1980), İtkin gəlin (film, 1994),Qəm pəncərəsi (film, 1986) və s. 

 

Ağabəyov Oktay Baxşəli oğlu

Oktay Ağabəyov 1987-ci il noyabrın 22-də Nizami rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Oktay Ağabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktay Ağabəyov noyabrın 2-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oktay Ağabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oktay Ağabəyov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliyev Elmir Süleyman oğlu

Elmir Əliyev 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub.[1] 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki övladı yadigar qaldı.

Elmir Əliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elmir Əliyev noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliyev Nihad Heydər oğlu

Nihad Əliyev 22 noyabr 2000-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonunun Alxaslı kəndindəndir. 2007-ci ildə Alxaslı kənd orta məktəbinə getmiş, 2016-cı ildə bu məktəbin 9-cu sinfini bitirərək Zərdab rayon peşə məktəbinə daxil olub.

3 iyun 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb və Gəncə şəhərində hərbi xidmət keçib. Üç ay sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə Göytəpə şəhərində davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Təltifləri

(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

(29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

(25.06.2022) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)

 

Məmmədzadə Elvin İlham oğlu

Elvin Məmmədzadə 1996-cı il noyabrın 22-də Samux rayonunda anadan olub.

2003-2012-ci illərdə M.Ə.Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Elvin Məmmədzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Elvin Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Samux rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.