Ağcabədi : Ensiklopedik toplu

Aranlı, Şirxan. Ağcabədi : Ensiklopedik toplu / Ş. Aranlı ; red.hey.: V. M. Fərzəliyev [et al.] ; red.hey., red. A. Rüstəmli ; rəy. R. Məmmədov ; dizayn. M. Əliqızı. - 1-ci nəşr. - Bakı : Zərdabi Nəşr, 2021. - 912 s. 

"Ağcabədi" (Ensiklopedik toplu) kitabında eyni adlı rayonun və onun kəndlərinin yaranma tarixindən, toponomiyasından, etnoqrafiyasından, əhalisinin tərkibindən, görkəmli şəxsiyyətlərindən, rayonun inzibati ərazi vahidi kimi təşkilindən, həmçinin sonrakı tarixi mərhələlərdə keçdiyi sosial-iqtisadi inkişafdan, geniş vüsət alan müasir abadlıq-quruculuq işlərindən zəngin sənədlər, arxiv materialları əsasında elmi publistik üslubda geniş bəhs edilir. Topluda ilk dəfə olaraq XIX əsrə aid rus canişinliyinin hazırladığı əyalət dəftərinin siyahısı əsasında Ağcabədinin və qədim kəndlərinin əhalisinin, evlərinin tərkibi barədə arxiv sənədləri ilə qiymətli məlumatlar verilir. Ağcabədinin, bütövlükdə Qarabağın ictimai-sosial mühiti, siyasi, mədəni mənzərəsi təsvir olunur. Tanınmış şair, yazıçı publisist, Ağcabədi rayonunun mətbu orqanı olan "Aran" qəzetinin redaktoru işləmiş Şirxan Aranlı ensilopedik toplusunu araya-ərsəyə gətirmək üçün səkkiz il gərgin əmək sərf etmişdir. O böyük entuziazm və yorulmaq bilmədən uzun müddət arxivlərdə və kitabxanalarda araşdırmalar aparmaqla, Ağcabədi rayonuna aid yeni, naməlum sənədləri, faktları qətrə-qətrə üzə çıxarmış, səriştəli peşəkar mütəxəssis kimi onlardan yerli-yerində faydalanmaqla rayonun tanıdılması və təbliği istiqamətində mühüm əhəmiyyət kəsb edəcək böyük bir ensiklopedik toplunun təkbaşına yaradılmasına nail ola bilmişdir. "Ağcabədi" (ensiklopedik toplu)su bütün ağcabədisevərlər, regionşünaslar, demoqraflar, tarixçilər, milli mədəniyyətimizin, tarix bölgələrimizin təbliğatçıları üçün nəzərdə tutulmuşdur.