F.Köçərli adına Respublika Uşaq kitabxanası 2 fevral 2022-ci ildə şəhid Əlihüseyn Məmmədova həsr olunmuş Sürəyya Xəlilin “Mən Əliyəm” kitabının təqdimatını keçirdi. Tədbirdə “Yada düşdü” jurnalının və “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədli, Bakı şəhər Baş Mədəniyyət İdarəsi Mədəniyyət Sarayının direktoru Bəhiyyə Nağıyeva, şairə, publisist Arzu Nehrəmli, şəhid anası Arzu Məmmədova, kitabxana əməkdaşları iştirak edirdi. Tədbir bir dəqiqəlik sükutla şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı. Sonra Əlihüseyn Məmmədova həsr olunmuş slaydın nümayişi ilə davam etdi. Çıxış edən elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova şəhidə həsr olunmuş “Mən Əliyəm” kitabı haqqında danışdı, bildirdi ki, xalqımız vətənimizin azadlığı uğrunda canından keçən oğulları heç vaxt unutmayacaqdır. Şəhidlər bizim and yerimizdir. Bədii kompozisiyada Əlinin əsgər yoldaşı və yaxın dostu olan Nurlanın xatirələri canlandı, Əlinin ən çox sevdiyi mahnı səsləndi. Tədbirdə çıxış edənlər bir daha 2020-ci ilin 27 sentyabrdan 10 noyabr tarixədək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduqlarını söylədilər, qeyd etdilər ki, Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əlihüseyn Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidin anası tədbir təşkilatçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi və kitabxanaya Sürəyya Xəlilin “Mən Əliyəm” kitabından 3 nüsxə hədiyyə etdi.