19 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsi Yasamal rayonundakı 60 saylı məktəbin VI-VII sinif şagirdləri ilə “20 Yanvar - Xalqımızın hüzn, şərəf günüdür” mövzusunda dəyirmi masa keçirdi. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndi və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan kitabxana əməkdaşı bildirib ki, vətən və torpaq öz şəhidləri ilə ucalır. 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğunu bildirən Z.Dadaşova müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu vurğuladı.
“Dəyirmi masa” iştirakçıları faciənin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs etdilər. Qanlı hadisələrin törədilməsində əsas məqsəd, nəticələri və ibrət dərsləri haqqında müzakirələr aparıldı, onun Azərbaycan xalqının müstəqillik uğrunda azadlıq mübarizəsinin dönüş nöqtəsi olduğu qeyd olundu. Çıxış edənlər Ümummilli liderimiz Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi və onun təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilməsi barədə də danışdılar.
Diskussiya formasında davam edən tədbirdə məktəblilərin sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra uşaqlara kitabxanada 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi barədə məlumat verilib, həmçinin, uşaqların çəkdikləri rəsmlərə baxış keçirilib.