F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Sübhnur” tədris və inkişaf mərkəzinin, “Nan Academy” tədris mərkəzinin birgə təşkilatçılığı ilə “44 günlük dastan” adlı Anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, müharibə veteranları və Yasamal rayon 308 nömrəli tam orta məktəbin şagirdləri iştirakı edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub.
“Sübhnur” tədris mərkəzinin təsisçisi Hüseynova Gülnarə bu il möhtəşəm tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başlanmasından 4 il ötdüyünü bildirib. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nahid Ağalarovun ailəsinin, Qəhrəman qazi Zakir İmanovun, İsa Musayevin çıxışları dinlənilib.
Tədbir qürur mənbəyimiz olan şəhidlərimizə həsr olunmuş musiqili kompozisiya ilə yekunlaşıb.