24 sentyabr 2026-cı il tarixində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Respublika Uşaq Kitabxanasında silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Respublika Uşaq Kitabxanasında keçirilən "Tarix danışır: 27 Sentyabrın izi ilə" adlı tədbirdə Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi Zarina Tağıyeva çıxış edib. O, “Böyük Zəfərə doğru!” adlı slayd təqdimatı əsasında Azərbaycan xalqının keçdiyi şanlı mübarizə yolundan, Vətən müharibəsinin tarixi əhəmiyyətindən və Müzəffər Azərbaycan Ordusunun qazandığı Qələbə haqqında geniş məlumat verib.
Zarina Tağıyeva çıxışında Vətən müharibəsinin başlanmasına səbəb olan tarixi hadisələrə, Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıqlara, xalqımızın həmrəyliyinə və milli iradəsinə diqqət çəkib. Bildirib ki, əldə olunan Böyük Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birlik və həmrəyliyi sayəsində mümkün olub.
Keçirilən digər tədbir 164 nömrəli tam orta məktəbin konfrans zalında baş tutub. "Tarix və yaddaş" adlı tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir çərçivəsində 27 Sentyabr – Anım Günü və Vətən müharibəsi mövzusunda kitabların icmalı keçirilib. İcmal zamanı şəhidlərin həyat və döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan bəhs edən nəşrlər haqqında iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Mürşüd İsmayılzadə və Sevinc Nuruqızının əsərləri, “Zəfər nəğməsi – Şuşa” kitabı, eləcə də Murad Nağıyevin həyat və döyüş yolundan bəhs edən “Murad” kitabı haqqında məlumat təqdim olunub.
Tədbir zamanı məktəbin şagirdləri 44 günlük Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirib, qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.








