25 aprel 2025-ci il tarixində 1 saylı UGİM şagirdlərinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına maarifləndirici və əyləncəli ekskursiyası təşkil olunub. Öncə kitabxana əməkdaşı tərəfindən şagirdlərə kitabxananın fəaliyyəti, şöbələri, oxu zalları və fond haqqında ətraflı məlumat verildikdən sonra ekskursiya iştirakçıları kiçik oxu zalında yeni kitablarla tanış olublar. Təqdim olunan nəşrlər arasında xüsusilə "Bədənim", "Yerkürəsi", "Döyüşçülər", "Dinozavrlar" adlı maarifləndirici və maraqlı kitabların icmalı keçirilib. Kitabların mövzusu və məzmunu haqqında ətraflı məlumat verilib, uşaqların marağına səbəb olan faktlar və illüstrasiyalar nümayiş etdirilib. Ekskursiyanın davamında kitabxana əməkdaşları tərəfindən interaktiv sual-cavab sessiyası təşkil olunub. Həmçinin uşaqlar təqdim olunan kitabların məzmunundan istifadə edərək maraqlı oyunlarda iştirak ediblər. Bu oyunlar uşaqların diqqətini cəlb edib, onların aktivliyini və biliklərini nümayiş etdirməyə şərait yaradıb.
Ekskursiyanın məqsədi uşaqlarda oxu mədəniyyətinin təşviqinə, kitabxana mədəniyyətinin öyrədilməsinə, sosiallaşma imkanının yaradılmasına xidmət edir.