29 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasının 2 saylı filial əməkdaşları tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində uşaq ədəbiyyatımızın "xanım anası" Xanımana Əlibəylinin 105 illiyi münasibətilə ucadan oxu keçirilib.
Şeirlərində vətənə məhəbbət, böyüklərə hörmət və ehtiram, təbiət gözəlliklərinə vurğunluğu tərənnüm edən şairə uşaqların mənəvi dünyasına rəng qatır, onlara yaxşılıq, səmimilik və mərhəmət aşılayır. Xanımana Əlibəyli - yüzlərlə uşağın gülümsəməsində, minlərlə ailənin xatirəsində yaşayan sevimli bir addır.
Kitabxana əməkdaşları Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaqların sevimli şairəsi, nəğmələri dillər əzbəri olan Xanımana Əlibəylinin yaradıcılığı haqqında məlumat verib.
Daha sonra uşaqlar kitablarla tanış olub, müxtəlif mövzulu şeirlər oxunub, şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Məqsəd uşaq yazarlarını tanıtmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək olmaq, dinləmə qabiliyyətlərini inkişaf etdirməkdir.