4 noyabr 2026-cı il tarixində Sosial Xidmətlər Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzi və Respublika Uşaq Kitabxanasının 2 saylı filialının birgə təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Bayrağım və Zəfərim” adlı maarifləndirici görüş keçirilib.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş ənənəvi kitab sərgisi də təşkil edilib.
Görüşdə mərkəzin kollektivi, kitabxana əməkdaşları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Tədbir zamanı kitabxana əməkdaşları iştirakçılara Zəfər Gününün və Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Daha sonra Azərbaycanın şanlı Qələbəsinə və üçrəngli dövlət bayrağımıza həsr olunmuş videoçarx nümayiş etdirilib.
Uşaqlar sərgidə nümayiş olunan kitablarla tanış olub, qəhrəmanlarımızın igidliyindən, vətənə bağlılığından və şücaətindən bəhs edən hekayə və şeirlər səsləndiriblər.
Görüşün keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial həyata və inklüziv mühitə inteqrasiyasına dəstək göstərmək, onlarda milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik ruhu və tarixi hadisələrə maraq formalaşdırmaq, eləcə də bu dəyərləri kitabların vasitəsilə aşılamaq olub.
Belə maarifləndirici tədbirlər uşaqların dünyagörüşünün genişləndirilməsinə, mütaliəyə marağının artırılmasına, milli kimlik və vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir.


