3 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə 17 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər. Əvvəlcə iştirakçılara Xaqani Şirvaninin zəngin ədəbi irsi, Azərbaycan və Şərq poeziyasının inkişafındakı mühüm xidmətləri haqqında məlumat verilib.
Respublika Uşaq Kitabxanasının əməkdaşı çıxışında bildirib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olmaqla yanaşı, bəşəri ideyaları, yüksək sənətkarlığı və dərin fəlsəfi düşüncələri ilə dünya ədəbiyyatında özünəməxsus yer tutur. Şairin yaradıcılığı əsrlər boyu öz aktuallığını qoruyub saxlamış, gənc nəslin mənəvi-estetik tərbiyəsində mühüm rol oynamışdır.
Tədbir zamanı şagirdlərə Xaqani Şirvaninin həyat və fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirilib, onun əsərləri və yaradıcılıq xüsusiyyətləri haqqında geniş məlumat verilib. Şagirdlər şairin poeziyasından nümunələr səsləndirib, yubiley münasibətilə hazırlanmış kitab və nəşrlərlə tanış olublar.
Görüşün əsas məqsədi məktəblilərdə klassik ədəbi irsə marağın artırılması, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının təbliği və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfə vermək olub. Tədbirin sonunda iştirakçılar Xaqani Şirvaninin zəngin irsinin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq belə maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.