I Uşaq Kitabı – Bilik Festivalı


06 oktyabr 2008-ci ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Milli Parkda bilik gününə həsr olunmuş I Uşaq Kitabı – Bilik Festivalı keçirdi. Səhnənin baş tərəfində festivalın emblemi, hər iki tərəfdə isə ulu öndərimiz H.Əliyevin uşaqlarla birlikdə çəkilmiş şəkilləri olan plakatlar asılmışdı. Kitab sərgiləri aşağıdakı mövzularda təşkil olunmuşdu:

“Təbiəti sevək, qoruyaq”, “Məktəb proqramına kömək”, “Tarix – keçmişdən gələcəyə”, “İncəsənət – bəşəriyyətin misilsiz sərvəti”, “Mənim kompüterim”, “Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Azərbaycan – yurdum mənim”, “Sənin maraq dünyan”, “Kitablarda mən hələ, baxıram şəkillərə...”, “Çox oxuyan, çox bilər”, “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “Demokratiya yolunda: kitabxana və oxucu”, “Kitabxanalar informasiya cəmiyyətinin beynidir”, “Elm və texnika – inkişaf tarixi”, “Xarici dilləri öyrənək”, “Sağlam həyat tərzi yaşayaq”, “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”, “Musiqi – səmimiyyət məbədi”, “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər. (N.G.)”, “Yeddi rəngli kəmərim”

Uşaqlar sevdikləri nağıl qəhrəmanlarının geyimində muzey mərkəzinin qarşısından A.Şaiq adına Kukla Teatrına tərəf yürüş etdilər. Digər iştirakçılar əllərində şarlar, güllərlə onların arxasınca gəlirdi. Ən yaxşı nağıl qəhrəmanının geyimini və onun haqqında bildiklərini söyləyən iştirakçı(I, II, III yerlər üzrə) festivalın sonunda mükafatlandırıldı.

Tədbir ssenari üzrə başladı. Festivalı F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq, festivalın keçirilməsinin məqsədindən, festival çərçivəsində keçiriləcək tədbirlərdən danışaraq və sözü Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyevaya verdi. Nazir müavinin çıxışından sonra iki oxucu, birinin əlində bir topa rəngli şarlar, o birinin əlində festivalın emblemi həkk olunmun döş nişanı təqdim edildi. Qırmızı lentlə bağlanmış şarlar qayçı ilə kəsildikdən sonra musiqi və alqış sədaları altında havaya qalxdı.

Tədbirdə kitabxanaçı və oxucu səhnəsindən sonra elmlərin mübahisəsi başladı. Hər bir elm sahəsi özlərinin vacib olmaqları ilə öyündülər. Elmlərin mübahisəsini Biləyən kəsərək, iştirakçılara mütaliənin əhəmiyyətindən danışdı, hikmət xəzinəsinin açarını oxuculara təqdim etdi. Müəllim-şagird səhnəciyində isə məktəb həyatından gülməli lətifələr söylənildi. Tədbirdə iştirak edən bütün iştirakçılara döş nişanları, kitabxananın anket sorğusu, şirniyyat və şirələr verildi.

“Göy Qurşağı” jurnalı uşaqlar arasında çox maraqlı viktorinalar keçirərək qalibləri mükafatlandırdı.

Festivalda Mədəniyyət və Turizm Nazirliyi, A.Şaiq adına Kukla Teatrı, Q.Zülfüqarovun “Aysel” qrupu, Uşaq Filarmoniyası, Bülbül adına musiqi məktəbi, T.İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayı, Bakı şəhər məktəbləri, bağçaları, liseyləri, İncəsənət Gimnaziyası, Az.TV, İctimai televiziya, Lider və digər kanallardan nümayəndələr iştirak edəcəkdir.

Uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Gülzar İbrahimova tədbirdə iştirak etməklə yanaşı, festival iştirakçılarını salamladılar.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər