Lirik nəğmələr şairəsi

Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 95 illiyi münasibətilə


Həyat və yaradıcılığı

Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.

Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.


Azərbaycan ədəbiyyatında qadın şairlərimizin möhtəşəm bir sırası var: Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri, Mirvarid Dilbazi... Nigar xanımın şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur. Çünki bu şeirlərin ahəngində elə bir zəriflik, həssaslıq, həzinlik var ki, istər-istəməz bu ipək ovqatlı misraların ürək döyüntüsündə məhz qadın məhəbbətinin, həsrətinin döyüntüləri hiss edilir.


Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi.


1919-cu ildə, gələcək şairə altı yaşında olanda, Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.


İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli  həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. “Zəfər nəğməsi”(1943), “Şeirlər”(1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir”(1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor  kimi  fəaliyyətə  başlayan  Nigar Rəfibəyli  sonradan  Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.

Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışmışdır. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr etmiş, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermantov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf” nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.

 

Yubiley tədbirlərinin keçirilməsi

Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz izlər salan Nigar Rəfibəylinin bu il 95 illik yubileyi qeyd olunur. Bu münasibətlə respublikamızın bir çox təhsil ocaqlarında, məktəblərdə, kitabxanalarda və başqa yerlərdə bir sıra tədbirlərin keçirilməsi məqsədəuyğundur. Həmçinin, bu il F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Kitabxanada ilk növbədə Nigar Rəfibəylinin yaradıcılığının geniş təbliği üçün kitab sərgisi tərtib edilməlidir.
Kitab sərgisi bir sıra başlıqlar altında keçirilə bilər. Məsələn: “Poeziyamızın Nigarı”, “Nigar Rəfibəyli - 95”, “Şairsən, nəğməkarsan, demək...əbədiyyətsən” və s. Sərginin nümunəsini veririk

  1. Başlıq. “Poeziyamızın Nigarı”
  2. Nigar Rəfibəylinin portreti.
  3. Görkəmli adamların Nigar Rəfibəyli haqqında söylədikləri sitatlar.

4-6. Dövrü mətbuatda dərc olunmuş materiallardan nümunələr.
7-9 .Nigar Rəfibəylinin seçilmiş əsərləri.
10-12. Nigar Rəfibəylinin uşaqlar haqqında yazdığı kitablardan nümunələr.

Sərgi üçün hazırlanmış sitatları veririk:

1. Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun  həzin hislər və incə
duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə    
möhkəm yer tutmuş, eyni zamanda böyük şair, ictimai xadım Rəsul
Rzanın həyat və yaradıcılığına əsaslı təsir etmişdir.
Gülrux Əlibəyli
ədəbiyyatçünas, tənqidçi

2. Vətən göylərində fəryad nəğməli
Qərib bir durnası Nigar xanımdır,
Xalqın oğul deyib əzizlədiyi
Anaların anası Nigar xanımdır.
Fikrət Qoca
yazıçı, şair

3.  Nigar xanımın şeirləri sadəliyi, səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir.
Fəridə Vəzirova
ədəbiyyatşünas

4.  Nigar xanım son dərəcə həssas, qayğıkeş, mülayim, kövrək qəlbli insan idi.
Abbas Zamanov
ədəbiyyatşünas

5.  Nigar Rəfibəylinin mövzu dairəsi geniş və rəngarəngdir.
Kamilə Nemət
şairə
Sərgidə həmçinin Nigar Rəfibəylinin kiçik yaş qrup uşaqlar üçün yazdığı “Bizə bahar yaraşır”, “Bir cüt xurma”, “Qoçaq Kərim”,  “Günəşin cavabı”, “Məstanın balaları” və s. kitablarını da nümayiş etdirmək olar.
Kitabxanada keçirilən tədbirlərdən biri də ucadan oxudur. Ucadan oxu uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Tədbirdə Nigar Rəfibəylinin uşaqlar üçün qələmə aldığı “Məstanın balaları” şeirinin ucadan oxusunu vermək olar. Ucadan oxudan sonra kitabxanaçı kiçik yaşlı oxuculara aşağıdakı sualları verə bilər:

  1. Sevil bağa köçəndə özü ilə nə apardı?
  2. Onun neçə balası var idi? Onların adı nə idi?
  3. O, nə gördü?
  4. O, nəyi tutmaq istədi?
  5. O, hara düşdü?
  6. Ora nə salladılar?
  7. O, nəyi görüb zənbilə girdi?

(Yubileylə əlaqədar kiçik yaşlı oxucular arasında Nigar Rəfibəylinin “Əqrəb və Qurbağa” şeirindən səhərcik vermək olar.)


Aparıcı: 

Meşə yanırdı,
Kol-kos alovlanırdı.
Qurbağa canını
qurtarmaq üçün yanğından
Yaxınlaşdı çaya.
Üzüb keçmək istəyirdi o taya,
Əqrəb qaranəfəs yetirdi özünü sahilə.
Tutdu qurbağanı dilə:
I-ci oxucu:

Can qardaş, yanır meşə,
(Əqrəb) Əlac elə sən bu işə.
Məni dalına götür,
Qarşı sahilə ötür.
Qurtar məni bu yanğından,
Yoxsa məhv olaram, aman.
Aparıcı: 

Qurbağanın rəhmə gəldi ürəyi,
O hələ incitməmişdi
Nə bir qarışqanı,
nə bir milçəyi.
Inandı əqrəbə,əqrəbin dilinə,
Mindirdi onu öz belinə.
Yükü ağır olsa da qurbağanın,
Bir təhər üzüb keçdi çayı.
Sahilə az qalmışdı,
Yaxın idi suyun o tayı.
I-ci oxucu:


(Əqrəb)         Qurbağa qardaş,
Mən səni sancam,-dedi-
Gərək bu an.


Aparıcı:

Qurbağa inanmadı bu nankorluğa:


II-ci oxucu:

Nə yamanlıq etdim ki, sənə
(Qurbağa)  məni sancasan?
Səni yanğından, bəladan qurtardım,
Dalıma mindirib sahılə
çıxardım:


I-ci oxucu:

Bilirəm, bilirəm bunları
(Əqrəb) Mənim xislətim budur,
Sən incimə barı.
Zəhərimi tökməsəm,
özüm tələf olaram,
Həmişə əqrəb olmuşam,
yenə də əqrəb varam.

Nigar Rəfibəylinin ədəbi irsinin təbliği üçün böyük yaş qrup oxucular üçün  ədəbi-bədii gecənin ssenarisini veririk. Ədəbi-bədii gecə iki hissədən ibarət olur. Birinci hissədə şairin həyat və yaradıcılığı haqqında kitabxanaçı məlumat verir, ikinci hissədə isə şairin şeirlərindən fəal oxucular parçalar söyləyir. Aşağıda N.Rəfibəylinin 95 illik yubileyi ilə əlaqədar olaraq “Nigar Rəfibəyli-95” adlı  ədəbi-bədii gecənin ssenarisini nümunə veririk:
Səhnənin divarında Nigar Rəfibəylinin portreti asılıb. Gül dəstələri qoyulub. Əsərlərindən ibarət sərgi  təşkil olunub. Səhnəyə iki aparıcı daxil olur.

I aparıcı:

Salam əziz dostlar, hörmətli qonaqlar!


II aparıcı:

Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz izlər salan Nigar Rəfibəyli oxunan və həm də çox sevilən şairlərdən biri olub. Könlü gözəllik vurğunu olan, dillər əzbəri nəğmələri ilə daim xatırlanan Nigar Rəfibəylinin yaradıcılığı başdan-ayağa duyğulardan ibarətdir. Nigar xanımın yaradıcılığı bir neçə cəhətdən maraqlıdır. Hər şeydən  əvvəl isə o, gözəl nəğmələrin, heç zaman unudulmayan, həmişə təzə-tər səslənən mahnıların müəllifidir. Azərbaycanın çox görkəmli bəstəkarları şairin şeirlərinə müraciət ediblər: Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu və s.
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur neyləyim?


I aparıcı:

Nigar Rəfibəylinin şeirlərində insana məhəbbət anlayışı genişdir. Əsl
humanist şairlər kimi, Nigar xanım da bütün əməksevər, sülhsevər insanları sevir, onları xoşbəxt görmək istəyirdi. Nigar Rəfibəyli son dərəcə həssas, qayğıkeş, mülayim, kövrək qəlbli bir insan idi. O, həmişə adamları bir-biri ilə dost və mehriban görmək istəyirdi. Həyatı, insanları bu qədər dərindən sevən, onları ilhamla tərənnüm edən, səmanı aydın, günəşi parlaq, gülləri ətirli, insanları kamil görmək istəyən şairənin bu gün də qulaqlarımızda əks edən səsi həqiqi sənətkarın, kamil insanın könül arzularıdır.
Göy çəməni, axar suyu,
İlk baharı sevməsəydim,
Xoşbəxt ola bilərdimmi
İnsanları sevməsəydim?!


II aparıcı:

Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim tərzi vardır. Poeziyası ilk oxunuşdan insanın qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb yaratdığı və sevilə-sevilə oxunan şeirlərini bir külliyyat halında nəzərdən keçirtdikdə görürsən ki, vətən torpağının gözəlliyi: gülü, çiçəyi,dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləmi bu kövrək qəlbli şairənin hissini, şüurunu necə də ehtizaza gətirib şeirə çevirmişdir.
I aparıcı:     N.Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır.
II aparıcı:

Nigar Rəfibəylinin bənzərsiz, yüksək metodik ahəngə və dəyərli sözə malik olan nəğmələri çoxdur. Nədən yazmağından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkib. Bu ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri var. Övlad, ana məhəbbəti, onun seirində tanrı zirvəsinə qalxa biləcək bir dünyadır.
Döyür pəncərəmi bir acı ruzigar,
Bayırda bu axşam yenə boran var.
Bürüyüb qəlbimi coşqun arzular,
Çəkilib gözümün yuxusu, ana.


I aparıcı:

Nigar Rəfibəylinin yaradıcılığı başdan- başa duyğulardan ibarətdir. Gülün  ləçəklərinə, bağların qış kimsəsizliyinə elə qəribə misralar qoşub ki... Bəzən bu şeirlərdə həyatın və ovqatın poetik mənzərəsi adamı heyrətə gətirir. Nigar xanımın şeirləri sadəliyi, səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Bunlar asanlıqla  oxucuların qəlbinə yol tapır, onları düşündürə, həyacanlandıra bilir.

I oxucu:

Ana, mənə mahnı oxu,
Ana, getmə, yanımda qal.
Gözlərimə qonsun yuxu,
Ana, mənə bir layla çal.

Ana, mənə mahnı oxu,
Göydə ulduzlar da yatsın.
Ana, mənə bir layla çal,
Ay da yumurlanıb batsın.

II oxucu:

Yuxulasın meşə, dəniz
Yuxulasın dünya səssiz.
Yuxulayaq hər ikimiz.
Ana, mənə mahnı oxu,
Gözlərimə qonsun yuxu.

Yuxularım çiçək-çiçək,
Qanadları zər kəpənək.
Əsib gəlsin sərin külək,
Ana, mənə bir layla çal.
Gözlərimə qonsun yuxu,
Ana, getmə, yanımda qal.
Ana, mənə mahnı oxu.

II aparıcı:

Nigar Rəfibəylinin ən kədərli şerində belə ümüdli günəşin şəfəqləri
duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki, onun şeirləri saf bir nəfəsdən, könüldən, doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik var. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.
I aparıcı:

Çəməndə çiçəklər, meşədə quşlar nə deməkdirsə, Azərbaycan poeziyasında da Nigar xanımın şeirləri məhz o ölçüyə, müqaisəyə bərabərdir.
Demirəm dünyadan köçüb gedəndə,
Vətəndə şöhrətli bir adım qalsın.
Istəyirəm bircə həzin xəyalım,
Bir də uçmaq istəyən iki qanadım qalsın.
Sevimli şairəmizin sonsuz məhəbbət və yüksək sənətkarlıqla yazılmış şeirləri öz müəllifini əbədiyyətə qovuşdurdu. Nigar xanım Azərbaycan poeziyasının elə işıqlı ulduzlarındandır ki, o, həmişə sənət aləmində görünəcəkdir.

 

Ədəbiyyat siyahısı

  • Rəfibəyli N. Seçilmiş əsərləri. II cilddə.- B: Azərnəşr, 1993.- 240s.
  • Rəfibəyli N. Seçilmiş əsərləri. I cilddə.- B: Azərnəşr, 1993.- 240s.
  • Rəfibəyli N. Seçilmiş əsərləri.- B: Şərq-Qərb, 2004.- 392s.
  • Rəfibəyli N. Ana səsi. Şeirlər.- B: Azərnəşr, 1969.- 245s.
  • Rəfibəyli N. Bir həzin axşamda düşsəm yadına. Şeirlər.- B: Gənclik, 1982.-192s.
  • Rəfibəyli N. Bir cüt xurma ağacı.- B: Gənclik, 1965.- 7s.
  • Rəfibəyli N. Bizə bahar yaraşır.- B: Gənclik, 1978.- 20s.
  • Rəfibəyli N. Günəşdən gənclik istədim.- B: Gənclik, 1974.- 419s.
  • Rəfibəyli N. Günəşin cavabı.- B: Azərnəşr, 1966.- 7s.
  •  Rəfibyli N. İki ömrün işığı.- B: Gənclik, 1987.- 552s.
  •  Rəfibəyli N. İşıqlı dünyam.- B: Gənclik, 1969.- 100s.
  •  Rəfibəyli N. Məstanın balaları.- B: Gənclik, 1968.- 6s.

 

Haqqında

1.  Xəlilzadə F. Lirik nəğmələr şairəsi: Nigar Rəfibəyli-90 // Azərbaycan.- 2003.-6 iyul.- S. 6.
2.  Xəlilzadə F. Poeziyamızın Nigarı // Azərbaycan.- 2005.- 3 iyul.- S. 7.
3. “Könüldə bir işıq, bir atəş varsa”: Nigar Rəfibəyli-90 // Ədəbiyyat qəzeti.-2003.- 4 iyul.- S.1-2.
4. Məhərrəmova İ. Nigar Rəfibəyli-90. // Ədəbiyyat qəzeti.- 2003.- 4 iyul.- S. 2. Nigar Rəfibəyli-90 : Gəncədə Nigar Rəfibəylinin abidəsinin açılışı olmuşdur // Ədəbiyyat qəzeti.- 2003.- 4 iyul.- S.2.
5. Sərvaz. Qəlbi Vətən torpağına bağlı şair: Nigar Rəfibəyli-95 // Ədəbiyyat qəzeti.-2008.- 26 iyun.- S.1-3.
6. Ülvi A. “Sairsən, nəğməkarsan, demək...əbədiyyətsən” : Nigar Rəfibəyli-90 // Ədəbiyyat qəzeti.-2008.-1 iyul.- S.11.
7. Yusifova İ. Bir həzin yay axşamı... Nigar Rəfibəyli-90 // Ədəbiyyat qəzeti.-2001.-6 iyul.- S.1.



Tərtib edən:
Könül Səmədzadə - F.Köçərli adına Respublika Uşaq Kitabxanasının baş kitabxanaçısı

Redaktor:
Zahirə Dadaşova – F.Köçərli adına Respublika Uşaq Kitabxanası elmi işlər üzrə direktor müavini