4 iyun
Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)
Beynəlxalq Su hövzələrinin Təmizlənməsi Gününün (International Cleanup Day) ideya müəllifləri və təşkilatçıları dalğıclardır. Bu bayramın əsas hadisəsi kütləvi iməclikdir. Bu əlamətdar gün 1955-ci ildən dünyanın bir çox ölkələrində PADI – Dayvinq təlimatçılarının peşəkar assosiasiyasının himayəsi altında keçir. Həmin gün regional yeraltı üzgüçülük klubları yerli su hövzələrinə gedir, onların diblərini və sahillərini təmizləyirlər. Bəzi şəhərlərdə bu tədbirlər yerli hökumət orqanlarının dəstəyi ilə aparılır. Bu günə marağı artırmaq üçün çox zaman tədbirlər komandalar arasında yarış halında keçirilir.
Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982)
1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun
4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (International Day of Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara almışdır.
Hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır. Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir. Bu günün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir. Bu gün həm də BMT-nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.
Babayev Rəşad Ağabəy oğlu
Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinfinə getmişdir.
2006-cı ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-cı ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. 2017-ci ildə ailə həyatı qurmuşdur.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə "kiçik gizir" rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə "gizir" rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir.
2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilən "EFES-2016" beynəlxalq təlimlərinin fəal iştirakçısı olmuş, sertifikat ilə təltif olunmuşdur. 2017-ci ildə 30 aprel – N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibəti ilə döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərman ilə təltif olunmuşdur. 28 fevral 2020-ci ildə xidmətdə olduğu N saylı hərbi hissədə keçirilmiş "Cüdo, yunan-roma və sərbəst güləş yarışı"nda yüksək nəticələr əldə etdiyinə görə fəxri fərman ilə təltif olunmuşdur. 25–28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun giziri olan Rəşad Ağabəy oğlu Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əliyev Elşad Mehman oğlu
Elşad Əliyev 4 iyun 1992-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olub. Elşad Əliyev kənddə tam orta məktəbi bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Elşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən müharibəsi başlananda tankçı kimi döyüşə qatılıb. Düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib. Elşad Əliyev oktyabrın 16-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Əliyev Ənvər Nizami oğlu
Ənvər Əliyev 1997-ci il iyunun 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. 2003-2012-ci illərdə Şərur rayon Axaməd kənd tam orta məktəbində, 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2020-ci illərdə Türkiyədə Quru Qoşunlarının Hərbi Məktəbində təhsil alıb. Subay idi.
Ənvər Əliyev 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsilə xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Ənvər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ənvər Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ənvər Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əliyev Rauf Səxavət oğlu
Rauf Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır.
Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə almışdır. 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirmişdir. Subay idi.
2015-ci ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramist vəzifəsi olmuşdur. Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmış, bir neçə xarici ölkədə proqramlaşdırma üzrə təlimlərdə iştirak etmişdir. İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olmuşdur.
2015-ci ildə vətənə olan vəzifə borcunu yerinə yetirməyə getmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra iş həyatında daha mükəmməl olması üçün dünya miqyaslı kurslarda iştirak etmiş və beynəlxalq proqramist sertifikatı almışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Əliyev oktyabrın 22-də Hadrut döyüşləri (Ərgünəş kəndində) zamanı şəhid olub. Füzuli istiqamətində, Lələtəpə yüksəkliyinin alınmasında fəallıq göstərmiş, Müdafiə Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Əliyev Yadigar Səfxan oğlu
Yadigar Əliyev 1994-cü il iyunun 4-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Yadigar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Əliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həmidov Vasif Natiq oğlu
Vasif Həmidov 4 iyun 1998-ci ildə Şəki şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə almışdır. Ailəli idi, 4 yaşında və 7 aylıq iki övladı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Vasif Həmidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Tərtər-Ağdərə döyüşlərində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. 7 gün komada qaldıqdan sonra dünyasını dəyişən Vasif Həmidovun nəşi 27 oktyabr 2020-ci ildə torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hüseynov Nicat Ziyafət oğlu
Nicat Hüseynov 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olmuşdur. O, N.Quliyev adına 9 saylı orta məktəbdə təhsilə başlamış, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurmuşdur.
Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. O, könüllü olaraq "Aprel döyüşləri"ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olmuşdur. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak etmiş və yüngül xəsarət almışdı. Hərbi xidmət zamanı snayperçi kursunu bitirmişdir. Nicat Hüseynov daim "Aprel döyüşləri" zamanı komandiri olmuş Murov qartalı şəhid polkovnik-leytenant Raqif Orucovu xatırlamış, əsgər yoldaşları ilə birlikdə bir gün onun qisasını düşməndən alacağına söz vermişdi.
Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləmişdi.
Keçən ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.
Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarmışdı. Və... 23 yaşlı Nicat Hüseynov 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı..
Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Piriyev Raul Zabid oğlu
Raul Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2003-2006-cı ildə H.Z. Tağıyev adına Şəmkir rayon Kür qəsəbə tam orta məktəbdə, 2006-2015-ci illərdə F. Bayramov adına Bakı şəhər Sabunçu rayon 22 saylı tam orta məktəbdə təhsilini almışdır. 2015-ci ildə Azərbaycan Texniki Universitetinin Dəmiryolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi fakültəsinə qəbul olmuşdur. 2019-cu ildə universitetdən məzun olaraq hərbi xidmətə yollanmışdır. Subay idi.
Raul Piriyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Nümunəvi xidmətinə görə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunmuş və Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Raul Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Raul Piriyev 13 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Raul Piriyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.