24 Oktyabr

Əliyev Bəhruz Elman oğlu

Bəhruz Əliyev 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 №-li tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini Aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 №-li Bakı Peşə Məktəbində 2 il davam etdirib. Peşə təhsilini 2015-ci ildə tamamlayır.

Hərbi xidməti

2019-cu ilin sentyabr ayından sənədlərini hazırlayır və oktyabr ayının 22-də hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ballıqaya kəndində N saylı hərbi hissədə xidmətə başlayır. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutur. Xidmətini bir müddət orada, sonra isə Tərtər rayonunun Sarov kəndində davam etdirir. Daha sonra yenidən Goranboy rayonuna qayıdır. Goranboy rayonu Tap Qaraqoyunlu kəndində N saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarına cəlb edilir.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qoşulur. Müharibənin ilk günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına da köməklik edir. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda düşmənin atdığı minamyotun qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən yolda şəhidlik zirvəsinə ucalır.

Sentyabr ayının 29-u böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilir.

Təltifləri: AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

 

Birləşmiş Millətlər Təşkilatı Günü, (1945)

 Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və təhlükəsizlik üzrə xüsusi komissiya yaratdı. Həmin dövrdə Millətlər Cəmiyyətinin üzvü olan bütün ölkələr yeni müharibənin alovlanmasına yol verməmək üçün təntənəli şəkildə and içdilər. Ancaq andın mətni son dərəcə qeyri-müəyyən idi: dünyada heç bir ölkə başqa ölkəyə hücum edib müharibəyə başlaya bilməz. Tələb belə idi: bütün müharibələr müdafiə xarakteri daşımalıdır. Buna baxmayaraq, 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi. İkinci Dünya müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər: "Müharibə olmasın!" Çünki bu dəfə müharibə 60 milyon insanın həyatına son qoymuşdu. Əbədi sülhü bərqərar edib, möhkəmləndirən yeni beynəlxalq birliyin yaradılması zərurəti meydana çıxdı. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü birləşməsi nəticəsində yaranan beynəlxalq təşkilat oldu. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik Şurasının üzərinə düşür. BMT-nin Təhlükəsizlik Şurasından əlavə, əsas orqanları bunlardır: Baş Məclis, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və BMT Baş katibinin başçılıq etdiyi Katiblik. BMT sistemində 15 ixtisaslaşdırılmış təsisat da vardır. BMT-nin iqamətgahı Nyu-Yorkda yerləşir. Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunmuşdur. 2000-ci ildə BMT üzvlərinin sayı 189-a çatmışdır. BMT yarandığı vaxtdan bəri onun yeddi baş katibi olmuşdur: Treqvi Li (Norveç), Daq Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de Kuel (Peru), Butros-Butros Qali (Misir), Kofi Annan (Qana). BMT-də rəsmi olaraq ingilis, ərəb, çin, fransız, rus və ispan dilləri işlənir. BMT-nin münaqişə zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbiçilərindən təşkil olunmuş və "mavi dəbilqəlilər" adlanan sülhməramlı qoşun kontingenti də vardır. Ermənistan ordusunun torpaqlarımızı işğal etməsi məsələsi dörd dəfə BMT-də müzakirə olunmuş, bu işğalı pisləyən və işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməyi tələb edən 822, 853, 874 və 884 №-li qətnamələr qəbul edilmişdir.