26 yanvar 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin anadan olmasının 153 illiyinə həsr olunan “Folklor antalogiyamızın banisi” adlı tədbir keçirildi. Tədbirdə kitabxananın kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktoru Z.Dadaşova açaraq bildirdi ki, Firidun bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. F.Köçərli ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamış, el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib saymışdır.
Ötən əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir bəy Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutur. Ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası isə milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq “Balalara hədiyyə”si ilə ərməğan etmişdir. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabına bir çox uşaq folkloru nümunələri, nağıllar, sayaçı sözləri, düzgülər, tapmacalarla yanaşı, həmçinin xalq oyunları da daxil edilmişdir. Bir çox xalq oyunlarını – “Çövkan”, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə” və s. oyunları indi də bəzi evlərdə, xüsusilə kənd yerlərində uşaqlar, yeniyetmələr həvəslə oynayırlar. Bu xalq oyunları əfsuslar olsun ki, zaman-zaman unudulmuş və yalnız ədəbiyyatlarda qalmışdır. Ən müasir kompüter oyunlarının uşaqlar arasında daha populyar olduğu bir zamanda bu cür xalq oyunlarının unudulmasına şahid olmaq bir qədər üzücüdür. Lakin sevindirici odur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atı ilə oynanan Çövkən oyunu milli Azərbaycan oyunu kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Hər il kitabxanada F.Köçərli həftəsi yüksək səviyyədə, çox maraqla keçirilir.
Tədbirdə Məlumat biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədova F.Köçərlinin “Balalara kitabı”nın nəşri ilə əlaqədar maraqlı faktlardan söhbət açdı. F.Köçərlinin sələfləri, onun məktubları və s. haqqında maraqlı tarixi məlumatlarla fikir mübadiləsi etdi.
F.Köçərliyə həsr olunmuş kitab sərgisi və çarxlı slaydlar musiqi altında tədbir iştirakçılarına təqdim olundu.


Tədbirin səkilləri
Bütün xəbərlər