F.Köçərli adına Respublika Uşaq Kitabxanası 14 Fevral 2016-cı il tarixində saat 1200-1400 qədər “Park Bulvar” ticarət və istirahət mərkəzində “Kitab tutan əllər” adlı aksiya keçirdi.
14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) - təqvimdə ən gənc bayramlardandır. Bu gün - uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Kitablarla uşaqları görüşdürməyə tələsən F.Köçərli adına Respublika Uşaq Kitabxanası aksiya iştirakçılarına 675 nüsxəyə yaxın kitab kitabça və Göy qurşağı uşaq jurnalını hədiyyə etdi.
Keçirilən aksiyada uşaq ədəbiyyatı təqdim olundu. Aksiyanın əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etməkdir! Bundan başqa aksiya zamanı müxtəlif viktorinalar keçirildi. Keçirilən aksiyaya digər təşkilatlar da qoşuldu. TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Pətək İctimai Birliyi aksiyaya qoşularaq tədbirdə fəal iştirak etdilər.
Kitabları uşaqlara nağıl personajlarından Cırtdan və Tıq Tıq xanım hədiyyə edirdi. Aksiyaya dəstək üçün uşaq yazarlarından Sevinc Nuruqızı və Gülzar İbrahimova da öz kitabları ilə körpə fidanlarımızı sevindirdilər. Böyük yaş qrupuna aid olan oxucular da yaddan çıxmamışdı. Belə ki, “Köhnə kitablarınız - onları oxuyanlar üçün yenidir” adlı sərgidə sərgilənən kitablar öz yaş qrupuna aid olan oxuculara hədiyyə edildi. Ümumilikdə keçirilən bu aksiya iştirakçılar tərəfindən böyük maraqla və rəğbətlə qarşılandı.


Tədbirin səkilləri
Bütün xəbərlər