F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 4 aprel 2016-cı il tarixdə 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş VIII Milli Uşaq Kitabı Sərgisi təşkil olundu. Sərginin təşkil edilməsində başlıca məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaqdır. Tədbirdə balacaların sevimli şair və yazıçılarından Gülzar İbrahimova, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Aygün Bünyatzadə, Gülarə Munis, Elvira Məmmədli, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə, nəşriyyat işciləri iştirak edirdi. Səkkizinci milli uşaq kitabı sərgisi 25 başlıq altında, o cümlədən “Folklor yaradıcılığı paytaxtları”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan-yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ…”, “Dərədən, təpədən”, “Tarix – keçmişdən gələcəyə”, “Multikulturalizm - Azərbaycan xalqının həyat tərzidir”, “Dünya uşaq ədəbiyyatı inciləri” və s. numayiş olunurdu. Sərgidə kitablarla yanaşı Zəngi Liseyinin balacalarının tərtib etdiyi əl-yazma nağıl kitabları, 201 saylı məktəbin Palitra Art Studiyasının balaca rəssamların çəkdikləri rəsmlər tədbir iştirakçılarının marağına səbəb oldu. Sərginin açılışında çıxış edənlər 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə bütün kitabsevərləri, yazarları, uşaq rəssamları və tərcüməçilərini, nəşriyyat işçilərini təbrik edib, kitabın uşaqların dünyagörüşünün formalaşmasında böyük əhəmiyyətini qeyd etilər. Kitabxananın fəal oxucuları kitabla bağlı şeirlər söylədilər, öz yazarları ilə daha yaxından tanış olub, onları maraqlandıran suallara cavab aldılar. Elmi metodika şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış rəy sorğuları sərgi iştirakçıları tərəfindən cavablandırıldı.
Sərgidə iştirak edən bütün məktəblilərə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, təqvim hədiyyə edildi.
Tədbir KİV nümayəndələri tərəfindən işıqlandırıldı. Kitab sərgisi 4-8 aprel tarixinədək davam edəcəkdir.


Tədbirin səkilləri
Bütün xəbərlər