F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin təşəbbüsü ilə 12 aprel 2016-cı il tarixində Binəqədi rayonundakı 244 saylı məktəbin 2e şagirdlərinin ifasında kosmonavtika gününə həsr olunan “Planetlər, ulduzlar, Göy qurşağı”, “Yer kürəsi anamızdır” adlı ədəbi bədii kompazisiya təqdim edildi. Tədbirdə uşaq yazıçısı Gülzar İbrahimova, valideynlər, məktəblilər, kitabxana əməkdaşları iştirak edirdi. Tədbirdəki rəngərənglik o qədər göz oxşayırdı ki, sanki uşaqlar göydən yerə enmiş planet, ulduz, Günəş idilər. Elə bil bir anlığa bütün göy cisimləri uşaq kitabxanasına qonaq gəlmişdi. Uşaqlar kainatın sirləri haqqında maraqlı faktlardan danışdılar. Böyük sürətlə irəliləyən dünya kosmosun qaranlıqlarında necə olur heç bir planetlə, ya da meteoritlə toqquşmadan irəliləyə bilir? Quyruqlu ulduzlardan, qalaktikalardan, günəş sistemindən, planetlərdən, saman yolundan ibarət bu işıqlı dünya bizdən nələri gizlədir? İçində yaşadığımız dünya nə qədər ağır, nə qədər sürətlə irəliləyir, hara gedir? O kosmosun dərinliklərində irəliləyərkən biz bunu niyə hiss etmirik? Əgər cazibə qüvvəsi olmasaydı həyatımızda nələr baş verərdi? Ya da Ay niyə bu qədər qaranlıqdır və niyə orada canlı yaşamır? Bu sualların hamısının cavabını onlar informasiya ocağı olan, uşaqların sevimli yeri F.Köçərli adına respublika uşaq kitabxanasında olan kitablardan oxucuqlarını söylədilər. Tədbirdə Günəşlə bağlı nağıl səhnəciyi göstərildi. Göy cisimlərinə həsr olunmuş mahnılar ifa olundu. Abdulla Şaiqin “Hamımız bir günəşin zərrəsiyik ” şeirinin misraları ilə tədbir başa çatdı. Uşaqlar “Sülh nəğməsi”ni oxudular: Göyərçinik biz, sülhdür adımız, Göyə uçmağa var qanadımız, - söyləyərək göyərçini havaya buraxdılar. Tədbir böyük ruh yüksəkliyi ilə yekunlaşdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək bildirdi ki, sizin kainat, Günəş sistemi haqqında az yaşınız olmasına baxmayaraq bu qədər məlumatlı olmağınız bizi çox sevindirdi. Mütaliə etmək sizin elmi idrakı cəhətdən inkişafınıza nə qədər kömək edir.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər