F.Köçərli adına Respublika Uşaq kitabxanasının xidmət şöbəsinin təşəbbüsü ilə 23 may 2016-cı ildə Binəqədi rayonunun 244 saylı məktəbinin ikinci sinif şagirdləri ilə yazıçı Gülzar İbrahimovanın görüşü oldu. Şagirdlər yazıçının görüşünə səhnələşdirdikləri ”Qırmızıyanaqla qırmızıpapağın nağılı”, ”Göy qurşağı qardaşlarının yeddi nağılı” ilə gəlmişdilər. Onlar öz çıxışlarında Gülzar nənənin yuxusuz gecələrinin şirin nağıllarından söhbət açdılar. Qeyd etdilər ki, Gülzar nənənın “Evin kişisi”, “Göyün nağılı”, “Su pərisi və balıqçı”, “Ərköyün qız”, “İlham və Fərizə” kitablarındakı hekayə və nağıllar bizi həyatı, vətəni sevməyə, onu qorumağa səsləyir. Bu nağıllarda adət etdiyimiz nağıl sonluqlarına rast gəlmədik. Adətən, nağılların sonunda göydən üç alma düşür, amma Gülzar nənə nağılını bitirərkən yağış arzulayıb, leysan yağdırıb: qızıl yağışı, süd yağışı, səadət yağışı. Bəlkə də, qəlbini bizlərə boşaltdığı üçün, qəmli-sevincli duyğularını dönə-dönə alqışladığı balalarla paylaşdığı üçün yağış arzulayıb. Bəlkə də, nağıl boyu yaşadığımız qorxu, dəhşət hislərini yuyub-aparsın deyə... bilmirik. Bildiyimiz odur ki, bu orijinal sonluqlu nağılları başdan-başa şeirləşdirib bizlərə ərmağan edib və deyib: Eşit Gülzar nənəni! Qızıl yağışı yağanda qaç gizlən! Qızıldan hələ heç bir şaha, heç bir insana sevinc gəlməyib. Gözlə ki, səadət yağışı yağsın, sən də səadət yağışının altında dayanıb islanasan, öz səadətini tapasan! Bax, bu sözlərdən sonra bütün həyəcanlar yoxa çıxır, başa düşürük ki, bu dünya gözəldir, daşı-torpağı, otu-ağacı, hər bir şeyi ilə. Biz insanlar isə onu sevib daha da gözəlləşdirmək üçün əlimizdən gələni etməliyik...
Tədbirin sonunda məktəbin direktoru Yəhya müəllim və tədris hissə müdüri Şahzadə xanım, uşaqların müəllimələri Seyda və Günəş xanım kitabxananın əməkdaşı Almaz xanıma öz təşəkkürlərini, sevimli yazıçıları Gülzar nənəyə ən xoş arzularını bildirdilər. Tədbir yüksək ruh yüksəkliyi ilə başa çatdı. Biz də öz növbəmizdə Gülzar xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayaraq deyirik: Gün o gün olsun ki, Qələbə sevincli şeirləriniz Şuşada səslənsin!


Tədbirin səkilləri
Bütün xəbərlər