31 may 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsinin əməkdaşları Nərimanov rayonundakı 183 saylı uşaq bağçası ilə birgə YUNESKO-nun 2016-cı ili İ.Nəsimi və M.P.Vaqif İli elan etməsi ilə əlaqədar “Söz səltənətinin ölməz dahiləri” adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbirin qonağı BDU-nun professoru, filologiya elmləri doktoru Alxan Bayramoğlu idi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bildirdi ki, Azərbaycan dövlətinin elm, mədəniyyət, təhsil, idman sahəsində apardığı islahatlar cəmiyyətin siyasi, iqtisadi və mədəni səviyyəsi ilə birbaşa bağlı olub, yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir. Təcrübə göstərir ki, bu məsələnin düzgün həllində ailə, məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər, kitabxanaların birgə və səmərəli fəaliyyəti istənilən nəticənin alınmasında əsas amil rolunu oynayır. Müasir dövrümüzdə uşaqların və gənclərin sağlam böyüməsi, vətənə layiqli övlad kimi yetişməsi, vətəni müdafiəyə hazır olmasında belə bir qarşılıqlı əlaqəyə böyük ehtiyac var. Bu baxımdan, fiziki cəhətdən sağlam, məntiqi təfəkkürə malik vətənpərvər uşaqların tərbiyə edilməsi məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir. Uşaqlar bizim sevincimiz, xoş arzularımızdır. Onlar bizim gələcəyimizdir, ümidlərimizdir. Dövlətimizin, xalqımızın gələcək müqəddaratı məhz uşaqların əlindədir. Şübhəsiz ki, gələcəyimizin etibarlı əllərdə olması üçün bütün qüvvələr səfərbər edilir, kompleks tədbirlər həyata keçirilir. Valideynlər, təhsil müəssisələri, elm ocaqları əl-ələ verərək bu mühüm və əhəmiyyətli məsələnin həllində böyük səy göstərirlər. Etiraf edirəm ki, Nəsimi və Vaqif İlinə həsr olunmuş tədbir məktəblərdən qabaq uşaq bağçasında keçirildi. Bu təqdirəlayiq bir işdir. Bu məqsədlə əməkdaşlara, müəllim və valideynlərə öz təşəkkürümü bildirirəm.
Sonra söz tədbirin qonağı Alxan müəllimə verildi: Tədqiqatlar göstərir ki, kiçikyaşlı uşaqların fiziki və mənəvi inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, vətənpərvər insan, şəxsiyyət kimi formalaşmasında məktəbəqədər təhsil müəssisələrinin rolu danılmazdır. Sevindirici haldır ki, həmin müəssisələrdə müasir təlim texnologiyalarının tətbiqi sahəsində mühüm işlər görülür, bir sıra mühüm tədbirlər həyata keçirilir. Vətənə məhəbbət, yurda sevgi kiçik yaşlarından aşılanır. Arzu edirəm ki, uşaqlarımız vətənin hər qarış torpağının qədrini bilsinlər, onun üçün canlarını fəda etməyə hazır olsunlar. Bu, birinci və əsas şərtdir. Sonra bilikli, savadlı, geniş dünyagörüşünə malik olsunlar. Ata-anaya məhəbbət, böyüklərə hörmət, qocalara və əlillərə mərhəmət hisslərini özlərində tərbiyə etsinlər. Vətəni sevsinlər, onu göz-bəbəyi kimi qorusunlar.
Tədbirdə uşaqlar Nəsiminin divanından qəzəlləri, Vaqiflə Qacarın üz-üzə gələn səhnəsini göstərdilər, “Hayıf ki, yoxdur” romansını oxudular, vətən sevgisi ilə bağlı xoreoqrafik rəqslər, şeirlər söylədilər. Tədbir balacaların ifasında yüksək səviyyədə təqdim edildi. Tədbirin sonunda bağçanın müdiri Sədaqət Qurbanova tədbir iştirakçılarına, qonaqlara öz təşəkkürünü bildirdi. Bütün uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, kitablar hədiyyə edildi. Bağçanın rəy kitabına qonaqlar tədbirlə bağlı öz ürək sözlərini yazdılar. Uşaqlarla xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər