14 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016-cı il – “Multikulturalizm İli”nə həsr olunan “Uşaq Kitab Karvanı Şimal bölgəsində” səyyar kitab sərgilərini Qusar rayonunda davam etdirdi. Uşaq Kitab karvanına həsr olunmuş bayram tədbiri N.Nərimanov adına İstirahət Parkında təşkil olunmuşdu. Tədbiri Qusar rayon Mərkəzi Kitabxanasının direktoru Zahir Mustafayev giriş sözü ilə açaraq qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu layihəni həyata keçirir. Belə tədbirlər uşaq ədəbiyyatına olan marağı yüksəltməklə uşaqları mütaliəyə cəlb etməkdə böyük rol oynayır. Kitab karvanı təkcə uşaqların deyil, bütün rayon ictimaiyyətinin sevincinə səbəb olmuşdur. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2016-cı ildə “Azərbaycanın Folklor Paytaxtı” elan olunan Qusar rayonu bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaqdır. Proqram çərçivəsində azsaylı xalqların nümayəndələri iştirak etmiş, ölkəmizdə olan multikultural dəyərlər və tolerantlıq modeli haqqında geniş çıxış etmişlər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru çıxışında “Azərbaycanın Folklor Paytaxtı- Qusar” haqqında tövsiyə biblioqrafiyasının və elektron məlumat bazasının hazırlanmasından, bu sahədə müfəssəl məlumatların toplanmasından söhbət açdı və bildirdi ki, bu uğurlu addım kitabxanamızın ölkəşünaslıq şöbəsinin öz təşəbbüsü ilə baş tutmuşdur və gələcəkdə bu məlumatlardan virtual oxucular istifadə edəcəkdir. Bu baza alimlər, tədqiqatçılar, geniş oxucu kütləsi üçün lazımlı, qiymətli vəsait olacaqdır. “Azərbaycanın Folklor Paytaxtı- Qusar” elektron məlumat bazasının hər bir bölməsində Qusar rayonu haqqında toplanan tammətnli məlumatlar virtual oxucuların sayının artmasına səbəb olacaqdır.
Digər çıxış edən nümayəndələr də kitabın, mütaliənin əhəmiyyətindən danışdılar. Bayram tədbirində azyaşlı uşaqlar və məktəblilər iştirak edirdi. Uşaqlar tədbirdə öz sevimli yazıçıları ilə görüşdülər. Şən musiqi sədaları altında keçən tədbirdə onlar şeirlər söylədilər, mahnılar ifa etdilər. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış oldular. Tədbirdən sonra orta yaş qrup oxucularla “Sənin intellektin- oxuduğun kitablardır”, kiçik yaşlılarla isə “Ən yaxşı nağıl bilicisi” adlı müsabiqə keçirildi. Müsabiqədə daha çox xal qazanan oyunçu- qalib müəyyən edildi, “Nağıl bilicisi” medalını Qusar rayon 6 saylı məktəbin VIII sinif şagirdi Abdullayev Alqayıt qazandı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım qalibə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının bir il pulsuz hədiyyə olaraq veriləcəyini bildirdi. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən verilən hədiyyə kitab bağlamalarını Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev qəbul etdi. Hədiyyə kitabları içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də var idi.


Tədbirin səkilləri
Bütün xəbərlər