Yay tətilində uşaqların mədəni-asudə vaxtlarının səmərəli keçməsi məqsədilə, 1 iyul 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaqların sevimli yazıçısı Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşa göstərildi. Tamaşada kitabxananın nəzdində yeni yaradılmış uşaq-teatr studiyasının üzvləri iştirak edirdilər. Qeyd edək ki, studiyanın üzvləri kitabxananın ən fəal oxucularıdır.
Uşaq-teatr studiyasının üzvlərinin çıxışı maraqla qarşılandı, balaca aktyorlar öz tamaşaçılarına xoş anlar bəxş etdilər. Tamaşa dostluqdan, xeyirxahlıqdan bəhs etməklə yanaşı, həm də düzlüyü tərənnüm edir. Ona görə də bir sıra sınaqlara məruz qalan Tıq-tıq xanımla Siçan arasında dostluq qələbə çalır, onlar barışırlar. Tamaşada oxunan şən mahnılar və maraqlı rəqslər Nəsimi rayonu, 6 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları üçün böyük marağa səbəb oldu.
Tədbirin sonunda bütün iştirakçılara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər