23 sentyabr 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsi Bakının Nizami rayonunda yerləşən "Zəngi" liseyi ilə birgə ikinci sinif şagirdlərinin yay tətilində mütaliə etdiyi kitablara çəkdikləri rəsmlər və əl işlərindən ibarət “Mənim əl işlərim mütaliə qəhrəmanlarımdır” adlı sərgi keçirdi. Yay tətilini uğurla başa vuran Liseyin II sinif şagirdlərinin əl işlərindən təşkil olunmuş sərgi tədbir iştirakçılarını şagirdlərin yaradıcı dünyasına qonaq etdi.
Tədbirdə “Təhsil problemləri” İnstitutunun əməkdaşıları, "Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyasının sədri, məktəbin tədris hissə müdiri, xalq rəssamı Arif Hüseynov, kitabxana əməkdaşları, valideynlər iştirak edirdi. Arif müəllim sərgidə rəsm və əl işlərini nəzərdən keçirdi, iştirakçıları yeni dərs ili münasibətilə təbrik etdi və çıxışında bildirdi ki, uşaqların əl işləri və rəsmlərindən ibarət sərgi onların yaradıcı potensialının aşkarlanmasına kömək edir. Onlar öz uşaq dünyalarından boylanaraq kitablardan aldıqları təəssüratları əlvan çalarlara boyayıb, kağıza köçürüblər, yarpaqlardan, plastilindən, parçalardan istifadə edərək nağıl personajlarını bir kompozisiya şəklində ərsəyə gətiriblər. Demək olar ki, bütün əl işləri böyük sevgi ilə hazırlanmışdır. Balacaların mütaliəyə olan marağı əl işlərində özünü büruzə verir. Deyə bilərəm ki, uşaqların savadlanması, estetik zövqlərinin inkişafı və dünyagörüşünün artması istiqamətində keçirilən bu tədbir uğurlu tədbirlərdən biri kimi diqqət mərkəzində olacaqdır.
“Belə tədbirləri keçirməkdə əsas məqsədimiz mili dəyərlərimizi bilən, öyrənən, bu irsə sahib çıxaraq onu özündən sonrakı nəslə ötürə bilən gəncliyin tərbiyə olunması, yaradıcı uşaqların üzə çıxarılmasıdır” - deyən F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova təşkil olunmuş sərgini əməkdaşlıq etdiyi bu məktəbin həm də sosial fəaliyyəti kimi dəyərləndirdi: ”Əminəm ki, uşaqların kitabxanadan mütəmadi olaraq istifadə etmələri onların mənəvi aləminin zənginləşməsinə, yaradıcı potensialının artmasına səbəb olacaqdır. Bu sərgi onlar üçün, həmçinin digər şagirdlər üçün stimul olacaqdır. Ola bilsin ki, bu uşaqlar heç gələcəkdə rəssam və ya heykəltəraş yox, müəllim, həkim, mühəndis olacaqlar. Ancaq onların içərisindəki qabiliyyətin üzə çıxarılması böyük xoşbəxtlikdir. O uşaq gələcəkdə müəllim olsa da, öz hisslərini tablolarda əks etdirə bilər. İnsan o zaman xoşbəxt olur ki, öz daxili potensialını üzə çıxarmış olur. Bu gün Zəngi Liseyi kitabxana ilə əməkdaşlıq etməklə uşaqlarımız üçün bu imkanları yaradır. Mütaliə etməklə öz mənəvi aləmlərini zəngin edən həmin uşaqlar əsl vətəndaş kimi yetişərək öz milli-mənəvi dəyərlərini qiymətləndirməyi bacaracaqlar. Əgər bugünkü mütaliə etdiyi kitabdan hansısa personajı, sevdiyi nağıl qəhrəmanını öz əsərində yarada bilirsə, bu, böyük xoşbəxtlikdir”
Zəngi Liseyinin tədris işləri üzrə direktor müavini 2014-2015-ci ili lisey üçün önəmli tədris ili kimi dəyərləndirdi, liseyin uğurlarından söhbət açdı və qeyd etdi ki, məqsədimiz fiziki və mənəvi cəhətdən sağlam olan Azərbaycan gəncliyini yetişdirməkdir: “Amalımız Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləyən və ona töhfələr vermək qüdrətində olan nəsli tərbiyələndirmək, hər bir şagirdin içində olan yaradıcı potensialı üzə çıxarıb ona istiqamət verməkdir.”
Tədbirə gələn qonaqlar şagirdlərin əl işləri və rəsm əsərləri ilə yaxından tanış oldular. Bütün sərgi iştirakçılarına kitabxana tərəfindən hədiyyələr verildi.

Tədbirin səkilləri
Bütün xəbərlər