-  “Heydər Əliyev və uşaqlar”
-  Görkəmli nasir - Mir Cəlal (Mir Cəlalın anadan olmasının 100 illiyi münasibətilə)
-  ADR - Müstəqilliyimiz Əbədidir (Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi münasibətilə)
-  “Səni kim unudar” (Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibəti ilə)
-  “Molla Nəsrəddin” jurnalının 100 illiyi
-  31 mart Azərbaycanlıların soyqırımı günü
-  Mövlana Cəlaləddin Rumi
-  Nigar Rəfibəyli - 95


“Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi ilə əlaqədar


“Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım!”
(Respublikanın uşaq, məktəb, gimnaziya, lisey, kollec kitabxanaları, kütləvi kitabxanaların uşaq şöbələri üçün metodik vəsait )


Mədəniyyət və Turizm Nazirliyi
nəzdində Koordinasiya Şurasının
2006-cı il 10 aprel tarixli 1 nömrəli
protokolu ilə çapa tövsiyə edilib.


Bakı- 2006


Bu il aprelin 7-də Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"inin birinci nömrəsinin çapdan çıxmasının 100 illiyi tamam olur. Zəmanəsində şimşək kimi çaxan, uzaq ellərdə belə, ədəbi hadisəyə çevrilən, haqq-ədaləti müdafiə edən “Molla Nəsrədddin” jurnalının yubileyi münasibətilə respublika Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Dövlət başçısmında yazılıb: “Xalq yumorundan, klassik Azərbaycan ədəbi və dünya bədii-publisist irsinin ənənələrindən məharətlə bəhrələnərək publisistikamızı janr, üslub baxımından zənginləşdirən jurnal yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ədəbiyyatında demokratik meyllərin güclənməsinə misilsiz təsir göstərmişdir…”
1906-cı ildə “Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım!” xitabı ilə elm və mədəniyyət dünyasına çıxan “Molla Nəsrəddin”in sözü-söhbəti islam dünyasında narazılıqla qarşılandı. Tiflisdə, Bakıda, Aşqabadda, Gəncədə…böyük həyəcana səbəb oldu. Məcmuənin ünvanına təkfirlər yağdırıldı. 1907-ci ildə Tiflıs qubernatorunun əmri ilə onun nəşri dayandırıldı. Lakin bir neçə gün sonra qubernator xalqın tələb və təkidi ilə əmrini dəyişməyə məcbur oldu.
Bu jurnal çox tezliklə Rusiyada, bütün Yaxın və Orta Şərq ölkələrində yayıldı. Dünyanın silkələndiyi bir dövrdə “Molla Nəsrəddin” demokratik ab-havasıyla bütün qəlbləri titrədir, insanları haqqa, azadlığa, özünütəsdiqə, özünüdərkə səsləyirdi. Mirzə Cəlillə bərabər bu jurnalda böyük Sabir də özünü tapdı. “Molla Nəsrəddin”lə tanınan böyük Sabir haqqında Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri ilə müntəzəm məşğul olan almaniyalı ədib Əhməd Şmide məşhur ədəbiyyatşünas Abbas Zamanova göndərdiyi məktubda (1976) yazmışdı: “Hophopnamə” həmişə stolumun üstündə, gözümün qabağındadır".
“Hophopnamə Amerikada” adlı tədqiqatında AMEA-nın müxbir üzvü, professor A.Zamanov yazırdı: “Avqust 1907-ci il. Şöhrəti Şərqə və dünyanın bəzi başqa ölkələrinə də yayılan ”Molla Nəsrəddin" il yarıma yaxın idi ki, nəşr edilirdi. Jurnalın səhifələrində “Hophop” təxəllüsü ilə çıxan duzlu satiralar onun şah damarı idi. “Vətənin xoş övladlarını” oyadıb, tüfeylilərin “kef çəkdiyi əyyama” vəlvələ salan bu nadir satira incilərini hər yerdə səbirsizliklə gözləyirdilər. Onları sevənlər də oxuyurdu, sevməyənlər də, dostlar da oxuyurdu, düşmənlər də. Artıq hamı bilirdi ki, zəhmətkeş xalqı düşünməyə, dostunu, düşmənini tanımağa sövq edən bu həkimanə satiraların müəllifi “Hophop” – şamaxılı şair Mirzə Ələkbər Sabir Tahirzadədir".
Sabir “Molla Nəsrəddin” jurnalının səhifələrində nəşr olunduğu vaxtdan (1906) bütün Azərbaycanda, Qafqaz və Yaxın Şərq ölkələrində məşhur oldu. “Bir neçə il əvvəl heç kəsin tanımadığı Sabirin şeirlərini indi Bakıda və İrəvanda, Qazaxda və Aşqabadda, Daşkənddə və Səmərqənddə, Təbrizdə və Tehranda, İstanbulda və Bağdadda oxucular səbirsizliklə gözləyirdilər. Qüdrətli satirik şair kimi məşhurlaşan Sabir yaradıcılığının əsasını xalq, xalqın dərdi, xoşbəxtliyi, onu azad görmək arzusu təşkil edirdi”.
Özbək ədəbiyyatında məşhur satirik şair kimi nüfuz qazanmış Səidəhməd Siddiqi Əczinin yaradıcılığı bütövlükdə “Molla Nəsrəddin” ab-havası, Mirzə Cəlil yumoru, Sabir poetik fikri, məna və məzmunu üstündə köklənmişdi. Daşkəndli tədqiqatçılar Akif Bağırov və Yaşar Qasımov bu mövzuya toxunaraq Mirzə Cəlil, Sabir yaradıcılıqlarının Əczi satirasına təsirindən yazmışlar.
Sabirin Özbəkistanda Raci, Şükuri, Əczi kimi maarifçi şair və ziyalılarla görüşü sonralar onların yaradıcılıqlarında dərin iz açmışdır. Mərvdə yaşayan özbək maarifçi-demokratı Məhəmmədşərif Sufizadə ilə tanışlığı da maraqlıdır və bu görüşün izləri özbək ədəbi mühitində aydın görünür.
1901–1903-cü illərdə səyahətə çıxan Əczinin Tiflisdə Mirzə Cəlillə görüşü onun yaradıcılığına qüvvətli təsir göstərmişdir. Bu tanışlıq sonralar “Molla Nəsrəddin” jurnalının səhifələrində əks-səda tapdı. Özbək ədəbiyyatşünası Bəyalı Qasımov yazır ki, “S.Əczinin ”Miratül-ibrət" və “Əncüməni-ərvah” adlı dastanları senzuradan keçmədiyinə görə, Özbəkistanda çap olunmadığı halda, həmin əsərlər Cəlil Məmmədquluzadənin köməyi sayəsində 1912-ci ildə “Qeyrət” mətbəəsində buraxılmışdır".
Sabir və Əczi arasındakı ədəbi əlaqələr dostluq münasibətlərinədək gəlib çıxmışdır. Bu dostluğa rəvac verən əsas qüvvə Əczinin vətənində geniş yayılmış “Molla Nəsrəddin” jurnalı idi.
Sabirin “Şükür, xudaya” şeiri, Həmid Araslının dediyi kimi, Səmərqənddə bir satirik məcmuədə nəşr olunur. Bundan az sonra elə bu şeirin təsiri ilə eyni adda digər bir şeiri Əczi yazır və həmin məcmuənin növbəti nömrələrinin birində dərc etdirir. Tədqiqatçı Akif Bağırovun qeydinə görə, hər iki şeir həm mövzu, həm də üslub-dil cəhətdən bir-birinə o qədər yaxındır ki, müəlliflərini ayırd etmək tədqiqatçılardan uzun vaxt tələb etmişdir. Doğrudur, Əczi “Özbək satirasının Sabiri” kimi tanınmışdır. Sabirin “Ey, pul”, Əczinin “Çervon”, Sabirin “Əkinçi”, Əczinin “Əkin yerlərinin dərdü-həsrəti”, Sabirin “Uçitellər”, Əczinin “Ziyalılar” və s. şeirlərindəki təsirlər açıq-aydın olaraq dediklərimizi təsdiq edir. Əczi bu və bu kimi bir çox şeirlərində böyük satira ustasının ənənələrini davam etdirmişdir. “Sabir satirasının Əczi yaradıcılığına təsirinin bu günə qədər geniş tədqiqatdan kənarda qalmasının bir səbəbi də, ümumən, Əczi bədii irsinin tarixi taleyi ilə əlaqədardır. Belə ki, son illərə qədər müəyyən səbəblər üzündən Əczinin əsərləri özbək oxucularına o qədər də tanış deyildi”.
“Molla Nəsrəddin” qeyd etdiyimiz kimi, dərc olunduğu zaman da, sonralar da Şərq satira məktəbinin ustadı sayılmışdır. Əldən-ələ gəzən bu mətbu orqan böyük bir satira məktəbinin özülü olmuşdur. Abdulla Qədiri Mirzə Cəlilin də, “Molla Nəsrəddin”in də, Sabirin də Orta Asiya xalqlarının ədəbi-mədəni inkişafına təsirindən danışarkən, bunu xüsusilə qeyd etmişdir: “Orta Asiyada Azərbaycan ədəbiyyatını oxumayan, bilməyən sənətkar yoxdur. Biz həcvçiliyi “Molla Nəsrəddin"dən öyrənməliyik. Mən qələm tutmağı ərəblərdən, qələmlə güldürməyi isə “Molla Nəsrəddin”dən öyrənmişəm".
"Molla Nəsrəddin" jurnalından danışarkən, Cəlil Məmmədquluzadənin nə vaxtsa söylədiyi "Molla Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə özü yaratdı" sözləri tarixə düşsə də, eyni zamanda tarix sübut elədi ki, Cəlil Məmmədquluzadə bu sözləri con dərəcə təvazökarcasına dilə gətirib. Ən azı ona görə ki, bir əsr zaman kəsiyini arxada qoyub gələn "Molla Nəsrəddin" bu illər ərzində təkrarsızlığını qoruyub. Zəmanə bu baxımdan nə qədər münbit olsa da, yeni bir "Molla Nəsrəddin" yaranmayıb. Halbuki "Molla Nəsrəddin"in üz tutduğu müsəlman qardaşları qətiyyən dəyişməyiblər. Yoxsa ötən əsrin əvvəllərində nəşr olunan "Molla Nəsrəddin" jurnalında işıqlandırılan mövzular bu gün öz aktuallığını itirərdi. Xatırladaq ki, Azərbaycanda, eləcə də Şərqdə hadisəyə çevriləcək satirik mətbu orqanın təməli "Tiflis, Varansovski küçəsi, nömrə 7" ünvanında qoyulub. "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi aprelin 7-də işıq üzü görüb. Jurnal fasilələrlə Tiflisdə (1906-1918), Təbrizdə (1920-1921), Bakıda (1922-1932) 25 il müddətində nəşr olunub.
"Molla Nəsrəddin"in ildönümünü xatırlayanda, istər-istəməz şüurlarda inqilab edən, cəmiyyəti silkələyən satirik jurnalı vərəqləmək gərəkdir: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "Lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, mənə gülürsünüz. Ey müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım, mən sizin ilə türkün açıq ana dilində danışıram. Mən onu bilirəm ki, türkün dili ilə danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salın yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız deyirdi, "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilində danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?"
Azərbaycanın mütərəqqi, qabaqcıl, maarifpərvər ziyalıları "Molla Nəsrəddin"in ətrafında birləşərək xalqın maariflənməsi, tərəqqisi uğrunda mübarizəyə qoşuldular. Bu mübarizənin ön cərgəsində Mirzə Cəlilin məsləkdaşları M.Ə.Sabir, Əliqulu Qəmküsar, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əbdülrəhim bəy Haqverdiyev, Bayraməli Abbaszadə, Əli Razi Şəmsizadə, Mirzə Əli Mocüz Şəbüstəri və başqaları addımlayırdı. "Molla Nəsrəddin" kimi yüksək ad qazanan Azərbaycanın bu görkəmli şəxsiyyətləri "Molla Nəsrəddin" ədəbi məktəbini yaratdılar.
Müəllifin göstərdiyi kimi, jurnalın rəngarəng çıxmasında rəssamlar - Əzim Əzimzadə, Oskar Şmerlinq, Iosif Rotterin böyük əməkləri olmuşdur.
Demokratiyanın, söz azadlığının bərqərar olduğu indiki dövrdə bizlərə zəngin irs qoyan "Molla Nəsrəddin" ənənələrindən bəhrələnmək milli mətbuatımız üçün faydalıdır.
"Molla Nəsrəddin" jurnalında qadınların maariflənməsi məsələsinə dair şəkillər, karikaturalar, felyetonlar və başqa yazılar çoxdur. Gənc bir qızın əlindən yapışıb "darül-elmə" aparan Molla əmi "Qızların tərbiyəsi" (1907, N8) adlı məqaləsində Nuxada, Bakıda qız məktəblərinin açılmasını alqışlayır. Bununla bərabər, jurnalda elmin, maarifin mənasını başa düşməyən avam ata-analar da ciddi tənqid olunurlar. Bu münasibətlə jurnalın 1907-ci il 37-ci nömrəsində maraqlı bir karikatura verilmişdir: gənc bir qızın anası bir qadınla söhbət edir. Qadın bu qızın nə üçün hələ də evdə qaldığını soruşmasına ana belə cavab verir: "Zəmanənin başı batsın, heç daha gözəlliyə baxan varmı? Hər kəs gəlir, elə əvvəl soruşur ki, savadı-zadı necədi, yazı-pozu bilirmi?"
Başqa bir karikaturada isə (1908, N 3) gənc qızını qoca bir kişiyə ərə verən ana tənqid olunur.
C.Məmmədquluzadə yazırdı ki, müsəlman kişiləri bir iş görmək istəyəndə heç vaxt qadınla məsləhətləşməz. Lakin bir iş var ki, arvadın razılığı olmayınca heç bir müsəlman oğlunu, yainki qızını dərsə göndərməzdilər. Bir kişi öz qızını məktəbə göndərmək istəyir, gedib arvadından razılıq istədikdə ana onları rədd edir. Bu vəziyyəti görən kişi başını aşağı salıb "cəhənnəmə-gora" deyib öz işinin dalınca gedir. Karikaturaların birində Bakıya oxumağa gedən bir qızın anası deyir: "Allah bu Hacı Zeynalabdinin Həşirini gavurlarnan qopartsın ki, o dağılmış Bakıda qız uşkolası açdı, biz biçarələri gülüzlü qızlarımıza həsrət qoydu" (1911, N 38). Jurnalda bu mövzuya aid xeyli satirik şeirlər çap olunmuşdur. Əli Nəzmi üzünü avam qadınlara tutaraq "Gəldim əlindən buların canə mən", M.Ə.Sabirin "Çatlayır Xanbacı qəmdən ürəyim" misrası ilə başlayan şerləri və sair belə tipləri tənqid edir.
"Molla Nəsrəddin"də qadın azadlığına həsr olunmuş məqalə və felyetonların çoxu Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınmışdır. Heç də təsadüfi deyil ki, qadın cəmiyyətləri təşkilinin təşəbbüsçülərindən biri də o idi. Həmidə xanım bu barədə öz xatirələrində yazırdı ki, Mirzə Cəlil ilk görüşdə ondan soruşmuşdu: "Nə üçün siz qadınlar yığışıb belə bir cəmiyyət açmırsınız?" Bu söhbətdən sonra Həmidə xanımın rəhbərliyi ilə Tiflisdə ziyalı müsəlman qadınlarının cəmiyyəti təşkil olundu və bu cəmiyyət 1917-ci ilədək fəaliyyət göstərdi. Görkəmli ziyalı qadın Gövhər xanım Qacar da Həmidə xanımın təklifini məmnuniyyətlə qəbul edib bu cəmiyyətdə iştirak etmişdir.
Məlumdur ki, "Molla Nəsrəddin" jurnalı 1921-ci ildən Təbrizdə çap olunmağa başlamış və burada onun cəmi 8 nömrəsi çıxmışdır. Azərbaycan dilində nəşr olunan bu jurnal ilk nömrədən bağlanmaq təhlükəsinə məruz qalsa da, qadın azadlığı məsələsinə geniş yer vermişdir. Jurnalın ilk nömrələrindən birində Mirzə Cəlil yazırdı: "Qızlarımız təhsil-təlim etməzlərsə, bu, millətin inkişafı üçün təhlükəlidir" (1921, N3).
Sovet hakimiyyəti illərində "Molla Nəsrəddin" jurnalının qadın azadlığı uğrunda apardığı mübarizə, şübhəsiz onun inqilabdan əvvəlki fəaliyyətindən fərqlənirdi. İndi artıq qadına tam azadlıq, kişilərlə bərabər hüquq verilmişdir. Lakin köhnəlik öz müqavimətini göstərməkdə davam edirdi. Jurnalın 1923-cü il 12-ci nömrəsində dərc olunmuş "Vay bizim halımıza" felyetonunda mənfi tipin diliylə mövhumatla, köhnəliklə yenilik arasında gedən mübarizə təsvir olunur. Azərbaycan qızları üzüaçıq yığıncaqlarda çıxış edir, xalq kütlələrini oyadırlar. Teatrlarımıza nəinki qadın tamaşaçıları gəlməyə başlamışdı, hətta Azərbaycan teatr səhnəsində qadın rollarının da ifaçısı artıq qadınlar olmuşdu.
"Molla Nəsrəddin" jurnalının səhifələrində müasir qadının surəti tez-tez görünməyə başlayır. Azərbaycan qadınının oyanması, ictimai həyata atılması jurnal səhifələrində verilmiş maraqlı materiallarda öz əksini tapmışdır.
"Molla Nəsrəddin" jurnalının 1923-cü il 2-ci nömrəsində çap olunan "Nə mərəkə" adlı felyetonunda C.Məmmədquluzadə yazırdı: "... Rişədən başlamaq! Məsələn, hökumət tərəfindən gərək belə bir qanun qoyula ki, on səkkiz yaşa çatmamış və müəyyən dərs-tərbiyəni tamam etməmiş heç bir qız ərə gedə bilməz. Nə qədər ki, bir belə qanun yoxdur, o qədər də balaca qızlarımızın ixtiyarı əjdahaların əlində olacaqdır... Rişədən başlamalı!".
Jurnal qadın hüququ uğrunda mübarizəni kəskin şəkildə qoyurdu. Başlarında köhnə dünyanın havası qalmış bəzi tiplər öz sözlərilə Molla Nəsrəddinin gülüş hədəfinə çevrilirlər. "Arvad öldürənlər, yaxud qeyrət" adlı məqalə bu cəhətdən çox səciyyəvidir. Felyetonda deyilir: "Qeyrət dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur, belə ki, bu söz nə rus dilində var, nə gürcü, nə də Avropa dillərində var. ... Qeyrətin əsil mənası arvad öldürməkdir". Sonra jurnal qadına münasibətdə köhnə dünyanın çirkin əməllərindən nifrətlə danışır və nəhayət yazır: "Amma, səd əfsus ki, ... Şura ədliyyəsi təlim edibdir ki, bu gözəl istilahı... bizim lüğətimizdən pozsun. Heyf və genə heyf! Ondan ötəri ki, əgər bu rəvayətlər doğrudursa, elə arvad öldürən qoçularımız gərək bir vaxt "moddan" düşələr və belə də olsa, doğrudan da, namərdlik və yırtıcılıqda çıxartdığımız gözəl ad və şöhrətimiz bir vaxt məhv ola gərək!".
25 illik fəaliyyəti dövründə "Molla Nəsrəddin" jurnalı Şərq qadınının keçdiyi çox çətin, qurbanlar bahasına əldə edilən qalibiyyətlə, mübarizələrlə dolu inkişaf yolunu oxucu qarşısında bütün aydınlığı ilə təsvir etmiş, cəmiyyətin bərabərhüquqlu üzvü olan qadının mütləq tərəqqi tapacağına öz böyük inamını bildirmişdir.


-Xalqın həyatında baş verən hər bir böyük hadisə unikal, bənzərsiz, təkrarsız olur. "Molla Nəsrəddin" də bir ictimai-mədəni hadisə kimi bu baxımdan istisna təşkil etmir. Dahilik adətən sadəliklə əkiz olur. "Molla Nəsrəddin"in də zahiri sadəliyi arxasında ümmanlar qədər dərinlik, qlobal əhəmiyyətli problemlər durur. Jurnal ilk növbədə mollanəsrəddinçilik ideyalarını ictimai-ədəbi fikrimizə gətirməsi ilə öz adını mətbuatımızın qızıl səhifələrinə həkk etmiş oldu. "Molla Nəsrəddin" gülüşü adlı ədəbi məfhum da məhz mollanəsrəddinçilik ideyalarının zəminində formalaşmışdır. Bu gülüş unikal bir gülüşdür. Bu gülüş - gülüş obyekti olmamaq üçün çəkilən bir qəhqəhə, bir haray, bir çağırışdır. Örnək üçün 1907-ci ilin birinci sayında dərc olunmuş "Övrət məsələsi" felyetonunun sonuna nəzər salaq. Mirzə Cəlil məcmuədə arvad şəkli verdiyinə görə onu qınayan opponentlərinə belə deyir:
"Biz bu şəkilləri məcmuəmizdə çəkirik ki, müsəlmanlar hərdənbir baxıb desinlər: "Qadam ürəyinizə, ay arvadlar". Amma əcnəbi müsafirləri İranı və Turanı gəzib dolanıb belə-belə şəkilləri çəkib səyahətnamələr bağlayırlar, vətənlərinə qayıdıb şəkillərini ona-buna göstərib deyirlər: "Budur müsəlmançılıq."
Bu baxımdan yanaşdıqda "Molla Nəsrəddin" gülüşü bu gün də öz məna və əhəmiyyətini qoruyub saxlamaqda, yeni ictimai-tarixi şəraitə uyğun olaraq aktual həyati funksiyalarını yerinə yetirməkdədir.
Mollanəsrəddinçilik fərqli bir yaradıcılıq üslubu, həyat və fəaliyyət mövqeyi kimi öz konturlarını müəyyən etdikdən sonra onun ətrafında bütöv bir dəstə məsləkdaşlar toplandı. Bunların bəzilərinin gizli imzaları hələ açılmasa da ən böyük mollanəsrəddinçilərdən Ömər Faiq Nemanzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Əli Nəzminin, Əliqulu Qəmküsarın, Məmməd Səid Ordubadinin, Salman Mümtazın adlarını iftixar hissi ilə çəkmək olar.
Məlumdur ki, Azərbaycanda bolşevik diktaturası qurulduqdan sonra "Molla Nəsrəddin" jurnalı ateist yönlü bir dərgi kimi qələmə verilmişdir. Əslində "Molla Nəsrəddin" heç vaxt islam dininə və həqiqi islami dəyərlərə qarşı çıxmayıb. Ancaq mövhumat və xalqı cəhalətdə saxlamaqla öz şəxsi mənfəətlərini təmin etmək istəyən bir qism fırıldaqçı din xadimləri ilə mübarizə aparıb. Belələri indi də cəmiyyətimizdə var və bu baxımdan da "Molla Nəsrəddin" ideyaları aktual olaraq qalır.
Mirzə Cəlil özü də dəfələrlə islam dininin bəşəri dəyərlərdən ayrı olmadığını, səmimi-qəlbdən Tanrıya və onun Peyğəmbərinə inanan mömin bəndələrin mənəvi ucalığını və humanizmini yüksək qiymətləndirmişdir. Bu baxımdan jurnalın 1906-cı il 4-cü sayında özünü fırıldaqçı mollalarla qarşılaşdıran Molla Nəsrəddinin - Cəlil Məmmədquluzadənin üzünü opponentlərinə tutaraq hayqırdığı qəlb haraylarını həyəcansız oxumaq olmur:
"A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm?.. Hərçənd siz də mollasız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var. Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm:
... Mən də mollayam, siz də mollasız! Amma bir balaca təfavütümüz də budur ki, mən heç olmasa bir parça qalın kağız üstə bir nağıl-nuğul yazıb ilan-qurbağa şəkli çəkirəm və paylayıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib asanlıqla ocağı yandırsınlar. Amma siz mollalar deyirsiz: uşaqların da canı cəhənnəmə, nökərlərin də."
Bir sözlə, nə qədər ki, insan xislətində şər başlanğıclar, qeyri-insani sifətlər mövcuddur, "Molla Nəsrəddin" öz gülüşü ilə bu ictimai bəlaları aradan qaldırmağa hazırdır. Xüsusən bugünkü mədəniyyətlərin inteqrasiyası və qloballaşma şəraitində, Qərb mədəni-mənəvi dəyərlərinə Şərqdə daha ayıq münasibət bəslənildiyi, kor-koranə təqlidçilikdən imtina edildiyi bir dövrdə ictimai-siyasi həyatımızda, mənəviyyatımızda özünü büruzə verən bir sıra nöqsanları bir çox başqa vasitələrlə yanaşı, həm də "Molla Nəsrəddin" gülüşü ilə islah etmək mümkündür. Məgər Qarabağ müharibəsində yaşanan faciələr, Qərb havadarları tərəfindən qaniçən çaqqal kimi günahsız azərbaycanlıların üzərinə qısqırdılan erməni təcavüzkarları XX yüzilliyin ilk illərində Mərakeşin müsəlman sultanlığını üzük qaşı kimi dövrəyə almış imperialist yırtıcıların "Molla Nəsrəddin" səhifələrində verilmiş karikaturasından mahiyyətcə çoxmu fərqlənir?
Qarabağ faciəsindən səksən il öncə Mirzə Cəlilin "Azərbaycan matəmgahı"ndan yana-yana dediyi sözlər yaxın keçmişimiz üçün də aktual olaraq qalmırmı:
"Bu gün Kərbəla meydanı-Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Ehsan etməli pullarımız varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur... Bu gün Kərbəla meydanı - Azərbaycan meydanıdır."
Demək, "Molla Nəsrəddin" bu gün də bizim müasirimiz olaraq qalır, milli mentalitetimizin qorunmasında, dünya xalqları arasında öz layiqli yerimizi tutmağımızda, gülüş obyektinə çevrilməməyimizdə öz müdrik gülüşü ilə öz rolunu oynayır.

Yubiley tədbirləri respublikamızın hər yerində, eləcə də uşaq kitabxanaları və MKS-nin uşaq şöbələri tərəfindən qeyd olunmalıdır. Bu münasibətlə müxtəlif tədbirlər təşkil olunmalıdır.
Ilk növbədə “Molla Nəsrəddin – 100 ”, “Sizi deyib gəlmişəm!”, “Xalq dühasının əsəri”, “Azərbaycan mətbuatının şah əsəri” başlıqlı sərgilər təşkil olunmalıdır. Sərgidə kitablardan, dövri mətbuat səhifələrində verilmiş materiallardan və jurnalın səhifələrində çəkilmiş karikaturalardan istifadə etmək olar. Kitabxanaçı kiçik yaşlı oxucularla sərgi qarşısında söhbət keçirə bilər. Söhbətdə mətbuatımızın tarixindən, onun yaradıcılarından, rəssamlarından, əhəmiyyətindən danışa bilər.
Orta və böyük yaşlı oxucular üçün məruzələr təşkil etmək olar. Məruzəni AMEA Ədəbiyyat İstitutunun dəvət olunmuş mühazirəçisi apara bilər. Kitabxanaçılar isə metodik vəsaitin əvvəlində jurnal ilə bağlı gedən yazılardan istifadə edib öz oxucularını məlumatlandıra bilərlər.
Kiçik və orta yaş qrup oxucularla keçiriləcək “Jurnalın rəssamları” adlı tədbirdə Azərbaycan Dövlət İncəsənət Muzeyində, V.Səmədova adına sərgi salonunda yubileylə bağlı rəssamların çəkdikləri karikaturalara baxa bilərlər. 1906-cı ilin əvvəllərinə kimi “Molla Nəsrəddin” jurnalında 20 nəfər rəssam fəaliyyət göstərmişdir.Onların hər birinin, xüsusən O.İ.Şmerlinqin, İ.Rotterin, Ə.Əzimzadənin rəsmlərinə baxmaq olar. Jurnala çəkilmiş karikaturalar haqqında oxucuların fikirlərini öyrənməklə yanaşı müasir karikatura janrı haqqında da danışmaq olar.
Uşaq kitabxanalarında “Molla Nəsrəddin - 100” adlı rəsm müsabiqəsi də keçirilə bilər. Bu məqsədlə kitabxananın girəcəyində keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi ilə bağlı bütün şərtlər göstərilir. Müsabiqədə iştirak edən oxucular öz oxuduqları məktəb həyatından, məhəllələrindən, onları maraqlandıran hər hansı bir mövzu üzrə karikaturalar təqdim edə bilərlər. Müsabiqənin məqsədi Ə.Əzimzadə ənənələrinə söykənən milli karikatura sənətinin uşaqlar arasında təbliği və daha da inkişaf etdirilməsidir. Müsabiqədə fərqlənənlər mükafatlandırılmaqla yanaşı tədbirlə bağlı onların çəkdikləri karikaturalar haqqında yazılar uşaq qəzetlərinə verilməlidir.
““Molla Nəsrəddin” və ana dilimiz ” adlı tədbiri orta və yuxarı yaşlı oxucularla keçirmək olar. Icmal xaraterli bu tədbiri belə başlamaq olar:
Xalqın savadlanması, dilimizin saflığı və qorunması, əlifbamız ilə bağlı məsələlər məcmuənin ana xəttini təşkil edirdi. Bu böyük məramla da ətrafına təkrarsız simalar toplaya bildi: Ömər Faiq Nemənzadə,Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Salman Mümtaz və başqaları. Sözün düzünü zarafatla, incə yumorla deməyi bacaran bu qələm ustalarının mənəvi böyüklüyü, dərin bilik sahibi olması səbəbindən idi ki, deyilən hər bir söz, yazılan hər bir şer, hekayə və felyetonlarda böyük mətləblər çox ustalıqla, eyhamla açıqlanırdı. Dərgi yad sözlər, yad ifadələr, yad ibarələrlə çıxış edən kəsləri öz ana dilində dindirməyə çalışırdı. Cəlil Məmmədquluzadənin təbirincə desək: - “ Molla Nəsrəddin”i təbiət özü , zamanə özü yaratdı”. “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin üz qabığında çəkilən şəkildə yatan müsəlmanları qəflətdən oyanmağa çağıran Molla dayı gülə-gülə gəldi. Zamanın “çək-çevirinə” güldü, zamanənin əyriliklərinə güldü. Güldü və için-için də ağladı. Gah bu, gah da başqa kəslərin dili ilə dərdlərini bəyan etdi. İtqapan kəndinin sakinin Məşədi Həsənin əlifbanı pislədiyindən yazdı. İdarəyə göndərilən məktub və məqalələrin açıq türk dilində olmasını, əks halda isə bu əlyazmaların çap olunmayacağını vurğuladı. Məhz bu jurnalın təsiri ilə də cümhuriyyət dövrü ilk Parlamentimizin sədr əvəzi Həsən bəy Ağayev iclaslarda ana dilində, dövlət dilində danışmağı tələb edir. Tarixin çalxalandığı bu zaman kəsiyində “Molla Nəsrəddin”in dönə-dönə qayıtdığı və yana-yana söz açdığı dil məsələsi Azərbaycan xalqının varlığı demək idi. Dil- xalqın keçmişi və bu günüdür. Dil- xalqın mədəniyyətini yaşadandır.
“Molla Nəsrəddin”in gəlişi ilə ədəbiyyatımızda dil sadəliyi, dil axıcılığı kəskin dəyişdi. Öz gəlişi ilə məktəbini yarada bilən, sadə, xalq ruhuna yaxın, xalq deyimləri ilə cilalanan yeni satirik şerlərin ilk təbliğatçısı oldu məcmuə. Yarandığı gündən öz amalına sadiq qalan “Molla Nəsrəddin” məcmuəsinin sevilməsi, xalq arasında geniş şöhrət qazanması səbəblərindən başlıcası və ən əsası onun dilə olan düzgün mövqeyi oldu.
Neçə illərdir ki, bizim kitabxanamızın yuxarı sinif şagirləri ilə keçirdiyi tamaşa- müzakirə kütləvi tədbirlərin içərisində özünəməxsus yer tutmaqla yanaşı, həm də oxucuların teatr tamaşalarına, bədii əsərlərə olan marağını daha da artırır. Bu qəbildən şair-mütərcim kimi tanıdığımız Əjdər Olun Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş "Molla Nəsrəddin və Əmir Teymurun filləri" səhnə əsərinə baxmaq olar. Əsrlərdən bəri öz ifşaedici gülüşüylə sosial-mənəvi fənalıqlara qarşı kəskin bir silah olan Molla Nəsrəddin gülüşü yenə də səhnəmizdə eşidilir, əks-səda tapır.
Tamaşanın müzakirəsinə aktyorları dəvət etməklə oxucularımızla aktyorlar arasında ünsiyyət yaratmaqla yanaşı, həm də oxucular tamaşa haqqında öz rəylərini, mülahizələrini söyləmək imkanı əldə edə bilərlər. Tamaşa haqqında bir qədər məlumat veririk:
Əjdər Olun qələmə aldığı "Molla Nəsrəddin və Əmir Teymurun filləri" pyesinin quruluşçu-rejissoru Bəhram Osmanov bizcə, maraqlı bir tamaşa hazırlamışdır. Molla Nəsrəddin gülüşünün fərqləndirici cəhəti bu gülüşün təkcə başqalarına yox, həm də özünə tuşlanmasıdır. Əjdər Olun bu əsərinin qəhrəmanını məşhur lətifə qəhrəmanı ilə birləşdirən cəhət onun gülüşlərinin ikibaşlı olmasıdır. Əsər çox sadə bir süjet üzərində qurulsa da, tamaşa boyu satirik gülüşün çalarlarını sezmək, duymaq mümkündür.
Kəndlərinə göndərilən fildən Əmir Teymura şikayətə gəlmiş Molla Nəsrəddin biləndə ki, şikayətçilərin hamısı cəzalanıb yalan danışmaq məcburiyyətində qalır. Əmirin fillərindən bütün kənd camaatının razı qaldığını, hələ üstəlik erkək filin darıxdığını söyləyib ona bir dişi fil göndərilməsini xahiş edir. Əmirə çox xoş gələn bu xəbərə görə Molla Nəsrəddin sarayda müvəqqəti yaşamaq "xoşbəxtliyinə" nail olur. Molla Nəsrəddinin faciəsi də elə buradan başlayır. Saraya girdiyi andan rüşvət mühitinə düşən Molla Nəsrəddin Əmir Teymur tərəfindən hörmətlə qarşılandığı üçün çoxlarının paxıllığı, gözügötürməməzliyilə üzləşir, ona qarşı yönələn fitnə-fasad sonda nəticəsini göstərir. Mollaya qəzəbi tutan Əmir onu asmaq qərarına gəlir. Əsərdə gülüş doğuran atmacalar, maraqlı nüanslar çoxdur. Pyesdə Molla Nəsrəddin lətifələrindən uğurla istifadə olunub. Məsələn, Molla Nəsrəddin Əmir Teymurun qarşısında çıxış etmək üçün təklikdə öz-özünə danışır, Əmirlə necə danışacağını məşq edir. Onun Əmirə təzim edərkən "qibleyi aləm" deməsinin və sonra dərhal əsl qibləyə tərəf çevrilib "üzr diləməsi" nə qədər gülməli görünsə də onun "necə edim ki, bu qibləyə əyiləndə o birisinə, bu birinə əyiləndə o birinə arxamı çevirməyim?" özünə ünvanlandığı sual olduqca düşündürücüdür. Bu həm də insanın öz ikinci məni ilə, vicdanı ilə haqq və haqsızlığa, doğru və yalanla qarşı-qarşıya qaldığı bu çətin andan necə qurtulmağın yollarını axtarmaqdır.
Pyesdəki hadisələr bu süjet əsasında cərəyan edir. Tamaşa boyu tamaşaçını güldürən Molla Nəsrəddin lətifələrinə, onların əsərin süjet xətti ilə həmahəng səslənməsinə diqqət etdikcə anlayırsan ki, nə əsərin müəllifi Əjdər Olun, nə də quruluşçu rejissor Bəhram Osmanovun məqsədi bizə lətifə danışmaq deyil. Onlar lətifəyə də, şerə də, romana da, hekayəyə də mövzu ola biləcək, ən başlıcası isə, gerçək həyatımızı əks etdirən bir lətifədən danışırlar. Bu lətifə dünən də olub, bu gün də var, bəlkə sabah da olacaq.
Tamaşada baş rolun ifaçısı əməkdar artist Ağaxan Salmanov (Molla Nəsrəddin), digər rolları oynayan Atabala Səfərov (Əmir Teymur), Rahib Əliyev (Vəzir), Sevinc Rzayeva (Olcay Xatun), Elxan Hacıoğlu (baş xəzinədar), Bəxtiyar Kərimov (minbaşı), Ramiz Sərkərov (Əmirin şairi) dramaturqun və rejissorun ümidlərini birlikdə təmamilə doğruldurlar.
Yaşadığımız keçid dövrünü incəsənətimizə vurduğu ən ciddi zərbə bəlkə də teatrların öz tamaşaçısını itirməsi oldu. Uğurlu tamaşalar yarandıqca teatrlarımızın bu itkilərinin getdikcə azaldığını "Molla Nəsrəddin və Əmir Teymurun filləri" timsalında da müşahidə eləmək mümkündü. Maraqlı tamaşaya görə gündəlik həyatdan tanıdığımız siyasi liderlərin, sənətçilərin, şair və yazıçıların dünəni və bu günü ilə bağlı olan maraqlı əhvalatları bir yerə toplayıb araya-ərsəyə gətirən bir neçə kitabın müəllifi Əjdər Olu, rejissor Bəhram Osmanovu və bütün aktyorları təbrik etməyə dəyər.
Ədəbi bədii gecələrin uşaq kitabxanalarında təşkili daha maraqla oxucular tərəfindən qarşılanır. Bu məqsədlə də “Sizləri deyib gəlmişəm!” adlı ədəbi-bədii gecənin ssenarisini veriirik:


I aparıcı:"Molla Nəsrəddin" dərgisinin nəşrindən 100 il ötdü.
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar ki, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".


II aparıcı: Düz 100 il öncə üzünü müsəlman qardaşlarına tutub gələn "Molla Nəsrəddin" dərgisi işıq üzü görüb. "Molla Nəsrəddin" görkəmli ədib Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Hərgah Cəlil Məmmədquluzadə təvazökarlıq göstərərək, "Molla Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə yaratdı" deyib.
"Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında ətraflı bilgilər yetərincədir. Ədibin özünün qələmə aldığı "Xatiratım" ən etibarlı mənbələrdən biridir.
Azərbaycan mətbuat tarixində hadisəyə çevrilən "Molla Nəsrəddin" dərgisi tədqiqatçılarımız tərəfindən layiqincə araşdırılıb. Sözügedən sənət abidəsinin mətbuat tarixindəki mövqeyi üzə çıxarılıb.


I aparıcı: Bu tədqiqatlardan məlum olur ki, "Molla Nəsrəddin" Şərqin ən şöhrətli dərgisi olub. Bu, tək azərbaycanlı alimlərin deyil, eyni zamanda dünya şərqşünaslarının fikridir. Bu fikri məşhur fransız şərqşünası belə ifadə edib: "Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər "Molla Nəsrəddin" satirik jurnalı kimi, dünya səviyyəsində ikinci bir jurnala rast gəlmədim".
Dərginin yaradıcısı Cəlil Məmmədquluzadənin "Mövhumatı, cəhaləti tənqid eləmək, elə bilirsiniz asandır? Onlara qarşı çıxmaq üçün biz bəzən həyatımızı da təhlükə altında qoyuruq" etirafı "Molla Nəsrəddin"in çətin bir şəraitdə işıq üzü görməsinə dəlalət edir. Mətbuat tarixində hadisəyə çevrilən bu dərginin özəlliyinə gəlincə, yenə də tədqiqatçılara üz tutaq. Turan Həsənzadə hesab edir ki: "Dünya hadisələrindən tutmuş cəhalət, mövhumat, məişət - ümumiyyətlə, elə bir sahə yoxdur ki, "Molla Nəsrəddin" diqqətdən kənarda qalsın. "Molla Nəsrəddin" ən müxtəlif mövzuları öz səhifələrində 25 ilə yaxın işıqlandıran, təhlil edən yeganə jurnaldır. Karikaturaları isə əsl sənət nümunələridir. Son dərəcə ustalıqla çəkilən bu şəkillərdə istənilən məğz savadsız insanlara belə çatdırılıb".


II aparıcı: "Molla Nəsrəddin" dərgisinin bir müddət Cənubi Azərbaycanda işıq üzü görməsinin səbəbkarı yenə də Cəlil Məmmədquluzadə olub.
Təbriz mövzusuna həmişə xüsusi diqqətlə yanaşan Cəlil Məmmədquluzadə cənubda baş verən hadisələri izləyib. Xüsusən də cənubdakıların azadlıq mübarizəsini alqışlayaraq, bu hərəkata öz xidmətini göstərmək istəyində olub. Cəlil Məmmədquluzadə Təbrizə gedib Şeyx Məhəmməd Xiyabani ilə görüşəndə də birinci növbədə "Molla Nəsrəddin"i nəşr etdirmək, bununla da azadlıq mücadiləsində onlara kömək etmək istəyib. Ancaq Mirzə Cəlilin Şeyx Məhəmməd Xiyabani ilə olan söhbətindən bir həftə sonra Xiyabani qəddarcasına qətlə yetirilir. Bu zaman Mirzə Cəlil çıxılmaz vəziyyətdə qalaraq, geri dönmək istəyir. Lakin ətrafındakılar, maarifpərvər qüvvələr onu geri qayıtmağa qoymayaraq, dərginin nəşrinə kömək edirlər.


II aparıcı: Tarixi faktlar göstərir ki, "Molla Nəsrəddin" jurnalının nəşrinin dayandırılması sırf Mirzə Cəlilin səhhəti və ölümü ilə əlaqədar deyil. Əslində vəziyyət bir qədər başqa cür olub. Mirzə Cəlil hələ dünyasını dəyişməmişdi, yuxarıdan belə bir tapşırıq gəlir ki, "Molla Nəsrəddin" "Allahsız" adı ilə nəşr olunsun. Ədib bu tapşırığı yerinə yetirməkdən qəti şəkildə imtina edir. Belə ki, Cəlil Məmmədquluzadə mövhumata qarşı çıxaraq, şəxsi mənafelərini güdən din xadimlərini tənqid eləsə də, heç bir zaman Yaradana qarşı çıxmayıb. Təsadüfi deyil ki, Mirzə Cəlil dərginin səhifələrində tez-tez "Quran"dan ayələr dərc edərmiş. Cəlil Məmmədquluzadənin etirazına baxmayaraq, redaksiya heyətinin bəzi üzvləri yuxarıdan gələn bu tapşırığı məmnunluqla qarşılayırlar. Və "Allahsız"ın ilk nömrəsi işıq üzü görür. Son dərəcə uğursuz olan ilk nömrə eyni zamanda son nömrə olur. Bu səbəbdəndir ki, "Molla Nəsrəddin"in varisi olmağa cəhd göstərən "Allahsız"ın adı heç yerdə çəkilmir.


I aparıcı: Ötən illər ərzində bir çox mətbu orqanlar "Molla Nəsrəddin" dərgisinin ənənələrindən faydalanmaq istəyiblər. Tədqiqatçıların fikrincə, bu iddia ilə işıq üzü görən nəşrlər "Molla Nəsrəddin" adını tam doğrultmayıb. Çox zaman bu cəhdlər "Molla Nəsrəddin"sayağı yeni dərgi nəşri kimi qiymətləndirilib. "Molla Nəsrəddin" dərgisinin ənənələrini qismən uğurla davam etdirən nəşrlər, maraqdıdır ki, cənubda işıq üzü görüb. Belə ki, dərginin cənubda qısamüddətli nəşri onun orada layiqli davamçılarının üzə çıxmasına şərait yaradıb. "Suri İsrafil", "Satirik Azərbaycan" və s. kimi satirik jurnallar, sözün əsl mənasında, "Molla Nəsrəddin" ənənələrini davam etdirib.


II aparıcı: Son söz yenə "Molla Nəsrəddin"indir:
(Səhnəyə “Molla Nəsrəddin” jurnalinin üz qabığını əlində tutan oxucu daxil olur.)
“Molla Nəsrəddin” jurnalı:
"Ey yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrim! Bəlkə... "Molla Nəsrəddin"in vərəqləri düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, bu rəhmətlik "Molla Nəsrəddin" bizim rəhmətlik babalarımıza böhtan deyib, çünki yazdığı əməlləri heç qədim əsrlərdə yaşayan vəhşi tayfalar da tutmazdılar. Ey xoşbəxt nəvə və nəticələrimiz, qorxuram ki, belə deyəsiniz"...


I aparıcı: İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikasının əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ö.F.Nemanzadə, Əli Nəzmi, Ə.Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.


II aparıcı: “Molla Nəsrəddin” əsil mənada xalqın tribunası idi. O dövrün elə bir eybəcərliyi, elə bir ciddi problemi olmamışdı ki, jurnal onu öz səhifələrinə çıxarmamış olsun. İstər inqilabdan əvvəl, istərsə də sonra bu jurnalın müəllifləri öz əqidələrindən dönmədilər. Ən çətin anlarda belə mollanəsrəddinçilər milli ideyanı önə çıxara bildilər. Bu xalqın problemlərindən danışdılar, onların həlli yollarını göstərdilər.
(Səhnəyə oxucular daxil olur)
I və II oxucu:
- Məşədi Pirqulu, nə qayırırsan?
- Heç zad.
- Bəs, burada nə üçün durubsan?
- Heç elə belə.
- Kimi gözləyirsən?
- Heç kimi.
- Gedirsən, gəl gedək.
- Heç bilmirəm.
- Bəs nə vaxtadək burada duracaqsan?
- Vallah heç özüm də bilmirəm, əgər istəyirsən gedək.



III oxucu: Atalar sözləri:
Bala baldan şirindir, qoyma oxuyub gözlərinin işığı getsin.
Borclu borclunun sağlığını istər, dəxi borc aldın vermə!
Tamarzıdan döyə-döyə al, dadanmışa ver.
Toxun acdan gərək xəbəri olmasın.
Tısbağa qınından çıxsa “abrozovannı olar.
Çox bilirsən az danış, az bilirsən çox danış.
Dərə xəlvət, tülkülərimiz bəy.

IV və V oxucu:
- Kərbəlayi Həsən, utanmırsan, başıaçıq çıxırsan küçəyə?
- Vallah, utanmağına utanıram. Amma qorxuram, qızaram qaradavoylar gəlib tutub aparalar qatalar dama ki, rəngin qırmızıdır.



VI oxucu: Yuxum gəlir
- Gecələri yatmaq mümkün deyil. Hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan. Bir ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturasan ki, növbə gözləyirsən. Bircə burada canın rahat olur; çünki burada şoğərib taxtabiti olmur. Bilmirəm burada nə sirr var ki, iki saat, üç saat da burada əyləşib müntəzir olsan da – yenə darıxmırsan, səbəb budur ki, bir də gözünü açırsan və saata baxırsan, görürsən ki, hələ müdir gəlməyib, çünki onun bu gün böyük yerdə iclası var. Yenə də bir neçə gün bundan qabaq bir idarəyə şikayətə getmişdim. Qapıda lövhədə asılmışdı ki, müdir qəbul edir hər gün saat 12 yarımadək, savayı çaharşənbə və düşənbədən.
Gecə pis yatmışdım, çünki havalar istiləşib, bu birələr də insana macal vermir. Əyləşdim, amma o gün müdir gəlmədi, çünki böyük bir idarədə iclası var idi. Saat iki yarımda qulluqçular portfel qoltuqlarında çıxıb dağıldılar. Mən də getdim. Hərçənd o gün işim düzəlmədi – çünki baş müdiri görə bilmədim, amma yuxumu da aldım, çünki bir tərəfdən gecəni pis yatmışdım, bir tərəfdən də yumşaq meşin divanlarda bilmirəm nə xasiyyət var ki, eləcə oturan kimi şirin yuxuya cumursan... Və hərçənd müdiri görə bilmirsən ki, dərdini ona söyləyib bir çarə alasan, amma bu şirin yuxu yenə insana bir təsəllidir... Söz yox, bu söhbət cəmi idarələr barəsində deyil.... Xülasə.


VI oxucu: Ticarət və ekonomi xəbərləri ucuz qiymətə satılır:
• Şamaxıda: mərhum Mustafa xanın və qeyri- məşhur xanların günbəzlərinin daşları
• Osmanlıda: zülm və cəfadan şikayət edən Ərzurum və Qəştəmoni vilayətlərinin əhalisi və Əqəbənin ətrafı
• İrəvanda: Ərfəüddövlə göndərdiyi qızıl suyu ilə yazılmış və Firəngistanda üç min manata alınmış mərmərdən qəbir daşları
• Təbrizdə: Məhəmmədəli şahın məxsusi mütribləri: Bəhai-nizam, Salar-xəlvət, Münşi-hüzur, Münzim-hüzur, Nüsrət-hüzur, Əla-hüzur, Rəyisi-xəlvət, Həşmət-xəlvət.
• Naxçıvanda: Zaviyə məscidinin yeri
• İstanbulda: Sultanın 18 yaşında qoxalmış 75 nəfər hərəmxana xanımları
• Tiflisdə: Fəhm paşanın Tiflisə gəlib “sirk”də oynayan kəbinli arvadı.


II aparıcı: Xalqın birliyi, mədəniyyətə qovuşmağı, millətlər içərisində öz yerini müəyyənləşdirməsi, demokratik dəyərlərə yiyələnməsi kimi məsələlərə münasibətini jurnal çox böyük sənətkarlıqla qələmə aldığı felyetonlarda göstərirdi. Yuxarıda xalqın bəzi nümayəndələrinin “bari pərvərdigara, sən məni şeytandan saxla” deyib də bütün nöqsanların, eybəcərliklərin səbəbini şeytanda axtarması “Şeytandan məktub” felyetonunda çox maraqlı şəkildə ifşa edilmişdir. “Şeytandan məktub” bütöv bir xalqın gerçək bir durumda necə olduğu haqqında satirik-informativ təqdimatdır.


II aparıcı: Şeytanın dili ilə verilən bu məktubda şeytan müsəlmanların öz bəd əməllərini onun adına yazmalarından şikayət edir:
(Səhnəyə “Şeytan” geyimli oxucu gəlir)
Şeytan: Guya ki, mən demişəm, - “onlara adam öldürünüz! Yaxşı iş tutmuyunuz! Məktəb açmıyınız! İttifaq etməyiniz” Və mənə lənət edirlər. Mən on ildir ki, müsəlman vilayətlərindən çıxmışam, çünki sizdə müsəlmanların öz aralarında çox şeytan var. O işlər ki, mən gərək onlara dəlalət edəm,o işi onlar özləri edirlər. Bu məktubu yazmaqda məqsədim odur ki, hər cürə pis işlər ki, müsəlmanlar tuturlar, qiyamət günündə Allah divanında cavabdeh özləridir, hərgah desələr, pərvərdigara, bizi şeytan aldatdı, onda mən də ərz edəcəyəm ki, ey adil Allah, vallah yalan deyirlər, heç bunların pis işindən xəbərim yoxdur, vallah xəbərim yoxdur, billah xəbərim yoxdur”.


I aparıcı: C.Məmmədquluzadənin əsas qayəsi azərbaycanlını öz xalqına, millətinə, keçmişinə, ənənələrinə sədaqətli tərbiyə etmək, milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Qarabağdan məktub” adlı bir felyeton azərbaycançılıq ideyalarının çox mühüm tərkib hissəsi kimi diqqəti çəkir. Maarifçiliyin, elmin xalqa, millətə böyük və müsbət təsir gücünü hiss edənlərin və bundan narahat olanların ifşasına həsr olunan bu felyetonda məktub müəllifi qəzetlərin “hürriyyət, elmi-tərəqqi”dən geniş bəhs etmələrini bir bəla kimi qiymətləndirirdi:
Oxucu: “Həqiqət nə qədər fikir eyləyirəm mənim rəyim əsla bu cür sözlərə müvafiq gəlmir və qulağım taqqıldayır. Yaxşı, deyən gərək, a başına kül, bəs sizdən qabaq bu elmi nə üçün belə axtaran yoxdu? Axır, qardaş, ağlını başına cəm elə, ata-baba yolu ilə get... elmin sizə nə nəfi var? Hüriyyət nəmənədir? Kim indiyədək Qarabağda onun bəhrəsini görüb və görəcək?”.


II aparıcı: Jurnal özünün 1906-cı il tarixli 11-ci nömrəsində “Nəsihət” adlı kinayə üslubunda bir felyeton dərc edib. İmza birbaşa Molla Nəsrəddinin — yəni jurnalın özünündür. Azərbaycandan Dövlət Dumasına seçilən millət vəkillərinin Vətən və xalq dərdinə etinasızlıqlarının tipik ifadəsi kimi qiymətləndirilə biləcək bu felyetonun yarımsərlövhəsi də sarkazmın yüksək məqamıdır: “Camaat vəkillərinə”.
Azərbaycandan Peterburqa yola düşən millət vəkillərinə sarkastik bir müraciətə diqqət edək:
Oxucu: “Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri!.. Gediniz, amma bunu hər dəqiqə yadda saxlayınız ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək”. Bəs bu “təkliflər” hansılardır? Demə, millət vəkillərinin Fitielbörkdə (Peterburqda) əsas vəzifəsi “ədəbli, ədəbli, ədəbli” olmaq imiş. “Aman günüdür, biz müsəlman millətini yetmiş iki millətin vəkilləri içində biabır etməyiniz... Bunun da çarəsi heç deməməkdir.
Əgər xamuş (sakit) olmağa aylar ilə, illər ilə dözə bilsəniz, dözünüz və illah əgər səbr və qərarınız kəsildi, bir danışmaq istəsəniz, heç olmasa, millətimizin xoş səadəti və tərəqqisi adına...tələb ediniz ki, Rusiya hökumətinin yolunda can-dil ilə xidmət edən musəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər".


I aparıcı: “Molla Nəsrəddin” jurnalı millətin öz dərdini söylədiyi bir tribuna olmuşdur. “Təzə təlim kitabı” felyetonunda verilən “Molla Nəsrəddinin hesab məsələləri bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsidir.


II aparıcı: "Molla Nəsrəddin"in milli cəmiyyətdə, çıxdığı bütün dövrlər ərzində - istər çarizm hakimiyyəti, istərsə də sovet dövründə ən müxtəlif yönlərdən - sağdan, soldan və mərkəzdən atəşə, hücuma, danlaq və tənbehə məruz qalması bu zəmindən gəlir və eyni məqamdan da aydın, qəfil, gur işıq seli axmağa başlayır: cəmiyyət burdan və ordan ədibin müdafiəsinə qalxışır... Onun tutduğu mövqe sanki sadədən sadə hamıya məlumdur: - "vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət" - lakin dərhal da acı istehzası, kinli "qah-qah"ı, amansız ironiyasında "mücərrədləşir", çoxqatlı, çoxmənalı olur, hər yanı döyür, döyəcləyir və bir də doğurduğu nəticədə görünür: - "işıq" olur.


I aparıcı: Molla Nəsrəddin jurnalı xalq həyatının aynası idi. “Molla Nəsrəddin” jurnalının ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlmir. Əksinə, bu gün Azərbaycan jurnalistikasında rastlaşdığımız mövzu monotonluğu, üslub yeknəsəqliyi, qərəzlilik və birtərəflilik, təhqir və böhtan, siyasiləşmə məqamlarını aradan qaldırmaq üçün dönə-dönə “Molla Nəsrəddin”ə – xalqın dərdini, millətin problemlərini yaşayan və bu problemlərin həlli yollarını göstərən bu böyük ədəbi abidəyə qayıtmaq zərurəti bütün ciddiliyi ilə ortaya çıxır.

Son

ƏDƏBİYYAT SİYAHISI

KİTABLARDA:

1. Axundov N. Azərbaycan dövri mətbuatı (1832 - 1920): Biblioqrafiya. – B.:
Az.SSR EA, 1965. – 177s.
2. Axundov N. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi – B.: Azərnəşr,1959. –
250 s.
3. Axundov N. “Molla Nəsrəddin”//Axundov N. Azərbaycan satira jurnalları (1906
-1920) – B.: Az.SSR EA, 1968. – S.16 – 63.


DÖVRİ MƏTBUAT SƏHİFƏLƏRİNDƏ:

1. "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi haqqında: Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı // Xalq qəzeti. - 2006. - 24 yanvar. - S.1.
2. Ad : "Molla Nəsrəddin", № 37. // Azərbaycan. - 2006. - 1 aprel. - S.7.
3. Atababa İ. Biz və karikatura: "Molla Nəsrəddin" - 100 // Ədəbiyyat qəzeti. –
2006. - 17 fevral. - S.6.
4. Aydınoğlu T.İlk nömrə - 25 illik fəaliyyətin möhkəm özülü: "Molla Nəsrəddin"
- 100 // Xalq qəzeti. - 2006. - 30 mart, 1 aprel. - S.6.; S.5.
5. Azərbaycan mədəniyyətinin görkəmli hadisəsi : "Molla Nəsrəddin - 100" //
Azərbaycan. - 2006. - 21 fevral. - S.6.
6. Cavadlı C. Zülmətə işıq saçan jurnal : "Molla Nəsrəddin" - 100 // Azərbaycan
müəllimi. - 2006. - 17 mart. - S.7.
7. Əhədov E. "Molla Nəsrəddin" jurnalı və Lənkəran məktəbi : "Molla Nəsrəddin"
- 100 // Azərbaycan müəllimi. - 2006. - 24 mart. - S.1,7.
8. Əliqızı A. Molla Nəsrəddin – 100 // Şəkər villası. - 2006. - 4-10 aprel. - S.3.
9. Əliyeva S.Əsl xalq jurnalı: Molla Nəsrəddin // Azərbaycan müəllimi. - 2006. - 3
mart. - S.4.
10. Həbibbəyli İ. Möhtəşəm azərbaycançılıq dərsliyi: " Molla Nəsrəddin" - 100 //
Azərbaycan. - 2006. - 19 fevral. - S.3.
11. Həsənzadə T. "Molla Nəsrəddin" jurnalı Təbrizdə: "Molla Nəsrəddin" – 100 //
Azərbaycan. - 2006. - 4 aprel. - S.6.
12. Həsənzadə T. Söhrəti dünyaya yayılan satirik jurnal: "Molla Nəsrəddin" - 100
// Azərbaycan. - 2006. - 16 fevral. - S.7.
13. Xəlilzadə F. Azərbaycan mətbuatının şah əsəri: "Molla Nəsrəddin" – 100 //
Azərbaycan. - 2006. - 29 yanvar. - S.6.
14. Xəlilzadə F. Döyüşkən şairin son səngəri: "Molla Nəsrəddin"in yazarlarından
M.Ə.Sabir // Azərbaycan. - 2006. - 4 aprel. - S.6.
15. Xəlilzadə F. İşıqlı əməllər carçısı: "Molla Nəsrəddin" – 100 // Azərbaycan.
2006. - 10 fevral. - S.7.
16. Xəlilzadə F. Parlaq zəka sahibi : Molla Nəsrəddin - 100 // Azərbaycan. - 2006. –
16 mart. - S.11.
17. İsayev Ə. Gəncəlli iki Əli, ikisi də məzəli: "Molla Nəsrəddin" - 100 //
Azərbaycan. - 2006. - 2 aprel. - S.7.
18. Quliyev L. Kəndimizdə bir muzey var : "Molla Nəsrəddin" – 100 // Azərbaycan. –
2006. - 24 mart. - S.5.
19. Qurbanlı G. Ana dili uğrunda mübarizə: "Molla nəsrəddin" - 100 // Azərbaycan. –
2006. - 1 aprel. - S.6.
20. Mehdixanlı T. Jurnalın rəssamları: "Molla Nəsrəddin" - 100 // Azərbaycan. –
2006. - 1 aprel. - S.6.
21. "Molla Nəsrəddin"də xəbərlər: Ticarət və ekonomi xəbərləri ucuz qiymətlə satılır:
"Molla Nəsrəddin" - 100 // Azərbaycan. - 2006. - 1 aprel. - S.6.
22. Mükərrəmoğlu M. Zəmanənin yaratdığı jurnal - 100: "Molla Nəsrəddin" - 100 //
Xalq qəzeti. - 2006. - 10 fevral. - S.6.
23. Nasir Ş. "Molla Nəsrəddin"in yazarlarından: "Molla Nəsrəddin" - 100 //
Azərbaycan. - 2006. - 29 mart. - S.7.
24. Nəbiyev B. Xalq həyatının güzgüsü: "Molla Nəsrəddin" - 100 // Ədəbiyyat qəzeti.
- 2006. - 31 mart. - S.1-2.
25. Sizi deyib gəlmişəm.! Zamana qalib gələn felyetonlar: "Molla Nəsrəddin" 7 aprel,
1906, №1 // Azərbaycan. - 2006. - 1 aprel. - S.6.
26. Ülvi A. "Molla Nəsrəddin" və özbək satirası : "Molla Nəsrəddin" - 100 // Xalq
qəzeti. - 2006. - 11 mart. - S.6.
27. Verdiyev İ. "Molla Nəsrəddin" və qadın azadlığı : "Molla Nəsrəddin" - 100 //
Azərbaycan müəllimi. - 2006. - 31 mart. - S.3.
28. “Molla Nəsrəddin” və qadın azadlığı: “Molla Nəsrəddin” – 100 // Təhsil
problemləri. – 2006. - № 15-16. – 11-20 mart




AZƏRBAYCANLILARA QARŞI İKİ ƏSR DAVAM EDƏN SOYQIRIM


“31 mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunur

 

GİRİŞ

Soyqırım. Tarixin qanlı səhifəsi

“Bizə miras qoyub ərən babalar,
Dilimiz, Torpağımız, Qeyrətimiz!”

Şah İsmayıl Xətai


Əvvəlcə soyqırımın nə olduğunu, onun müasir dünyamızın leksikonundakı tərifini dəqiqləşdirək. Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir.
1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında “Soyqırım Bəyannaməsi” adlanan sənəd qəbul edilmişdir. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırım Bəyannaməsini imzalamışlar.
1998-ci ildən etibarən Azərbaycan Respublikasında martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi qeyd edir. Bu gün son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunduğunu özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması XX yüzilliyin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.

Kitabxanaçılara təqdim etdiyimiz bu vəsaitdə soyqırımla bağlı verilmiş əlavə materiallardan istifadə etməklə oxucuların diqqətini erməni terrorizminin vəhşilikləri ilə bağlı faktlara yönəltmək lazımdır ki, onlar bu tarixləri unutmasınlar. Çünki Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağı düşmən caynağından xilas etmək hər bir gəncin vətəndaşlıq borcuna çevrilməlidir. Yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində keçiriləcək tədbirlər olduqca böyük əhəmiyyət kəsb edər.
Vəsaitdə olan materiallar 3 bölmə, 5 əlavədə yerləşdirilmişdir. Vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.


I bölmə. Soyqırım siyasətinin tarixi mərhələləri
İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Ekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar I Aleksandr H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Hə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar.
Soyqırım xronikası
I mərhələ: 1813-1828-ci illər
Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.
Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib.
Butün bunlara baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub.
XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan" kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. "Qnçaq" (1887, Cenevrə, "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Nyu-York) təşkilatı yaradılır.
II mərhələ: 1905-1907-ci illər
Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılması aksiyasını həyata keçiriblər.
1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" və s. kitablarda öz əksini tapıb. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri əsasında hazırlanıb. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədən yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.


III mərhələ: 1918-1920-ci illər

Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən edilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məsçidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür.
Kütləvi qırğınlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər.
Buradan belə nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Novruz bayramı günü Şuşada, sonradan isə Əsgəran, Xankəndində aktiv çıxışları onların Moskva ilə əlaqəyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hakimiyyətini qurmaq istəyindən irəli gəlirmiş.
Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər.


IV mərhələ: 1948-1953 – cü illər
Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur.
1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq
edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Lakin həmin dövrdə bu cəhdlər öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir.
1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdi. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazandı.
Həmin qərarlarda ( 1947-ci il) 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulur. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən... Statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür.
1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olunur. Ümumiyyətlə 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə təmin olunmamaq da öz təsirini göstərir. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşır... Hətta belə şəraitdə "məngənə"də sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edilir.
Bax, bu da pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir tərəfi... Bununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülür. Bu fakt göstərir ki, Sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıların faktiki deportasiyasına nail olan ermənilər xarici ölkələrdən Ermənistana həmmillətlərinin köçürülməsində maraqlı olmayıblar.
1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990).
Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları-monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi.
1953-cü ildə Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskriminasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qayıtmaq məcburiyyətində qalırlar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırır - azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə "start" verilir.
Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil bölmələrinin ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kompaniyasının aparılması (xüsusilə 1965-ci ildə "erməni genosidi"nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.
V mərhələ: 1988-ci ildə başlayır
1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur - İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.
Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalılı şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Cinayət nəticəsində 27 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılıb, başları kəsilmiş, gözləri çıxarılmışdır.
Hazırda xocalılar respublikamızın 50-dən artıq rayonunda məskunlaşıblar. Xocalıda törədilən soyqırım əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmışdı. Belə ki, hələ 1992-ci il fevralın 16-da Xankəndində məlum 366-cı rus alayının nəzdində "gizli erməni cəbhəsi" deyilən bir "rota" yaradılmışdı. Bunun da özəyini ayrı-ayrı ölkələrdən erməni icmalarını təmsil edən silahlı erməni quldur birləşmələri təşkil edirdi. Xocalıda hücumda iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün "Məxfi arayışında" erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyib, fakt və sənədlərdə olub keçənlərin şərhini verərək etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi".
Xocalıda doğrudan da o gecə yalnız ölülər qaldı. Və o qanlı fevral gecəsi Xocalı adlı bir şəhər yer üzündən silindi.
Soyqırımın balaca şəhidləri və şahidləri
Xocalı faciəsi millətin qan yaddaşına yazılan və əbədiyyətə qədər silinməyən kədər, möhürdür. 1992-ci ilin 26 fevral gecəsi erməni cəlladlarının əlləri ilə qətlinə fərman verilənlərin 160-dan çoxu qadın və azyaşlı uşaq idi. Qocaya, qadına, qarıya-qıza aman verməyən vəhşilər gözlərini qırpmadan əlinə keçənləri amansızcasına məhv etmişdilər.
Həmin anaların və uşaqların fəryadını Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev "Mən müharibəni məhv edəcəyəm" kitabçasında ürək ağrısı ilə şərh etmişdir. Kitabçadakı yazıları həyəcansız oxumaq olmur.
Xocalı faciəsinin canlı şahidləri olan uşaqların və anaların yandırılmış gündəliklərindən qısa qeydlərlə oxucularımızı tanış edirik:

Yavər Əliyev, 7 yaş. "Bizim evin işıqları söndü. Mən yata bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. Bir müddət sonra isə meşəyə tərəf qaçmağa başladıq. Ermənilər bizi gördülər. Fin evlərinin yaxınlığında atəş altına düşdük. Hər kəs yerə yatdı. Erməni silahlıları bizi ayağa durmağı və sıraya düzülməyi əmr etdilər. Sonra uşaqları bir tərəfə, yaralı adamları isə başqa tərəfə apardılar.
Bizi Xankəndinə apardılar və orada Əhməd dayının əvvəl əllərini, sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa başladılar. Xanım xalanı və 2 uşaq anası Natəvanı da güllələdilər".
Orucova Xədicə, 8 yaş. "Bizi güclü səs-küy yuxudan oyatdı. Yataqdan qalxdım və gördüm ki, qonşunun evi yanır. Mən, atam, anam, qardaşım və bacılarım dərəyə doğru qaçdıq. Xalam Sevil, 2 uşağı ilə birlikdə, habelə qonşumuz bizimlə idi. Əmim Şaiq dedi ki, meşəyə qaçmalıyıq. Əvvəl atam və anam mənimlə bir yerdə idilər. Kiçik bacım Xəyalə anamın qucağında, digər bacım isə atamın qucağında idi.
Naxçıvanik kəndi yaxınlığında ermənilər bizi gördülər. Atam güllə ilə vuruldu. Sonra Sevil xalaya atəş açdılar. Mənə güllə dəyəndə anam da qan içində idi və biz qaça bilmirdik. Anamı meşədə itirdik... Daha heç nə xatırlamıram. Sonra hiss etdim ki, kimsə məni aparır. Amma kim? Görmədim".
Yaş yarımlıq Abdullayeva Xəyalənin anası danışır: "O gün mən atamın evində idim. Atışma başlayanda hamı yatırdı. Mən ətrafda hər şeyin yandığını gördüm. Hamı qaçırdı. Biz də qaçdıq. Atam, anam, nənəm, bacılarım, iki qızım və qardaşım oğlu ilə birlikdə. Biz iki gün meşədə gizləndik. Üçüncü gün bizi mühasirəyə aldılar. Nənəm Göyçəyin ürəyi partladı. Atam pencəyini çıxarıb onun üzünü örtdü. Biz qaçmağa başladıq. Dağın ətəyinə çatanda mənim 17 yaşlı bacım Lətafət Abdullayeva artıq qaça bilmədiyini deyib, yerə oturdu. Atam onu qucağına aldı və yerə oturdu. Bacım ölmüşdü. Atam onun üzünü köynəyi ilə örtdü. Biz qaçmağa davam elədik. Birdən atam dayanıb "Allah, uşaqlara yazığın gəlsin?"-deyib yerə yıxıldı. Onu da vurdular. Biz onun üstünü örtməyə heç nə tapmadıq. Üç bacı -Təzəgül, Xədicə və mən iki qızımla və qardaşım oğlu ilə yolumuza davam elədik. Bizə yenə də atəş açdılar və Vüsaləyə güllə dəydi.
Ermənilər bizi əsir alıb, sırğa və üzüklərimizi aldılar. Əvvəl Pirçamala, sonra isə Xankəndinə apardılar. Orada çoxlu qız var idi. Saqqallılar və əsgərlər onlara dəhşətli əzab verirdilər. Sonra bizi Əsgərana apardılar. Vüsalənin ayaqları yara, qan içində idi. Tez-tez huşunu itirirdi"...
Xumar Səlimova 17 yaş: "1992-ci ilin 25 fevralında Xocalı şəhəri güclü atəşə tutuldu. Qardaşlarım dedi ki, şəhərə ermənilər giriblər, qaçmaq lazımdır. Biz qaçan zaman yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən isə çiynimdən və üzümdən yaralandım. Qonşularımızı da yarğanın içində gördüm. Mərmi və güllələrdən xilas olmaq üçün bir xəndəyə uzandıq. Səhər açılanda ermənilər bizi xəndəkdən çıxartdı. Quliyev Talehi güllə ilə ağzından vurdular, sonra da arvadının gözü qarşısında onun başını əzməyə başladılar. Arvadı Rəhilə Quliyeva qışqıranda onu da öldürdülər. Bir yaşlı Samir anasının cəsədi üstündə iməkləyib qışqırırdı. Bir erməni tüfəngin qundağı ilə uşağın başından vurdu. Zərbə çox güclü idi. Məni də döyə-döyə harasa aparırdılar. Biz yerdəki meyitlərin üzəri ilə irəliləyirdik. Yaxınlıqda kimsə atəş açdı. Güllə əlimə dəydi. Məni aparan erməni atəş açılan tərəfə qaçdı. Mən isə ölülərin arasına süründüm. Elə uzandım ki, guya ölüyəm. Qaranlıq düşəndə mən meşə istiqamətində süründüm. Sonra bir az…daha bir az... Azərbaycanca danışıqlar eşidəndə "Ana!" deyə qışqırdım. Sonra heç nə xatırlamıram.”
Üç uşaq anası Ağayarova Sədaqət Hüseyn qızı bircə saatda uşaqsız qaldı. "Biz beş gün meşədə gecələdik. Uşaqlarımın ikisinə güllə dəydi və aldıqları yaralardan öldülər. Roman isə soyuqdan dondu". Uşaqların adları: Ağayarov Nəbi 10 yaş, Ağayarova Sevinc 7 yaş, Ağayarov Roman 6 yaş".
Quliyev Elsevər, 11 yaş. 25 fevral 1992-ci ildə Xocalı faciəsində güllə yarasından öldü".
Abdullayeva Vüsalə, 4 yaş. Aldığı güllə yarasından ayağı kəsildi...

Ermənilərin separatçılığı, Azərbaycana ərazi iddiaları hələ də bitməyib. Erməni şovinizmi öz ambisiyalarını sivilzasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Nə qədər ki, vandalizmə, separatçılığa, millətçiliyə, terrorçuluğa siyasi-hüquqi qiymət verilməyib bəşəriyyətin gələcəyi daim təhlükə altındadır.
Siyasi-hüquqi qiymətləndirmə
Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər tərəfindən məhv edilməsi məsələsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Nazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və digər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR Xarici İşlər Nazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə'ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.
Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir.(Bax: Əlavə 1) 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

II bölmə. 31 mart soyqırımı günü ilə bağlı keçiriləcək tədbirlər

31 mart soyqırımı günündə respublikamızın hər yerində, eləcə də uşaq kitabxanaları və MKS-nin uşaq şöbələrində anma mərasimləri keçirilməlidir.
Ilk növbədə “Qan yaddaşımızın bərpa olunduğu gün”, “31 mart Azərbaycanlıların soyqırımı günüdür”, “Erməni vəhşiliklərini unutma! Qisas gününə-Qarabağın azadlığı gününə hazır ol!” başlıqlı sərgilər təşkil olunmalıdır. Sərgidə kitablardan, dövri mətbuat səhifələrində verilmiş materiallardan və faciəni əks etdirən şəkillərdən, dövlət başçısının soyqırımla bağlı xalqa müraciətindən (Bax: Əlavə 2,3), erməni terrorizmini təsdiqləyən faktlardan (Bax: Əlavə 4), “Bunu hamı bilməlidir” adlı Azərbaycan ərazisinin işğalı ilə bağlı rəqəm göstəricilərindən (Bax: Əlavə 5) istifadə etmək olar. Kitabxanaçı kiçik yaşlı oxucularla sərgi qarşısında söhbət keçirə bilər. Söhbətdə soyqırımın tarixindən, onun günahsız qurbanlarından, erməni terrorundan danışa bilər.
Orta və böyük yaşlı oxucular üçün mühazirələr təşkil etmək olar. Mühazirəni soyqırımla bağlı məlumatları dəqiq və ətraflı öyrənən kitabxanaçı və yaxud dəvət olunmuş mühazirəçi apara bilər. Mühazirənin mətnini veririk:

31 mart Azərbaycanlıların soyqırımı günüdür

1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin “Böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin (həmin ərazilər Rusiyanın Qafqaz qoşunları tərəfindən ələ kəçirilmişdi) erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəriatindən istifadə ədərək yerli müsəlman əhalisinə divan tutmağa başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular.
Bu qırğınlara 1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və həmçinin də Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə “Türkiyə Ermənistanı” yaratmaq səlahiyyəti verilmişdi. I Dünya Müharibəsinin gedişində baş vərən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.
Brest-Litovsk (mart 1918-ci il) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumi tərk etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı. Öz növbəsində Türkiyə dövləti həmin vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi. Şaumyan həmin qüvvələrdən azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə Bakıda çox az sayda könüllü müsəlman əsgərləri var idi. Bu vəziyyətin özü də Şaumyana mənfur siyasətini həyata kəçirmək üçün əlverişli imkan verirdi. Böyük qırğınlara başlamağa isə yalnız bəhanə lazım idi.
Nəhayət, bəhanə tapıldı. Müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyana bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmri verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi və “sovet hökumətinə qarşı çıxan” azərbaycanlılara qarşı Bakıda görünməmiş qırğınlar başlandı. Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 10 mindən artıq insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuşdular.
Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdi.
70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”, “müsavatçıların əks-inqilabi qiyamı” kimi saxtalaşdırılan mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırım siyasəti idi. Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideoloji ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib. Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətllə bağlı çoxsaylı sənədlər, materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu və Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin (bu məsələdə onların mahiyyətcə elə bir fərqi yox idi) təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət verdilər.
Azərbaycandakı 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı. Hətta dəhşətli soyqırımın qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üstündə Kirovun möhtəşəm heykəlini qurmuş, ətrafda isə istirahət parkı salmışdılar. Çünki o tarix və dəhşətlərin üstü sözün bütün mənalarında betonlaşdırılmışdı.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini daim yadda saxlamalı və unutmamalıyıq. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.
Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil. Çünki hələ də dünya miqyasında ermənilərin saxta “tarixi” bizim gerçək tariximixi üstələyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.
Qeyd: 1918-ci il martın 30-31-də erməni-bolşevik cəlladları Bakıda 10 mindən çox müsəlmanı qətlə yetirib.

Kiçik və orta yaş qrup oxucularla keçiriləcək “Qanlı tarix rəsmlərdə” adlı tədbirdə Azərbaycan Dövlət İncəsənət Muzeyində soyqırımla bağlı rəssamlarımızdan Mikayıl Abdullayevin, Kamil Nəcəfzadənin, Böyükağa Mirzəzadənin, Əmirbəy Nərimanbəyovun, İlqar Əkbərovun, Sara Manafovanın əsərlərinə baxmaq olar. Görkəmli sənətkarlarımızın ürək ağrısı ilə yaratdığı hər bir əsər tariximizin yaddaşı olmaqla bərabər müstəqillik yolunda xalqımızın keçdiyi keşməkeşli taleyindən söz açır. Sərgidəki əsərlərdə anaların ah-naləsi, dağıdılmış evlər, viran qalmış od-ocaq, vəhşicəsinə öldurulmuş insanlar haqqında oxucuların fikirlərini öyrənməklə onları bu qanlı tarixi unutmamağa səsləmək lazımdır.
Uşaq kitabxanalarında inşa və rəsm müsabiqələri də keçirilə bilər. Kitabxananın girəcəyində keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi ilə bağlı bütün şərtlər göstərilir. Hər iki müsabiqədə iştirak edən oxucular bir daha erməni terroruna, faşizminə öz münasibətlərini bildirmiş olurlar. Müsabiqədə fərqlənənlər mükafatlandırılmaqla yanaşı tədbirlə bağlı yazılar uşaq qəzetlərinə verilməlidir.
“Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda” adlı tədbiri orta və yuxarı yaşlı oxucularla keçirmək olar. Əvvəlcə onlara C.Cabbarlının soyqırıma həsr olunmuş “Dur, ey xar olan millət” şerinin, “Əhməd və Qumru” hekayəsinin,
“Bakı müharibəsi” dram əsərinin, Seyid Hüseynin “Əli və Nino” romanının, Məhəmməd Hadinin “Şühadeyi hürriyətimizin ərvahinə ithaf” şerinin icmalını keçirmək lazımdır. Sonra isə həmin əsərləri oxuyub olnar haqqında ətraflı məlumata malik olan oxucularla diskusiyya keçirmək olar.
Böyük yaşlı oxucularla Seyid Hüseynin “Əli və Nino” romanı üzrə oxucu konfransı keçirmək olar.
Anım gecələrinin uşaq kitabxanalarında təşkili daha maraqla oxucular tərəfindən qarşılanır. Bu məqsədlə də ədəbi-bədii gecənin ssenarisini veriirik:


III bölmə.“Qan yaddaşı – 1918-ci il mart qırğınları”
(Bədii kompozisiya)

(Səhnənin divarlarından rəssamlarımızın soyqırımı əks etdirən rəsmləri asılır. Zalda kitab və uşaqların rəsmlərinin sərgiləri təşkil olunur. Səhnənin qarşısında şamlar yanır. 2 nəfər aparıcı səhnəyə sakit addımlarla daxil olur.)


I aparıcı: Zaman-zaman azərbaycanlılara qarşı yönəldilmiş məqsədyönlü soyqırım
xalqımızın taleyinə qanla yazılmış bir tarixdir. Bu tarixin hər səhifəsində
işğal olunmuş torpaqlar, dağıdılmış ev-eşiklər, viran qalmış od-ocaq, talan olmuş mədəniyyət abidələri ilə bərabər nənələrimizin, analarımızın ah-naləsi, körpələrin göz yaşları əbədi iz qoyub.


II aparıcı: Dərdimizi içimizdə çəkə-çəkə bizə göz dağı olan itirilmiş yurd-
yuvamızdan, qanına qəltan olunmuş millətimizin faciəsindən illər boyu
danışa bilməmişik. Ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart
tarixli fərmanından sonra 31 Mart Azərbaycanlıların Soyqırımı günü
kimi hər il keçirilir.
I ararıcı: Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda heç bir siyasi
boya, ideoloji rəng götürməsə də faktların, dəlillərin
inkaredilməzliyinə baxmayaraq, azərbaycanlıların 1918-ci il mart
soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” dövründə görünməz
olmuşdur.


I aparıcı: 1918-ci ilin Mart soyqırımı bir çox ədiblərin yaradıcılığında xüsusi
yer tuturdu. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin,
vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah “Mart ayı”
şerində yazırdı:

(Xalid Mustafazadənin “Qərənfil yağışı” musiqisi altında səhnəyə 3 oxucu gəlir)



I oxucu: : Mart ayı...Allah amandır, əlhəzər, min əlhəzər!
Mart ayı, çox qəmli aysan, tez qurtar get müxtəsər.
Sən kimi mənhus bir aydan deyil məmnun bəşər.
Olmamış bəd yömn sən tək nə məhərrəm, nə səfər.
Ərləri məğlub edib, əğyarə sən verdin zəfər.


II oxucu: : Bu günün misli keçən il, Allahım, gözdən iraq,
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə nukində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.


III oxucu: Bu haman gündür qalıb odlar içində min cavan,
Yandı, kül oldu, aman Allah, aman Allah, aman!
Vəzli-həml etdi fəlakət içrə yüzlərcə zənan,
Qan idi: məscid, mədaris, küçə, evlər: həpsi qan.
Qana qərq etdi müsəlmanı bu qövmi-bəd guhər.



II aparıcı: Gənc olmasına baxmayaraq Cəfər Cabbarlı Mart faciəsi
qurbanlarının xatirəsinə “Dur, ey xar olan millət” sərlövhəli mərsiyə
yazır. Şəhidlərin 7-də və 40-da məscidlərdə günahsız qurbanlar
üçün bu mərsiyələr oxunur.

(Səhnəyə digər 3 oxucu gəlir)



I oxucu: Gülzarı- vətən soldu,
Millət xari- zar oldu,
Hamı paymal oldu,
Dur, ey xar olan millət!


II oxucu: Bir yanda ədu cəllad,
Bir yan naləvü-fəryad,
Ol bu zülmdən azad,
Dur, ey xar olan millət!


III oxucu: Əl çək bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,
Dur, ey xar olan millət!




I aparıcı: 1918-ci il mart-aprel aylarında Bakıda, Şamaxıda, Salyanda, Qubada
və digər bölgələrdə azərbaycanlıların kütləvi şəkildə qırılmaları,
soyqırım deyil, bəs nədir? 1920-ci ilin sentyabrında ingilislərdən silah
alan daşnaklar İrəvan quberniyasında, Qars vilayətində müsəlmanları
qırdı. Şorayel, Şərur, Dərələyəz, Sarıqamış bölgələrində yaşayış
məskənləri yandırıldı, külə çevrildi.



II aparıcı: 1918-ci ilin Şamaxı qırğınları zamanı ermənilərin görünməmiş
vəhşilikləri nəticəsində qırxdüymə sırğaları qulaqları ilə birgə
siyrilmiş Qızxanım ananı, onun qızı Səmərrüxü, daşnaklar ismətinə toxunmasın deyə od tutub yanan evinə qızı ilə birgə daxil olan Nisəbəyim ananı, Ermənistandakı doğma ev-eşiyindən zorla çıxarılarkən belinə qaynar samovar bağlanmış el aşığı Nəcəfi unutmaq olarmı?


I aparıcı: Aradan aylar, illər ötdü. Daşnakların vəhşiliyi yavaş-yavaş unudulduğu
bir vaxtda belə dəhşətli hadisələr Göyçə mahalında bir də 1988-ci ilin qışında törədildi. Dekabrın qarlı, boranlı günlərində Göyçə mahalının əhalisini balta, dəmir, tüfəng süngüsü ilə qıra-qıra qovub Kəlbəcərə, Gədəbəyə ötürdülər. Qarda, şaxtada donanları gecə lampa işığında qarın altından çıxarıb güclə həyata qaytarır, ayazda, şaxtada canını tapşıran qocaları, körpələri isə dəfn edirdilər.


II aparıcı: Göyçəsiz günlərimiz də elə bu vaxtdan başlayıb. Amma ümidimizi itirmirik. Əgər Allah haqdırsa və bütün zülmləri görürsə, gec-tez öz divanını da qurar.

(“Zəminxarə” müsiqisi altında oxucular səhnəyə daxil olurlar)



I oxucu: Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!


II oxucu: Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.


III oxucu: Çək sinənə- qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
IV oxucu: Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
V oxucu: Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!


VI oxucu: Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Boz qurd elə!


VII oxucu: Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Otdan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar- mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.


VIII oxucu: Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm.
Şirin yuxum, səninləyəm,
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim.
Necə “səni”, necə “məni” xilas edim.
IX oxucu: Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm
X oxucu: Oyat bizi, ey yaradan, səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!


Son

Əlavələr
Əlavə 1

«Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublıkası
prezidentinin Fərmanı
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbay-can torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalq"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusiyon qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycanlı-ların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 1998-ci il
www.azerbaijan.news

Əlavə 2

"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti" (Bakı, 26 mart 2002-ci il) sənədinə tarixi arayış

Azərbaycan xalqı tarix boyu ermənilərin etnik təmizləmə və təcavüz siyasətinin qurbanı olub. Bu siyasət ümumi qəbul edilmiş beynəlxalq hüquqi norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulmasıyla müşayiət olunub. Bu illər ərzində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə öz siyasi-hüquqi qiymətini almamış soyqırım aktları törədilib. Ermənilərin törətdiyi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib, Azərbaycanın bir çox şəhər və kəndləri yandırılaraq dağıdılıb. Təkcə XX əsr ərzində (1905-1907; 1918-1920; 1948-1953; 1988-1993-cü illərdə) Azərbaycan əhalisi 4 dəfə ermənilər tərəfindən təcavüz və etnik təmizləmə hərəkətlərinə məruz qalıblar.
1905-1907-ci illərdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdiyi genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. 1918-ci ilin mart və aprel aylarında Bakıda və digər şəhərlərdə kütləvi qırğınlar törədilib. 1918-ci il martın 30-da əvvəlcədən düşünülmüş şəkildə Stepan Şaumyanın başçılığı ilə daşnak və bolşevik qüvvələri Bakı şəhərində və ətraf kəndlərdə azərbaycanlılara qarşı dəhşətli soyqırım törədiblər. Bu qırğınlar zamanı təkcə üç gün ərzində 12 mindən çox azərbaycanlı, o cümlədən qocalar, qadınlar və uşaqlar öldürülüb, bir sıra tarixi bina və abidələr yandırılıb. Azərbaycanlıların soyqırımı təkcə Bakı ilə məhdudlaşmayıb, həmin cinayətlər Azərbaycanın Şamaxı, Quba, Lənkəran və digər əyalətlərində də törədilib.
Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz siyasətinin yeni mərhələsi Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı hərbi təcavüzü ilə başlayıb. 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalıb və nəticədə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı məcburi qaydada deportasiya olunub. 1988-1989-cu illərdə Ermənistanda aparılan etnik təmizləmə dövründə 200-dən artıq azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. 1989-1993-cü illər ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisinin 20%-i qəsb edilib, həmin ərazilərdə yaşayan azərbaycanlı əhali işgəncələrə məruz qalıb, xeyli sayda insan həlak olub və əhali bütünlüklə öz yaşayış yerlərini tərk ediblər. Erməni hərbi qruplaşmaları tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycan ərazisi olan Xocalı şəhərinin işğalı zamanı mülki əhaliyə qarşı törədilən və yüksək amansızlıqla müşayiət olunan soyqırım hərəkətləri isə müasir dövrün ən dəhşətli cinayətlərindən sayıla bilər.
Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilib.
26 mart 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciət edərək Azərbaycana qarşı yeridilən soyqırım, deportasiya və işğal siyasətinin bu gün də davam etdirildiyini bildirib.
Tarixi arayış 14 iyul 2005-ci ildə tərtib edilib.


Əlavə 3

31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciət

Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Mən Sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü - 31 mart münasibətilə müraciət edirəm.
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüz siyasətinin iki yüz ilə yaxın bir tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq idi. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparılmış, tədbirlər həyata keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir. Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və “ideoloqlarının” təcavüzünə məruz qalmışdır. Onlar millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını əsas tutaraq “milli-mədəni”, siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər. Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusu təmin edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1988-ci ildə isə davakar erməni millətçiləri xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağın güclə Ermənistana birləşdirilməsi məqsədini güdən açıq fəaliyyətə keçdilər və az sonra hərbi əməliyyatlara başladılar. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırım aktı kimi tarixdə qalacaqdır. Münaqişə nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik digər rayonları Ermənistanın hərbi qüvvələri tərəfindən işğal edildi. Nəticədə bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, on minlərlə insan həlak oldu. Təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin tam olmayan siyahısı belədir. Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik zəngin təcrübəsi olan erməni millətçi-ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı daha incə və məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və faktlarla dünya ictimaiyyətini çaşdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar. Danışıqlar prosesi Ermənistan rəhbərliyinin destruktiv, işğalçı mövqeyi üzündən müsbət nəticə vermir. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda ermənilərin “böyük dövlət” ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir-birinə qarşı qoyur, milli və dini əlahiddəlik, ayrı-seçkilik siyasəti və təbliğatı aparırlar. Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir. Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu dayanır. Azərbaycan hazırda iqtisadi artım göstəricilərinə görə dünyada lider mövqelərə sahibdir. Təhlillər göstərir ki, ölkəmizin inkişaf dinamikası yaxın illərdə də saxlanacaq və daha da yüksələcəkdir. Azərbaycan regionda ən mühüm qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin iştirakçısı və təşəbbüsçüsüdür. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilişinin başlanması ölkəmizin imkanlarını daha da genişləndirəcək və daha böyük layihə və proqramların reallaşdırılmasına şərait yaradacaqdır. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Artıq bu istiqamətdə müəyyən uğurlardan da danışmaq olar. Dost icmalarla, xüsusən qardaş türk diasporu ilə əməkdaşlıq şəraitində xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı artmaqdadır. Bakıda keçirilən Dünya Azərbaycanlılarının İkinci Qurultayında nümayiş etdirilmiş birlik və həmrəylik əzmi bunun əyani sübutu oldu. Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, qarşılıqlı məqbul variantlar əsasında həllinin tərəfdarıyıq. Bizim başlıca tələbimiz budur ki, Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilsin. Ölkəmizin yüksək iqtisadi nailiyyətlər əldə etdiyi, mühüm infrastruktur və sosial layihələr həyata keçirdiyi bir zamanda Ermənistanda iqtisadi və mənəvi-siyasi böhran dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. “Böyük dövlət” ideyasının girovuna çevrilmiş, çoxəsrlik qonşuları ilə münaqişə vəziyyətində yaşayan Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional layihələrdən kənarda qoymuş, Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükəyə çevrilmişdir. Onun işğalçı siyasətinin əsil mahiyyəti dünya ictimaiyyətinə getdikcə daha çox aydın olur. Nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı dövlətlər getdikcə daha açıq şəkildə Ermənistanın işğalçı siyasətini etiraf edir, onu təkidlə bu siyasətdən əl çəkməyə, beynəlxalq hüquqa hörmət etməyə çağırırlar. Erməni diasporunun və lobbisinin imkanları isə getdikcə daralmaqdadır. İnanırıq ki, haqq-ədalətin bərpa olunacağı, münaqişənin beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında həllini tapacağı gün uzaqda deyil. Belə bir zamanda bizim məqsədimiz erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və cinayətlərin dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə nail olmaqdır. Lakin uydurma “erməni soyqırımı” haqqında onilliklər boyu təbliğat-informasiya mübarizəsi aparan və bundan ərazi iddialarını əsaslandırmaq və siyasi-hüquqi dividendlər əldə etmək üçün istifadə edən erməni şovinist-millətçilərindən fərqli olaraq, biz bu faktlardan başqa xalqlara düşmənçilik və nifrət hissləri aşılamaq üçün faydalanmaq istəmirik, tarixi hadisələrin bugünkü siyasi qərarların qəbuluna təsir etməsinin əleyhinəyik. Bunlar xalqımızın sülhsevər və humanist təbiətinə yaddır. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsil soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq.
Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.


İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2006-cı il.

Əlavə 4
Azərbaycan ərazisində törədilən terror-təxribat faktları


Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
16 sentyabr 1989-cu il. «Tbilisi-Bakı» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də «Şuşa-Bakı» marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. «Tərtər Kəlbəcər» sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il. «Tbilisi-Ağdam» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Həmin gün «Şəmkir-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
09 yanvar 1991-ci il. «Molodyoj Azerbaycana» qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında «KAVZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.
08 sentyabr 1991-ci il. «Ağdam Xocavənd» avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
Həmin gün «Ağdam-Qaradağlı» marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. «Yevlax-Laçın» yolunda «VAZ-2106» markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında «Mİ-8» vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində «ZİL-130» və «Moskviç» maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
08 yanvar 1992-ci il. Türkmənistandan «Krasnovodsk-Bakı» marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. «Ağdam-Şuşa» marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
22 mart 1992-ci il. «UAZ 469» markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. «Kamaz-5410» markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. «Qazax-Cəfərli» yolunun 10-cu kilometrliyində «Vaz» markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında «UAZ-469» markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində «ZİL» markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan «QAZ-66» markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında «Kislovodsk-Bakı» sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus «Herkules» tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.
19 mart 1994-cü il. Bakı metropolitenin «20 Yanvar» stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı «Sadval» ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Müəyyən olunmuşdur ki, «Sadval» separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, «20 Yanvar» stansiyası ilə yanaşı Bakının «Nizami» kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
«20 Yanvar» metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının «Daqestanskiye Oqni» stansiyası yaxınlğında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
03 iyul 1994-cü il. Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə «Ömər-75» təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
A.Aslanov «Yerevan-Mineralnıye Vodı-Bakı» marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.


Əlavə 5
Erməni terror təşkilatları

Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları:
«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
«Hnçak» partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, «Rus» və «İran» Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə «Böyük Ermənistan» dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir;
«Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir»
«Daşnaksütyun»-erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında «Böyük Ermənistan» dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən «Daşnaksütyun» türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra «Daşnaksütyun» «türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!» əmrini vermişdir.
«Daşnaksütyun» partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur:
1973-cü ildə fəaliyyətə başlamış «Erməni «soyqırımının» intiqamçıları» qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib;
Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.
«Erməni gizli azadlıq ordusu» (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
«Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdir: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir».
ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA «pantürkist neft borusu» (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.
«Geqaron»: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd - Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
«Erməni azadlıq hərəkatı» (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
«Erməni azadlıq cəbhəsi»: 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
«Erməni soyqırım ədalət komandosları»: 1972-ci ildə Vyanada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılıb. «Erməni soyqırımı ədalət komandosları»nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
«Erməni birliyi»: 1988-ci ildə Moskvada yaradılmışdır. «ASALA» ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
«Demokratik cəbhə»: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
«Apostol»: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

Əlavə 6

Bunu hamı bilməlidir

• 1813-1828-ci ilə qədər Azərbaycan ərazisi təxminən 410 min kv.km idi. 1813-1828-ci illərdə Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv.km.
• Rusiya əsarəti altındakı Şimali Azərbaycan – sahəsi təxminən 130 min kv.km
• 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı – sahəsi 9 min kv.km.
•Rusiya əsarəti altındakı Dərbənd xanlığı – sahəsi təxminən 7min kv.km.
•1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazisinin sahəsi təxminən 114 min kv.km.
•1920-ci ildə ADR-i işğal edən rus sovet imperiyasınn bölüşdürdüyü Azərbaycan əraziləri:
Ermənistan SSR-nin qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan SSR) Borçalı – birlikdə sahəsi: təxminən 27,4 min kv.km.
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi – 86,6 min kv.km.


Azərbaycanın 1988-1994-cü illərdə ermənilər tərəfindən
işğal edilmiş əraziləri

Keçmiş Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əskəran, Xocavənd, Ağdərə, Hadrut) İşğal tarixi – 1988-1994-cü illər.
Sahəsi: 4400 kv.km.
Şərur rayonunun Kərki və Günnüt kəndləri (17 fevral 1990) – 19 kv.km.
Laçın (17 may 1992-ci il)- 1835 kv.km.
Ağdam (23 iyul 1993-cü il) – 1094 kv.km.
Cəbrayıl (18 avqust 1993-cü il) – 1050 kv.km.
Füzuli (23 avqust 1993-cü il) – 1386 kv.km.
Qubadlı (31 avqust 1993-cü il) – 802 kv.km.
Zəngilan (30 oktyabr 1993-cü il) – 707 kv.km.


ƏDƏBİYYAT SİYAHISI


İnternetdə:
www.google.az
www.human.gov.az
www.mns.gov.az
www.azerigenocide.org
www.karabakh.org
www.khojaly.org.az
www.khojaly.net


Kitablar:

1. Deportasiya: Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik
torpaqlarından deportasiyası – B.: “Azərbaycan ensiklopediyası” NPB, 1998.–
438 s.
2. Didərginlər – B.: Gənclik, 1990. – 381 s.
3. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası – B.: Gənclik, 1995. – 46 s.
4. Ələkbərli Ə. Abasqulu bəy Şadlinski – B.: “Sabah” nəşriyyatı, 1996. – 320 s.
5. Hardan gəldik, hara gedirik...: Xatirə, müsahibə və müxtəlif sənədlər – B.: Bakı
Dövlət Universitetinin Nəşriyyatı, 1993. – 259 s.
6. İlkin Q. Türk Ordusu Bakıda – B.: AzAtaM, 2003. – 45 s.
7. İsmayıl M. Azərbaycan xalqının yaranması – B.: Azərnəşr, 1995. – 64 s.
8. Kəngərli Q. Erməni lobbisi... Azərbaycan faciəsi – B.: 1992. – 280 s.
9. Məmmədova H. Xocalı: Şəhidlər və şahidlər.- B.:Yeni nəşrlər evi, 2003. – 97 s.
10. Ordubadi M.S. Qanlı illər: 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-
müsəlman davasının tarixi – B.: 1991. – 142 s.
11. Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. – B.: 2004


Dövri mətbuat:

1. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına Müraciət: Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin Azərbaycan xalqına müraciəti //Azərbaycan. – 2006. – 29 mart. – S.1.
2. Cavadlı M. Erməni məkrinin qurbanı: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 30 mart. – S.5.
3. Cəfərli R. “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik”: Bu fikri dövlət başçısı xalqa müraciətində ifadə etmişdir : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 31 mart. – S.4.
4. Daşnak partiyasının böhranı// Xəzər. – 1990. – № 1.– S. 148-164.
5. Erməni vəhşilikləri: 31 Mart – Azərbaycanlıların Soyqırımı günü. “Azərbaycan” qəzetinin 1919-cu il tarixli 205-ci sayından // Azərbaycan. – 2006. – 30 mart. – S.4.
6. Əlizadə T.Ermənilər bütün dövrlərdə xəyanətkar olublar: 31 Mart – Azərbaycan-lıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 30 mart. – S.5.
7. Ədiloğlu N. Əzəli və əbədi düşmən : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan müəllimi. – 2006. – 31 mart. – S.2.
8. Əsədov B. Ermənilər əzabkeş xalq yox, soyqırımı törədən xalqdır : 31 Mart – Azərbaycanlıların soyqırımı günüdür // Azərbaycan. – 2006. – 29 mart. – S.7.
9. Əsədov B.Ermənilərin xalqımıza qarşı mənəvi terroruna son qoyulmalıdır: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 30 mart. – S.4.
10. Fərəcullayev F.31 Mart : Azərbaycanlıların Soyqırımı Günü // Yanğınla mübarizə. – 2005. - № 2. – S.11-12.
11. Hüseynov H. Soyqırım... bəşər fəlsəfəsinə ləkə: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 31 mart. – S.6.
12.İlkin Q. 1918-ci ilin mart qırğınları: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Xalq qəzeti. – 2006. – 31 mart. – S.4.
13. Lələdağ Ə.M. Fitnəkarlıq, yaxud erməni xisləti : 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 28 mart. – S.7.
14. Lələdağ Ə.M. Erməni xəyanəti : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan müəllimi. – 2006. – 31 mart. – S.2.
15. Mehdixanlı T. Nahaq qan yerdə qalmaz : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü// Azərbaycan müəllimi. – 2006. – 31 mart. – S.1-2.
16. Mehdixanlı T. Tarixi həqiqətlər unudulmamalıdır : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 31 mart. – S.5.
17. Məmmədova L. Azərbaycanda erməni siyasi təşkilatlarının xəyanəti: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü// Respublika. – 2004. – 23-28, 30, 31 mart.
18. Məmmədova L. İnsanlığa qənim kəsilənlər: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü// Respublika. – 2005. – 27 mart.
19. Mirzə V.Girsək döyüşə mərd kimi: Şeir. 31 Mart – azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan müəllimi. – 2006. – 31 mart. – S.1.
20. Nazıyev B. Ermənilər məzlum xalq cildinə girsələr də, qanlı əməllərini pərdələyə bilməyəcəklər: 31 Mart – azərbaycanlıların Soyqırımı Günü // Xalq qəzeti. – 2006. – 30 mart. – S.5.
21. Paşayev A. 1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Xalq qəzeti. – 2006. – 29, 30,31 mart. – S.4.; S.4.; S.3.
22. Paşayev A. Türksoylu millətlərə qarşı soyqırımların təşkilatçıları – millətçi erməni partiyaları : I məqalə; II məqalə // Xalq qəzeti. – 2005. – 7, 8 dekabr. – S.4. ; S.5.
23. Seyidova Ü. Tarix susan deyil, bizlər susmasaq : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Xalq qəzeti. – 2006. – 31 mart. – S.4.
24. Tarixin yaddaşı: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 31 mart. – S.4,5.
25. Vəfa Z. Faciəli dövrün Naxçıvan səhifələri: 31 Mart – Azərbaycanlıların Tariximizə Soyqırımı Günü / Z. Vəfa // Azərbaycan. – 2006. – 31 mart. – S.6.

Rus dilində ədəbiyyat:
Kitablar:
1. “Армянский геноцид”: Миф и реальност.Справочник фактов и документов. – Б.: 1992.
2. Величко В.Л. Кавказ. – Б.:1990.
3. Гюрюн К. Армянское досье. – Б.:1993.
4. Дарабади П. Военные проблемы политической истории Азербайлжана начала ХХ века. – Б.: 1991.
5.Дашнаки.(Из материалов департаменты полиции) – Б.: 1990.
6. История Азербайджана по документам и публикациям./ Под ред.акад. З.Буниятова. – Б.: 1990.
7. Казачпуни О. Дашнакцутюн больше нечего делать! – Б.: 1990.
8. Мамедова Л.Февраль 1917: Новая фаза подъема армянского политического
экстремизма в Азербайджане – Б.: Азернешр, 1995. – 60 стр.
9. Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце ХIX - начале ХХ вв.Ч.1. – Б.: 1993 Ч.2 – Б.: 1994
10. Насиров Т. Борьба за власть в Азербайджане (1917-1920 г.). – Б.: 1993

Dövri mətbuat:

1. Мамедова Л. Акт террора и вандализма // Бакинский рабочий. – 2003. – 29 март.
2. Мамедова Л. Армянские бесчинства творимые в 1918 г. в Бакинской губернии // Бакинский рабочий. – 2002. – 30 март.


Tərtib edəni: Dadaşova Z.C.

Redaktor: Quliyeva F.M.


Mövlana Cəlaləddin Rumi - Könüllər sultanı


Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunur.

Ön söz

Kitabxanaçılara təqdim etdiyimiz metodiki tövsiyədə ilk məqsədimiz onları böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Ruminin (1207-1273) fikir dünyası ilə tanıtmaqdır. Yüz illər keçməsinə baxmayaraq Rumi qələmindən çıxan “Məsnəvi”, “Məcalisi- səba”, “Fihi ma fihi”, “Divani-Kəbir” və “Məktubat” kimi əsərləri bu gün də dünyanın bütün yerlərində maraqla oxunur. Klassik Azərbaycan ədəbiyyatına dərin təsir göstərən bu əsərlərdən yalnız “Məsnəvi”dən seçmələr” azərbaycan dilində oxucularımıza təqdim olunmuşdur. Dahi şairimiz Nizami Gəncəvi kimi, Rumini də farsca yazıb-yaratdığına görə “fars şairi” sayanlar az deyildir. Halbuki dahi Mövlanə yazılarının birində “Farsca yazmağıma baxmayın, əslim türkdür” – deyir. 2007-ci il Birləşmiş Millətlər Təşkilatının UNESCO qurumu tərəfindən elan edilən “M.C.Rumi ili” bütün dünyada geniş miqyasda bayram edilməkdədir. Vəsaitdə Yaxşı olar ki, hər bir kitabxanaçı I və II bölmələrdə verilmiş materiallardan oxucu konfraslarında çıxışlar kimi, III bölmədə verilmiş müxtəlif tədbir formalarından istifadə etməklə Mövlanə haqq yolunu öz oxucularına tanıtsın. Yeniyetmə və gənclərin kamillik, əxlaqi saflıq ruhunda yetişdirilməsi məqsədilə tövsiyədə verilmiş tədbir formaları xüsusi əhəmiyyət kəsb edəcəkdir. Vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.



I Bölmə: Sufilik

İslam tarixinə təsəvvüf adı ilə daxil olmuş sufilik müsəlman şərqində geniş yayılmış fikir cərəyanlarından biridir. Sufilik islamın meydana çıxdığı ilk əsrlərdən etibarən təşəkkül tapmış, ayrı-ayrı tarixi dövrlərdə müxtəlif sosial-siyasi məzmun və fərqli ideya funksiyaları daşımışdır. Sufiliyə dair bir çox sanballı tədqiqat əsəri yazılsa da, indiyədək ona bir dünyagörüşü sistemi kimi konkret tərif verilməmişdir. Sufiliyin rasional məntiq tələblərinə cavab vermədiyini, zahidlik və tərkidünyalıq təbliğ etdiyini, xristian rahibliyinin bir növ davamı olduğunu, buddizmin nirvana əqidəsindən, maniliyin və məzdəkiliyin təlimlərindən bəhrələndiyini deyənlər də vardır. Təsəvvüf termininin yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Mütəxəssislərin bəzisi bu termini "saf olmaq" mənası daşıyan ərəb söz kökü, bəziləri "hikmət" kimi mənalandıralan yunan sözü sofiya, bəziləri isə Məkkədən Mədinəyə hicrət etmiş, evləri və dolanacaqları olmadığı üçün məscidin yaxınlığındakı talvar altında yaşadıqlarından əhl əs-süffə ("talvar əhli") kimi tanınan yoxsul müsəlmanların adı ilə bağlayırlar. Lakin bu terminin mənşəyi daha çox "yun" mənası daşıyan ərəb suv sözü ilə əlaqələndirilir, çünki oba-oba gəzib dolaşan dərvişlər adətən yun paltar geyirdilər. İslamda ilk vaxtlar sufilik özünü zöhd-zahidlik şəklində göstərmişdir. Mühəmməd Peyğəmbərə yaxın olan adamlar - Əli bin Əbu Talib, Əbu Zərr, Salman Farisi, Hüseyfə, Əbüddərda zahid həyatı sürmüş, azla kifayətlənmiş, sadə geyinmiş, vaxtlarını ibadətdə keçirmişlər. Salman Farisi sadə paltar geyir, arpa unundan bişirilmiş çörək yeyir, dünya malından aftafa-ləyən və kiçik su tuluğundan başqa bir şeyi olmasa da, fikir çəkirdi ki, axirətdə bunların cavabını necə verəcək. İslama görə, zahidlik odur ki, insan Allaha yaxınlıq məqsədinə çatmağa mane olan hər şeyin məhəbbətini qəlbindən çıxarsın, qətiyyətini zəiflədən, fikirlərini dağıdan hər şeyi özündən uzaqlaşdırsın, Allahından razı qalsın. Zahid insan elə bir iradə azadlığına malik olmalıdır ki, nəzərində bütün maddi dəyərlər bərabərlik kəsb etsin, qızıl və torpaq, varlılıq və yoxsulluq, izzət və zəlalət, tərif və məzəmmət eyni səviyyədə qavranılsın, çünki zahidliyi seçən insan yalnız Allaha təşəkkül edir, ona bel bağlayır. Müsəlman zahidləri Quran ayələrinin mənaları barədə düşünür, Quran və hədislərdə göstərilən hökmlərə dəqiq əməl edir, günlərini namazda, orucda keçirir, əməlisaleh həyat sürür, dünya malından uzaq olmağa çalışırdılar. Lakin bu zahidlik tərkidünyalıq deyildi. İslam tərkidünyalığı qəbul etmir, sadəcə olaraq dünyaya aludəliyi pisləyir. Tədricən zahidlər, xüsusilə Həsən Bəsri, Rabiə el-Ədəviyyə, Darani kimi Bəsrə zahid və abidləri arasında Allaha təmənnasız məhəbbət, yaxınlıq həsrəti motivləri intişar tapır və bu keyfiyyətlər sufi ideologiyasının əsasını təşkil edir. "Təsəvvüfə dair traktat" (Risalə fi-t-təsəvvüf) əsərinin müəllifi Qüşeyri (vəfatı-1072) göstərir ki, bu səviyyədə sufulik yalnız hicrətin II əsrindən sonra meydana çıxmışdır. Həqiqətən, islam sivilizasiyasının başqa sivilizasiyalarla qarşılıqlı əlaqəsi gücləndikcə sufi təcrübəsi də böyük inkişaf yolu keçmiş, onun məzmunu və funksiyaları təkamülə uğramışdır. Bir çox hallarda sufi əqidələri ənənəvi islam prinsipləri ilə ziddiyyətə getdiyindən sufi mütəfəkkirləri mübhəm, yalnız özlərinə məlum olan mənalar daşıyan rəmzi terminlər işlətmişlər. Məsələn, Allaha yaxınlıq mənasında işlədilən müşahədət əl-qəlb ("qəlbin müşahidəsi") istilahı elə bir hal bildirir ki, bunu yalnız həmin halı keçirmiş insan anlayır. Tədricən sufinin keçirdiyi hallar və yetişdiyi məqamlar müfəssəl təsvir edilir, sufulik elə bir yol (təriq) kimi mənalandırılır ki, bu yolun yolçusu (salik) pislikdən təmizlənir, mənən saflaşır və Allaha yaxınlıq qazanır. Bütün bunları islam baxımından əsaslandırmaq üçün sufi mütəfəkkirləri Quran ayələrinin təvilini - rəmzi alleqorik mənalandırılmasını mühüm hesab edirlər. Təvil ənənələri mistik kəşf barədə təlimin yaranmasına gətirib çıxarır. Bəzi sufi mütəfəkkirləri göstərirlər ki, Allaha doğru aparan yolun son məntəqəsi təkcə Allahı müşahidə etmək deyil, həm də Allahda fənaya uğramaq (fəna), Allahda əbədilik qalmaqdır (bəqa). Allaha qovuşmaq, Onda əriyib yox olmaq (hülul) ideyası da sufilikdə geniş yayılmışdır. XII-XIII əsrlərdən etibarən sufilik iki qismə ayrılır. Birinci qismə insanı saflaşdıran, onu Allaha yaxınlıq və qovuşma məqamlarına yüksəlmək üçün zəruri mənəvi halları və əxlaqi keyfiyyətləri qəbul etməyə yararlı edən əməllərlə bağlı praktiki, yaxud əməli sufilik daxildir. Bu sufilik öz varlığını Quranın "Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma!" (Yunus, 105), "Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər də həmçinin, həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!" (Hud, 112), "And olsun nəfsə və onu yaradana, sonra ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır. Onu günaha batıran isə, əlbəttə ziyana uğrayacaqdır" (əş-Şəms, 7-10) və s. ayələri ilə əlaqələndirir. Ikinci qisim sufilik Allahın - Mütləq Həqiqətin öz gözəl adlarına müvafiq olaraq təcəlli etməsi məsələləri ilə məşğul olan nəzəri sufilikdir. Bu sufilik öz mövcudluğu Quranın "Allah hər gün (hər an) bir işdədir" (ər-Rəhman, 29) ayəsi ilə əlaqələndirir. Sufiliyin nəzəriyyəsi və praktikası şeyxin, mürşidin, pirin rəhbərliyi altında öyrənilir və belə hesab olunurdu ki, bunu müstəqil öyrənmək istəyən mürid ağlını itirə bilər. Mistik yolun yolçusu üç mərhələ keçməli idi - şəriət, təriqət və həqiqət. Allaha doğru yolda sufi müəyyən məqamlardan keçməli, müəyyən hallar keçirməlidir. Məqamların arasında zöhd, səbr, Allahdan razılıq, Allaha təvəkkül, halların arasında isə Allaha yaxınlıq, qorxu, ümid, məstlik və ayıqlıq daha geniş yayılmışdır. Sufilər zaviyə və xanəgahlarda toplaşır, müxtəlif təmrinlər vasitəsilə mistik vəcd halına nail olurdular. «Dəhşətli müharibə və ya zəlzələ ölkənin bir hissəsini xaraba edər, mənəviyyatsızlıq və elmsizlik isə hər yerini.» Muhəmməd (s) Insan cism və ruhdan ibarət bir varlıqdır ki, həyatda olduğu müddətdə onun cismi və ruhu müxtəlif zədələnmələrə məruz qalır. O cismini müalicə edir və sağlamlığı qayğısına qalır. Lakin insanın batini aləminə aid olan ruhu xaricdən mənfı təsirlər nəticəsində xəstə vəziyyətə düşür. Insan bu ruhi xəstəliklərdən qurtulmaqdan ötrü daim mübarizə aparmalıdır. Ona görə də insanın onun ruhuna təsir edə biləcək xeyirli və zərərli işləri bilməsi vacibdir. Insanın mənəvi xüsusiyyətlərindən biri canlılarda, heyvanlarda olmayan «əxlaqi dəyərləridir». O mənəvi meyl və cazibə vasitəsilə maddiyyatdan ayrılaraq, mənəviyyata yüksəlir. Cəmiyyət isə təsiri altında olduğu amillərdən asılı olaraq insanı ya tərbiyələndirir, ya da dəyişdirir. Ictimai mühit də insanın ruhiyyə və əxlaqının formalaşmasında mühüm rol oynayan amillərdəndir. Hər bir insan, hər bir cəmiyyət əsrlərlə müəyyən bir adət-ənənələri qəbul edirsə, bunun yaxşı və pis, xeyirli və ya zərərli olduğunu nə ilə ölçməlidir. Allahın öz elmi əsasında yaratdığı ən böyük möcüzəsi insan adlı bir varlıqdır. O mürəkkəb bir quruluşda xəlq edilmişdir. Insanı yaradan Allah onun üçün nəyin yaxşı, nəyin pis, nəyin xeyirli və nəyin zərərli olduğunu daha gözəl bilir. Insanlar həyatda yollarını azmasınlar deyə Allah-təala onlara öz peyğəmbəri ilə dinlər vasitəsilə düzgün yolu göstərir. Insan yaranandan onun şüuru inkişaf edib artaraq müəyyən mərhələyə çatdıqda, nəhayət Allah-təala öz dinini mükəmməl edib, tamamlayaraq, insanlara islamı kamil bir din kimi təqdim edir. Məlumdur ki, Adəmdən (ə) başlayaraq, ta sonıncu peyğəmbər gələnə qədər hələ din tam kamil deyildi. Əvvəlki peyğəmbərlər təkcə bir qövmə, millətə göndərilmişdisə Məhəmməd (s) sonuncu peyğəmbər olaraq, bütün bəşər üçün göndərilir. Allah-təala bütün insanlara zərər çəkməsinlər deyə öz həqiqi dinini tanıtdırır. Onları islama dəvət edir. «Allah yanında (məqbul olan) din, əlbəttə, islamdır...kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Qurani-Kərim. Ali -Imran surəsi 19-cu, 85-ci ayələr ) «Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut... Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin islam olduğunu) bilməz. (Ər-Rum 30). Dünyanın bir çox qeyri-müsəlman mütəfəkkir-fllosofları, yazıçıları, alimləri və s. tanınmış şəxsiyyətləri dinlər haqqında araşdırmalar aparıb, islamın həqiqiliyini tam yəqinliklə dərk etdikdən sonra onu qəbul etmişlər. Islam dini haqqında müsbət fıkirlər söyləmələri onların tarixdə dedikləri sözləri ilə təsdiqlənir. Isveç kralı III Qustav özünün «Hicazda Islam» kitabında yazır: «Siz Quranda indiki dövrün elmlərinə zidd olan heç bir şey tapa bilməzsiniz. Bu din, ona riayət etməyə dəyər.» Dahi rus yazıçısı və mütəfəkkiri Lev Tolstoy öz dünyagörüşünü belə açıqlayır: «Muhəmmədin (s) şəriəti ağıl və hikmətlə uyğun olduğundan, gələcəkdə bütün dünyada hökmranlıq edəcək ... xahiş edirəm mənə xeyirxah müsəlman kimi baxasınız.» Fransız yazıçısı və filosofu Fransa Kommunist partiyasının MK-nin keçmiş üzvü, «Humanite» qəzetinin baş redaktoru, marksizm nəzəriyyəçilərindən olan Roje Harodinin 1982-ci ildə islamı qəbul etməsi qərb ictimaiyyətini, xüsusilə Sovet Ittifaqı rəhbərliyini şok vəziyyətinə saldı. Lord Davenport «Allahın xeyir duasını almış Muhəmməd və Quran» kitabında yazır: «Islamın sürətlə yayılmasının əsas səbəblərindən biri onun mənəviyyata aid məsələlərdə çox ciddi tələbkarlığıdır... Islam uydurmalar və yalanlar çirkabında çapalayan başqa dinlərin arasından pak gül kimi qalxmış, qüvvət və zəka rəmzinə çevrilmişdir. Islam elmə maddi dəyərlərdən daha çox üstünlük verir». Ingilis alimi Riçard Bel yazır: «Avropa böyük tənəzzül qarşısındadır. Üzdə olan dəbdəbənin və cahcəlalın arxasında özünə qəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkomaniya və alkoqolizm, qarət, zorlama, zöhrəvi xəstəliklərin görünməmiş vüsəti durur... Ziyalılar təbəqəsi mənəviyyat boşlığunda fəaliyyətsiz qalıblar. Xilas olmaq üçün yeganə yol islamdır». Tanınmış ingilis dramaturqu Bernard Şou «Muhəmməd Allahın elçisidir» kitabında yazır: «Nəzərimcə, islam yeganə dindir ki, bütün əsrlərdə həyatın müxtəlif sahələrində yaşayış üçün ən düzgün yollar göstərir. Mən bu dinin gələcəkdə hətta, Avropada qəbul ediləcəyi xəbərini indidən söyləyirəm.» Bundan başqa, fransalı alim M.Bukay, Aya ilk ayaq basan amerikalı astronavt Nil Armstronq, tanınmış fransalı alim-okeanoqraf Jan Iv Kusto və bir çox başqa şəxsiyyətlər islamı qəbul etmişlər. Bu nümunələri göstərməklə fikrimiz heç də tarix söyləmək deyil. Sadəcə onu çatdırmaq istəyirik ki, hər bir kəs əqli düşüncə ilə axtarış aparırsa mütləq hədəf yolunu tapacaq. Tarixdən məlumdur ki, nəfsi istəklər ardınca gedənlər insanın kamala çatması yolunda saysız-hesabsız maneələr törətmişlər. Müxtəlif əqidələr ardınca gedərək insanları həqiqi yoldan sapdırmışlar. Məlumdur ki, insanın nəfsi istək və meylləri vardır ki, bu da müəyyən həddə qədər onun maddi tələbatını ödəmək üçündür. Həddən artıq nəfsi istəklərə, ehtiraslara qarşı insan ağılın, iradənin gücü ilə mübarizə aparmasa, onu azad buraxsa, bu istəklər insanı heyvan dərəcəsinə endirəcək zəlalətə uğradar. Qəlbi, gözü, qulağı ola-ola onlar nə haqqı görərlər, nə də ki, eşidərlər. Insanın ruhu xəstə olarsa ona müsbət fikir, əql və iradə deyil, hakim kəsilmiş nəfsi hökm edər. Mənəviyyatsızlıq onun ruhuna o qədər hakim kəsilər ki, o heç bir ağıllı fikirlə, məntiqlə hesablaşmaq istəməz. Böyük filosof, alim M.Mutəhhəri özünün «Kamil insan» kitabında yazır: «... insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. Insanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi, onu aldatmaq üçün görür.»



II Bölmə: Fikir dünyası işığında

C.Rumi göstərirdi ki, xorasanlı sufilərdən Sənai onun ruhu, Əttar isə gözləridir, o, Sənai və Əttardan sonra gəlmişdir. Bununla Mövlana onları öz müəllimi hesab edirdi. Onun fikrincə dünyada olan varlıqların ən kamili insandır, Allah onu belə yaradıb. Lakin insanda həm də nəfs var ki, onu maddi dünya tərəfə sürükləyir, pis əməllərə təhrik edir.Mövlana insanları təriqət yoluna çağırırdı. O, bütün varlığı ilə Allaha bağlı idi. Onun bütün düşüncələri Qurana və Peyğəmbərin hədislərinə əsaslanır. Onu başqa sufilərdən fərqləndirən cəhət xəlvətə çəkilib ibadət etmək deyil, qaynar həyat yaşaması, daim insanlar arasında olmasıdır. C.Rumi öz sələflərindən fərqli olaraq yalnız söz ilə məhdudlaşmır, dediklərini canlı musiqi və rəqs ilə müşaiət edirdi. Buna ən yaxşı misal kimi onun “Məsənəvi”yə yazdığı başlanğıc – “Qamışın nəğməsi”dir. Qamış ney kəsilərək ümumi qamışlıqdan ayrıldığına görə şikayət edir, öz doğma evi üçün darıxır, onu eşitməyi bacaranlara ilahi ittifaq və əbədi xoşbəxtlik haqqında söhbət edir. Onun əsas dərdi təklikdir, təklik isə fəlakətdir. Ona görə də İlahi eşq yolu ilə ümumiliyə, yəni Allaha qovuşmaq lazımdır. Xoşbəxtlik bundadır. Qamış haqqında rəvayət C.Rumidən əvvəl də Şərq poeziyasında məlum idi. Bu rəvayəti Mövlanə Sənaidən alıb. Sənai deyirdi ki, hökmdara dövlət sirrini başqalarına demək olmazdı. Lakin o xəstələnir. Həkim onu uzaq bir gölün ətrafına göndərir ki, orada heç kimin olmadığı yerdə ürəyindəki sirri söyləsin. Bir az keçəndən sonra həmin göldəki qamışlıqdan bir qarğı kəsib ondan ney hazırlayırlar. Həmin ney də dilə gəlib hökmdarın sirrini aləmə yayır. Qərb dünyası C.Rumini XIX əsrin əvvəllərindən tanımağa başlayıb. C.Ruminin şəxsiyyəti Avropanın bir sıra böyük incəsənət xadimlərini də maraqlandırmışdır. Bethoven və Motsart mövləvi təriqət musiqisindən istifadə etmişlər. Rembrant kompozisiyalarının birində Rumini təsvir edir: çox təmtəraqlı, cəlbedici Rumi və ətrafında üç dərviş. Rusiyada sufizmi XIX əsrin ortalarından öyrənməyə başlamışlar. Azərbaycan mənşəli professor Mirzə Kazım bəy, V.A.Jukovski, V.V.Bartold, O.F.Akimuşkin, İ.S.Braqinski, R.Fiş və başqa alımlər sufizm haqqında ciddi tədqiqatlar aparmışlar. Bütün sufilərin qəbul etdiyi cəhətlərdən biri də Allaha aparan yolun üç mərhələdən keçməsi fikridir: şəriət, təriqət, həqiqət. Bu üç hissəli yol təlimini təsdiq etmək üçün adətən Məhəmməd peyğəmbərin hədisinə istinad edirlər: “Şəriət mənim sözlərim, təriqət əməlim, həqiqət isə mənim daxili əhvalımdır.” “Allahdan başqa allah yoxdur”həqiqət, “Məhəmməd Allahın rəsuludur” isə qanundur. Həqiqəti inkar edən kafir, qanunu rədd edən hər kəs dönükdür. “Məsnəvi” haqqında Mövlanə özü deyirdi ki, bu poemanın əsas məqsədi Allah kəlamı olan “Quran”ı insanlara izah etməkdir, peyğəmbərin hədislərini açmaqdır. Mövlanə şerlərini əsasən farsca yazıb, 40 yaşında öz təlimini təbliğ etməyə başlayır. “Məsnəvi” Rumi yaradıcılığının zirvəsidir. İnsan problemi Cəlaləddin Ruminin fikir dünyasının mərkəzində dayanır. İnsan həyatının məqsədi onu həmişə düşündürmüşdür. İnsan dünyada mövcud olan heç nəyə, hətta yaradıldığı torpağa da bənzəmir. Heç bir üzüm öz çubuğu kimi deyil... Heç bir əsil törəməyə bənzəmir. Mövlana deyirdi: Ey insan, torpaqdan yaradıldığın üçün sən də bərk və paslı bir vücudsan. Ona görə də özünü zikrullah nuru ilə cilala, cilala, cilala. İnsan heç vaxt özünü gücsüz saymamalı, uğursuzluğa təslim olmamalıdır. İnsan yalnız gördüyü işin müqabilində uma bilər. Axirətdə insan etdiyi əmələ görə dəyərləndirilir. “Əgər o əməl yaxşı isə sənə ədədi dost olur, pis isə qəbirdə ilanın olur, səni çalır...Hər sənətin başlanğıcı elm, sonrası əməldir ki, bir müddət sonra, yaxud əcəldən sonra səmərə verir.” Mövlanə göstərirdi ki, ətrafda şeytana xidmət edən adamlar olduğu üçün insan həmişə özünü ehtiyatlı aparmalıdır. O, deyirdi: “Üç şeyi: gediş-gəlişini, qızılını və məzhəbini dilinə gətirmə.” Peyğəmbərin bir hədisində də deyilir: Qızılını, getdiyin yeri və məzhəbini ört. Çünki bu üç şeyin rəqibi və düşmənləri çoxdur. Düşmən bunu biləndə sənə pusqu qurar. Varlıq ideyası Mövlanənin fikrincə yalnız bir mütləq varlıq vardır. O təkdir, şəriksizdir, əbədidir, məkansızdır.. Mövcud olan hər şey sözün həqiqi mənasında varlıq deyil yoxluqdur. Nə qədər ki, insan öz varlığını saxlayır, o şeytanın təsiri altında qalır, nəfs onu pis əməllərə sövq edir. Ona görə “ varlıq tikanını ayağından çıxar ki, içində gülüstan görəsən”. Rübailərin birində Rumi deyir: Məst ikən bir gün varıb ustadıma Söylədim: “varlıq nədir, yoxluq nədir?” “Belə dur, xalqın əzabından uzaq Var və yox insan üçün pərdədir. Mövlanaya görə bütün ruhlar bir ruhda, yəni Allahda birləşir və əsl varlıq da onda yaranır. Dünyada nə qədər “mənlər” var, nə qədər əşya, canlı, insan birlikləri olsa da onların hamısı Allaha tabedir. Sufulərə görə Allah tərəfindən sevilmək daha böyük iztirablara məruz qalmağı tələb edir. Çünki Allah çox sevdiyi qullarının könlündə özündən başqa heç nəyin olmamasını istəyir.



III Bölmə: M.Rumi – 800 ilə bağlı keçiriləcək tədbirlər

Ona bir xalqın övladı, bir xalqın sərvəti demək az olardı. O, bütün dünyanın övladı, bütün dünyanın sərvətidir. 800 ildən bəri könüllər fəth edən ustadlar ustadı Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə Bəlx şəhərində (Əfqanıstan ərazisindədir) doğulmuşdur. 1220-ci ildə o, ailəsi ilə birlikdə Konya şəhərinə köçür. Bu mübarək şəxsin bütün elmi fəaliyyəti Konyada keçmişdir. Bu gün Türkiyənin hər yerində Konya adı çəkiləndə yada düşən ilk ünvan Mövlana Cəlaləddin olur. Ağlı kəsəndən iman, Quran yolunu tutmuş Rumi böyük hörmət və ehtiram qazanmışdır. İslam dünyasının hər tərəfindən onun yanına gələn gənclər təlimini öyrənib hər yerə yayırdılar. Rumi öz təlimində bəzi islam alimlərindən fərqli olaraq diqqəti Allah-Təalanın mərhəmətinin sonsuzluğuna çəkir. “Ən böyük günah Allah-Təaladan ümid kəsməkdir”,- deyir. İnsanları sevgiyə, qardaşlığa çağırır. “Üst-üstə min günahın olsa da, ümidsiz olma”, - deyir. “Bizim günahımız nə qədər böyük olsa da Allah-Təalanın mərhəməti ilə müqayisədə zərrədən də kiçikdir. Ümid edin, o dərgahdan əl üzməyin ”- buyurur. Türkiyədə və eləcə də digər islam ölkələrində bu gün də Mövlana məktəbinin davamçıları var. Bütün kitabxanalarda ilk növbədə “Üləmalar Sultanı”, “Mövlanə dünyasının ölməz işığı”, “İnam Günəşi”, “M.C.Rumi - 800” və s. kimi başlıqlı sərgilər tərtib olunmalıdır. Azərbaycan dilində kitablar çox az olduğundan sərgidə dövri mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən istifadə etmək olar. Həmçinin sərginin daha dolğun görünməsi məqsədilə onun dediyi sözlər, kəlamlar verilsə daha yaxşı olar. Məsələn: “Mən o sultanlardan deyiləm ki, taxtdan qəbrə atarlar. Mənim alnımda ölümsüzlük möhürü var.” “Mən öləndə əlləri qoynunda. Ayrılıq haqda dil deyib ağlamayın, O gün ayrılıq yox, vüsal günüdür. Günəş batırsa, demək bir də doğacaq, Toxum torpağa düşdümü, cücərəcək.”

  1. Bilik sərhədsiz bir dənizdir. Biliyi öyrənən isə dənizlərə dalan bir dalğıcdır.
  2. Buludlar ağlamasa, yaşıllıqlar necə gülər?
  3. Bülbülün səsi gözəl olduğuna görə onu qəfəsə qoyarlar. Quzğunla bayquşu kim qəfəsə qoyar?
  4. Hər bir dil qəlbin pərdəsidir. Pərdə qımıldandımı, sirlərə çatılır.
  5. Aşiqlərin könüllərinin yanması və göz yaşları olmasaydı dünyada nə su olardı, nə də od.
  6. İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu?
Fars dilində yazdığı və işıq üzünə çıxdığı vaxtdan günümüzə qədər əldən-ələ gəzən “Məsnəvi”si milyonlarla gəncin yetişməsində misilsiz rol oynamışdır. Kitabxanalarda kiçik və orta yaş qrup oxucularla keçiriləcək “Məsnəvi”dən seçmələr” adlı tədbirdə bir-birindən maraqlı ibrətli hekayələr əsasında hekayə axşamı keçirmək olar. Belə hekayələrdən üçünün mətnini veririk. (Əlavə 1,2,3) Verilmiş hekayələrin icmalını da keçirmək olar. Kitabxanaçı hekayələrin məzmununu danışandan sonra aşağıdakı ibrətamiz sözlərlə keçirdiyi icmalı yekunlaşdıra bilər: “Hamımız sınaqdayıq. Hamımız bir-birimizlə sınağa çəkilirik. Qonşumuzla, dostumuzla, yaxınlıqda yaşayan tənha qarı ilə, yolumuzun üstündə duran şikəstlə, yetimlərlə, qaçqınlarla, məcburi köçkünlərlə, hamımız sınaqdayıq, hamımız... Sərvətimizlə sınağa çəkilirik, vəzifəmizlə sınağa çəkilirik, övladımızla sınağa çəkilirik, imkanlarımızla sınağa çəkilirik... Qonşuluğunda tənha bir qarı yaşayır: min adda ehtiyacı var. O, sənin imtahanındır. Sən o qonşunla sınağa çəkilirsən. O qarı səndən razı olunca, Allah da səndən razı olar. Yaxınlığında bir şikəst yaşayır. Sıxıla-sıxıla əlini adamlara uzadır, kömək umur. O da sənin sınağındır. Məsələ onu doyurmaqda, onun bütün ehtiyaclarını həll etməkdə deyil, məsələ sənin səmimiyyətində, hansı duyğu ilə ona əl tutmağındadır. Kasıb az bir sədəqə ilə dünyaların sərvətini qazana bilər. Hər kəs öz imkanları ilə sınağa çəkilir. Sənin verdiyin bir çörək pulu sənə cənnət nemətlərini qazandıra bilər. Peyğəmbərimiz həzrəti -Məhəmməd (s.ə.s.): “Bütün müsəlmanlar tək vücud kimidirlər”, - buyurmuşdur. Yəni müsəlman dünyanın harasında olursa-olsun müsəlman qardaşının dərdinə şərik olmalı, onun ağrısını öz canında hiss etməlidir.” Orta yaş qrup oxucularla ““Məsnəvi”dən seçmələr” kitabındakı hekayələr üzrə inşa və rəsm müsabiqələri də keçirilə bilər. Bu məqsədlə kitabxananın girəcəyində keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi ilə bağlı bütün şərtlər göstərilir. Hər iki müsabiqədə iştirak edən oxucular bir daha sufizmə öz münasibətlərini bildirmiş olurlar. Müsabiqədə fərqlənənlər mükafatlandırılmaqla yanaşı tədbirlə bağlı məlumatlar uşaq qəzetlərində, radio verilişlərində verilsə daha yaxşı olar. Böyük yaşlı oxucularla “Mənəviyyat məsnəviləri” kitabı üzrə icmal keçirmək olar. İcmalı belə başlamaq olar: “Məsnəvi” – həqiqətə varmaq və Allahın sirrlərindən agah olmaq, onları dərk etmək istəyənlər üçün bir yoldur. O, uca Peyğəmbərimizin incilərlə, həqiqətlərlə, sirlərlə, bilgilərlə dolu məna dənizində bir adaya bənzər. Ey həqiqət axtaran insan! Əgər sən də məna dənizinə susamısansa, onda bu “Məsnəvi” adasından həmin dənizə bir arx aç, elə bir arx aç ki, hər an “Məsnəvi”ni ancaq bir məna dənizi olaraq qavrayasan. Sən Məsnəvidən sadəcə oxumaqla və ya dinləməklə faydalana bilməzsən. Ondan gerçək həzz almaqdan ötrü iman sahibi olmalı, sonra isə Məsnəvinin tövsiyələri ilə yaşamalısan.” Bədii gecələrin uşaq kitabxanalarında təşkili daha maraqla oxucular tərəfindən qarşılanır. Bu məqsədlə də “Mövlana yolu” adlı ədəbi-bədii gecənin ssenarisini veriirik:



“Mövlana yolu” (Bədii kompozisiya)

(Səhnədə M.C.Ruminin rəsmi asılır. Zalda kitab və qəzet materialları əsasında sərgi tərtib olunur, uşaqların “Məsnəvidən seçmələr” hekayələri üzrə müsabiqədən rəsmlər divarlardan asılır. Səhnənin qarşısında şamlar yanır. 2 nəfər aparıcı səhnəyə sakit addımlarla daxil olur.)

I aparıcı: Allahın öz elmi əsasında yaratdığı ən böyük möcüzəsi insan adlı bir varlıqdır. O mürəkkəb bir quruluşda xəlq edilmişdir. Insanı yaradan Allah onun üçün nəyin yaxşı, nəyin pis, nəyin xeyirli və nəyin zərərli olduğunu daha gözəl bilir. Insanlar həyatda yollarını azmasınlar deyə Allah-təala onlara öz peyğəmbəri ilə dinlər vasitəsilə düzgün yolu göstərir. Insan yaranandan onun şüuru inkişaf edib artaraq müəyyən mərhələyə çatdıqda, nəhayət Allah-təala öz dinini mükəmməl edib, tamamlayaraq, insanlara islamı kamil bir din kimi təqdim edir.

II aparıcı: Məlumdur ki, Adəmdən (ə) başlayaraq, ta sonıncu peyğəmbər gələnə qədər hələ din tam kamil deyildi. Əvvəlki peyğəmbərlər təkcə bir qövmə, millətə göndərilmişdisə Məhəmməd (s) sonuncu peyğəmbər olaraq, bütün bəşər üçün göndərilir. Allah-təala bütün insanlara zərər çəkməsinlər deyə öz həqiqi dinini tanıtdırır. Onları islama dəvət edir.

I aparıcı: Dünyanın bir çox qeyri-müsəlman mütəfəkkir-fllosofları, yazıçıları, alimləri və s. tanınmış şəxsiyyətləri dinlər haqqında araşdırmalar aparıb, islamın həqiqiliyini tam yəqinliklə dərk etdikdən sonra onu qəbul etmişlər. Islam dini haqqında müsbət fıkirlər söyləmələri onların tarixdə dedikləri sözləri ilə təsdiqlənir. Isveç kralı III Qustav özünün «Hicazda Islam» kitabında yazır: «Siz Quranda indiki dövrün elmlərinə zidd olan heç bir şey tapa bilməzsiniz. Bu din, ona riayət etməyə dəyər.» Dahi rus yazıçısı və mütəfəkkiri Lev Tolstoy öz dünyagörüşünü belə açıqlayır: «Məhəmmədin (s) şəriəti ağıl və hikmətlə uyğun olduğundan, gələcəkdə bütün dünyada hökmranlıq edəcək ... xahiş edirəm mənə xeyirxah müsəlman kimi baxasınız.» Tanınmış ingilis dramaturqu Bernard Şou «Məhəmməd Allahın elçisidir» kitabında yazır: «Nəzərimcə, islam yeganə dindir ki, bütün əsrlərdə həyatın müxtəlif sahələrində yaşayış üçün ən düzgün yollar göstərir. Mən bu dinin gələcəkdə hətta, Avropada qəbul ediləcəyi xəbərini indidən söyləyirəm.» Bundan başqa, fransalı alim M.Bukay, Aya ilk ayaq basan amerikalı astronavt Nil Armstronq, tanınmış fransalı alim-okeanoqraf Jan Iv Kusto və bir çox başqa şəxsiyyətlər islamı qəbul etmişlər.

II aparıcı: Bu nümunələri göstərməklə fikrimiz heç də tarix söyləmək deyil. Sadəcə onu çatdırmaq istəyirik ki, hər bir kəs əqli düşüncə ilə axtarış aparırsa mütləq hədəf yolunu tapacaq. Tanınmış Azərbaycan şairi və mütəfəkkiri, öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəmsi Təbrizi dinin və həqiqətin günəşi idi. Şəmsin müridləri çox olub, həmişə səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü ilin iyirmi altı noyabrında Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlal əd-Din Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü “Mərc əl Bəhreyn” adlandırırlar. (Səhnəyə iki oxucu daxil olur. Rübab musiqisi altında «İki dənizin qovuşduğu yer»i söyləyirlər.)

I oxucu: Günlərin birində Konyada iki nəfər üz-üzə gəldi. Bu görüş, bu təsadüf Cəlaləddinin yenidən dünyaya gəlməsinə bərabər idi. Onun həyatının ən mənalı anları bu görüşdən sonra başladı. Bu yeri camaat sonralar Mərəc əl-Bəhreyn – iki dənizin qovuşduğu yer adlandırırdı. Gözlərini Cəlaləddindən çəkməyən yolçu: -Ey söz sərrafı, de görüm kimin məqamı daha ucadı, Məhəmməd peyğəmbərin, yoxsa Bəyazid Bistaminin? – deyə soruşdu.

II oxucu: Cəlaləddin: - Nə sualdır, əlbəttə, Məhəmməd peyğəmbərin – cavabını verdi. Cavab məlum idi və əsas sual bundan sonra verilməli idi: - Bəs Məhəmməd peyğəmbər «mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə edirəm» deyir, Bəyazid Bistamisə «mən hər cür günahlardan xaliyəm, məndə Allahdan başqa heç kim yoxdur» - deyir? - Məhəmməd hər gün yetmiş məqam qət edir və hər dəfə yeni mərhələyə çatanda əvvəlki mərhələdəki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bistami isə nail olduğu yeganə mərhələdən vəcdə gəlib bu sözləri deyib – deyə Cəlaləddin cavab verdi. Mən Merkuri təki kitablara əyilirdim, Katiblər qarşısında otururdum. Lakin sənin üzünü görüb məst oldum Və qamış qələmləri sındırdım. Sənə istəkdən doğan göz yaşlarımla dəstamaz alıb Namaz vaxtı sənin üzünü qibləyə çevirdim. Əgər sənsiz diri qalsam Məni axıra qədər yandır. Mənim başımı əlimdən al Əgər ondakı ağıl sənin olmayacaqsa! Kəbədə, kilsədə, məsciddə sənə dua edirəm Sən mənim məqsədimsən, həm yerdə, həm göydə! Mən sənin çörəyini yeyib büsbütün doymuşam Mən sənin suyundan bir qurtum içmişəm, mənə su lazım deyil. Kimə pərəstiş edirsənsə, sənin qiymətin də o həddədir Sənə pərəstiş etməklə mən necə də xoşbəxtəm!

I aparıcı: Özlərini bir-birlərində tapan, bir-birini anlayan, sevən iki şəxsin görüşməsi həmişə möcüzədir, bəlkə də möcüzələrdən ən qeyri-adisidir. Bu görüş günü adətən yalnız həmin adamların şəxsi taleyində silinməz izlər qoyur. Səkkiz yüz il bundan əvvəl Konya şəhərində görüşən bu iki şəxs isə yalnız bir-birlərində özlərini tapmaqla qalmadı, onlar daha bir kəşf etdilər. Onlar İnsanı İnsan üçün kəşf etdilər. Əgər bu görüş baş verməsəydi, şimalda Orta Asiyadan cənubda Ərəbistana qədər, şərqdə İndoneziyadan qərbdə Şimali Afrikaya qədər məskunlaşmış on milyonlarla adam tamamilə başqa cür fikirləşər, özgə hissiyyatın sahibi olardı... Həmin gün dünya üçün yer üzünün ən böyük dahilərindən biri- Cəlaləddin Rumi yenidən doğuldu. O Rumi ki, “öz poeziyasında böyük bir ərazidə məskunlaşmış xalqların etiqadını, hiss və duyğularını, əfsanə və rəvayətlərini əks etdirir, insan ruhunun görünməmiş bir qüvvə ilə kamilliyə nəhayətsiz can atımını ifadə edirdi.”

II aparıcı: Bu yerdə Rumi barədə bir neçə söz söyləmək də yerinə düşər. Təbrizdən olan «İnam Günəşi» Cəlaləddinin ilham mənbəyi və müəlliminə çevrildi. Müəlliminin Şəms – «günəş» adına muvafiq olaraq Cəlaləddin «Rumi» təxəllüsü götürdü. «Rumi» sözü əbcəd hesabı ilə 256 edir. İki yüz, əlli və altı rəqəmlərinin hərfi işarələrindən isə «nur» sözü düzəlir. Şəms Təbrizi üç ilə öz missiyasını həyata keçirib birdən-birə peyda olduğu kimi, birdən- birə də yoxa çıxdı. Amma onun təsiri bütün ömrü boyu Rumini izlədi. «Məsnəvi», qırx dörd min misralıq Böyük Divan, dörd min misralıq rübailər kitabı və «Fihi ma fih» (Onda olan Ondadır) kimi fəlsəfi traktatlarda Şəmsin Nuru aydın seçilir. Bu tanışlıq Ruminin həyatında dönüş nöqtəsinə çevrilərək, onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

I aparıcı: Şəmsin zahiri və daxili gözəlliyi, yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini cəlb edir. Onun Şəmsəddinə məhəbbəti adi insan duyğularından yüksəkdə dayanır. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır və özünü bütünlüklə duyğularının ixtiyarına verir. Onlar bütün vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər. Bu məclislərin əsasını musiqi və xüsusi dərviş rəqsləri tuturdu. Şəmsin varlığı Rumiyə Allaha qovuşmaqda bir yardımçı olur. Rumi Şəmsə sevgilərini izhar edən şeirlər də həsr edir.

II aparıcı: Ruminin doğmaları və xüsusilə də müridləri onun bu halından təşvişə düşüb, bu ruh qardaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəmsəddin 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir. Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapılır. Hicran dərdi onun şeirlərinə xüsusi bir qüvvə bəxş edir. Nəhayət, Rumi Şəmsin harada olduğunu öyrənir və sanki bu xəbər onu yenidən həyata qaytarır. Bunu görən dostları Ruminin oğlu Sultan Vələddən Şəmsəddin Təbrizinin ardınca Dəməşqə yola düşməsini rica edirlər. Rumi oğlu vasitəsilə ona bu şeiri göndərir: Ah, tezliklə gedin və tapın Sevimli dostu evə gətirin. Şirin sözlər və xoş nəğmərlə O Ay üzlünü bizim yanımıza çəkin. Onun sözü qüdrətli və bütövdür O, çayları geriyə döndərə bilər. Onun vədlərinə və möhlət istəməsinə İnanıb, özünüzü aldatmağa qoymayın. Bircə o xoşluqla və sağ-salamat Qayıdıb qapımızı döyəydi.

I aparıcı: Şeiri oxuyan Şəms Konyaya qayıdır. Burada onu böyük şərəflə qarşılayır və onun şəninə təntənəli ziyafətlər verirlər. Şəmslə Ruminin dostluq münasibətləri əvvəlki qaydasına düşür. Rumi yenə də bütün vaxtını Şəmslə keçirərək, ondan bir an belə ayrılmır. Şəmsəddin Təbrizi Ruminin bacısı Kimiya ilə ailə qurur. Bütün bünlara baxmayaraq, bədxahlar yenə də Şəmsi rahat buraxmırlar. Və o, yenidən, bu dəfə isə həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Ola bilər ki, Şəmsi Ruminin müridləri aradan götürmüş, ya quyuya tullamış, ya da öldürüb, atasının yanında basdırmışlar. Səhər tezdən mədrəsəyə gələn Rumi orada heç kəsi tapmır. Uzun zaman inadla onu axtarır. Hüznü ölçüyəgəlməzdir, Günəşi biryolluq batmışdır. Şairin ruhi sarsıntıları hüdudsuz olsa da, birdən-birə möcüzə baş verir. Rumi Şəmsi özündə yenidən yaratmaq üçün güc və qüvvə tapır. O, dünya məhəbbət lirikasının ən heyrətamiz nümunələrindən birini yaradır və “Şəms Təbrizinin divanı” adlanan bu toplunu öz mürşidinin adına bağlayır. Gənc alim sufi axtarışlarını biryolluq tullayaraq, özünü tamamilə Şəmsəddin Təbrizi adlı bir şairə çevirir. M.İ.Zənd yazır ki, “Divanın və bura daxil olan hər bir şeirin Şəmsəddin Təbrizinin adından yaradılması heç vəchlə Cəlaləddin Rumi üçün oetic fənd, yaxud itkin düşmüş dostunun xatirəsinə hörmət kimi qəbul edilə bilməz: Şəmsini gerçək dünyasında itirmiş mütəfəkkir onu öz qəlbində tapmış olur. Və şairin özündə, könlündə duyduğu bu mürşid həmin nəğmələri ona diqtə edir, Rumi isə bu məqamda onları qələmə alandan (katib), oxuyandan, rəvayət edəndən (ravi) başqa heç bir rol oynamır. Ancaq eyni zamanda bu nəğmələr həm də onun öz şeirləridir. Çünki bunlar onun qəlbində yaranmışdır. Beləliklə, Cəlaləddini onun dili ilə danışan Şəmsəddinlə həm eyniləşdirmək olar, həm də olmaz. Buna görə də bu divanın subyekti, müəllifi, lirik qəhrəmanı kimi çıxış edən Şəms eyni zamanda bunların lirik anlamda obyekti də sayıla bilər. Ancaq bu “obyekt”in yalnız mürəkkəb rəmzi qavrayış planında anlaşılması mümkündür. Şəmsədiin Təbrizi ilə ünsiyyəti Rumiyə mistik idrakın yeni bir yolunu tapmaqda kömək etmişdi. Buna baxmayaraq, onun təriqəti yalnız Rumi öldükdən oeti Mövləvilik adı ilə formalaşır. Mövlana (“bizim müəllim”) onun titullarından biri idi. Rumi yaradıcılığı və mövləvilik təriqəti Şərq xalqlarının dini-fəlsəfi və oetic düşüncə tərzinin inkişafına böyük təkan vermişdir. Bu deyilənlərdən başqa, həmin təriqət həm də hələ Şəmsəddinin yaratdığı dərviş rəqsləri ilə məşhurdur. Avropalılar bu təriqətin dərviş rəqslərinə böyük maraq göstərmişlər. Şəms Təbrizinin şagird və müridləri onun əsərlərini “Məqalət” adı altında toplayıb yaymışlar. (Səhnəyə oxucular daxil olur. Ud səsi altında oxucular M.C.Ruminin “Məsnəvi”dən şeirlər söyləyirlər)

II aparıcı: M.Füzuli özünüdərk yolunun bütün mənəvi məşəqqətlərinə həzzlə sinə gərən, bu yolu şövqlə addımlayan şair dahi Cəlaləddin Rumi kimi “Mövlana” çağrılır. Özünü-dərk dərinliyinə və zirvəsinə ilahiyyat, fəlsəfə, poetika, riyaziyyat, tibb, tarix, astronomiya və astrologiya, habelə musiqi nəzəriyyəsini mənimsəyərək çatmışdır. Ensiklopedik bilikli, islami və dünyəvi dünyagörüşlü Füzuli özü də cəmiyyətdəki bu mövqeyindən fəxarət duymuş, qürur hissi keçirmişdir.

I aparıcı: C.Rumi göstərirdi ki, xorasanlı sufilərdən Sənai onun ruhu, Əttar isə gözləridir, o, Sənai və Əttardan sonra gəlmişdir. Bununla Mövlana onları öz müəllimi hesab edirdi. Onun fikrincə dünyada olan varlıqların ən kamili insandır, Allah onu belə yaradıb. Lakin insanda həm də nəfs var ki, onu maddi dünya tərəfə sürükləyir, pis əməllərə təhrik edir.Mövlana insanları təriqət yoluna çağırırdı. O, bütün varlığı ilə Allaha bağlı idi. Onun bütün düşüncələri Qurana və Peyğəmbərin hədislərinə əsaslanır. Onu başqa sufilərdən fərqləndirən cəhət xəlvətə çəkilib ibadət etmək deyil, qaynar həyat yaşaması, daim insanlar arasında olmasıdır. C.Rumi öz sələflərindən fərqli olaraq yalnız söz ilə məhdudlaşmır, dediklərini canlı musiqi və rəqs ilə müşaiət edirdi. Buna ən yaxşı misal kimi onun “Məsənəvi”yə yazdığı başlanğıc – “Qamışın nəğməsi”dir. “Məsnəvi”də toplanmış ibrətli hekayələr əsrlər keçsə də, dəyərini itirməmiş, hər zaman söhbətlərin bəzəyi, fikrin ən kəsə, ən qısa ifadəsi üçün dəyərli vasitə hesab olunmuşdur. Şərqin dini məktəblərində Sədinin “Gülüstan”ı, Mövlananın “Məsnəvi”si ən sevimli tədris vəsaiti halına gəlmişdir. ( Səhnəyə daxil olan üç oxucu obrazlı şəkildə “Baqqal və Tutuquşu” , “Quş və ovçu”, “Alim və quldurbaşı” hekayətini söyləyir)

II aparıcı: Qamış ney kəsilərək ümumi qamışlıqdan ayrıldığına görə şikayət edir, öz doğma evi üçün darıxır, onu eşitməyi bacaranlara ilahi ittifaq və əbədi xoşbəxtlik haqqında söhbət edir. Onun əsas dərdi təklikdir, təklik isə fəlakətdir. Ona görə də İlahi eşq yolu ilə ümumiliyə, yəni Allaha qovuşmaq lazımdır. Xoşbəxtlik bundadır. Qamış haqqında rəvayət C.Rumidən əvvəl də Şərq poeziyasında məlum idi. Bu rəvayəti Mövlana Sənaidən alıb. Sənai deyirdi ki, hökmdara dövlət sirrini başqalarına demək olmazdı. Lakin o xəstələnir. Həkim onu uzaq bir gölün ətrafına göndərir ki, orada heç kimin olmadığı yerdə ürəyindəki sirri söyləsin. Bir az keçəndən sonra həmin göldəki qamışlıqdan bir qarğı kəsib ondan ney hazırlayırlar. Həmin ney də dilə gəlib hökmdarın sirrini aləmə yayır.

I aparıcı: Qərb dünyası C.Rumini XIX əsrin əvvəllərindən tanımağa başlayıb. C.Ruminin şəxsiyyəti Avropanın bir sıra böyük incəsənət xadimlərini də maraqlandırmışdır. Bethoven və Motsart mövləvi təriqət musiqisindən istifadə etmişlər. Rembrant kompozisiyalarının birində Rumini təsvir edir: çox təmtəraqlı, cəlbedici Rumi və ətrafında üç dərviş. Rusiyada sufizmi XIX əsrin ortalarından öyrənməyə başlamışlar. Azərbaycan mənşəli professor Mirzə Kazım bəy, V.A.Jukovski, V.V.Bartold, O.F.Akimuşkin, İ.S.Braqinski, R.Fiş və başqa alımlər sufizm haqqında ciddi tədqiqatlar aparmışlar. Bütün sufilərin qəbul etdiyi cəhətlərdən biri də Allaha aparan yolun üç mərhələdən keçməsi fikridir: şəriət, təriqət, həqiqət. Bu üç hissəli yol təlimini təsdiq etmək üçün adətən Məhəmməd peyğəmbərin hədisinə istinad edirlər: “Şəriət mənim sözlərim, təriqət əməlim, həqiqət isə mənim daxili əhvalımdır.” “Allahdan başqa allah yoxdur”həqiqət, “Məhəmməd Allahın rəsuludur” isə qanundur. Həqiqəti inkar edən kafir, qanunu rədd edən hər kəs dönükdür.

II aparıcı: “Məsnəvi” haqqında Mövlana özü deyirdi ki, bu poemanın əsas məqsədi Allah kəlamı olan “Quran”ı insanlara izah etməkdir, peyğəmbərin hədislərini açmaqdır. Mövlana şerlərini əsasən farsca yazıb, 40 yaşında öz təlimini təbliğ etməyə başlayır. “Məsnəvi” Rumi yaradıcılığının zirvəsidir. İnsan problemi Cəlaləddin Ruminin fikir dünyasının mərkəzində dayanır. İnsan həyatının məqsədi onu həmişə düşündürmüşdür. İnsan dünyada mövcud olan heç nəyə, hətta yaradıldığı torpağa da bənzəmir. Heç bir üzüm öz çubuğu kimi deyil... Heç bir əsil törəməyə bənzəmir. Mövlana deyirdi: Ey insan, torpaqdan yaradıldığın üçün sən də bərk və paslı bir vücudsan. Ona görə də özünü zikrullah nuru ilə cilala, cilala, cilala. İnsan heç vaxt özünü gücsüz saymamalı, uğursuzluğa təslim olmamalıdır. İnsan yalnız gördüyü işin müqabilində uma bilər. Axirətdə insan etdiyi əmələ görə dəyərləndirilir. “Əgər o əməl yaxşı isə sənə əbədi dost olur, pis isə qəbirdə ilanın olur, səni çalır...Hər sənətin başlanğıcı elm, sonrası əməldir ki, bir müddət sonra, yaxud əcəldən sonra səmərə verir.” Mövlana göstərirdi ki, ətrafda şeytana xidmət edən adamlar olduğu üçün insan həmişə özünü ehtiyatlı aparmalıdır. O, deyirdi: “Üç şeyi: gediş-gəlişini, qızılını və məzhəbini dilinə gətirmə.” Peyğəmbərin bir hədisində də deyilir: Qızılını, getdiyin yeri və məzhəbini ört. Çünki bu üç şeyin rəqibi və düşmənləri çoxdur. Düşmən bunu biləndə sənə pusqu qurar.

I aparıcı: Mövlananın fikrincə yalnız bir mütləq varlıq vardır. O təkdir, şəriksizdir, əbədidir, məkansızdır.. Mövcud olan hər şey sözün həqiqi mənasında varlıq deyil yoxluqdur. Nə qədər ki, insan öz varlığını saxlayır, o şeytanın təsiri altında qalır, nəfs onu pis əməllərə sövq edir. Ona görə “ varlıq tikanını ayağından çıxar ki, içində gülüstan görəsən” Rübailərin birində Rumi deyir: Məst ikən bir gün varıb ustadıma Söylədim: “Varlıq nədir, yoxluq nədir?” “Belə dur, xalqın əzabından uzaq Var və yox insan üçün pərdədir.” Mövlanaya görə bütün ruhlar bir ruhda, yəni Allahda birləşir və əsl varlıq da onda yaranır. Dünyada nə qədər “mənlər” var, nə qədər əşya, canlı, insan birlikləri olsa da onların hamısı Allaha tabedir. Sufulərə görə Allah tərəfindən sevilmək daha böyük iztirablara məruz qalmağı tələb edir. Çünki Allah çox sevdiyi qullarının könlündə özündən başqa heç nəyin olmamasını istəyir. (Ud səslənir. Səhnəyə oxucular daxil olur. M.C.Ruminin aşağıdakı kəlamlarını növbə ilə deyirlər) • Sevgidə günəş kimi ol, Dostluq və qardaşlıqda axar su kimi ol, Qüsurları örtməkdə gecə kimi ol, Təvazödə torpaq kimi ol, Acıqlanmaqda ölü kimi ol, Hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol! • Gəl-gəl, yenə gəl! Nə olursan ol, yenə də gəl. İstər xristian, istər məcusi, istər bütpərəst ol. Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl. • Nə qədər insan gördüm ki, əynində paltarı yoxdur, nə qədər paltar gördüm ki, içində insan yoxdur. • Quzğun bağda quzğuncasına qışqırır. Amma quzğun qışqırır deyə bülbül gözəlim səsini heç kəsərmi? • Bulaq suyunun hamısını içmək imkansızdır, amma susuzluğu aradan qaldıracaq qədər içməmək də mümkün deyil. • Birisi gözəl bir söz söyləyirsə, bu, dinləyənin dinləməsindən, anlamasından irəli gəlir. • Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində inci var! • Bilik sərhədsiz bir dənizdir. Biliyi öyrənən isə dənizlərə dalan bir dalğıcdır. • Buludlar ağlamasa, yaşıllıqlar necə gülər? • Bülbülün səsi gözəl olduğuna görə onu qəfəsə qoyarlar. Quzğunla bayquşu kim qəfəsə qoyar? • Hər bir dil qəlbin pərdəsidir. Pərdə qımıldandımı, sirlərə çatılır. • Aşiqlərin könüllərinin yanması və göz yaşları olmasaydı dünyada nə su olardı, nə də od. • İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? • Qızıl nədir, can nədir, inci və mərcan nədir, bir sevgiyə xərclənməyirsə? • Görürsənmi, məni qəmdən başqa kimsə xatırlamır. Qəmə min dəfə afərin. • Kəbəyə gedən nə qədər çoxlu yol var. Əgər yollara baxsaq, ayrılıq, fərqlilik çoxdur. Halbuki qayəyə, məqsədə baxsaq, varılacaq yer birdir. • İnsan böyük bir şeydir və içində hər şey yazılıdır. Fəqət qaranlıqlar və pərdələr qoymaz ki, içindəkiləri oxusun. • Dinləyən xəmir yoğuranın önündəki un kimidir. Söz də suya bənzəyər. Una nə qədər su lazımdırsa, o qədər qatarlar. • Tanrı: «Tanrının verdiyi rizqdən yeyin» dedi. (67, Mülk, 15) Sən buradakı rizqi çörək sandın, hikmət olduğunu anlamadın • Günəşə aləmi tutan nurundan başqa bir dəlil olmaz ki. Kölgənin ona dəlalət etməsinə imkanmı var? Kölgə onun yanında xor, həqir olar … • Kitabdan məqsəd içindəki fəndir, amma istəsən, onu yastıq da edə bilərsən. • İki günü eyni olan insan zərərdədir • «Mən o sultanlardan deyiləm ki, taxtdan qəbirə atılırlar. Mənim alnımda ölümsüzlük möhürü var»

II aparıcı: Onu ölümü bütün dinlərin, xalqların nümayəndələrini eyni dərəcədə sarsıtdı. Dəfnində hafizlər Quran, ravvinlər Tövrat, pravoslavlar Zəbur oxuyur, müridlər dövrə vurub rəqs edirdilər. Ortodoksallar qeyri-müsəlmanları dəfn izdihamından ayırmaq istəyəndə pravoslav keşişi belə demişdi: «O, həqiqət günəşi kimi fərq qoymadan bütün dünyanı nuruna boyamışdı. Bəyəm özü demirdi ki, məndən yetmiş iki millət dünyanın sirlərini öyrənəcək?» Ölümü və yası qəbul eləmirdi Mövlana: «Mən o sultanlardan deyiləm ki, taxtdan qəbrə atılırlar. Mənim alnımda ölümsüzlük möhürü var» – yazırdı. Vəsiyyət də eləmişdi: Mən öləndə əlləri qoynunda. Ayrılıq haqda dil deyib ağlamayın, O gün ayrılıq yox, vüsal günüdür. Günəş batırsa, demək bir də doğacaq, Toxum torpağa düşdümü, cücərəcək.

I aparıcı: Bu il dekabrın 7-dən Konyada Şəbi-Ərus təntənəsi başlamış və bu təntənə dekabrın 17-də yəni Mövlananın bu dünyadan köçdüyü gündə Vüsal gecəsi ilə başa çatacaq. Hər il dekabrın 17-də Mövlanasevərlər Şəbi-Ərus, yəni Vüsal gecəsi təntənəsini keçirmək üçün Konyaya toplaşırlar.. Həmin gün Mövlana Cəlaləddin Ruminin Haqq dünyasına köçdüyü gündür. Vüsal gecəsi anlayışı da elə Mövlananın özünün dediyi kimi, Haqqa qovuşmaq mənasındadır. Onun üçün ölüm ayrılıq deyil, qovuşmaq anlamındadır. Deyirlər ki, bu dünya axirətin üzərinə atılmış tül pərdə kimidir; diqqətlə baxdıqda həmin pərdənin o üzündəki gerçəkləri və gözəllikləri görməmək mümkün deyil. İnsanlar da gözlərinin görmə məsafəsinə qədər bir-birindən ayrılırlar, seçilirlər. Kiminin gözü torun ilmələrinə ilişib qalıb və o üzdəki gerçəkləri görə bilmir, kimi də gözünü açdığı andan pərdəni deyil, o üzdəki gerçəkləri görür və bütün həyatını, niyyətini o səmtə yönəldir.

Son



Baqqal və tutuquşu (Əlavə 1)

Bir baqqalın bir tutuquşusu var idi. Yaşıl rəngli, gözəl səsli, danışan bir tutuquşu idi. Dükanın keşiyini çəkər, alış-veriş edənlərə xoş sözlər deyərdi. İnsan kimi danışardı. Bir gün sahibi evinə getmişdi. Quş isə dükanda keşik çəkirdi. Bu zaman bir pişik siçanı qova-qova dükana girdi. Tutuquşu qorxusundan bir yer tapıb gizlənmək istədi. Özünə yaxşı bir sığınacaq axtardığı vaxt içində gül yağı olan bir şüşəyə toxundu. Şüşə yerə düşüb sındı və içindəki gül yağı dağıldı. Bir azdan baqqal dükana qayıtdı və keçib öz kürsüsündə əyləşdi. Bir də baxıb gördü ki, döşəmə, paltarları yağa bulaşıb. Bunu tutuquşunun edəcəyini başa düşüncə hirslə onun başına bir qapaz vurdu. Zavallı quşun dili tutuldu, başının tükü töküldü. Tutuquşunun səsi-sədası çıxmadı. Nə danışır, nə də oxuyurdu. Baqqal çox peşman oldu, ah-vay etdi, saqqalını yoldu: - Eyvah!- dedi, - nemət günəşim buludlar arxasına girdi, görünməz oldu. Kaş onun başına vuranda əlim qırılardı. Tutuquşunun yenidən danışması üçün yoxsullara sədəqə verdi. Bir şüşə gül yağının üstündə etdiyi hərəkətə görə daim özünü danladı. Bir gün “Bu quş bir də nə vaxt danışacaq, dükanımı nə vaxt səsləndirəcək?” - deyə qəmgin halda düşüncəyə daldığı bir vaxt dükana başında bir dənə də tükü olmayan bir kişi girdi. Tutuquşu o dəqiqə dilə gəlib qışqırdı: - Ey keçəl! Yoxsa sən də mənim kimi gül yağı şüşəsinin sındırmısan?



Quş və ovçu (Əlavə 2)

Bir quş hiylə qurbanı kimi tələyə düşmüşdü. Dil açıb onu tutana dedi ki: “ Ey əfəndim! Sən həyatın boyu xeyli inək, qoyun əti yemisən, neçə-neçə dəvəni isə qurban kəsmisən. Əgər indiyədək onların əti səni doyurmayıbsa, onda məni yeməklə doymazsan. Gəl, məni sərbəst burax, qarşılığında sənə üç öyüd verim. Ondan sonar sən özün qərar ver, görək mən ağıllıyam, yoxsa ki, axmaq. O üç öyüddən birincisini sənin əlındə ikən, ikincisini samanlı palçıqdan hörülmüş o divarın üstünə qonaraq verəcəyəm. Üçüncü məsləhətimi isə ağacın budağına qonandan sonra söylərəm. Sənin bu üç öyüddən xeyli məsud olacağını sanıram. Əlində ikən verəcəyim birinci öyüd budur: “ Kim söyləyirsə söyləsin, olmayacaq bir şeyə heç vaxt inanma!” Ovçunun əlləri arasında bu dəyərli öyüdünü dilə gətirən quş azadlığa qovuşduğu üçün uçub divarın üstünə qondu və ikinci öyüdünü dedi: “Ötüb-keçmişlərə görə qəm yemə! Bir nemət ki, sənin əlindən çıxdı, daha onun həsrətini çəkmə!” Ondan sonra quş dedi: “Bətnimdə on dirhəm ağırlığında çox qiymətli, tayı bərabəri olmayan bir inci var. Həmin inci səni də, övladlarını da zənginliyə, səadətə çatdıra bilərdi. Fəqət, təəssüf ki, o qismətin deyilmiş! Sən dünyada misli olmayan o incini əlindən çıxardın!” Bunu eşidən ovçu başını yolaraq ah-fəğan qoparır. Quş soruşdu: “Dur görüm! Bəyəm sənə: “Keçmişdə qalan bir şey üçün qəm yemə!” demədimmi? Bir halda ki, o inci əlindən çıxdı, onda niyə qəm çəkirsən?! Sən öyüdümü anlamadınmı? Daha sonra sənə: “Olmayacaq bir şeyə məbadə aldanasan!” demədimmi mən? Ey dəliqanlı, öz çəkisi üç dirhəm olmayan bir sərçə bətnində on dirhəmlik incini necə daşıya bilərdi axı?” Ovçu özünü ələ alaraq dedi: “Yaxşı, indi də o üçüncü öyüdünü söylə görüm!” Quş dedi: “Hə-ə-ə… O biri öyüdlərimə əməl etdinmi ki, sənə üçüncü öyüdümü də müftəcə verim? Bunumu umursan? Qəflət yuxusuna qalan bir kütbeyinə öyüd vermək – susuz torpağa toxum səpməyə bənzər. Axmaqlığın və kütbeyinliyin bolluğundan yırtılan bir şeyə yamaq vurmaq mənasızdır. Ey öyüdçü, sən də hikmət toxumu səpmə!”



Alim və quldurbaşı (Əlavə 3)

Allah dostu bir alim gəmi ilə uzaq səfərə çıxmışdı. Sən demə, bu gəmidə dəstəsi ilə birgə bir quldurbaşı da varmış. Dəryanın ortasında quldurbaşının kefi durur və insanları ələ salmağa başlayır. Bütün gəmidəkiləri sıraya düzür və bir-bir hamıya göz qoyduqdan sonra məhz həmin alimi seçib qabağa çıxarır, quldurlarına əmr eləyir ki, onu götürüb dəryaya atsınlar. Quldurlar bir andaca həmin alimi başı üstə suya atırlar. Bir neçə dəfə onu suya atıb-çıxarandan sonra gəminin bir tərəfinə buraxırlar. Həmin alim üzünü quldurbaşıya tutub deyir: - Mənə bu qədər əziyyət verməyinizi sizə halal edirəm. Amma çox xahiş edirəm ki, bircə sualıma cavab verəsən. Quldurbaşı alimin bu sözlərindən bir qədər yumşalan kimi olur, maraqla deyir: - Buyur, görüm, nə soruşursan. Alim soruşur: - Bilmək istəyirəm ki, bu əyləncə üçün məni necə seçdin: gözünə sataşdım, yoxsa zahiri görünüşümlə insanlar arasında ən aşağı səviyyəli kimi göründüm? Quldurbaşı deyir: - Adamların hamısına göz qoydum və gözümə ən pis görünən sən olduğun üçün əyləncə obyekti də səni seçdim. Alim quldurun bu cavabını eşidəndən sonra Allaha şükür etməyə başlayır: “Allahım, Sənə çox-çox şükürlər olsun ki, mənim çölümü bu qədər dadsız və yaraşıqsız yaratdığın halda, könlümü bu qədər rahat və razı hala gətirmisən. Çünki Sən zahirə yox, insanın qəlbinə baxarsan”.



Ədəbiyyat siyahısı:

İnternetdə:
www.google.az
www.edebiyyatqazeti.com
www.azadliq.org


Kitablar:

1. Axundov M.F. Mollayi Ruminin və onun təsnifinin babında // Axundov M.F. Əsərləri: 3 cilddə.- C.2.-B.,1961.

2. Fərhadov Ə. Mövlanə Rumi və mədəniyyətimizdəki yeri // Yeni Azərbaycan.- 1999.- 5 avqust. 5.Məmmədzadə H. M.F.Axundov və Şərq klassikləri:( M.F. Axundov və Cəlaləddin Rumi ) // Məmmədzadə H. Mirzə Fətəli Axundov və Şərq.-B., 1971.- I fəsil.- S.82-94.

3.Rumi C. İbrət və müqabilə / Məsnəvidən tərcümə edəni: A.Şaiq // Ağazadə F. Ədəbiyyat məcmuəsi.-B., 1912.- S.219-224.

4. Rumi: / Ensiklopedik məlumat / // ASE: 10 cilddə.- C.VIII.-1984.-S.195.

5. Rumi M.C. “Mənəviyyat məsnəviləri”(I kitab) – B.: “Adiloğlu” nəşriyyatı, 2002. – 325 s.

6. Rumi M.C. “Məsnəvi”dən seçmələr – B.: “Yom” yayınları, 2007. – 232 s.

7. Rüstəmov Y. Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi– B.: “Azərbaycan Universiteti” nəşriyyatı, 2002. – 236 s.

8. Sultanov R.S. XIII əsrin məşhur şairi Cəlaləddin Ruminin “Məsnəvi”sində təsadüf edilən türk mənşəli sözlər // İran filologiyası məsələləri.- B., 1966.